Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi



Yüklə 5,86 Mb.
səhifə4/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26

Bitkinin tarixi. Buğda ən qədim dənli taxıl bitkisidir. Arxeoloji qazıntılarla müəyyən olunmuşdur ki, buğda bitkisi bizim eradan 6500 il bundan əvvəl İran ərazisində, 6000 il əvvəl Misirdə 3000 il əvvəl Çində, Afrika Avropa ölkələrində mədəni şəkildə becərilirmiş. Azərbaycanda buğda bitkisi yeni eradan 3000-4000 il əvvəl daş dövründə becərilməyə başlanmışdır. Buğda bitkisi Latın Amerikası ölkələrində 1526- ildən, ABŞ-da 1602- ildən, Avstraliyada 1788-ci ildən, Kanadada 1812-ci ildən becərilməyə başlanmışdır.

Yayılması və məhsuldarlağı. Dünya miqyasında 710-760 milyon hektar dənli taxıl bitkisi becərilir ki, onun da 240 milyon hektarı buğdanın payına düşür: Bunun ABŞ-da 22 miloyn, Rusiyada 22 mln. Hindistanda 14 milyon, Kanadada 11 milyon, Türkiyədə 8 milyon hektara yaxın əkin sahəsi olmuşdur. Becərmə texnologiyasına düzgün riayət olunduqda buğda bitkisindən yüksək məhsul götürmək mümkündür. 2009-cu ildə yer kürəsində 681 mln. ton buğda istehıad olunub.

Azərbaycanda buğda bitkisinin əkin sahəsi 588,9 min hektar, ümumi məhsul istehsalı 1847,2 min ton, orta məhsuldarlıq isə hektardan 31,4 sentner (2016-cı il) olmuşdur.

Bioloji xüsusiyyətləri. Payızlıq buğdanın toxumları 1-2 0C temperaturda cücərmə qabiliyyətinə malikdirlər, assimliasiya prosesi isə 3-4 0C-də başlayır. Çıxışların tez və yaxşı alınması üçün 15-18 0C temperatur lazımdır. Erkən yazda gündüzlər temperaturun +5-10 0C, gecələr –10 0C-yə qədər enməsi bitkilərə çox zərər vurur. Qar örtüyü altında –16-18 0C-də payızlıq buğda məhv olmur.


Yazda boruyaçıxma fazasında temperaturun +15-16 0C olması əlverişli hesab edilir. Sünbülləm və çiçəkləmədə +18-22 0C, yetişmə dövrü üçün isə əlverişli temperatur +22-25 0C hesab olunur.

Payızlıq buğda torpağın kifayət qədər nəmli olduğu şəraitdə daha yaxşı inkişaf edir. Cücərmə zamanı torpağın 10 sm-lik qatında nəmlik 10 mm olduqda çıxışlar eyni bərabər alınır. Kollanma fazasında torpağın 20 sm-lik qatında nəmliyin 30 mm olması kifayətdir. Bu halda kollanma sürətlə gedir.

Yazda bitkilərin boruya çıxmasının başlanqıcından sünbülləməyə qədər illik su sərfinin 70%-ni, çiçəkləmədən mum yetişkənliyə qədər isə 20%-ni tələb edir. Torpağın 0-60 sm-lik qatında tarla rütubət tutumunun 70-75% olması bitkinin inkişafı üçün əlverişlidir. Transpirasiya əmsalı 400-500-dür. Vegetasiya müddətində su sərfi 300-400 m3-dir.

Payızlıq buğda qida elementlərinə tələbkar bitkidir. Hər ton əsas və əlavə məhsulla torpaqdan 25-35 kq azot, 19-30 kq fosfor və 13-20 kq kalium elementi aparır.



Payızlıq buğda torpağa tələbkar bitkidir. Onun inkişafı üçün torpaq reaksiyası neytrala (pH=6,0-7,5) yaxın olmalıdır. Qranulometrik tərkibi yüngül olan münbit torpaqlar bitki üçün daha əlverişlidir. Ağır mexaniki tərkibili torpaqlar az əlverişli hesab olunduğundan oraya üzvi və mineral gübrələr verməklə yaxşı şərait yaratmaq mümkündür. Eyni zamanda torpaqlar alaq otlarından təmiz olmalıdır.

Payızlıq buğdanın vegetasiya müddəti 240-320 gündür.

Növbəli əkində yeri. Payızlıq buğda sələflərə qarşı tələbkar bitkidir. Quraq dəmyə rayonlarda paızlıq buğda üçün ən yaxşı sələf qara herik tarlasıdır. Suvarılan və nəmliklə təmin olunmuş torpaqlarda payızlıq buğda üçün faraş kartof, birillik dənli-paxlalı bitkilər, yaşıl yem üçün əkilmiş qarğıdalı, yonca, raps, xaşa və s. yaxşı sələfdirlər. Sələflərə olan əsas tələbat ondan ibarətdir ki, payızlıqların səpininə ən azı 30-45 gün qalmış sahə azad olsun və gübrələnib şumlana bilsin.

Torpağın becərilməsi. Payızlıq buğda bitkisindən yüksək məhsul əldə etmək üçün hər bir sortun bioloji xüsusiyyətinə və becərildiyi bölgənin torpaq-iqlim şəraitinə uyğun becərilmə texnologiyası tətbiq edilməlidir.

Torpağın becərilməsi zonal xarakterdə olub, torpağı eroziyadan qorumalı, nəmliyin toplanmasına və qorunub saxlanmasına yönəldilməlidir. Torpağın keyfiyyətli üsulla becərilməsi əkin qatının nəmliyinə, alaqlarla zibillənməsinə təsir edir ki, bu da çıxışların yaxşı alınmasına və məhsuldarlığın yüksəlməsinə öz təsirini göstərir.

Bitkili herikdə, yazlıq aə payızlıq birillik paxlali bitkiləri, qarğıdalını, kartofu, çuğunduru, tütünü, pambığı və s. becərmək olar. Belə herikdə becərilən hər bir bitkiyə yüksək aqrotexniki qulluq edilməli, onların məhsulu tez yığılmalı və sahə təxminən payızlıq buğda səpininə 35-40 gün qalana qədər şum edilib səpinə hazırlanmalıdır.

Bir çox təsərrüfatlarda payızlıq buğda və ya arpa yerinə yenidən buğda səpilir. Belə olduqda sahənin səpin üçün hazırlanmasına daha çox diqqət yetirmək lazımdır. Əgər sələf bitkisi yığıldığı dövrdə torpaqda nəmlik kifayət qədərdirsə və sahə alaq otlarından təmizdirsə, məhsulu yığarkən kombaynın arxasınca sahədə 28-30 sm dərinlikdə şum aparmaq, dərhal malalamaq və hamarlamaq lazımdır. Bundan sonra səpinə qədər sahədə əmələ gələn alaq otlarıni məhv etmək üçün kultivasiya çəkmək və malalama aparmaq lazımdır. Şumdan əvvəl hektra 10-15 ton yarımçürümüş peyin və 1,5-2 sentner superfosfat verilməlidir. Əgər sahədə çoxlu alaq otları cücərtisi varsa və torpaq qurudursa, məsləhət görülür ki, sələf bitkisi olan buğda və ya arpa yığılan kimi kövşən yeri dərhal diskli və laydırlı üzləyici ilə kombaynın arxasınca dərhal 5-6 sm dərinlikdə üzlənsin. Alaq otlarının cücərməsinə yaxşı şərait yaratmaq və keyfiyyətli şum aparılmasını təmin etmək üçün üzləmədən sonra hektara 500-600 m3 hesabı ilə suvarma aparılmasının böyük əhəmiyyəti vardır. Üzləmədən 3-4 həftə sonra, alaq otları cücərdikdə 25-30 sm dərinlikdə şum edilir.

Yaz və payız quraq keçən illərdə tarla alaq otlarından təmizdirsə əsas becərmə diskli üzləyici və ya laydırsız aqreqatla aparılır.

Respublikamızın suvarılan ağır qranulometrik tərkibli torpaqlarında şumun dərinliyi 28-30 sm, qərb bölgələrində 25-28 sm, Abşeronda 23-25 sm, dəmyə rayonlarda nisbətən dayaz 20-22 sm dərinlikdə laydırsız kotanlarla aparıla bilər.

Respublikamızda yonca və xaşa altından çıxmış sahələri payızlıq buğda səpini üçün istifadə etmək mümkündür. Bunun üçün otun sahədən yığımı ilə taxıl səpini arasındakı müddətin bir aydan az olmaması nəzərdə saxlanmalıdır. Sələf bitkilərinin yeni pöhrə verməməsi üçün kotanın önkotancığının qabağında gəvahinin və bütün kotanın engötürümü qədər 5-6 sm dərinlikdə kök boğazını kəsmək üçün bıçaq qondarmq lazımdır. Bundan başqa yoncalıqlar şumdan əvvəl ağır diskli mala ilə disklənərsə çoxillik otların kökboğazının qurumasına şərait yaradılmış olar. İmkan olarsa, çimliyə herbisidlərdən biri çilənməlidir. Diskləmədən sonra önkotancıqlı kotanla 28-30 sm dərinlikdə şum qaldırılmalıdır. Buğdanan səpininə qədər şum disklənməli, malalanmalı və ütülənməlidir.

Qranulometrik tərkibi ağır olan torpaqlarda şum altına illik peyin normasının hamısını, fosforun isə 80-90%-ni vermək lazımdır. Şumdan səpinə qədər sahəyə bir neçə dəfə kultivasiya çəkilərək alaq otları məhv edilir. Əgər sahə alaqsızdırsa nəmlik itkisinin qarşısını almaq üçün şumun köndələn istiqamətində sahə 1-2 iz 6-8 sm dərinliyində malalanır. Səpinqabağı becərmədə isə yenidən 6-7 sm dərinliyində kultivasiya çəkilərək malalama aparılır.

Tarla alaqlı, torpaq quru olduqda kövşənlik diskli mala ilə 5-6 sm dərinlikdə üzlənir. Sonra 500-600 m3/ha normasında tarla suvarılır. Taxılın və alaq otlarının toxumları cücərdildikdən sonra yenidən üzləmə aparılır və şum qaldırılır. Səpinə qədər lazım gələrsə tarlaya kultivasiya və mala çəkilir. Tarla arat edilir, səpinqabağı becərmədən sonra dərhal səpin keçirilir. Arat edilməyən sahələrdə səpindən sonra şırımla suvarma aparılır.

Laydırsız şum. Son dövrlərdə əkinçiliyin rastlaşdığı daha ciddi problemlər torpaqbecərmədə maşın və aqreqatların təsirindən yaranan deqradasiyalardır. Bu zaman torpağın məhsuldar üst qatı kənd təsərrüfatı maşınlarının işlək sistemləri və alətlərin işçi orqanları ilə həddən artıq kipləşir, onun struktur elementləri pozulur. Bu halda məhsuldarlıq 20-40%-ə qədər aşağı düşür, yanacaq sərfi 18%-ə kimi artır. Gübrələrin səmərəliliyi və suyun istifadə əmsalı 30-40%-ə qədər aşağı enir. Torpağın kipləşməsi - maşın deqradasiyası qlobal problem olmaqla bütün dünyada kənd təsərrüfatına ciddi ziyan vurur. Bu deyilənləri minimuma endirmək, torpağı yumşaltmaq, eyni bərabərdə və sağlam çıxışlar almaq üçün torpaqbecərmə texnologiyasının düzgün seçilməsindən çox asılıdır.

Torpaq münbitliyinin saxlanması və yaxşılaşdırılması üçün ən mühüm tələblərdən biri torpağın strukturunu dağıtmayan becərmə üsullarının tətbiqidir. Bu üsullardan ən əhəmiyyətlisi kimi laydırsız şumu göstərmək olar.

Hal-hazırda Avstraliyada, Şimali Amerikada Avropada böyük ərazilərdə torpağın havalanmasını və yumşalmasını təmin edən laydırsız şum get-gedə böyük şöhrət qazanmaqdadır. Klassik şumlama ilə müqayisədə bu üsul daha çox sadə və kifayət qədər səmərəlidir. Laydırsız şumlama zamanı sahədə torpağı çevirmədən hava kameraları əmələ gəlir ki, bu da torpağı bir qədər qaldırır. Sonra yağışlar yağarkən su torpağın dərinliyinə düşür və torpağın hərarəti yüksəlir. Bu zaman torpaqda olan bitki və heyvan mənşəli qalıqların parçalanması nəticəsində humus əmələ gəlir. Torpaq həyata qayıdır və münbitliyini yenidən əldə etmiş olur.

Laydırsız kotanla ilkin şum apararkən 10 sm-dən artıq dərinləşməyə ehtiyac duyulmur. Lakin növbəti becərmələrdə dərinləşmə 15-20 sm təşkil etməlidir. Laydırsız şum bir qayda olaraq sahənin mailliyi istiqamətinin əksinə və köndələn aparılmalıdır. Nəticədə bu üsulla torpaqda əmələ gətirilmiş yarıq-kanallar yağış sularına maillik istiqamətində azad hərəkət etmək imkanı yaradır. Praktiki olaraq torpaq həyəcan keçirmir, buna görə də bitki kökləri hətta yeni şumdan sonra da eroziyaya qarşı sipər olur.

V. R. Vilyamsın torpaq strukturunun yalnız çoxillik otlar hesabına yaradılması fikrini T. S. Maltsev rədd etmişdir. O, göstərir ki, yalnız çoxillik otlar deyil , birillik bitkilər də çürüntü toplamaq qabiliyyətinə malikdir. Bu da öz növbəsində torpaqda struktura yaranmasına və münbitliyin bərpa olunmasına yardım edir.

T. S. Maltsev çoxillik otların yaradığı şəraiti birillik bitkilər üçün yaratmaq məqsədilə yeni torpaqbecərmə sistemini irəli sürmüşdür. O, uzun müddət apardığı təcrübə işlərinə istinad edərək göstərir ki, torpağın hər il şumlanmasına ehtiyac yoxdur. T. S. Maltsev torpağın laydırsız kotanla layı və alt qatı çevirmədən 4-5 ildə bir dəfə dərin şumlanması, qalan illər isə torpağın yalnız üzdən yumşaldılmasını məsləhət görür. Bu qayda ilə becərilən bitkilərin yaşayış şəraiti çoxillik otların yaşayış yaxınlaşır, birillik bitkilərin torpağa toplanan kök qalıqları çürüntü halına keçir, torpaq çürüntü ilə zənginləşir və münbitləşir.

Beləliklə ekoloji əkinçilik dağıdıcı becərmə üsullarından və bütün canlıları məhv edən kimyəvi vasitələrdən imtina etməklə torpağın təbii özünübərpa prosesini təmin edir və ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalına davamlı zəmin yaradır.

Torpağın laydırsız üsulla becərilməsinin nəticələri (üstünlükləri);

- Torpağın canlanması: soxulcan və mikroorqanizmlərin fəaliyyəti nəticəsində torpaq böyük dərinlikdə humusla zənginləşir və hava ilə doydurulur.

- Torpağın yumşaldılması nəticəsində su ona asan keçərək turşuluğu normal səviyyəyə çatdırır; su özündə mineral elementləri həll edərək onları bitkilər üçün mənimsənilən formaya salır.

- Yaxşı havalanma nəticəsində torpaq qışda hədsiz soyumur, yayada isə hədsiz isinmir. Torpaq suyu daha çox hopdurur və beləliklə orada böyük miqdarda yağış sularının ehtiyatı yaranır, nəmliyin sürətlə buxarlanması baş vermir. Gecə şehi bitki örtüyü tərəfindən udularaq sonrakı istifadə üçün saxlanılır.

- Qurumuş köklər bitki və mikroorqanizmlər üçün qida mənbəyinə çevrilir və torpaqda keçidlər və boşluqlar yaradırlar. Eyni zamanda qurumuş köklər parçalanaraq torpağı azotla zənginləşdirir.

- Sonralar əkilmiş birillik və çoxillik bitkilərin köklərinin torpağa asan işləməsi təmin olunur.

- Yenidən dağıdıcı becərmə üsulların istifadə edilməməsi və bütün canlıları məhv edən kimyavi maddələrin torpağa verilməməsi şərti ilə burada özünübərpa etmə prosesi fəallaşır.

İndiki dövrdə aqrar sahədə çalışan mütəxəssislər qarşısında tarla bitkilərinin məhsuldarlığının artırılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılması kimi çox mühüm və aktual məsələ durur. Bu məsələnin həllinə torpaq ehtiyatlarından düzgün və səmərəli istifadə etməklə yanaşı, elmi cəhətdən əsaslandırılmış texnoloji tədbirlərin həyata keçirilməsi sayəsində nail olmaq mümkündür.

Alimlər tərəfindən qranulometrik tərkibi ağır, yüksək dərəcədə qaysaq bağlayan torpaqlarda tam və gümrah çıxış əldə etmək üçün müəyyən aqrotexniki tədbirlər işlənib hazırlanmışdır ki, onlardan tirəyə, bazıya (ləkə), mulçaya və s. səpin üsullarını göstərmək olar .

Müəyyən edilmişdir ki, suvarılan və cərgəarası becərilən bitkilər əkilən torpaqlarda adətən, suvarmaların nəticəsində torpaq daha tez kipləşir və bərkiyir. Bundan əlavə struktursuz, qranulometrik tərkibi ağır olan torpaqlara yağış və ya su düşdükdə, havalar azacıq istilənən kimi onun üzərində qalın və möhkəm qaysaq qatı əmələ gəlir. Göstərilən mənfi cəhətləri aradan qaldırmaq üçün sahələrdə tirə və ya ləklər düzəldilir (tirə bir, lək isə iki cərgəli olur). Tirə və ləklərin hündürlükləri müxtəlif ola bilər. Onların hündürlükləri səpin sxemindən, torpaq-iqlim şəraitindən (xüsusən, əsən küləklərin sürətindən) və s. asılıdır. Bir qayda olaraq gencərgəli səpinlərdə çox şaxələnən bitki becərdikdə tirələrin hündürlüyü çox olmaqla, tirələr ilə tirə arası da artıq götürülür və əksinə, darcərgəli səpinlərdə tirələr dar və alçaq düzəldilir. Belə ki, tirələr darcərgəli səpinlərdə hər 60 sm-dən və 18 sm hündürlükdə və gencərgəli səpinlərdə isə hər 90 sm-dən bir və 25-30 sm hündürlükdə düzəldilir.



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin