Subyektiv mənada beynəlxalq nəqliyyat hüququ dedikdə subyektlərə
beynəlxalq nəqliyyat daşımaları sahəsində verilən hüquqi imkanlar
(səlahiyyətlər) başa düşülür. Bu baxımdan beynəlxalq nəqliyyat hüququ
subyektiv hüququn bir növü hesab edilir.
Elm mənasında beynəlxalq nəqliyyat hüququ dedikdə beynəlxalq
nəqliyyat -hüquqi hadisələr barədə nəzəriyyələrin, konsepsiyaların, fikirlərin,
baxışların, ideyaların və mühakimələrin məcmusu başa düşülür. Beynəlxalq
nəqliyyat –hüquqi hadisələr dedikdə isə beynəlxalq nəqliyyat münasibətləri,
beynəlxalq nəqliyyat normaları, beynəlxalq hüququn subyektləri və digər
hadisələr başa düşülür. Beynəlxalq nəqliyyat hüquq elmi bu kimi hadisələr
barədə anlayışlar, müddəalar və nəticələrə dair biliklər sistemidir. Beynəlxalq
nəqliyyat hüquq elminin predmetini beynəlxalq nəqliyyat münasibətlərini
tənzimləyən qanunvericilik və onun tətbiq olunma praktikası təşkil edir. Ona
beynəlxalq nəqliyyat hüquq doktrinası da deyilir.
Beynəlxalq nəqliyyat hüquq elmi beynəlxalq nəqliyyat hüququ anlayışı,
onun hüquq sistemində tutduğu yer, beynəlxalq nəqliyyat hüquq normalarının
sistem və məzmunu, subinstitutları və digər aspektlərlə bağlı məsələləri öyrənir.
Qanunvericilik mənasında beynəlxalq nəqliyyat hüququ dedikdə
beynəlxalq nəqliyyat münasibətlərini tənzimləyən normativ hüquqi aktların
sistemi başa düşülür. Bu aktlar iki cür olur:
-beynəlxalq hüquqi aktlar;
-milli normativ aktlar.
Beynəlxalq hüquqi aktlar dedikdə nəqliyyat və nəqliyyat daşımaları
sahəsində bağlanmış beynəlxalq müqavilələr başa düşülür. Onlar, praktiki
olaraq, beynəlxalq nəqliyyat sazişləri, nəqliyyat konvensiyaları və s. adlanır.
Milli normativ aktlar dedikdə ayrı-ayrı dövlətlərin daxili (milli) nəqliyyat
qanunvericiliyi başa düşülür. Belə aktlara müxtəlif nəqliyyat növləri üzrə qəbul
olunmuş nəqliyyat məcəllələri, nizamnamələri və digər qanunlar aiddir.
Dostları ilə paylaş: |