Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Savad təlimi dövründə nitq və təfəkkürün inkişafı



Yüklə 1,54 Mb.
səhifə65/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   68
14.3. Savad təlimi dövründə nitq və təfəkkürün inkişafı.

Savad təlimi dövründə bütün fəaliyyəti yalnız oxu və yazı texnikasının öyrədilməsi ilə məhdudlaşdırmaq olmaz. Bu dövrdə ekskursiyalar, təbiət üzərində müşahidələr, əşya dərsləri, müəllimin nağılı, şifahi müşahidələr və s. proseslərdə nitq inkişafına da geniş yer verilməlidir.

Savad təlimi dövründə nitq inkişafı üzrə iş nitqin bütün səslərinin və sözlərinin düzgün tələffüzü; lüğət ehtiyatının zənginləşdirilməsi; sözlərdən cümlələrin və rabitəli nitqin qurulmasını əhatə edir. Bu dövrdə tələffüz və nitq səslərinin qavranılması sahəsindəki səhvlər daha xarakterik olur.

Adətən, uşaqların artikulyasiyasının süstlüyü r-l, s-ş, z-j, k-g səslərinin yanlış tələffüzü ilə xarakterizə olunur. Onların nitqində kəkələmək, pəltəklik kimi xüsusiyyətlər özünü göstərir. Danışarkən sözü axıradək tələffüz etməmək, səs, heca buraxmaq, səs, heca artırmaq, bir səsi başqası ilə əvəz etmək, sözlərin yerini dəyişik salmaq, yerli şivə xüsusiyyətlərinə yol vermək bu dövr üçün xarakterikdir. Belə nöqsanlar uşaqların oxu texnikasına yiyələnmələrinə mane olur və yazıda da öz əksini tapır. Ona görə də müəllim uşaqların tələffüzünə müntəzəm nəzarət etməli, düzgün tələffüz nümunəsi verməklə onların aradan qaldırılmasına nail olmalıdır.

Ən zəruri hallarda şagirdin loqopedə göstərilməsi təmin edilməlidir. Səslərin təhrif olunması çox vaxt onların aydın qavranılmaması ilə bağlıdır. Səslənmə etibarilə yaxın olan s-ş, ş-y, s-z, ç-c, q-ğ, r-l, k-g, d-t, b-p və s. səslərin hecalarda cüt-cüt (sa-şa, şu-su, sı-zı, ço-co, qa-ğa, ki-qi, de-te, bə-pə və s.) tələffüzünü tələb etmək lazımdır. Belə səslərin fərqləndirilməsinə sözlərin səs təhlili prosesində nail olmaq mümkündür. Savad təlimi dövründə şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi əlifba dərsliyinin sütunlarında verilmiş sözlərlə başlanır.

Müəllim hər mətnlə əlaqədar başlıca lüğəti (tematik lüğəti) müəyyənləşdirməlidir. Şagirdlərin ətraf aləm haqqında təsəvvürlərinin inkişaf etdirilməsi və sistemləşdirilməsi üzrə iş bu tematik lüğət (mikromövzular) əsasında aparılmalıdır.

Əlifba dərsliyi ailə, uşaqların oyunları, oyuncaqlar, fəsillər, ev heyvanları və vəhşi heyvanlar, ev quşları və vəhşi quşlar, çiçəklər və otlar, meyvələr və giləmeyvələr, ev şeyləri, qab-qacaq, əmək alətləri, insanların əməyi, ərzaq haqqında sözlər hesabına şagirdlərin lüğət ehtiyatını zənginləşdirməyə imkan verir.

Lüğətin zənginləşdirilməsinin əsas mənbəyi uşaqların təbiət hadisələri, insanların həyatı və əşyalar üzərində müşahidələridir. Uşaqların təfəkkür və nitqinin inkişaf etdirilməsinin mənbələri arasında müşahidələr mühüm yer tutur. Müəllim ekskursiya, gəzinti, müşahidə prosesində və əşya dərsində, həmçinin əyani vəsaitdən istifadə edərkən şagirdlərin lüğət ehtiyatını yeni sözlərlə zənginləşdirmək üçün geniş imkana malik olur. Bunlardan əlavə, şagirdlərin şəxsi həyat təcrübəsi, əmək prosesi, onların əməyi, oyunları, əyləncələri, oyuncaqları, şəkillər, müəllimin təşkil etdiyi müşahidələr lüğət ehtiyatının zənginləşdirilməsinin mənbələridir. Şagirdlər ayrı-ayrı əşyaları (növləri) ümumi başlıq (cins) altına yığırlar: inək, qoyun, it, pişik, camış, keçi, donuz-ev heyvanlarıdır; sağsağan, qaranquş, sığırçın, sərçə, bülbül-çöl quşlarıdır və s. Belə çalışmalar şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirir.

Şagirdlər iki-beş sözdən ibarət cümlə qururlar: məsələn, “Hikmət yazır”.

Müəllim sual verir: “Hikmət nə yazır?”

Şagirdlər cavab verirlər:“Hikmət dərsini yazır”.

Kimin? nəyin? kimə? nəyə? nə edir? nə oldu? necə? nə vaxt? və s. sualların köməyi ilə şagirdlər sadə müxtəsər cümlədən (Təyyarə uçur.) sadə geniş (Təyyarə Təbrizə uçur.) cümlələr düzəldirlər. Uşaqlarda cümlə qurmaq üzrə vərdişin yaranması üçün cümlənin kollektiv tərtibi üzrə məşq etmək lazımdır. Şagirdlər dərslikdəki şəklə baxıb “Ana uşağa baxır” cümləsini qururlar. Digər uşaqlar, “Ana uşağı yatızdırır”, “Ana körpəsini yatızdırır”, “Ana sevimli körpəsini yatızdırır” cümlələrini qururlar. Onlar axırıncı cümlənin daha yaxşı olduğunu qeyd edirlər. Müəllim onun nəyə görə daha yaxşı olduğunu xəbər alır, uşaqlar bilmədikdə özü izah edir.

Adətən, şagirdlərin cavablarının bütöv, yoxsa qısa, yarımçıq olması haqqında söhbət gedir. Müəllimlərin əksəriyyəti cavabın tam olmasını tələb edirlər. Bəzən sorğu, müşahidə prosesində tez-tez şagirdlərə: “Tam cavab ver.”- deyə müraciət edirlər. Ekskursiyada gördüklərindən danışarkən, şəkil üzrə hekayə qurub nəql edərkən, planın maddələrinə (suallarına) tam cavab vermək lazım gəlir, lakin cavabın həmişə tam verilməsinə ehtiyac varmı? Hər dəfə tam cavab tələb etmək, əksinə dialoqu yeknəsək edir. Elə suallar var ki, ona bir sözlə cavab vermək kifayətdir. Belə hallarda cavab elə sualın köməyi ilə aydın olur:

- Neçənci sinifdə oxuyursan?

- Birinci.

- Məktəbə kiminlə gedirsən?

- Qardaşımla və s.

Bir sözlə, canlı danışıq dilində, sual - cavab şəklində dialoji nitqdə - hə, yox, yaxşı olar, olmaz, gəldi, oxudu, gözəldir və s. sözlərlə cavab vermək mümkündür.

Müəllim sualları tədricən elə qoymalıdır ki, şagirdlər bir neçə cümlə ilə cavab verməli olsunlar: “Ailəniz haqqında danış”, “Cırtdan gecə nə etdi?”, “Əvvəlcə keçnin hara getməsindən, sonra canavarın gəlməsindən danış” və s. Belə suallar uşaqları üç-dörd cümlədən ibarət kiçik hekayə qurmağa hazırlayır. Şagirdlər mənaca bir-birinə yaxın cümlələri məntiqi ardıcıllıqla düzməyi, öz fikrini müstəqil ifadə etməyi öyrənirlər.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin