Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi



Yüklə 5,86 Mb.
səhifə7/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   26

Tirəyə səpin texnologiyası. Tirə üsulu ilə becərmənin mənşəyi ənənəvi olaraq suyun idarəedilməsi məsələləri ilə dəmyə şəraitdə artıq suyun bitkilərə təsirinin azaldılması, yaxud suvarılan ərazilərdə suvarma suyunun bitkilərə daha səmərəli şəkildə çatdırılması ilə bağlı olmuşdur.

Tirəyə səpinin bir çox üstünlükləri vardır. Bu üstünlüklərə aiddir: suyun paylanması və istifadəsinin yaxşılaşması, şırımların becərilməsi yolu ilə alaqlara alternativ üsulla nəzarət edilməsi, cərgəaralarına daha çox günəş işığının düşməsi hesabına bitkilərin daha güclü olması və beləliklə yatmanın azalması və nəhayət səpin normasının azalması. Quraq ərazidə tirəyə səpin yağışdan sonra suyun axıb getməsinin qarşısını alır, gələcək bitki üçün suyun torpaqda tutulub saxlanmasına səbəb olur.

Tirəyə səpin üsulunun ən üstün cəhətlərindən biri də gübrələrin tətbiq edilməsi üçün əlverişli olmasıdır. Gübrə birbaşa olaraq tirə zolaqlarının arasına verilə bilər, bu zaman bitkilər ondan daha səmərəli istifadə edər, bitkilər tapdalanmaz və zədələnməz. Tirəyə səpin üsulunda şırımla suvarma zamanı azotdan istifadənin səmərəliliyi 10% və daha çox artır. Həmçinin, buğda zəmisində tirənin üzərindəki cərgələrdə mikroiqlim dəyişdiyindən bitkilərin yatması problemi və bəzi xəstəliklərə yoluxması azalır. Deməli, yaxşı aerasiya hesabına bitkilərin çətiri altında rütubət azaldığından xəstəliklərin inkişafına maneçilik törədilir və bitkinin daha sağlam böyüməsinə şərait yaradılır.

Drenləşməsi zəif olan torpaqlar yazda gec isindiyi üçün bu torpaqlarda tirənin səthinə səpilən bitkilər şırıma səpilən bitkilərə nisbətən ümumi azotdan daha yaxşı istifadə etməklə daha çox məhsul verir. Bunu tirənin üst hissəsində şırıma nisbətən daha yaxşı drenajın olması və torpağın isti olması ilə izah etmək olar. Yağıntıların az düşdüyü və beləliklə rütubətin çatışmadığı şəraitdə rütubət daimi tirələrdə bitki qalıqları vasitəsilə daha yaxşı tutulub saxlanır və idarə olunur. Yazda tirələrdə torpaq adi səthə nisbətən daha tez isinir.

Bitkilərin tirədə becərilməsi və şırım üsulu ilə suvarılması zamanı becərmələrin sayını minimuma endirmək və suvarmalara qənaət etməklə istehsal xərclərini azaltmaq olur. Üstünlüklər bunlardır: - suvarma suyuna təqribən 30% qənaət olunur və şorlaşma təhlükəsi olan torpaqlarda qrunt suyunun səviyyəsinin qalxmasının qarşısı alınır; izafi yağıntılar və artıq suvarma səbəbindən bitkilərin su altında qalması təhlükəsinin azalması; tirədə torpağın su, hava, istilik rejimləri və fiziki xassələri bitkilərin inkişafı üçün optimal olur, həm də qida elementlərindən səmərəli istifadə olunur.

Bu texnologiyada tirə üzərində 2-3 cərgə səpin aparılır, tirənin hündürlüyü 15-30 sm olur və suvarma tirənin araları ilə selləmə üsuluna nisbətən daha mütərəqqi suvarma üsulu hesab edilən şırımlarla aparılır.

Tirəyə səpin metodu güclü kollanan sortlar üçün əlverişlidir. Bu üsulla becərildikdə kollanma düyünündən ayrılmış həmin gövdələrin əksəri məhsuldar gövdələrə çevrilir və beləliklə düz səthə səpinlə müqayisədə məhsuldarlıq demək olar ki, bərabər və daha yüksək olur.


Tirəyə səpində cərgə aralarının kultivasiyası vasitəsilə alaqların məhv edilməsi və torpağın yumşaldılması, azotla yemləmənin istənilən vaxtda verilə bilməsi bu texnologiyanın ekoloji əhəmiyyətini də üzə çıxarır. Belə ki, adi səpində alaqlara qarşı mübarizə aparmaq üçün herbisidlərdən geniş istifadə edilir və N-la yemləmə gübrəsi yazda bir dəfəyə verilir ki, bu da ətraf mühitin çirklənməsinə səbəb olur və ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Bundan başqa tirəyə səpində suvarma suyundan səmərəli istifadə olunmaqla suvarmaların da sayı azaldığından aran zonasının qrunt sularının səthə yaxın olduğu şorlaşmaya meylli ərazilərində torpaqların təkrar şorlaşmasının da qarşısı alınmış olar.

