Bildirişlər
1. Dini və məzhəbi ixtilafların mənşəyi səmavi kitab yox, alimlərdir.
2. Həqiqətlərin gizlədilməsi nifaqa, parçalanmaya və didişməyə səbəb olur.
177. ﴿لَّيْسَ الْبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَـكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَالْمَلآئِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَى حُبِّهِ ذَوِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّآئِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُواْ وَالصَّابِرِينَ فِي الْبَأْسَاء والضَّرَّاء وَحِينَ الْبَأْسِ أُولَـئِكَ الَّذِينَ صَدَقُوا وَأُولَـئِكَ هُمُ الْمُتَّقُونَ﴾
“Yaxşı iş o deyil ki, (namaz zamanı) üzünüzü şərqə və ya qərbə tutasınız. Yaxşı əməl sahibi o kəsdir ki, Allaha, qiyamət gününə, mələklərə, səmavi kitaba və peyğəmbərlərə iman gətirib, malına əlaqəsi olduğu halda onu qohumlara, yetimlərə, biçarələrə, yolda qalmışlara, dilənçilərə versin və qulların azad olunmasında xərcləsin, namaz qılıb zəkat versin. Onlar o kəslərdir ki, peyman bağladıqda əhdlərinə vəfa edər, o kəslərdir ki, çətinliklər, məhrumiyyətlər, xəstəliklər qarşısında, döyüş meydanında sabitqədəm olar və o kəslərdir ki, doğru danışarlar. Və onlar həmin təqvalılardırlar.”
Nöqtələr
◘“Birr” sözü yaxşılıq mənasındadır. Yüksək həddə xeyir əməl sahibi olanlara “birr” deyilir. “Birr” o insanlardır ki, bütün vücudları yaxşılıqdır.
◘“Bəsa”nın kökü “bus” olub fəqirlik, çətinlik mənasını verir. Bu çətinlik insana xaricdən gələn çətinlikdir. “Zərra” xəstəlik mənasındadır. Bu isə insana daxildən sıxıntı gətirir. “Hiynəl-bəs” savaş və cihad zamanı deməkdir.
◘144-cü ayədə oxuduğumuz qiblənin dəyişmə macərasından sonra söz qiblə və onun dəyişməsi haqındadır. Ayədə buyurulur: “Nə üçün Allaha və qiyamətə iman, xeyir işlərin görülməsindən ibarət olan dini dəyərləri qoyub mübahisəli mövzular ardınca gəzirsiniz?
◘Bu ayə Quranın ən ümumi ayəsidir. Çünki bu ayədə mühüm etiqadi, əməli və əxlaqi üsul bəyan olunmuşdur. “Təfsiri-əl-mizan”da həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Bu ayəyə əməl edən kəsin imanı kamildir.”
Bu ayə üç hissədə – iman, əməl və əxlaqda on beş bəyənilmiş sifət bəyan etmişdir. İman hissəsində Allaha, mələklərə, peyğəmbərlərə, qiyamətə və səmavi kitaba iman məsələsinə işarə olunmuşdur. Əməl hissəsində namaz kimi ibadi, zəkat kimi iqtisadi, qul azad olunması kimi ictimai, savaş meydanında səbir kimi hərbi, çətinliklərə səbir kimi ruhi məsələlər qeyd olunmuşdur. Əxlaqi hissədə əhdə vəfa, qəlbi maddiyyata təslim etməmək, fəqirlərə rəhm kimi məsələlərə toxunulmuşdur.
◘Allaha iman haqq qarşısında xüzu və tağut qarşısında təslim olmamaq səbəbidir. Qiyamətə iman insanın baxışını dərinləşdirir, səyini artırır. Mələklərin vücuduna iman mücərrəd nizama inamın nişanəsidir. Peyğəmbərlərə iman vəhyə, tarix boyu hidayət cərəyanına imandır. Bu həm də insanın dünyada proqramsız olmamasına dəlildir. İnfaq qarşılıqlı yardım, bir növ dostluq, namaz Allahla birbaşa bağlılıq, zəkat məhrumların çətinliklərinin həlli proqramı, əhdə vəfa əlaqələrin möhkəmləndirilməsi, səbir insanların sınaqdan keçməsi amilidir.1
◘“Atəl-malə əla hubbihi” cümləsi üç cür mənalandırılmışdır:
a) Sevdiyi halda həmin malı başqalarına vermək;
b) Allah sevgisi əsasında mal vermək;
v) Fəqirə sevgi əsasında mal vermək.
◘Səbir bütün kamilliklərin anasıdır. Quran behiştə çatmaq yolu kimi səbiri tanıtdırır. Onlara göstərdikləri səbir müqabilində uca məqam verilər.”1 Mələklər behişt əhlinə deyərlər: Salam olsun sizə ki, səbir göstərdiniz.”2 İlahi rəhbərlər haqqında isə belə buyurulur: Onları səbirlərinə xatir rəhbər qərar verdik. Onlar bizim əmrimizlə hidayət edərlər.”3
Dini maarifi tanıtdırmaq məqsədi ilə bu ayədəki təbirlərə oxşar təbirlər rəvayətlərdə də nəql olunmuşdur:
–Ağıllı o kəs deyil ki, xeyiri şərdən ayırsın. Ağıllı o kəsdir ki, iki şər arasında xeyiri seçsin.”4
–Elm çox oxumaqla əldə olunmur. Həqiqi elm qəlblərə şölələnmiş ilahi nurdur.5
–Böyüklük zahiri bərbəzəkdə yox, aramlıq və vüqardadır.”6
–Səxavətli o kəs deyil ki, yeri gəldi-gəlmədi infaq etsin. Səxavətli o kəsdir ki, harada Allahın razılığı varsa, orada infaq etsin.”7
–İbadət çox namaz qılmaq və çox oruc tutmaqla ölçülmür. İbadət Allah və onun əsərləri haqqında düşünməkdir.”8
–Haqq rəhbərdən məhrum olan kəs ata-anasını itirmiş yetim kimidir.”9
◘Təqva kamilliyinə çatmaq üçün həm vacib, həm də vacib olmayan infaq lazımdır. Bəziləri imkansızlara kömək etdikləri halda vacib haqları ödəmirlər. Bəziləri isə xüms və zəkat ödəyir, amma fəqirlərə biganə yanaşırlar. Bu ayədə o şəxs həqiqi mömin sayılır ki, həm vacib, həm də müstəhəb haqları yerinə yetirsin.
Rəvayətdə oxuyuruq: “Varlıların mülkündə zəkatdan əlavə də məhrumların haqqı var.”10 Başqa bir rəvayətdə oxuyuruq: “Qonşusu ac olduğu halda özü tox yatan kəs Allaha və qiyamətə inanmır.”11
Bildirişlər
1. Dinin mahiyyəti əvəzində zahir ardınca getməyin. Əsl hədəflərdən uzaq düşməyin.
2. Peyğəmbərlərin və səmavi kitabların vəzifələrindən biri xalqların (pis) mədəniyyətini dəyişməkdir.
3. Məfhumları anlamaq yox, onlara əməl etmək mühümdür. “Birr” kəlməsi yaxşılığı bildirir. Amma bu kəlməni bilmək yox, onu həyata keçirmək dəyərlidir.
4. İman əməldən öndə gəlir.
5. İman bütün peyğəmbərlər və mələklərə lazımdır.
6. Xalqla əlaqə ilə yanaşı, Allahla bağlılıq, çətinliklər zamanı ictimai həmrəylik mühümdür.
7. Bütün yaxşı işlər Allaha iman sayəsində formalaşır.
8. İnfaqda İslamın məqsədi yalnız acları doyurmaq yox, həm də mal sahiblərinin qəlbindən dünya sevgisini çıxarmaqdır.
9. Xeyir əməl sahibləri öz var-dövlətlərini Allah yolunda həvəslə infaq edirlər.
10. Fəqirlərə, yetimlərə və yaxınlarınıza öz əlinizlə infaq edin.
11. İnfaqda insana yaxın ehtiyaclılar başqalarından irəlidir.
12. Fəqir, miskin, yolda qalmış və qohum olmasa da, əl açanı rədd etməyin. Ayədə “sailin” sözü müstəqil formada bəyan olunmuşdur.
13. Cihadda iştirak etmədən iman, namaz və zəkat kamilləşmir.
14. İmanlı olduğunu iddia edənlər çoxdur, amma həqiqi möminlər dinin bütün göstərişlərinə əməl edirlər və onlar çox azdırlar.
15. Dini vəzifələrə əməl, ictimai məsuliyyətlərin yerinə yetirilməsi sədaqət nişanəsidir.
16. Əməli əqidəsini təsdiq edən kəs təqvalıdır.
178. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى الْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالأُنثَى بِالأُنثَى فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوفِ وَأَدَاء إِلَيْهِ بِإِحْسَانٍ ذَلِكَ تَخْفِيفٌ مِّن رَّبِّكُمْ وَرَحْمَةٌ فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ﴾
“Ey iman gətirənlər! Qətlə yetirilənlər haqqında sizin üçün qisas (qanunu) müəyyənləşdirildi: Azad müqabilində azad, qul müqabilində qul, qadın müqabilində qadın. Əgər bir şəxsi (din) qardaşı əfv etsə (və ya qisas qanbahası ilə ödəsə) bəyənilmiş bir yol seçməlisiniz. (Qətlə yetirilənin sahibinə diyə) yaxşılıqla ödənməlidir. Bu hökm Allahınız tərəfindən yüngülləşdirmə və mərhəmətdir. Belə ki, bundan sonra təcavüz edən kəs üçün dərdli əzab vardır.”
Dostları ilə paylaş: |