Nöqtələr
◘Ətin və mal-qaranın Allahla Onun büt şərikləri arasında bölünməsi müşriklərə gözəl göründüyü kimi, bütlərin yolunda övladları şeytanın vəsvəsəsi ilə öldürmələri də gözəl cilvələnmişdi.
◘“Yurduhum” sözü həlak etmək mənasını bildirir.
◘Müşriklər ya qızı əskik sayıb diri-diri torpağa basdırır,1 ya da ona xərc çəkmək imkanları olmadığını bəhanə gətirib qətlə yetirirdilər.2 Bəzən də bunu bir növ bütlərə yaxınlıq sayırdılar. Bütün bunlar bir növ təlqin idi.
Bildirişlər
1. Xurafat insanı elə bir hala salır ki, öz övladını ağac və daş bütə qurban kəsir və bununla iftixar edir.
2. Günahkarlar öz vicdanlarını sakitləşdirmək üçün hətta övladlarının qətlə yetirilməsinə də bir don geyindirirlər.
3. Tənqiddə insafı gözləyək. Hamını eyni bilməyək.
4. Günaha don geyindirmək və çirkin işləri bəzəmək fəlakət və süqut amilidir.
5. Xurafata meyl dinin saxtalaşdırılması səbəbidir.
6. Peyğəmbər məcbur etməyə yox, bəyan etməyə məsuldur. Əgər bir dəstə onu eşitmirsə, o başqa bir dəstənin sorağına gedir.
7. Günahkarların düşüncə və rəftarı haqpərəstləri süstləşdirməməlidir.
8. Allaha şərik qoşmaq Ona qarşı iftiradır.
138. ﴿وَقَالُواْ هَـذِهِ أَنْعَامٌ وَحَرْثٌ حِجْرٌ لاَّ يَطْعَمُهَا إِلاَّ مَن نّشَاء بِزَعْمِهِمْ وَأَنْعَامٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَامٌ لاَّ يَذْكُرُونَ اسْمَ اللّهِ عَلَيْهَا افْتِرَاء عَلَيْهِ سَيَجْزِيهِم بِمَا كَانُواْ يَفْتَرُونَ﴾
“Müşriklər (öz düşüncələri ilə) dedilər: “Bu mal-qara və əkinlər qadağandır. Və bizim istədiklərimizdən (bütxana xadimlərindən) başqaları ondan yeməsin. Bunlar minik üçün haram olmuş heyvanlardır. Bir heyvanlardır ki, onlar üçün (zibh zamanı) Allahın adı çəkilməz.” (Bu hökmləri) yalandan Allaha aid etdilər. Allah tezliklə onları iftiralarının əvəzi olaraq cəzalandıracaq.”
Nöqtələr
◘“Hicr” qadağa mənasını bildirir. “Hicarə” və “təhcir” isə elə bir məntəqədir ki, başqalarının ora daxil olması üçün daşlarla maneə yaradılmışdır. “Hicre-İsmail” elə bir yerdir ki, daş divarla ətrafdan ayrılmışdır. Ağıl da “hicr” adlanır. Çünki ağıl insanı çirkinliklərdən uzaq saxlayır.1
◘Ötən iki ayədə əkin və heyvanlardan Allaha və bütlərə ayrılmış payla bağlı müşriklərin xurafi əqidələri bəyan olundu. Bu ayədə isə bütlərin payının necə sərf olunmasından danışılır. Həmin paydan bütxana xidmətçilərindən savay kimsə istifadə edə bilməz.
◘Bu ayəyə əsasən müşriklər dörd baxımdan yollarını azmışdılar: Bəzi dördayaqlıların haram sayılması; bəzi əkin məhsullarının haram sayılması; bəzi dördayaqlılara süvar olmanın qadağan edilməsi; heyvanları kəsərkən Allahın adının çəkilməməsi.
◘Quran bildirir ki, Allah dördayaqlıları onlara süvar olmaq və ətindən istifadə etmək üçün yaratmışdır.2 Quran əti halal olan heyvanların haram sayılmasını cahil bir bidət kimi tanıtdırır. Bu məsələ “Maidə” surəsinin 103-cü ayəsində də bəyan olunmuşdur.
◘İslam hətta heyvanlara münasibətdə azğınlıqları qəbul etməyən hərtərəfli bir dindir. Əgər İslam dini heyvanlardan istifadənin qadağasını qəbul etmirsə, təbii ki, insanların, təbii sərvətlərin sərmayə və istedadların istifadəsiz saxlanmasını daha ciddi məzəmmət edəsidir.
Bildirişlər
1. Dinin hökmləri zənn-güman, xəyal, qiyas, bəyənməyə yox, Allahın nəzərlərinə əsaslanır.
2. Peyğəmbərlərin əsas vəzifələrindən biri xurafatla mübarizədir.
3. Halalların qadağası, haramların halal sayılması Allaha iftiradır.
4. Bidətçilər öz uydurma qanunlarının cəzası intizarında olsunlar.
139. ﴿وَقَالُواْ مَا فِي بُطُونِ هَـذِهِ الأَنْعَامِ خَالِصَةٌ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَى أَزْوَاجِنَا وَإِن يَكُن مَّيْتَةً فَهُمْ فِيهِ شُرَكَاء سَيَجْزِيهِمْ وَصْفَهُمْ إِنَّهُ حِكِيمٌ عَلِيمٌ﴾
“(Müşriklərin xurafi əqidələrindən bir başqası bu idi ki,) dedilər: “(Bütlərə nəzir olunmuş) dördayaqlıların qarnındakı balalar (əgər dünyaya sağ gəlsələr) bizim qadınlara haramdır, kişilərə məxsusdur. Əgər dünyaya ölü gəlsə, hamı ona şərikdir. Allah onları bu cür batil iddialarına görə tezliklə cəzalandıracaq. Həqiqətən, O, hikmət sahibi və biləndir.”
Nöqtələr
◘Cahiliyyət dövrünün xurafatı ilə tanışlıq insanların hidayəti yolunda həzrət Peyğəmbərin (s) çəkdiyi zəhmətlərdən danışır və insanlarda qədirbilmə ruhunu dirçəldib çiçəkləndirir.
Bildirişlər
1. Qadın və kişi arasındakı əsassız ayrıseçkilik cahilanə və qəbulolunmaz bir əməldir.
2. Cahiliyyət dövründə qadın o qədər alçaldılırdı ki, bəzən ona ölü heyvanın ətindən pay ayırılırdı.
3. Allahın cəzası Onun elm və hikmətinə əsaslanır.
140. ﴿قَدْ خَسِرَ الَّذِينَ قَتَلُواْ أَوْلاَدَهُمْ سَفَهًا بِغَيْرِ عِلْمٍ وَحَرَّمُواْ مَا رَزَقَهُمُ اللّهُ افْتِرَاء عَلَى اللّهِ قَدْ ضَلُّواْ وَمَا كَانُواْ مُهْتَدِينَ﴾
“Şübhəsiz, övladlarını səfehcəsinə, cəhalət üzündən öldürənlər ziyan etdilər. Allahın onlara ruzi verdiyini iftira ilə haram etdilər. Onlar yollarını azdılar, doğru yolu tapa bilmədilər.”
Nöqtələr
◘İbn-Abbas ilkin İslam dövrü böyüklərinin dilindən nəql edir: “Cəhalət dövründə qövmlərin cəhalət dərəcəsini bilmək istəyənlər müşriklərin xurafat və əsassız etiqadlarını bəyan edən “Ənam” surəsinin bu ayələrini oxusunlar.”1
◘Ərəb cahilləri bütlərə yaxınlaşmaq gümanı və ya abırlarını qorumaq üçün öz qızlarını gah bütlərə qurban verir, gah da diri-diri basdırırdılar.
Bildirişlər
1. Cəhalət və səfehlik zərər gətirir. (Övladı əldən vermək, insanlıq hisslərini alçaltmaq, halal nemətləri harama çıxarmaq, cəhənnəm və ilahi cəza qazanmaq belə zərərlərdəndir.)
2. Əsil zərər insanın batil yolda fəda olmasıdır. (İstər bütlərə qurbanlıq, istərsə də yersiz qeyrət həmin fədakarlıqlardandır.)
3. Halal nemətləri əsassız olaraq harama çıxarmaq Allaha iftiradır.
4. İstənilən bir işin yerinə yetirilməsi və ya bir şeyin qadağan edilməsi ya şəri, ya da əqli dəlil tələb edir.
5. Xurafatla sərt şəkildə rəftar edək.
141. ﴿وَهُوَ الَّذِي أَنشَأَ جَنَّاتٍ مَّعْرُوشَاتٍ وَغَيْرَ مَعْرُوشَاتٍ وَالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَغَيْرَ مُتَشَابِهٍ كُلُواْ مِن ثَمَرِهِ إِذَا أَثْمَرَ وَآتُواْ حَقَّهُ يَوْمَ حَصَادِهِ وَلاَ تُسْرِفُواْ إِنَّهُ لاَ يُحِبُّ الْمُسْرِفِينَ﴾
“Dayaqlı və dayaqsız bağları, xurma ağaclarını, müxtəlif qidaları olan əkinləri, bəziləri oxşar, bəziləri oxşar olmayan zeytun və narı vücuda gətirən kəs Odur. Bağlar səmərə verən kimi meyvəsindən yeyin, yığım günü (məhrumlara) onun haqqını verin və israf etməyin. Çünki Allah israf edənləri sevməz.”
Dostları ilə paylaş: |