Tirəyə səpin texnologiyasının tətbiqi zamanı üstünlüklər aşağıdakılardır:

  • Suvarma suyunun idarəedilməsini yaxşılaşdırır.

  • Səpindən qabaq sahənin arat edilməsini asanlaşdırır və tirəni düzəldərkən alaqların səpinə qədər məhv edilməsi prosesi də gedir.

  • Bitkilərin yatmasının qarşısı alınır.

  • Alaqlarla mübarizədə cərgəaralarında mexaniki alaqetmənin mümkünlüyü.

  • Daha az toxum tələb olunur.

  • Yenidən forma verilərək eyni tirələr buğdadan sonra əkiləcək bitkilər (pambıq, qarğıdalı və s.) üçün istifadə oluna bilir.

  • Herbisidlərdən asılılığı azaldır.

  • Əllə alaq etməyi asanlaşdırır.


Toxumun səpinə hazırlanması. Toxum materialı toxumluq sahələrdən yığılır və təmizləyici, çeşidləyici maşınlardan keçirildikdən sonra quru ambarlarda saxlanılır. Buğda toxumu kimi xəstəlik və zərərvericilərə qarşı dərmanlanır. Bir ton toxuma 2 kq 19,5%-li baytan, 2-3 kq 75%-li vitovaks işlədilir. Toxumların səpin keyfiyyəti nəzarət laboratoriyalarında yoxlanılıb kondisiya dərəcəsinə çatdırıldıqdan sonra səpinə başlanılır.

Səpin müddəti, üsulu normaları. Respublikamızın aran rayonlarında payızlıq arpanın optimal səpin müddəti oktyabrın 15-dən noyabrın 15-nə qədərdir. Tez səpildikdə bitkilər yarovizasiya mərhələsini başa vuraraq işıq mərhələsinə keçirlər və gövdə əmələ gətirirlər. Belə halda bitkilər qışa davamsız olurlar. Eyni zamanda bitkilər İsveçHessen milçəklərindən çox zərər çəkirlər. Dağətəyi rayonlarda səpini nisbətən tez keçirmək olar. Arpa bitkisinin səpini üçün adi, darcərgəli və çarpaz səpinlər aparılır. Ən səmərəlisi darcərgəli səpin üsuludur. Toxum 4-6 sm dərinliyə basdırılır.

Səpin norması torpaq- iqlim şəraitindən asılı olaraq dəyişir. Adətən hektara 3,5-4,0 mln. ədəd cücərən toxum səpilir. Bu da fiziki çəki hesabı ilə 150-170 kq-a bərabərdir. Çox sıx səpinlərdə bitkilər işıqla yaxşı təmin olmurlar. Onlar sürətlə böyüyərək yerə yatırlar. Seyrək səpinlərdə bitki sıxlığı az olduğundan məhsuldarlıq aşağı olur.



Əkinlərə qulluq. Qulluq işləri buğdada olduğu kimidir. Yemləmə gübrəsi verilir. Erkən yazda köndələn malalanır. Alaqlara qarşı mübarizə aparılır. Yaz yemləmə gübrəsi verilir. Boruyaçıxmanın əvvəlində 2-ci yemləmə aparılır. Aran bölgələrdə 2-3 dəfə suvarma aparılır. Suvarmanın müddəti, norma və üsulları payızlıq buğdada olduğu kimidir. Hektara 1kq 2,4-D herbisidi çilənir.

Məhsulun yığılması. Arpanın məhsulu buğdadan tez yetişir. Ən mühüm məsələ məhsulu vaxtında və itkisiz yığmaqdır. Mum yetişmə fazasının sonunda məhsulu bir başa kombaynla yığırlar. Hissə-hissə yığıma 3-5 gün tez başlanılır. Yığım 5-7 gün müddətinə başa çatdırılmalıdır. Məhsul CK-5, «Niva» və ya «Kolos», yaxud yeni kombaynlarla yığılır. Yığılmış məhsul xırmana daşınır, nisbətən qurudulur, təmizlənir və 12-13% nəmlikdə anbar şəraitində saxlanılır.
Vələmirin əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərmə texnologiyası

Mühazirənin planı:



  1. Vələmirin xalq təsərrüfatı əhəmiyyəti, yayılması və becərilmə tarixi.

  2. Vələmirin botaniki təsviri və bioloji xüsusiyyətləri.

  3. Vələmirin növbəli əkində yeri, torpağın əsas və səpinqabağı becərilməsi, gübrələmə.

  4. Toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.

  5. Vələmir əkinlərinə qulluq işləri (suvarma, alaqlar, xəstəlik törədiciləri və zərərvericilərlə mübarizə).

  6. Məhsulun yığılması.



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin