MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


Elmi-texniki tərəqqi və elmi-texniki inqilabın mahiyyəti və əsas



Yüklə 362,16 Kb.
səhifə38/68
tarix05.01.2022
ölçüsü362,16 Kb.
#111242
1   ...   34   35   36   37   38   39   40   41   ...   68
4. Elmi-texniki tərəqqi və elmi-texniki inqilabın mahiyyəti və əsas

cəhətləri.

İqtisadi inkişafa və onun sürətlənməsinə bir çox amillər təsir göstərir. Buraya təbii və əmək ehtiyatlarının kəmiyyət və keyfiyyət əsas kapitalın həcmi, məcmu xərclərin səviyyəsi, artan ehtiyatların səmərəli bölgüsü və elmi-texniki tərəqqi daxildir. Bu amillər sırasında elmi-texniki tərəqqinin özünəməxsus yeri vardır. İqtisadi artımda qeyd etdiyimiz amillərin arasında elmi-texniki tərəqqi mərkəzi qüvvədir. Digər amillərin özləri də, bilavasitə elmi-texniki tərəqqidən çox asılıdır. İqtisadi həyatda texniki tərəqqiyə doğru meyl baş verməzsə, onda bu amillər təcrid olunmuş şəkildə fəaliyyət göstərər və istənilən nəticə əldə olunmaz. Məhz buna görə də dünyanın bütün qabaqcıl ölkələrində elm və texnika sahəsindəki problemlər iqtisadi siyasətin önündə durur.

Elmi-texniki tərəqqi fasiləsiz prosesdir. İnsan cəmiyyəti mövcud olandan indiyə kimi texnikada təkmilləşmə prosesi gedir. İnsanlar azad sahibkarlıqdan əvvəlki cəmiyyətlərdə əldə edilmiş biliklərdən istifadə etmişlər. Bunun sayəsində XVIII əsrin sonu XIX əsrin əvvəllərində texniki və sənaye inqilabı baş verir və nəticədə azad sahibkarlığın maddi-texniki bazası olan iri maşınlı sənaye yaranır. İri maşınlı sənayenin inkişafı istehsal qüvvələrinin inkişafına böyük təkan vermiş, texniki tərəqqini sürətləndirmiş və elmi-texniki inqilabın baş verməsi üçün şərait yaratmışdır.

Elmi-texniki tərəqqi (ETT) müasir dövrdə iqtisadi strategiyanın əsas istiqamətidir. O, xalq təsərrüfatının bütün sahələrində istehsalın intensivləşməsində və səmərəliliyinin yüksəldilməsində, bir çox iqtisadi-sosial problemlərin həllində əsas vasitədir.

Elmi-texniki tərəqqi yüksək dünya nailiyyətlərinə uyğun gələn yeni maşın və mexanizmlərin, cihazların, avadanlıqların yaradılmasını təmin edir. Eyni zamanda mütərəqqi sənaye texnologiyalarına keçməyə şərait yaradır. Bütün bunlar isə son nəticədə iqtisadi-sosial səmərəni yüksəltməyə imkan yaradır. Beləliklə, elmi-texniki tərəqqinin əsas məqsədi canlı və maddiləşmiş əməyə qənaət etmək, istehsalın səmərəliliyini yüksəltmək əsasında cəmiyyətin iqtisadi tərəqqisinə daim kömək etməkdir.

Elmi-texniki tərəqqi xalq təsərrüfatının bütün sahələrinə dərindən və hərtərəfli nüfuz etməklə yanaşı, insanın formalaşmasına da müsbət təsir göstərir. Ən müasir texnikanın istehsala tətbiqi əməyi daha cazibədar edir, eyni zamanda işçidən daha mütəşəkkil və intizamlı olmağı, əqli əməyin fiziki əməyə nisbətən daha sürətlə artmasını tələb edir.

Elmi-texniki tərəqqi iki başlıca formada – təkamül və inqilabi formada həyata keçir. Əvvəlki elmi-texniki əsasda texnika və texnologiyanın tətbiqinin təkmilləşdirilməsinə elmi-texniki tərəqqinin təkamül forması deyilir. Məsələn, metal emalında metalın kəsilməsi metodu təkmilləşir, yeni metodla metalın kəsilməsi əvvəlkinə nisbətən daha asan olur. Elmi-texniki tərəqqi elmi-texniki inqilaba (ETİ) keçid üçün tədricən şərait yaradır.

Elmi-texniki tərəqqinin inqilabı forması keyfiyyətcə yeni elmi-texniki prinsiplərdən istifadə olunmasına keçid deməkdir. Metalı kəsmək yolu ilə emal üsulundan dəqiq əritmə, təzyiq, toz, plazma və lazer texnologiyasına keçməsi buna misal ola bilər. Atom enerjisindən istifadə etmək, süni almazların alınması və başqaları buna daxildir.

Elmi-texniki inqilab XX əsrin ortalarından başlanıb. Bu XIX əsrin sonu və XX əsrin əvvəllərində baş verən bir çox kəşflərlə əlaqədardır. Bu dövrdə istehsalın texnikasında da inqilabi çevriliş baş verir – radionun ixtirası, atom energetikasının yaradılması, kibernetikanın, elektron-hesablama maşınlarının (EHM), lazer texnologiyasının meydana gəlməsi, kosmosun fəthi və s. həyata keçirilir. Elmin inkişaf sürəti istehsalı ötüb keçir, elmin istehsal ilə əlaqəsi güclənir, onun texnologiyaya tətbiqi nəticəsində elmi biliklər daha güclü istehsal qüvvəsinə çevrilir.

İstehsalın idarə edilməsində kibernetikadan, EHM və başqa müasir texniki vasitələrdən geniş istifadə olunur. Sənaye robotları geniş tətbiq edilir. İnformasiyanın toplanması, verilməsi və işlənməsi maddi istehsalın bir sahəsinə çevrilir.

Müasir elmi-texniki inqilab mürəkkəb və çoxsahəli hadisədir. Onun bir-birilə qarşılıqlı əlaqədə olan mühüm tərkib hissələri vardır.

1. Elmi-texniki inqilab elmlə texnikanın inteqrasiyasını sürətləndirir. İstehsal fondlarının kəskin surətdə təzələnməsi və məhsulun keyfiyyətinin yaxşılaşmasını təmin edir.

2. Elmi-texniki inqilab təhsil sisteminin bütün sahələrinə də təsir edir. Yeni texnika və texnologiya yüksək ixtisaslı kadrların hazırlanmasını zərurətə çevirir. Bir çox köhnə peşələr, ixtisaslar sıradan çıxır, yeni ixtisasların yaranması əsas məsələ kimi qarşıda durur.

Elmi-texniki inqilabın təsiri ilə əməyin mahiyyəti və məzmununda da dəyişiklik əmələ gəlir. Belə ki, bəzi ənənəvi, köhnə istehsal sahələri sıradan çıxır, istehsalın yeni sahələri meydana gəlir. Yeni, mütərəqqi və məzmununda dəyişiklik əmələ gətirir. Çünki mürəkkəb texnika yalnız yüksək ixtisaslı işçi tərəfindən idarə oluna bilər. İnsan maşının əlavəsindən xilas olur, maşınla yanaşı durur, onun nəzarətçisinə çevrilir.

3. Elmi-texniki inqilabın mühüm təsiri nəticəsində istehsalın və əməyin təşkilində əsaslı dönüş yaranır. Burada kompyuterləşdirmə daha geniş miqyas alır. Kompyuterləşdirmə nəinki istehsal sahələrinə, həm də qeyri-istehsal sahəsində geniş tətbiq edilir.

Elmi-texniki inqilab istehsalın az tullantılı və tullantısız işləməsinə kömək edir. Bu istehsalın səmərəliliyinin yüksəlməsində və ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynayır.

Elmi-texniki inqilabın nailiyyətlərindən düzgün istifadə olunması bəşəriyyət üçün ən böyük nemətdir. O, insanın imkanlarını və yaradıcı gücünü artırmağa, maddi və mənəvi nemətlər bolluğu yaratmağa şərait yaradır, əmək məhsuldarlığını əhəmiyyətli dərəcədə yüksəldir. Lakin o, eyni zamanda bir sıra ziddiyyətlər də doğurur.

Elmi-texniki tərəqqi bir tərəfdən elmi nailiyyətlərini texnika ilə birləşdirir, istehsal prosesində daha mükəmməl texnika, texnologiya tətbiq edir. Nəticədə isə əmək məhsuldarlığı yüksəlir. Digər tərəfdən ənənəvi istehsal sahələrində (kənd təsərrüfatı, hasiledici sənaye və s.) işləyənlərin sayı ixtisar olunur. Milyonlarla işçi öz ixtisasını dəyişməyə məcbur olur ki, bu da işsizliyə səbəb olur.

Elmi-texniki inqilab istehsal prosesini həddindən çox intensivləşdirir, istehsalçının məsuliyyətini artırır. Çünki yüksək texnikanı idarə etmək çox çətindir. Ona görə də müasir dövrdə əsəb, ürək-xəstəlikləri geniş yayılır.

İri, nəhəng texnika istehsalın təhlükəsizliyi məsələsini, texnikanın möhkəm olmasını tələb edir. Azacıq diqqətsizlik, məsuliyyətsizlik böyük fəlakətə səbəb ola bilər. Çernobol atom stansiyası “Çelencer” kosmik gəmisində olan fəlakət buna misal ola bilər.

Elmi-texniki inqilab iqtisadi münasibətlərdə də ciddi dəyişiklik əmələ gətirmişdir. Belə ki, insanlar daha çox gəlir əldə etmək məqsədilə təbii sərvətlərdən vəhşicəsinə istifadə edirlər. Bu isə təbiət ilə cəmiyyət arasındakı tarazlığı pozur. Nəticədə ekoloji böhran yaranır. ETİ-nin nailiyyətlərindən hərbi məqsədlər üçün istifadə edilməsi də ən böyük təhlükədir.

Elmi-texniki tərəqqinin xüsusi istiqamətləri.

Texniki tərəqqinin xüsusi istiqamətləri sənayenin ayrı-ayrı sahələrində daha çox nəzərə çarpır. Bu istiqamətlər adətən sahənin baş elmi-tədqiqat institutları, aparıcı elm xadimləri, aparıcı kompaniyaları, birlikləri tərəfindən təyin edilir və əsaslandırılır.

Elmi-texniki tərəqqinin xüsusi istiqamətləri içərisində sahə məhsulu keyfiyyətinin yüksəldilməsi, assortimentinin (çeşidinin) genişləndirilməsi, məmulatların davamlılığının və etibarlılığının yüksəldilməsi məsələsi böyük əhəmiyyətə malikdir. Əlbəttə, ümumi şəkildə götürdükdə məhsulun keyfiyyətinin yüksəldilməsi bütün sənaye sahələri üçün vacib hesab edilən bir məsələdir. Lakin birincisi bu məsələnin həlli yolları müxtəlif sahələrdə müxtəlifdir və ikincisi, sahə məhsullarının keyfiyyətinin yüksəlməsi ictimai istehsalın səmərəliliyinə müxtəlif səviyyədə təsir göstərir. Buna görə də problemin – məhsulun keyfiyyətinin yüksəldilməsi – (onun rəqabət dözümlüyünün artırılması) sənayenin müxtəlif sahələrində mövcud olduğuna baxmayaraq biz onu elmi-texniki tərəqqinin sahəvi istiqaməti hesab etməyi məqsədyönlü sayırıq.

Əsas konstruksiya materialları və xalq istehlakı malları istehsalı üçün ilkin materiallar istehsal edən sənaye sahələrində məhsulun keyfiyyətinin yüksəldilməsinin xalq təsərrüfatı üçün daha çox əhəmiyyəti vardır. Belə sahələrə qara və əlvan metallurgiya, kimya sənayesi, meşə və ağac emalı sənayesi sahələri ilk növbədə daxil edilməlidir. Məsələ burasındadır ki, elmi-texniki tərəqqinin göstərdiyimiz ümumi və müasir istiqamətləri ən yüksək dərəcədə inkişaf etdirilərsə belə (məsələn: əməyin elektriklə silahlanması ən yüksək səviyyəyə çatdırılsa) əgər metallurgiya sənayesi istehsal etdiyi məhsulun profillik səviyyəsini yüksəltməsə, çox nazik və davamlı metal təbəqələri istehsalını artırmırsa, leqirləşdirilmiş çox yüksək texniki-iqtisadi göstəricilərə malik polad istehsal etmirsə, ictimai istehsalın səmərəliliyini köklü surətdə yüksəltmək mümkün olmur. Məlumdur ki, keçmiş SSRİ polad istehsalının həcminə görə dünyada birinci yeri tuturdu. Lakin məhsul istehsalının hər vahidinə düşən metal xərcləri bu ölkədə ABŞ-da çəkilən metal xərclərindən çox idi. Metallurgiya sənayesində istehsal edilən yaymaların keyfiyyətinin pis və çeşidinin dar olması nəticəsində sənaye məhsulunun metal tutumu yüksək idi. Bir qayda olaraq metallurgiya sənayesi məhsulunun keyfiyyəti yüksələndə, çeşidi genişlənəndə maşınqayırmada emal zamanı əmələ gələn yonqarın miqdarı azalır.

Metallurgiyada məhsulun keyfiyyətini yüksəltmək üçün ilk növbədə bu məsələnin həllinə yönələn texniki tərəqqinin sahəvi istiqamətlərindən geniş istifadə edilməlidir. Belə istiqamətlərə metalların texniki emalının təkmilləşdirilməsi, növlərinin, profillərinin nomenklatura və çeşidlərinin çoxaldılması, yüksək keyfiyyətli, nazik təbəqəli metalın xüsusi çəkisinin artırılması daxildir. Texniki tərəqqinin metallurgiyaya məxsus olan bu cür istiqamətləri çoxlu miqdarda material-enerji və əmək resurslarına qənaət etməyə imkan verir.

Məhsulun keyfiyyətinin yüksəldilməsi maşınqayırmada mühüm əhəmiyyət kəsb edir. Bu həm maşınqayırmanın özü üçün və həm də bütövlükdə ictimai istehsalın səmərəliliyini yüksəltmək üçün başlıca şərtdir. Maşınqayırmanın istehsal etdiyi məhsullar sənayenin və iqtisadiyyatının bütün sahələrində əmək aləti kimi istifadə edilir. Buna görə də maşınqayırma məhsulunun davamlılığı, etibarlılığı, uzunömürlülüyü, qənaətcilliyi, məhsuldarlığı ictimai istehsalın bütün sahələrində səmərəliliyə ciddi şəkildə təsir göstərir. Buna görə də maşınqayırmada elmi-texniki tərəqqinin sahəvi istiqamətlərinə maşın və mexanizmlərin məhsuldarlığının yüksəldilməsi, etibarlılığının artırılması, avtomatlılıq səviyyəsinin yüksəldilməsi və s. bu kimi məsələlərin həllinə yönələn tədbirlər daxildir. Maşınqayırma daim öz məhsulunu yeniləşdirməli, istər özündə və istərsə də iqtisadiyyatın digər sahələrində istehsal proseslərini kompleks avtomatlaşdırmağa imkan verən, dünya standartlarına cavab verən əmək alətləri istehsal etməlidir. Maşınqayırma istehsalı uyuşqanlı olmalıdır ki, prinsipə yeni məhsul istehsalına az vaxt sərf etməklə keçmək mümkün olsun. Deməli, uyuşqanlı avtomatlaşdırılmış sistemlərin yaradılması və istehsala tətbiqi həm maşınqayırmanın özündə və həm də digər sahələrdə elmi-texniki tərəqqinin sahəvi istiqaməti kimi özünü göstərir. Doğrudan da texniki tərəqqinin ümumi istiqamətləri olan elektrikləşdirmə, mexanikləşdirmə, avtomatlaşdırma və kimyalaşdırma yüksək səviyyədə inkişaf etdirilsə belə, əgər istehsalın uyuşqanlığı, dinamikliyi təmin edilməyibsə, rəqabətə dözümlü maşınqayırma məhsulu istehsal oluna bilməz. Bu, bir daha sübut edir ki, elmi-texniki tərəqqinin ümumi və müasir istiqamətləri ilə yanaşı konkret istehsal üçün spesifik xarakterə malik sahəvi istiqamətlərinə də diqqət artırılmalıdır.

İqtisadiyyatın konkret sahəsində istehsal edilən məhsulun və göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi böyük iqtisadi səmərə verməklə yanaşı texniki tərəqqinin sürətləndirilməsinə də kömək edir. Məsələn, kimya sənayesində fenolun və formalinin keyfiyyətinin yüksəldilməsi fenol-formaldehid qətranının alınması əməliyyatının təxminən iki dəfə qısaldılmasına səbəb olur. Bu da öz növbəsində avtomat xətlərdən istifadə edilməsi yolu ilə məmulatın istehsal prosesini tamamilə avtomatlaşdırmağa imkan verir. Göründüyü kimi, burada elmi-texniki tərəqqinin sahəvi istiqaməti (kimya sənayesində), fenolun və formalinin keyfiyyətinin yüksəldilməsi onun ümumi istiqaməti olan avtomatlaşdırma üçün şərait yaratmış olur. Buradan belə bir mühüm nəticə çıxarmaq olar: elmi-texniki tərəqqinin sahəvi istiqamətləri onun digər istiqamətlərinə güclü təsir göstərir. Elə buna görə də elmi-texniki tərəqqinin ümumi istiqamətləri məqsədyönlü inkişaf etdirilməlidir. Başqa sözlə desək, məsələn, elektrikləşdirmə xatirinə yox, konkret sənaye sahəsinin texniki-iqtisadi probleminin elektrikləşmə həllinə, texniki tərəqqinin sahəvi istiqamətlərinin inkişafına uyğun həyata keçirilməlidir.

Elmi-texniki tərəqqinin ictimai istehsalın səmərəliliyini yüksəldən mühüm sahəvi istiqamətlərindən biri də istehsal proseslərinin intensivləşdirilməsidir. Məsələn, metallurgiya və kimya sənayelərində xammalın dərin saflaşdırılması, dəqiq növləşdirilməsi, xammal və materialların faydalı komponentlərinin artırılması üçün onların ilkin emal edilməsi, bu baxımdan böyük əhəmiyyət kəsb edir. Metallurgiyada oksigen və təbii qazdan, kimya sənayesində isə müxtəlif katalizatorlardan geniş istifadə edilməsi bu sahələr üçün elmi-texniki tərəqqinin sahəvi istiqaməti sayıla bilər. Bunlar texnoloji prosesi intensivləşdirirlər.

Hazırda texnoloji proseslərin intensivləşdirilməsinin maşınqayırmada böyük əhəmiyyəti vardır. Lakin təcrübə göstərir ki, planlaşdırma və idarəetmədə elmi-texniki tərəqqinin bu sahəvi istiqamətinə zəif inkişaf etmiş ölkələrdə az fikir verilir. Buna görə də istehsalın avtomatlaşdırılması, kimyalaşdırılması, elektrikləşdirilməsindən əldə edilən iqtisadi səmərə istehsal proseslərinin müvafiq səviyyədə intensivləşdirilməməsi nəticəsində azala bilər. İnkişaf etmiş bütün ölkələrdə bu məsələyə ciddi fikir verilir. Bir sıra istehsallarda ilkin xammal və materialların digərləri ilə əvəz edilməsi texniki-tərəqqinin sahəvi istiqaməti kimi çıxış edir. Bu da böyük iqtisadi səmərə verir. Məsələn, kimya sənayesinin bəzi sahələrində ilkin xammal kimi işlədilən kömürün neftlə və qazla əvəz edilməsi bir neçə texnoloji pillələri ixtisara saldığı üçün istehsalın intensivliyi artır, məhsulun maya dəyəri aşağı düşür.

Tədqiqat göstərdi ki, elmi-texniki tərəqqinin sahəvi istiqamətləri onun ümumi istiqamətləri olan avtomatlaşdırma, mexanikləşdirmə, kimyalaşdırma və elektrikləşdirmədən heç də az iqtisadi səmərə vermir. Onlar ictimai tələbatların ödənilməsində mühüm rol oynayırlar. Məsələn, sintetik spirtin, yuyucu vasitələrin və digər kimya məmulatlarının alınmasında neft və qazdan istifadə edilməsi yeyinti məhsullarından texniki məqsədlər üçün istifadə edilməsinin qarşısını alır və əhalinin yeyinti məhsullarına olan tələbatının daha dolğun ödənilməsinə şərait yaradır.

Yüngül və əlvan metallurgiyada, kimya sənayesində, istehsal aparatlarında, qurğularında təzyiqin və hərarətin yüksəldilməsi elmi-texniki tərəqqinin sahəvi istiqamətlərindəndir. Ovuntu metallurgiyasının inkişafı və hissə, qovşaqların getdikcə daha çox hissəsinin metal ovuntularından hazırlanması böyük iqtisadi və sosial əhəmiyyətə malikdir və maşınqayırma və metallergiya üçün elmi-texniki tərəqqinin xüsusi istiqamətlərindəndir.

Maşınqayırmada elmi-texniki tərəqqinin mühüm xüsusi istiqaməti, metalların elektoqığılcım ilə emal edilməsi, elektrosəs və lazer şüaları ilə metalların qaynaq edilməsi kimi mütərəqqi emal üsullarının geniş tətbiq edilməsidir.



Elmi-texniki tərəqqi və istehsalın səmərəliliyi.

Elmi-texniki tərəqqi istehsalın səmərəliliyinə güclü təsir göstərir. Ən başlıcası isə ondan ibarətdir ki, elmi-texniki tərəqqi istehsalın intensiv yolla inkişafını təmin edir. Bu da səmərənin daha yüksək olması üçün zəmin yaradır.

Elmi-texniki tərəqqinin istehsalın intensivləşdirilməsində və səmərəliliyinin yüksəldilməsindəki rolu çox şaxəlidir. Qeyd etmək lazımdır ki, ETT-i istehsalın səmərəliliyinə özünün ümumi, xüsusi və baxılan dövr üçün ən yeni istiqamətləri üzrə təsir göstərir. Elmi-texniki tərəqqi istehsalın bütün ünsürlərinə - əmək vasitələrinə, əmək cisminə və əməyin özünə müsbət təsir göstərir, onları təkmilləşdirir və səmərəli və tam istifadə olunmaları üçün şərait yaradır. Bir qayda olaraq elmi-texniki tərəqqinin sürətləndirilməsi nəticəsində istehsal edilən məhsul vahidinin əmək, fond və material tutumları aşağı düşür, elm tutumu isə artır. Bu da istehsalın səmərəliliyinin yüksəldilməsi ilə nəticələnir

İstehsalın səmərəliliyinə elmi-texniki tərəqqi müxtəlif istiqamətlər və formada təsir göstərir. Bu imkan verir ki, təcrübədə yaranmış konkret şəraiti nəzərə alaraq elmi-texniki tərəqqinin bu və ya digər istiqaməti və ya forması daha üstün inkişaf etdirilsin.

Dünya iqtisadiyyatı elmində elmi-texniki tərəqqinin bir neçə inkişaf forması fərqləndirilir. İstehsalın hansı elementinə daha çox təsir etməsi baxımından elmi-texniki tərəqqinin əməyə qənaət, fonda qənaət, materiala qənaət və yaxud da fond tutumlu, material tutumlu və əmək tutumlu formaları fərqləndirilir. Çox vaxt konkret istehsallarda yaranmış şəraiti nəzərə alaraq elmi-texniki tərəqqinin göstərdiyimiz formalarının əlaqələndirilməsindən əmələ gələn formalarından da istifadə edilir. Elmi-texniki tərəqqinin belə əlaqələndirilmiş formalarına əmək tutumlu – fondqoruyucu, fondtutumlu – material qoruyucu, material tutumlu - əmək qoruyucu, əmək tutumlu – fond qoruyucu və s. formaları daxildir.

Formalar üzrə elmi-texniki tərəqqinin sürətləndirilməsinin mahiyyəti istehsalın səmərəliliyinin məqsədyönlü yüksəldilməsidir. Əgər sənaye müəssisəsi işçi qüvvəsinin çox olduğu regionda yerləşirsə, müəyyən dövrdə elmi-texniki tərəqqinin əmək tutumlu formasının inkişafı məqsədəuyğun hesab olunur. Digər regionlarda deyək ki, əgər fondlara qənaət etmək daha sərfəlidirsə, onda elmi-texniki tərəqqinin əməktutumlu – fond qoruyucu forması,materiallara qənaət daha sərfəlidirsə, onun əmək tutmlu – material qoruyucu forması daha üstün inkişaf etdirilir. Əgər müəssisənin yerləşdiyi ərazidə əmək ehtiyatları çatışmırsa, onda elmi-texniki tərəqqinin əməyə qənaət formasını inkiaşf etdirmək lazımdır.

Qeyd edək ki, elmi-texniki tərəqqini bu və ya digər formasının konkret istehsal üçün seçilməsi vaxt etibarı ilə müvəqqəti xarakter daşımalıdır. Məsələn, işçi qüvvəsi artıqlığı aradan götürüldükdən sonra elmi-texniki tərəqqinin forması da dəyişilməlidir. Ümumiyyətlə götürdükdə isə elmi-texniki tərəqqinin daha çox səmərə verən istiqamət və formasına üstünlük vermək lazımdır.

Elmi-texniki tərəqqi istehsalın intensivləşdirilməsinə güclü təsir göstərir. Ümumiyyətlə görüldükdə isə elmi-texniki tərəqqi, intensivləşmə və istehsalın iqtisadi səmərəliliyi qarşılıqlı əlaqədə olurlar. Burada istehsalın səmərəliliyi elmi-texniki tərəqqinin və istehsal proseslərinin intensivləşməsinin son nəticəsidir. Elmi-texniki tərəqqi bu nəticənin əldə edilməsində hərəkətverici qüvvə, yəni amil rolunu oynayır. İntensivləşmənin səviyyəsi yüksəldikcə elmi-texniki tərəqqi inkişaf etdikcə intensivləşmənin yüksəlməsi üçün şərait yaranır. Bunun nəticəsində də istehsalın iqtisadi səmərəliliyi yüksəlir.

Qeyd edək ki, intensivləşmə ilə elmi-texniki tərəqqi arasında sıx və qarşılıqlı əlaqə vardır. Lakin onları eyniləşdirmək olmaz. Çünki onların inkişaf istiqamətləri, yolları bir çox cəhətdən eyni deyildir, bir-birinin üzərinə düşmür.

Elmi-texniki tərəqqi iqtisadiyyatın bütün sahələrini əhatə edən çoxcəhətli və qanunauyğunluğun bir prosesdir. Sənayedə bu proses öz əksini istifadə edilən maşın və mexanizmlərin, ötürücü qurğuların, alət və tərtibatların, ölçü və tənzimləyici vasitələrin hər cür mexanizmlərin sistemdə işləyən maşın mexanizmlərlə əvəz olunmasında, istehsalın robotlaşmasında, uyuşqanlı istehsalların əmələ gəlməsində və s. tapır. Texniki-tərəqqi texnikanın daim irəliyə doğru hərəkəti prosesi kimi özünün elmə məlum olan ümumi doğru hərəkəti prosesi kimi özünün elmə məlum olan ümumi və xüsusi istiqamətləri, forma və istiqamətləri üzrə inkişaf edir. Elmi-texniki tərəqqi sürətləndikcə söz yox ki, istehsalın intensivləşməsi səviyyəsi yüksəlir. Lakin bu o demək deyildir ki, istehsalın intensivləşməsi elmi-texniki tərəqqinin inkişaf qanunları altında avtomatik, özü-özünə formalaşır. İntensivləşdirmənin ETT-nin istiqamətləri ilə üst-üstə düşən istiqamətləri ilə yanaşı təşkilati-iqtisadi və sosioloji amillərlə şərtləşən öz istiqamətləri, elmi-texniki tərəqqi nəticəsində əldə edilmiş istehsal aparatından vaxta və gücə görə tam istifadə edilməsinə və onların vaxtında təzələşdirilməsinə yönələn istiqamətlər və bunun həyata keçirilməsi üçün görülən tədbirlərə təyin olunur. İntensivləşdirmənin, (səviyyəsinin yüksəlməsinin) öz fərdi istiqamətləri əldə olan material, əmək, enerji və resurslardan daha səmərəli, daha məqsədyönlü, daha qənaətlə istifadə edilməsinə yönəlir.

Real həyatda elmi-texniki tərəqqi öz əksini əmək alətlərində və əmək cismində baş verən dərin və çoxcəhətli dəyişikliklərdə tapır. İstehsalın səmərəliliyini yüksəltmək üçün bu nailiyyətləri gecikmədən istehsala tətbiq etmək lazımdır. Son nəticədə işçi kollektivinin sosial-iqtisadi inkişafı bu prosesin intensivliyindən bilavasitə asılı olur. Elmi-texniki tərəqqinin nailiyyətlərini istehsala daha tez tətbiq edənlər yüksək səmərəlilik əldə edirlər. Buna görə də fərdi əmək fəaliyyətinin vüsal tapdığı və ümumiyyətlə, mülkiyyətin dövlətsizləşdirildiyi indiki dövrdə elmin və texnikanın, onların əsas elementlərinin tərəqqisinin əsas istiqamətlərini və formalarını təyin etməyin zəruruliyi artmışdır. Müəssisəni arendaya götürən müəssisə rəqabətə dözümlü məhsul istehsal etmək imkanına malik ola bilər.

İlk növbədə ETT-nin hansı iqtiqamətlər üzrə istehsala və yaxud da idarə edilən hər hansı bir digər obyektə təsir etdiyini araşdırmaq lazımdır. Uzun illərin təcrübəsi sübut etmişdir ki, elmi-texniki tərəqqinin istiqamətlərini üç cürə ayırmaq onun nailiyyətlərinin istehsala tətbiqini sürətləndirir.

Birinci qrupa ümumi istiqamətlər daxildir. Bu istiqamətlərə istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması, elektrikləşdirilməsi və kimyalaşdırılması aid edilir. Göründüyü kimi bu istiqamətlər sənayenin bütün sahələrinə aid ola bilər. Elə buna görə də onlar texniki tərəqqinin ümumi istiqamətləri adlanır.

İkinci qrupa müəyyən dövr üçün həlledici sayılan istiqamətlər aid edilməlidir. Texniki tərəqqinin bu istiqamətləri yuxarıda göstərdiyimiz ümumi istiqamətlərlə əlaqədar olsalar da konkret bir dövr üçün prioritet istiqamət sayılır və istehsalda inqilabi dəyişikliklərə səbəb olur. Bu istiqamətlərə hazırki dövrdə prinsipcə yeni texnikanın və texnologiyanın yaradılması və istehsala tətbiqi, istehsalın elekronlaşdırılması, kompyuterləşdirilməsi, kompleks avtomatlaşdırılması, yeni materialların yaradılması və istehsala tətbiq edilməsi və s. daxildir.

Elmi-texniki tərəqqinin üçüncü istiqamətləri sahəvi xarakter daşıyır. Başqa sözlə desək, bura elə istiqamətlər daxil edilməlidir ki, onlar əsasən konkret sənaye sahəsinə aid olsun. Aydın məsələdir ki, belə istiqamətlər ayrı-ayrı sahələrdə müxtəlif göstəricilərlə xarakterizə olunurlar. Məsələn, sənayenin aparıcı sahəsi olan maşınqayırmada elmi-texniki tərəqqinin xüsusi, yəni bilavasitə ona məxsus istiqamətləri məhsulun təzələnməsinin intensivliyi, istehsal edilən ümumi məhsulun həllində müasir texnika və texnologiyanın tələblərinə, dünya (beynəlxalq) standartlarına cavab verən məhsulların xüsusi çəkisinin artması, uyuşqanlı istehsallar yaratmaq üçün istehsal olunan maşın və avadanlıqlar komplekslərinin, emal mərkəzlərinin sayı və onların artım tempi göstəricilərin səviyyəsi ilə xarakterizə olunur.

ETT-ni sürətləndirmək, elmi nailiyyətləri gecikmədən istehsala tətbiq etmək, prinsipial yeni məhsulun kütləvi istehsalını təşkil etmək ölkələrdən çoxlu vəsait tələb edir. Artıq qeyd etdiyimiz kimi dərc olunmuş materiallara görə 2006-cı ildə elmin inkişafına ABŞ 250, Yaponiya 150, Avropa Birliyi ölkələri 100 milyard dollar vəsait xərcləmişlər. Buradan qanunauyğun bir sual meydana çıxır. Bu qədər vəsait sonralar ölkələrə hansı səmərəni verir? Bu xərclər özünü ödəyirmi? Bu suala cavab vermək üçün istehsala, ölkələrin iqtisadiyyatının strukturuna, məhsulların keyfiyyətinə diqqətlə nəzər yetirmək lazımdır. Təhlil göstərir ki, elmi-tədqiqat və layihə-təcrübə işlərinə çoxlu vəsait qoyan ölkələrdə bir qayda olaraq istehsalın texniki səviyyəsi yüksək, istehsalın özü isə çevik (yeni məhsullar istehsalına qısa müddətdə uyğunlaşa bilən) olur, iqtisadiyyatın strukturu maksimum optimal (sosial tələbatları tam və minimum ictimai zəruri xərclərlə ödəyə bilən), məhsul və xidmətlərin keyfiyyəti yüksək olur. Bu deyilənlərin Amerikanın timsalında aydın görmək olur. Texnikanın, elmin inkişafına çoxlu vəsait yönəldə bilən Amerika firmaları istehsal etdikləri məhsulların nomenklaturasını və çeşidini sürətlə dəyişməyə imkan əldə edirlər ki, bu da şirkətlərin istər daxili və istərsə də xarici bazarda möhkəm yer tutması üçün əsas şərtdir. Konkret növ məhsul nümunəvi üçün ETT və onun sürətləndirilməsinə çəkilən xərclər firmalara iki istiqamətdə xeyir götürməyə imkan verir: birincisi bu məhsulun yeni nümunələrinin istehsalını mənimsəməklə, ikinci istehsal edilən nümunələrin keyfiyyətini yüksəltməklə. Təhlil göstərdi ki, Amerika müəssisələri bu yolla hər il öz daxili bazarlarına ümumi kontekstdə milyonlarla yeni, modernizə olunmuş və yaxud da keyfiyyətli yaxşılaşdırılmış məhsul növləri çıxarırlar. Doğrudur, bazara çıxarılan külli miqdarda yeni və modifikasiya olunmuş məhsulların hamısı özünə şərəfli yer tuta bilmir: tələb və təklifə görə və azad rəqabət nəticəsində onların bir hissəsi istehsaldan çıxarılır. Lakin buna baxmayaraq bazarların intensiv şəkildə yeni məhsullarla zənginləşdirilməsi son nəticədə iqtisadiyyatın aparıcı sahəsi olan sənayedə istehsalın təzələnməsi, texnologiyanın intensivləşməsi, firma və şirkətlərin profillərinin mütərəqqi yeniləşməsi, istehsal tsiklinin qısalması baş verir. Bu yollar və üsullardan bacarıqla istifadə edən TMK –isə öz ölkələri sərhədlərindən çox-çox uzaqlarda yüksək sahibkarlıq gəlirləri əldə edə bilirlər və Amerikanın “ikinci” iqtisadiyyatını daha da gücləndirirlər.

ETT-nin sürətləndirilməsinə çəkilən xərclər yüksək səmərə verdiyinə görə, bu xərci çəkən ölkələrə rezenans səmərə almaq imkan yaradır. İmkan verir ki, innovasiyalar (yeniləşmə) daha qısa müddətə istehsala tətbiq edilsin və rəqabət-dözümlü məhsulun kütləvi istehsalı təşkil olunsun. Belə olan halda yeniləşmənin (innovasiya) verdiyi sosial-iqtisadi səmərə ilə kütləvi istehsalın verdiyi səmərə üst-üstə düşür və rezenans səmərə əldə edilir. ETT-nin birbaşa sosial səmərəsi də olur: bunun nəticəsində yeni iş yerləri yaradılır, işlərin cazibədarlığı yüksəlir, yoruculuğu isə azalır, əmək haqqı yüksəlir.

Bütün bunları nəzərə alaraq ölkələr arasında əslində yeni rəqabət sferası meydana gəlib inkişaf etməkdədir. Buna görə də hazırki dövrdə həm firmalar və həm də ölkələr arasında gedən əsas mübarizə elmi-texniki tərəqqi uğrunda gedən mübarizədir. Rəqabətin bu sferası getdikcə genişlənir, özünə yeni-yeni ölkələr cəlb edir. Onu da qeyd edək ki, bu yarışda itirənlər də olur: bunlar inkişafda olan və çox zəif inkişaf səviyyəsini saxlayan ölkələrdir. Onların ABŞ, Yaponiya, Almaniya Federativ Respublikası kimi nəhənglərlə rəqabətə girib elmi-texniki tərəqqi sahəsində qalib gəlmək üçün nə iqtisadi və nə də siyasi gücləri istənilən səviyyədə deyildir. Bu ölkələrə ilk növbədə Afrika kontingenti ölkələri, xüsusən də Mərkəzi, Qərbi və Şərqi Afrika ölkələri daxildir. Onlar indiyə qədər optimal iqtisadi inkişaf modeli tapa bilməyiblər və ixtisassız əməkdən necə gəldi istifadə etmək, dövlətin güc üsulları ilə istehsala “yuxarıdan” təzyiq etmək, əmək münasibətləri və demokratiyanı inkişaf etdirməmək, korrupsiyaya imkan yaratmaq yolunu seçməklə özlərini tamamilə inkişaf etmiş ölkələrdən asılı vəziyyətə salıblar.




Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin