Nəhayət, bir daha qeyd etmək lazımdır ki, istehsalın səmərəliliyinin, xüsusən də məhsulun maya dəyərinin azaldılması hesabına artırılması ehtiyatları tükənməzdir
Nəhayət, bir daha qeyd etmək lazımdır ki, istehsalın səmərəliliyinin, xüsusən də məhsulun maya dəyərinin azaldılması hesabına artırılması ehtiyatları tükənməzdir. Çünki elmi-texniki yeniliklərin istehsalda tətbiqi bütün normalara yenidən baxılmasına və yeni normaların hazırlanmasına səbəb olur. Əvvəlki, köhnə normalarla müqayisədə yeni hazırlanmış və qəbul edilmiş normalar istehsalda formalaşmış qənaət ehtiyatlarını reallaşdırmağa və son nəticədə az xərclərlə daha yüksək istehsal-maliyyə nəticələrinə nail olmağa imkan verir.
Artıq qeyd olunduğu kimi, məhsulun maya dəyərinin aşağı salınması amilləri dedikdə, bir qayda olaraq, onun aşağı salınmasını təmin edən texniki-təşkilatı tədbirlər nəzərdə tutulur. Bu amillərə aşağıdakkılar aiddir:
1. İstehsal edilən məhsulların miqdarının və strukturunun dəyişdirilməsi;
2. İstehsalın texniki səviyyəsinin yüksəldilməsi;
3. İstehsalın və əməyin təşkilinin təkmilləşdirilməsi.
İstehsalın həcmi artdıqda məhsul vahidinə düşən şərti-sabit xərclərin, o cümlədən amortizasiya ayırmalarının həcmi mütləq, bəzi hallarda isə məhsulun artmasına düz mütanasib artmayan şərti-sabit xərclərin səviyyəsi aşağı düşür. Digər tərəfdən, firmada istehsalın miqyasının genişlənməsi aşağıdakı amillər hesabına da qənaət əldə etməyə imkan verir:
– müəssisənin ölçüləri artdıqca istehsal fəaliyyətinin və onun idarə edilməsinin ixtisaslaşmasının üstünlüklərindən istifadə imkanları artır;
– daha iri müəssisələrdə yeni, daha məhsuldar texnikanın tətbiqi imkanları genişlənir;
– iri müəssisələrdə istehsalın diversifikasiyası imkanları, müəssisənin profilinə uyğun gələn və uyğun gəlməyən istehsalatlar təşkil etmək imkanı yaranır;
Firmada istehsalın quruluşunun dəyişməsi dedikdə ümumi istehsalın tərkibində ayrı-ayrı biznes növlərinin, məhsul növlərinin payının dəyişməsi nəzərdə tutulur. Bu dəyişikliklər mövcud məhsul modellərinin modifikasiyası və təkmilləşdirilməsi, yeni məhsulların hazırlanması, istehlakçıların tələblərinə cavab verməyən məhsul növlərinin istehsaldan çıxarılması,müxtəlif növ məhsulların istehsalının artırılması templərinin və rentabel səviyyəsinin müxtəlif olması və s. ilə əlaqədar ola bilər. Qeyd edilən amillər hesabına xərclərin səviyyəsinin aşağı salınmasına və bütünlükdə istehsal fəaliyyətinin rentabelliliyinin yüksəldilməsinə nail olmaq mümkündür.
Firmada məhsulun keyfiyyətinin yüksəldilməsi, bir qayda olaraq, müəyyən miqdar əlavə xərclərlə əlaqədardır, başqa sözlə, keyfiyyətin yüksəldilməsi əlavə məsrəflər tələb edir. Məhsulun keyfiyyətinin yüksəldilməsinə sərf edilən xərclərin iqtisadi səmərəsinin hesablanması həm zəruri və həm də mümkündür. Azad və mükəmməl rəqabətin mövcud olduğu bazarda məhsulun keyfiyyətinin yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edir.
Müasir şəraitdə istənilən təsərrüfat sisteminin inkişafı elmi-texniki tərəqqinin nəaliyyətlərinə əsaslanır. Müəssisə və firmalarda istehsalın səmərəliliyinin yüksəldilməsi və maya dəyərinin aşağı salınması, əsasən, yeni texnika və texnologiyanın tətbiqi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, tətbiq edilən mövcud texnika və texnologiyanın təkmilləşdirilməsi, daha səmərəli xammal və materiallardan istifadə edilməsi və onlardan istifadə səviyyəsinin yüksəldilməsi, istehsal edilən məhsulların konstruksiyasının və texniki xarakteristikalarının yaxşılaşdırılması hesabına mümkündür.
İstehsalın və əməyin təşkilinin yaxşılaşdırılması istehsalın idarə edilməsinin təkmilləşdirilməsini, istehsalın ixtisaslaşmasının dərinləşməsini, firmanın maddi-texniki təminatının və materiallardan istifadənin yaxşılaşdırılmasını, nəqliyyat-tədarükat xərclərinin aşağı salınmasını və istehsalın təşkili səviyyəsinin yüksəldilməsinin digər amillərini əhatə edir.