◘Rağib İsfahaninin dediyinə görə, “nihlə” sözü “nəhl” sözündən olub bal arısı mənasını verir. Bal arısı insanlara bal verdiyi halda heç bir umacağı olmadığından hədiyyəyə də “nihlə” deyilmişdir. Bəzi təfsirçilər isə “nihlə” sözünü borc mənasında açıqlamışlar. Yəni mehriyyə kişinin ödəməli olduğu mütləq bir borcdur.
◘Hədisdə bildirilir: Öz mallarınızın ən yaxşısını üç istiqamətdə sərf edin: Mehriyyə, həcc, kəfən. Əgər mehriyyəyə ən yaxşı malınızı sərf etsəniz, övladlarınız saleh olar.3
Bildirişlər
1. Qadına mehriyyə ödəmək onun haqqıdır və zəruridir.
2. Mehriyyə qadının qiyməti deyil. Mehriyyə kişinin qadına sədaqət və məhəbbət nişanəsidir.
3. Qadın öz mehriyyəsinin sahibidir. Qadının atası və qohumları mehriyyəni ondan almaq haqqına malik deyillər. Cahiliyyət dövründə və indi də bəzi yerlərdə qadının mehriyyəsini onun atası və ya qohumları alır. Allah Quranda mehriyyənin qadının özünə verilməsini əmr edir.
4. Mehriyyə qadının qiyməti yox, ərin ona verdiyi hədiyyədir.
5. Qadın mehriyyə almaqda və ya onu bağışlamaqda azaddır.
6. Ləzzətli o maldır ki, mal sahibi onu məmnunluqla vermiş olsun.
7. Zahiri razılıq kifayət deyil, qəlb razılığı zəruridir. İkrahla, məcburi şəkildə və ya üzə salınmaqla verilən hədiyyə etibarsızdır.
8. Mehriyyə mülkiyyət səbəblərindəndir.
9. Qadınlar məhəbbətin təsiri altında bütün mehriyyəni bağışlamasınlar.
5. ﴿ وَلاَ تُؤْتُواْ السُّفَهَاء أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللّهُ لَكُمْ قِيَاماً وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا ﴾
“Həyatınızın qurulması üçün Allahın vasitə qərar verdiyi mallarınızı səfehlərin əlinə verməyin. Amma onun gəlirindən həmin adamları yedirin, xərclərini verin, geyindirin və onlarla xoş danışın.”
Nöqtələr
◘Rəvayətlərdə şərabxor və günahkar insanlar səfeh adlandırılmışdır.1 Ümumi mallar belə insanlara tapşırılmamalıdır. Mal-mülk cəmiyyətin gücüdür. İstənilən bir məqam və maddi məsuliyyəti səfeh insanlara tapşırmaq cəmiyyətə xəyanətdir.
◘İmam Sadiq (ə) bir şəxsə buyurdu: “Malını qoru, çünki mal sənin dinini möhkəmləndirər.” Sonra həzrət həmin ayəni tilavət etdi.2
◘İmam Baqir (ə) səfehlər təbiri haqqında buyurmuşdur: “Məqsəd etibarsız adamlardır.”3
Bildirişlər
1. Səfeh insanın öz malını sərf etmək hüququ yoxdur.
2. Cəmiyyətin həyatı üçün nəzərdə tutulmuş mal səfehin ixtiyarına verilə bilməz.
3. Səfehin hətta öz malına hakim olması cəmiyyətə iqtisadi zərbədir. Fərdlərin mal-mülkü üzərində də cəmiyyətin haqqı var.
4. Münasibətlərdə cəmiyyətin iqtisadi mənafelərini və fərdlərin əqli inkişafını nəzərə almaq lazımdır. Ötəri hisslərə və mərhəmətə istinad etmək olmaz.
5. Var-dövlət, mal-mülk ictimai nizamın dayağıdır.
6. Sərmayə hərəkətsiz qalmamalıdır. Yetimlərin və səfehlərin də malı dövr etməlidir. Onların sərmayəsi qorunmalı, qazancları isə onların təminatına sərf edilməlidir.
7. Məhrumların ruhi meyilləri və şəxsiyyətlərinə diqqət yetirilməlidir.
8. İnsanı öz malı üzərində ixtiyardan məhrum etdikdə etiraz yaranır. Ağılsızların bu sayaq etirazlarını xoş danışıqla aradan qaldırın.
6. ﴿وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ فَإِنْ آنَسْتُم مِّنْهُمْ رُشْدًا فَادْفَعُواْ إِلَيْهِمْ أَمْوَالَهُمْ وَلاَ تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَن يَكْبَرُواْ وَمَن كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ وَمَن كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُواْ عَلَيْهِمْ وَكَفَى بِاللّهِ حَسِيبًا﴾
“Yetkinliyə çatanadək yetimləri sınayın. Onlarda yetkinlik göründükdə mallarını özlərinə qaytarın. Onların malını yetkinləşmələrindən qorxaraq israf etməyin, tələsik sərf etməyin. Ehtiyacsız olan iffətini gözləsin (himayəyə görə haqq almasın), ehtiyaclı isə orta həddə yeyə bilər. Mallarını onlara qaytardıqda şahid tutun. (Bu şəhadət yetimlərin haqqını qorumaq üçündür. Yoxsa) Allah hesab çəkmək üçün yetər.”
Bildirişlər
Yetimlərin mallarının ödənmə qaydaları:
1. Yetimləri büluğ həddinə çatmamış iqtisadi inkişaf baxımından sınayıb onlara alış-veriş yolunu öyrədin.
2. Yetim öz himayəçisinin nəzarəti altında malını sərf edə bilər. Yetimin öz malını haminin nəzarəti altında sərf etməsi onun öyrədilməsi şərtidir.
3. Yetimin malının onun tam ixtiyarına verilməsi üçün cinsi yetkinlikdən əlavə iqtisadi və ictimai yetkinlik də lazımdır.
İmam Sadiq (ə) buyurmuşdur: “Yetimdə inkişaf görünməsi o deməkdir ki, yetim öz malını qorumağa hazır olsun.”1
4. Hansısa güman və ehtimalla yetimə malını sərf etmək icazəsi verilməməlidir. Yetimin inkişaf etməsinə əminlik olmalıdır.
5. Mülkiyyət haqqında sərf etmə hüququ olmaya da bilər. Yetim öz malının sahibidir. Amma nə qədər ki, inkişaf etməyib, malını sərf etməkdə azad deyil.
6. İmkanlı insanlar cəmiyyətə umacaqsız xidmət edir.
7. Haqq alarkən orta həddi gözləmək lazımdır.
İmam Sadiq (ə) buyurmuşdur: “Orta hədd dedikdə aclığın aradan götürüləcəyi hədd nəzərdə tutulur.”2
8. Həm yetimlərin malını hifz edin, həm də şahid tutmaqla mülkü ixtilafların və böhtanların qarşısını alın.
9. Xalqın şahidliyi dünya izzətinin Allahın şahidliyi isə axirət izzətinin, hifzi üçündür.
10. Cəmiyyətdəki şahidlik çəkişmələrə son qoyur. Qiyamət hesabı isə öz yerindədir.
7. ﴿ لِّلرِّجَالِ نَصيِبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ وَلِلنِّسَاء نَصِيبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ نَصِيبًا مَّفْرُوضًا ﴾
“Kişilər üçün ata-ana və qohumlardan qalandan pay var. Qadınlar üçün (də) ata-ana və qohumlardan qalandan pay var. İstər az olsun, istər çox, bir pay müəyyəndir.”
Dostları ilə paylaş: |