Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi



Yüklə 5,86 Mb.
səhifə8/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

Ədəbiyyat siyahısı





  • M. İ. Cəfərov və baş. - «Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası», Bakı, 2000, 264s.

  • В. С. Косинский и др. - «Основы земледелие и растениводство»,

Москва, «Колос», 1980, 333 с.

  • П. П. Вавилов и др. - «Растениводство», Москва, 1986, 512 с.

  • Г. В. Коренева и др. - «Интенсивные технологии возделывания сельскохозяйственных культур», Москва, 1988, 300с.

  • H. M. Xəlilova - «Bitkiçilik üzrə laboratoriya məşğələləri», Bakı, 1973, 367 s.

  • Г. Д. Неттевич - «Вырашивание пивоваренного ячменя», Москва,

«Колос», 1981, 206 с.

  • В.А. Зырянов и др..– «Уход за посевами озимых культур», Москва, 1990, 78 с.

  • Г.С. Посыпанов и др. – «Растениеводство», Москва, «Колос», 1997, 447 с.

  • Г.С. Посыпанов и др. – «Растениеводство», Москва, «Колос», 2006, 611 с.

  • Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356 s.

Vələmirin əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyası



Əhəmiyyəti. Vələmir qiymətli ərzaq və yem bitkisidir. Onun dəni heyvandarlıq və quşçuluq üçün əvəzsiz qüvvəli yemdir. Vələmirin dənindən yarma, peçenye, kofe, (tolokno. qerkules) və s. hazırlanır. Bu ərzaqların tərkibində orqanizmdə asan həzm olunan zülal, yağ, nişasta və vitaminlər olduğundan pəhriz və uşaq yeməkləri üçün böyük əhəmiyyətə malikdir. Dənin tərkibində 12-13% zülal, 40-45% nişasta, 4,5% yağ vardır. Eyni zamanda 11-12% sellüloza, 3,5% kül, 14% su olur. 100 kq dən 99,8 yem vahidinə bərabərdir. Vələmirin küləşi digər toxumların küləşinə nisbətən heyvanlar üçün qiymətli sayılır. Küləşin tərkibində 6,9% zülal, 40,7% azotsuz ekstraktiv maddələr, 1,8% yağ, 27,8% sellüloza, 6,8% kül, 16% su olub, 100 kq-nın tərkibində 31 yem vahidi vardır.

Yayılması və məhsuldarlığı. Vələmirin becərilməsinə buğda və arpadan sonra başlanılmışdır. P. M. Jukovski bu bitkinin bizim eradan əvvəl IV əsrdə Yunanıstanda becərildiyini göstərmişdir. Avropaya bizim eradan 1500-1700 il əvvəl məlumdur. Bu bitkinin Rusiya ərazisində becərilməsinə VII əsrdə başlanılmışdır.

Fransanın cənubundan Norveçə (690 şimal en dairəsinə) qədər Avropa ölkələrində bu bitki daha çox becərilir. Eləcədə Kanada və ABŞ-da çox əkilir.

Dünya miqyasında vələmirin əkin sahəsi 30 mln. hektara yaxındır. Məhsuldarlığı Hollandiya, Belçika və Danimarka 28-40 sentnerə çatır.

Azərbaycanda bu bitkinin əkin sahəsi 2,7 min ha. arasında tərəddüd edir. Ümumi məhsul istehsalı 6,9 min ton, hektardan orta məhsuldarlıq 25,7 sentner (2016-cı il) olmuşdur.



Botaniki təsviri. Vələmir Avena cinsinə aiddir. Vələmirin 70 növündən 16-sı mədəni becəriləndir. Bizim ölkədə becərilən mədəni vələmirin 2 növü - Sovet vələmiri və Bizantin vələmiridir. Yabanı vələmir yulafca adlanır.

Cücərtisi açıq yaşıl rəngdədir. Yarpağında qulaqcıqlar olmur, dilçəsi üçbucaq formalıdır. Çiçək qrupu süpürgədir. Yarpaq və gövdə buğumları çılpaqdır. Sünbülcükləri 2-5 çiçəkli, qılçıqlı və qılçıqsızdır. Dənləri çılpaq və pərdəli olur. Sünbülcük pulcuqları adətən çiçək pulcuqlarından uzun olur. Qılçıqları xarici çiçək pulcuğunun kürəyində dirsəkli və qıvrılmış olur. Öz-özünü tozlayandır, çarpaz da tozlanır. Çiçəkləmə süpürgənin nəhayətindən başlayır. Dənin qarın tərəfində şırım olur. Dənin rüşeymi kütlənin 3-4%-ni təşkil edir. Dəninin 1000 ədədini kütləsi 20-40 qram arasında dəyişir.

Respublikamızda vələmirin Azərbaycan-60 sortu becərilir. Əsasən pərdəli dənləri olan formaları becərilir. Çılpaq dənlilər az məhsuldardırlar və xarici şərait amillərinə çox tələbkardırlar.

Bioloji xüsusiyyətləri. Vələmir uzun gün bitkisidir, ona görə də şimala doğru getdikcə vegetasiya müddəti qısalır. Toxumları 1-2 0C temperaturda cücərir. 15-18 0C-də kollanır. Cücərtiləri mənfi 8-9 0C-də, hətta 110C şaxtalara dözür. Yarovizasiya mərhələsini 2-50C temperaturda 10-12 günə keçirir.

Vələmir nəmliyə çox tələbkar bitkidir. Toxumlar öz kütləsinin 50-65%-i qədər nəmlik qəbul etdikdən sonra cücərmə qabiliyyətinə malik olur. Transpirasiya əmsalı 474-dür. Nəmliyə ən çox tələbi borulaşma fazasından süpürgələməyə qədərdir. Çiçəkləmə dövründə yüksək (38-40 0C) temperatura dözmür. Süpürgələməyə 10-15 gün qalmış quraqlıq olarsa, məhsul itkisi daha çox olur. Yağıntılar çox düşən nəmli illərdə vələmir məhsuldar olur.

Vələmirin torpağa tələbi az olduğundan qumsal, gilli hətta bataqlaşmış torpaqlarda belə yaxşı inkişaf edir. Bundan əlavə neytral və zəif turş reaksiyalı torpaqlarda da yaxşı inkişaf etməsi müşahidə edilir. Vələmirin kök sistemi torpaqdakı çətin həll olan fosfatları mənimsəmək qabiliyyətinə malikdir. Vegetasiya müddəti 100-120 günə bərabərdir.

Növbəli əkində yeri. Vələmiri cərgəarası becərilən bitkilər və dənli paxlalılardan sonra növbələndirmək daha əlverişlidir. Azot elementinə tələbkar olduğundan dənli-paxlalı bitkilərdən, xüsusən noxuddan sonra növbələnməsi daha səmərəlidir. Vələmir bitkisi nəmliyə çox tələbat göstərən və alaqlanmaya dözməyəndir. Çox quraq keçən rayonlarda herik tarlasından sonra da becərmək mümkündür. Şəkər çuğundurundan sonra vələmiri növbələndirmək məsləhət görülmür. Ona görə ki, hər iki bitkinin zərərvericiləri eynidir. (Bunlar çuğundur birəsi, yarpaq və kök mənənəsi, yarpaqyeyən tırtıllar, çəmən kəpənəyi, məftil qurdları, minalı çibinlər və s.-dir).

Torpağın becərilməsi. Vələmir becəriləcək tarlaların əsas və səpinqabağı becərilmə üsulları torpaq-iqlim şəraitindən və digər səbəblərdən asılı olaraq müəyyənləşdirilir. Əgər sələf bitkiləri payızlıq taxıllardırsa məhsul yığıldıqdan sonra kövşənlik üzlənir və 25-27 sm dərinliyində şum qaldırılır. Səpindən 10-15 gün qabaq qranulometrik tərkibi ağır olan torpaqlarda arat aparılır. Səpindən əvvəl 10-12 sm dərinliyində yumşaltmaq məqsədi ilə kultivasiya çəkilməsi də tövsiyə olunur. Səpin qabağı becərmədə toxum səpilən dərinlikdə torpağa kultivasiya çəkilir və sonra sahə malalanır. Cərgəarası becərmədən sonra torpaq birbaşa şum edilir, hektara 10-15 ton yarımçürümüş peyin və 1-2 sentner superfosfat verilir.

Gübrələmə. Vələmir üzvi və mineral gübrələrin verilməsinə tələbkardır. Xüsusən azot gübrəsini sevir. Peyinin sonrakı təsiri də məhsuldarlığın yüksəlməsində özünü göstərir. Mineral gübrələrin tam normada verilməsinə çox həssasdır. Hektara N60 P60 K50 kq gübrə normalarının verilməsi torpaq tipindən asılı olaraq yaxşı nəticə verir.

Toxumların səpinə hazırlanması, səpin müddəti, üsulu və norması. Səpindən əvvəl toxumlar təmizlənərək iriliyinə görə çeşidlənərək qranozon, merkuran və raksil preparatlarının biri ilə quru üsulda dərmanlanır. Tozlu sürməyə qarşı 40%-li formalin məhlulu ilə tona 0,4 litr hesabında səpinə 3-4 gün qalmış dərmanlanır. Səpindən 4-5 gün əvvəl toxumları açıq havada işıq altında isidirlər.

Səpin müddəti payızda orta sutkalıq temperatur 12-14 0C olduğu dövr hesab olunur. Səpin adi cərgəvi və ya darcərgəli üsulla aparılır.



Səpin norması hektara 3,5-4,0 mln. ədəd cücərmə qabiliyyəti toxumdur. Toxumların iriliyindən və torpaq tipindən asılı olaraq basdırılma dərinliyi 4-6 sm-dir.

Əkinlərə qulluq. Toxum arata səpilməyibsə şırımlarla səpsuvar aparılır. Payız dövründə əkinlərdə alaqlanma çox olarsa onlara qarşı mübarizə aparmaq lazımdır. Zərərvericilərdən gəmiricilərə qarşı payız-qış dövründə aldadıcı yemlər hazırlanır və tarlaya səpilir. Erkən yazda tarla köndələninə malalanır. Eyni zamanda hektara 30 kq azot və 20 kq fosfor norması ilə 1-ci yemləmə gübrəsi verilir. 2-ci yemləmə gübrəsi isə boruyaçıxma fazasının əvvəlində həyata keçirilir. Suvarma bölgələrində əkinlər 2-3 dəfə şırımla suvarılır. Su norması hektara 800 – 1000 m3 olmaqla bitkilərin inkişaf fazaları ilə əlaqələndirilməlidir.

Məhsulun yığılması. Vələmirin toxumları bir bərabərdə yetişmirlər. Süpürgənin uc hissəsində olan sünbülcüklərdəki dənlər əvvəlcə yetişir. Süpürgənin aşağı hissəsindəki dənlər isə gec yetişirlər. Vələmiri hədsiz tez biçmək də faydasızdır, çünki, bu zaman çoxlu yaşıl toxumlar alınır. Vələmirin birbaşa yığılması dənin mum yetişkənlik dövründə başlanır. Yığımı qısa müddətdə 5-7 günə başa çatdırmaq lazımdır ki, dən itkisi minimuma endirilsin.
Mövzu: 5. Çovdar və tritikalenin əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyası
Mühazirənin planı:


  1. Çovdarın xalq təsərrüfatı əhəmiyyəti, yayılması, tarixi və bcərilməsi.

  2. Onun botaniki təsviri və bioloji xüsusiyyətləri.

  3. Çovdarın sələfləri, torpağın əsas və səpinqabağı becərilməsi, gübrələmə sistemi.

  4. Toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.

  5. Əkinlərə qulluq işləri və məhsulun yığılması.



Ədəbiyyat


  • П. П. Вавилов и др. - «Растениводство», Москва, 1986, 512s.

  • Г. С. Посыпанов и др. - «Растениводство», Москва, 1999, 447 стр.

  • Г. С. Посыпанов и др. - «Растениводство», Москва, 2006, 661 стр.

  • Q.Y. Məmmədov, M.M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356 s.

Çovdarin əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyasi
Əhəmiyyəti. Çovdar qiymətli ərzaq bitkisidir. Onun unundan yüksək kalorili çörək (dadlı və ətirli) hazırlanır. Çörəyin tərkibində qiymətli zülal A, B1, B2, PP və E vitaminləri olur. Becərmə şəraitindən asılı olaraq dənin tərkibində 9,2-17%-ə qədər zülal olur. Çovdarın bütöv dənləri, yarması və kəpəyi qüvvətli yem kimi istifadə olunur. Küləşi yaşıl yemlərlə siloslaşdırılır. Eyni zamanda küləşi qaba yem kimi para (buxar) verilərək heyvanlara yedirdilir. Bundan əlavə döşənək kimi də istifadə olunur. Küləşdən kağız, sellüloza, furfurol, sirkə və liqnin alınır. Bəzən, erkən yazda yaşıl yem kimi də becərilir.

Bitkinin tarixi. Arpa və buğdaya nisbətən çovdar bitkisi insanlara gec məlum olmuşdur. Roma yazıçısı Pliniya bizim eradan əvvəl I-ci əsrdə bitki haqda öz yazısını vermişdir. III-cü və IV-cü əsrlərdə Slavyan xalqları tərəfindən Kerç yarımadasında becərilirdi. Sonradan başqa rayonlara və XVII-ci əsrdə Sibirə gətirilmişdir.

Becərilməsi və məhsuldarlığı. Dünya miqyasında çovdarın əkin sahəsi 18 milyon hektardır. Bu bitki Avropanın bir çox ölkələrində Almaniya, Polşa, Fransa və s., ABŞ-da becərilir. Ukraynada bu bitkidən 14-15 sentner dən məhsulu götürülür. Lakin, yüksək aqrofonda 40-50 sentner məhsul verir. Litva respublikasında daha yüksək məhsul əldə edilir.

Azərbaycanda bu bitkinin əkin sahəsi 0,2 min hektar, ümumi məhsul istehsalı 0,5 min ton və hektardan orta məhsuldarlıq (2012-ci il) 26,6 sentner olmuşdur. 2013-сü təsərrüfat ilində əkin sahəsi olmayıb.



Botaniki təsviri. Çovdar– Secale cinsinə aiddir. Cücərtisi darçını-bənövşəyi rənglidir. Yarpağının dilçəsi enli, kirpiklidir, qulaqcıqları xırdadır, çiçəkləmə fazasından sonra tökülür. Gövdəsi zərif, nazik elastikidir. Çiçək qrupu sünbüldür. Sünbülün pilləsi bir sünbüllüklü və 2-3 çiçəklidir. Ortadakı sünbülcük dən vermir. Sünbülcük pulcuqları bizşəkilli, ensiz və xırdadır. Qılçıqları qısa, sünbülünə sıxılmış yaxud dağınıq vəziyyətlidir. Dənləri uzunsov, uzunsov - oval formalı, əsası sivriləşmiş, yan tərəfləri bir qədər basıq, səthi qırışıqlıdır. Rəngi tünd boz, darçını, yaşılımtıl, sarı, kürəni yaxud qırmızı olur. 1000 ədədinin kütləsi 10-35 qramdır. 12 növü vardır ki, biri - secale cereale mədəni becərilən səpin çovdarıdır.

Bioloji xüsusiyyətləri. Toxumlar 1-2 0C temperaturda cücərirlər, 30 0-də isə cücərmə dayanır. Çıxışların alınması üçün optimal temperatur 16-12 0C- dir.

Faydalı temperatur cəmi bu dövrdə 50 0C- yə çatır. Çıxışdan kollanmaya qədər isə effektli temperatur 6-7 0C-yə qədərdir. 10-12 0C-də yaxşı kollanır. Temperatur 4-5 0C-yə endikdə kollanma dayanır. Şaxtaya və qışa davamlı bitkidir. Optimal becərmə şəraitində -25-30 0C şaxtalara dözür. Hətta 50-60 sm qar örtüyü altında -50 0C şaxtaya dözür. Sünbülləmə və çiçəkləmə 14-16 0C - də yaxşı gedir.

Çovdar nisbətən quraqlığa davamlı bitkidir. Ona görə ki, güclü kök sistemi əmələ gətirir. Transpirasiya əmsalı 340-420 arasında dəyişir. Ən çox nəmliyə tələbi borlulaşmadan sünbülləməyə keçid dövründədir.

Torpağa, nisbətən az tələbkardır. D. N. Pryanişnikov qeyd etmişdir ki, çovdar bitkisinin kökü torpaqdan çətin mənimsənilə bilən fosfor birləşmələrini mənimsəmək qabiliyyətinə malikdir. Çovdarı qumlu, qumsal və turş torpaqlarda (pH=5,3) becərmək mümkündür. Bitki payızda və erkən yazda kollanır. Kollanma fazasının sonunda köklər torpağın 1m dərinliyinə işləyir. Kollanma və boruyaçıxma fazası buğdaya nisbətən sürətlə gedir. Sünbülləmə və çiçəkləmə fazası isə buğdaya nisbətən gecikir. Sünbülləmədən 10-12 gün sonra çiçəkləyir və çiçəkləmə 10 gün davam edir. Çarpaz tozlanandır, nəmli havada mayalanma getmir. Çovdar sürətlə inkişaf edir və payızlıq buğdadan 8-10 gün tez yetişir. Bitkinin vegetasiya müddəti şimal rayonlarında 350, orta qurşaqda 400, cənub bölgələrdə 270 günə bərabərdir.

Çovdarın Vyatka-2, Xarkov-55,60, Saratov-4, Mirbəşir-46 sortları yayılmışdır.

Növbəli əkində yeri. Çovdarı eyni tarlada 2-3 il əkmək mümkündür. Kartof, çuğundur, göy noxud və buğdadan sonra becərmək məsləhət görülür. Qumlu və qumsal torpaqlarda yaşıl gübrə üçün becərilən lüpindən sonra yaxşı məhsul verir.

Çovdar özü qarğıdalı, kartof, şəkər çuğunduru və kökümeyvəli yem bitkiləri üçün yaxşı sələfdir.



Gübrələmə. Çovdar qida elementlərini ən çox kollanma və borulaşma fazalarında mənimsəyir. Bir ton əsas və əlavə məhsulla torpaqdan 35 kq azot, 14 kq fosfor və 40 kq kalium elementləri aparır. Əsas gübrələmədə şum altına 30-40 ton peyin və 1-2 sentner superfosfat verilməlidir. Paxlalı bitkilərin yaşıl gübrə kimi, istifadəsi çovdarın məhsuldarlığını hektardan 8-10 sentnerə qədər artırır. Səpin vaxtı hektara 10 kq superfosfat verilməsi də məhsuldarlığı 2-3 sentner yüksəkdir. Erkən yazda bir sentnerə qədər ammonium şorası ilə cərgələrə köndələn istiqamətində C3-3,6 markalı aqreqatla yemləmə aparılır. İkinci yemləmədə hektara N30P30 kq gübrə verilir.

Torpağın becərilməsi. Torpağın becərilməsi buğda bitkisində olduğu kimidir. Sələflərdən asılı olaraq becərmə müxtəlif olur. Yonca altından çıxmış sahələr 6-8 sm dərinlikdə üzləndikdən sonra 25-27 sm dərinlikdə şum qaldırılır. Kartofdan sonra şum əvəzinə malalama ilə birlikdə 8-10 sm dərinliyində diskləmə aparılır. Səpindən əvvəl toxumun basdırılma dərinliyində səpinqabağı kultivasiya çəkilir. Yaxşı nəticələr almaq üçün RVK-3,6 və VİP-5,6 aqreqatlarından istifadə edilir.

Səpin müddəti, üsulu norması. Həm tez və həm də gecikmiş səpinlər məhsuldarlığı aşağı salır. Toxum elə müddətdə səpilməlidir ki, qışlamaya qədər bitki 3-4 gövdə əmələ gətirsin. Optimal səpin norması sentyabrın 20- dən oktyabrın 10-na qədərdir. Çovdar adi cərgəvi və darcərgəli üsulla səpilir. Darcərgəli üsul daha əlverişlidir. Səpinin istiqaməti şimaldan cənuba doğru aparıldıqda cərgələr yaxşı işıqlanır və bitkilərin günorta saatlarında qızması təhlükəsiz olur. Səpin üçün 1-ci sinfə aid təmizliyi 97%, cücərmə qabiliyyəti isə 90%-dən çox olan toxumlar götürülür. Səpindən qabaq toxumlar hər tona 1,5-2,0 kq hesabı ilə raksil və pentatiuramla bərk sürmə, fuzarioz və helmintosporioz xəstəliklərinə qarşı PS-10 , «Mobitoks» maşınlarında dərmanlanır. Səpin norması hektara 4-5-6 milyon ədəd cücərmə qabiliyyətli toxum götürülür. Səpin müddəti gecikərsə normanı 8-10% artırmaq lazımdır. Toxumlar adi torpaqlarda 4-5 sm, mexaniki tərkibi ağır olan torpaqlarda isə 3-4 sm dərinliyində basdırılır.

Əkinlərə qulluq. Səpindən sonra quraq keçən illərdə yaxşı çıxışların alınması və bitkinin yaxşı qışlaması üçün qranulometrik tərkibi yüngül olan torpaqlarda ZKKŞ-6, KKH-2,8 markalı aqreqatlarla vərdənələmə müsbət nəticələr verir. Erkən yazda əkinləri BZSS-1 markalı dişli mala ilə becərirlər. qranulometrik tərkibi ağır olan torpaqlarda isə BZTS-1 markalı ağır malalar işlədilir. Yazda alaqlara qarşı hər hektara 0,6-1,0 kq 2,4-D amin duzu ( herbisid) çilənir.

Məhsulun yığılması. Çovdarın dənləri eyni müddətdə yetişir. Tarlada çox qaldıqda tökülür. Qısa müddətdə birbaşa yığmaq lazımdır. Məhsul mum yetişkənlik fazasında hissə-hissə yığılır.
Tritikalenin əhəmiyyəti, bioloji xüsusiyyətləri

və becərilmə texnologiyası

Mühazirənin planı:
1.Tritikalenin xalq təsərrüfatı əhəmiyyəti, yayılması tarixi və becərilməsi

2.Botaniki təsviri və bioloji xüsusiyyətləri.

3.Tritikalenin sələfləri, torpağın əsas və səpinqabağı becərilməsi, gübrələmə sistemi.

4.Toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.

5.Əkinlərə qulluq işləri və məhsulun yığılması.

Ədəbiyyat

M. A. Yusifov - «Bitkiçilik», Bakı, Qanun Nəşriyyatı, 2010, 367 s.

S. C. Əliyev M .M. İsmayılov - «Tritikale», Bakı, 1992, AzETETII, 21 s.

M. M, İsmayılov - «Tritikale», Gəncə, 2005, 35 s.

П. П. Вавилов и др. - «Растениеводство», Москва, 1986, 512 с.

Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 1997, 447 с.

Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 2006, 611 с.

Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012,

356 s.



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin