2. N.Kazımov pedaqoji ustalıq və onun problemləri haqqında.
N.Kazımov 2009-cu ildə “Pedaqoji ustalığın problemləri” adlı ali məktəblər üçün dərs vəsaiti nəşr etdirmişdir. Otuz bir mövzudan ibarət bu əsər tam mənası ilə müəllifin dərin biliyi, zəngin təcrübəsi və yüksək intellektinin məhsulu olan bir elmi-tədqiqat işidir. Bir məsələ də xüsusi qeyd olunmalıdır ki, müəyyən tarixə malik olan pedaqoji ustalığın bütün tərəflərinin izahı, yaradıcısı Nurəddin müəllim olan Milli pedaqogika prinsipləri əsasında təqim olunur.
Əsərin ilk səhifəsində müəllimlərin pedaqoji ustalığa yiyələnmək istəyinin uğurla nəticələnməsi şərtləri açıqlanır:
Pedaqoji ustalığın əhəmiyyətini dərk edib, ona yiyələnməyin müəllimin həqiqi istəyindən irəli gəlməsi;
Bu istəyin daxili inamla möhkəmləndirilməsi, “Pedaqoji ustalığa sahib olmaq istəyən müəllim öz gücünə, öz qüdrətinə inanmalıdır; inanmalıdır ki, pedaqoji ustalıq göydəndüşmə deyil, Allah vergisi də deyil; onun ən etibarlı yolu zəhmətdir, qarşıya çıxan hər cür çətinliyə sinə gərmək, onu aradan qaldırmağa qadir olmaqdır”.
N.Kazımovun fikrincə, pedaqoji ustalıq məfhumunu təkcə tədris müəssisələrinə tətbiq etmək düzgün deyildir. “Milli pedaqogikada belə hesab edilir ki, pedaqoji prosesin cərəyan etdiyi bütün sahələrdə pedaqoji ustalığa yiyələnmək imkanı olur” (N.Kazımov. Pedaqoji ustalığın problemləri. Bakı, 2009.səh.6).
Müəllif əsərin əsas məqsədini bu cür müəyyən edir! “... müəllimin pedaqoji ustalığını səciyyələndirməli olan keyfiyyətləri müəyyənləşdirmək” (8). Bu cür keyfiyyətlər isə Milli pedaqogikaya görə üç qrupa ayrılmalıdır; müəllimin pedaqoji ustalığının: əsasən metodik cəhətlərini səciyyələndirənlər; əsasən ümumpedaqoji cəhətlərini səciyyələndirənlər; müəllimin vətəndaş kimi fəaliyyətini səciyyələndirən keyfiyyətlər.
Bundan sonra görkəmli pedaqoq hər qrupa aid cəhətləri, keyfiyyətləri şərh edir. Pedaqoji ustalığın metodik cəhətlərinin göstəriciləri:
Müəllimin öz fənnini mükəmməl bilməsi;
Fənnə dair bilik və bacarıqların şagirdlər tərəfindən mənimsənilməsinin təmin edilməsi.
N.Kazımova görə fənnin tədrisi üzrə ustad müəllimin fəaliyyət planının dörd əsas bölməsi vardır:
- müəllimin ümumi mədəni hazırlığı;
- müəllimin ümumi pedaqoji hazırlığı;
- konkret təlim fənni üzrə müəllimin elmi və metodik hazırlığı;
- müəllimin növbəti dərsə hazırlığı.
Məlumdur ki, pedaqoji ustalıq ilk növbədə müəllimin təlim prosesini necə təşkil etməsi, onu idarə etməsi, bilik və barıqların öyrədilməsi və alınan nəticələrin keyfiyyəti ilə üzə çıxır N.Kazımov təlim prosesində pedaqoji ustalığın keyfiyyətlərini bu cür təqdim edir:
Təlimdəki tərbiyə imkanlarının reallaşdırılması;
Dərs zamanı şagirdlərin nümunəvi davranışlarının və uğurlarının müəllim tərəfindən rəğbətləndirilməsi;
Təlimdə geridəqalan şagirdlərə qayğılı münasibət;
Təlim zamnı şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması;
Təlim prosesində iradi keyfiyyətlərin inkişaf etdirilməsi;
Dərs zamanı şagirdlərin diqqətinin inkişaf etdirilməsi;
Dərs zamanı şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi;
Pedaqoji ustalığa təsir edən amillər arasında müəllimin emosional vəziyyəti və pedaqoji prosesdə emosionallığı idarəetmək bacarığını da N.Kazımov xüsusi qeyd etmişdir. O, müəllimin emosionallığını idarə etmək üsullarını iki qrupa ayırır:
Müəyyənləşdirici üsullar (özünümüşahidə, nöqsanın etiraf edilməsi, səbəblərin müəyyənləşdirilməsi);
təkmilləşdirici üsullar (özünüruhlandırmaq, özünə göstəriş vermək, psixoloji funkisyaları məşq etdirmək).
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, N.Kazımov “pedaqoji ustalıq” məfhumundan daha çox “ustad müəllim” ifadəsi işlədilir. “Pedaqoji ustalıq” anlayışı daha çox əlamət, keyfiyyət bildirir. “Ustad müəllim” dedikdə isə şəxs anlayışı önə çıxır. Bundan başqa, pedaqoji ustalıq tam, bitkin keyfiyyət deyildir. Başqa sözlə, eyni bir şəxsin müəyyən işdə, yaxud pedaqoji fəaliyyətin müəyyən sahəsində ustalığı ola bilər, digər sahələrində isə lazım olan keyfiyyətlərə mükəmməl yiyələnməmiş ola bilər.
“Ustad müəllim” dedikdə isə pedaqoji professionallığa hərtərəfli yiyələnmiş pedaqoq başa düşülür.
N.Kazımov “pedaqoji ustalığın problemləri” əsərində ustad müəllimin şəxsiyyətini səciyyələndirən bəzi keyfiyyətlərdən də bəhs etmişdir:
1. Ustad müəllimin təbliğ etdiyi fikirlərə uyğun hərəkət etməsi.
2. Danışana diqqətlə qulaq asmaq bacarığı.
3. Bütün məsələlərdə xeyirxahlıq mövqeyində olması.
4. Ustad müəllimin öz şagirdlərinə təmannasız köməklik göstərməsi.
Bundan başqa:
Ustad müəllim əxlaqi cəhətdən, ümumən mənəvi cəhətdən qüsursuzdur.
Ustad müəllim deyəcəyi sözün, atacağı addımın nə ilə nəticələnə biləcəyini ölçüb-biçir.
Ustad müəllim xarakter möhkəmliyi, iradəliliyi, səbirli və təmkinli olmağı ilə fəqlənir.
Ustad müəllim peşəsinə yalnız yaşamaq, ailəsini dolandırmaq vasitəsi kimi deyil, yaşatmaq, yaratmaq, arxa olmaq, sevindirmək, vətəninə, xalqına xidmət etmək vasitəsi kimi baxır.
Son olaraq professor Nurəddin Kazımov pedaqoji ustalığa belə bir tərif verir:
“Ustad müəllim – sistemləşdirilmiş milli və ümumbəşəri dəyərlərin gənc nəsil tərəfindən məqsədyönlü, planlı və mütəşəkkil məniməsilməsini təmin etmək yolu ilə ölkəmizin sosial-iqtisadi inkişafına güclü təkan verən pedaqoji təhsilli mütəxəssisdir ”.
Dostları ilə paylaş: |