S.Vurğun, S.Bəhlulzadə sənətini xüsusilə qeyd etmək lazımdır. Çünki bu sənətkarlar F.Əmirova
həqiqi milli sənət yaratmaq səylərilə yaxındırlar.
Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Əmirov
uşaqlıqdan ədəbiyyata, musiqiyə böyük maraq göstərirdi. Xüsusilə də xalq musiqisinə. Bu da
təsadüfi deyildi. Onun atası o dövrdə tanınmış tarzən və bəstəkar olmaqla yanaşı, həm də Gəncədə
ilk musiqi məktəbini yaradan mütəfəkkür pedaqoq idi. Milli musiqimizin incəliklərini, qədim
musiqi aləti olan tarın sirlərini ona məhz atası öyrətmişdi.
İlk musiqi təhsilini Gəncədə alan bəstəkar 1939-cu
ildə Azərbaycan Dövlət
Konservatoriyasına daxil olur. Onun istedadına dahi Ü.Hacıbəyli yüksək qiymət verərək, onun
təhsilinə xüsusi qayğı göstərir. Tələbəlik illərində gənc bəstəkar f-no üçün variasiyalar və
prelüdlər, Lermontovun sözlərinə romans, “Ürəkçalanlar” (1944) və “Gözün aydın” (1946)
musiqili komediyalarını, f –no və xalq çalğı alətləri orkestri üçün və A.Babayevlə birgə f – no,
skripka və orkestr üçün konsertlərini yazır. Bu əsərlər onun maraq dairəsinin məhz simfonik
janrlara və səhnə əsərlərinə olduğunu göstərir.
Onun ilk böyük simfonik əsəri “Nizaminin xatirəsinə” (1941) həsr olunmuş poemadır.
1943-cü ildə bəstəkar “Böyük vətən” adlı simfonik poemasını yazır
və onu cəbhədə
qəhrəmancasına həlak olmuş gənc istedadlı bəstəkar İsrafilzadəyə ithaf edir.
Nizaminin anadan olmasının 800 illiyi münasibətilə F.Əmirov simli orkestr üçün 1947-ci
ildə “Nizami” simfoniyasını yazır. Əsər bəstəkara dünya şöhrəti gətirir. Burada o, Nzaminin böyük
filosof, mütəffəkir, dahi şair kimi ümumiləşdirilmiş obrazını yaradır. Əsər 4 hissədən ibarətdir.
Hər bir hissədə Nizami şəxsiyyətinə xas olan müəyyən cəhəti ön plana çəkən bəstəkar əsərin
sonunda Nizaminin musiqi heykəlini monument kimi yüksəldir. Burada bəstəkarın xalq
musiqisinə münasibəti digər əsərlərdən fərqlidir. Belə ki, Əmirov əsərdə sitatlardan uzaqlaşaraq,
xalq musiqi materialını ümumiləşdirilmiş şəkildə öz yaradıcılıq prizmasından keçirilmiş halda
təqdim edir.
F.Əmirovun yaradıcılığında “Şur”, “Kürd ovşarı”, “Gülüstan-Bayatı Şiraz” simfonik
muğamları mühüm yer tutur. Birinci iki əsər 1948-ci ildə yazılıb. 1949-cu ildə isə Dövlət
mükafatına layiq görülüb.
Dünya simfonik ədəbiyyatında yeni orijinal janrın yaranması uzun müddətli hazırlıq işinin
bəhrəsidir. Bu ideyanı F.Əmirova görkəmli sənətkarımız Bül –
Bül vermiş, ideyanı həyata
keçirməyə isə ona Q.Primov, S.Şuşinski və bilavasitə C.Qaryağdıoğlu kömək etmişlər (muğamları
C.Qaryağdıoğlu oxumuşdur). Bütün təsnif və rənglərin əsasını əsl xalq mahnıları təşkil edir.
Bəstəkar “Şur” və “Kürd - ovşarı” simfonik muğamlarında ilkin mənbəyə istinad edərək,
bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcılıq təxəyyülü ilə zənginləşdirmiş, orkestr
boyalarının əlvanlığına nail olmuşsa, «Gülüstan – bayatı - şiraz» (1971) simfonik muğamı yeni
tərzdə yazılıb. Burada xalq muğamları Avropa musiqi formaları ilə uzlaşdırılır, muğam şöbələrinin
kontrast ardıcıllıq prinsipi saxlanılır, muğamın melodiyası kiçik lövhələrlə şərh edilərək, sərbəst
inkişaf etdirilir.
Bəstəkarın digər simfonik əsərləri də milli simfonizmə böyük töhfədir. Bu mənada onun
aşıq musiqisinin intonasiyalarını, xalq rəqslərinin oynaq, gümrah ruhunu ifadə edən “Azərbaycan
süitası”nı (1950), kompozisiyasına görə simfonik muğamaların (Süita - rapsodiya) formasını
xatırladan “Azərbaycan kariççiosu”nu (1961), “Simfonik rəqslər”i (1961), eləcə də, “Azərbaycan
qravürləri”ni (1977) yada salmaq lazımdır. Bu əsərlər janr - məişət simfonizminə aiddir.
Simfonik muğam ənənələrinin davamı olan “Nəsimi dastanı” (1973, yeni redaksiyası -
1977) xoreoqrafik poeması üçün faciəvilik, orijinal musiqi obrazları, dərin musiqi dramaturgiyası
səciyyəvidir. Bəstəkarın “Xəzəri fəth edənlər” (1976) vokal xoreoqrafik poeması zəhmətkeşlərin
fədakar əməyinə həsr olunmuşdur.
Əmirov instrumental konsert janrında yazan ilk Azərbaycan bəstəkarlarındandır. Onun
ərəb mövzuları əsasında f- no ilə orkestr üçün konserti (1957, bəstəkar E.Nəzirova ilə birgə) gözəl,
təravətli musiqisi, orkestrovkası və f-no partiyasındakı orijinal tapıntıları ilə fərqlənir.
Əmirov kamera – vokal və instrumental musiqi janrında da bir sıra maraqlı əsərlər
yazmışdır. Onun qələminə məxsus f-no üçün 2 prelüd, 12 miniatür, Ü.Hacıbəyli və A.Zeynallının
xatirəsinə həsr edilmiş elegiya, 2 ekspromt və s. instumental əsərləri, “Ulduz”, “Gülərəm gülsən”,
“Azərbaycan elləri”, “Mən səni araram”, “Reyhan”, “Gülür ellər” və s. romans və mahnıları
məşhurdur.
Əmirov bir sıra dram tamaşalarına (“Şeyx Sənan”, “1905 – ci ildə”, “Vaqif”, “Xanlar”,
“Cavanşir” və s.) və kinofilmlərə (“Şəhər”, “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s.) musiqi
bəstələmişdir.
Bəstəkarın 1953-cü ildə yazdığı “Sevil” operası milli opera sənətinin inkişafında yeni bir
mərhələdir. Milli opera sənətində lirik – psixoloji əsərlərin təməl daşını
qoyan bu əsərdə
qəhrəmanların taleyi inqilabi hadisələrlə sıx əlaqədə verilir. Onların daxili aləmi, azadlığa, yeni
həyata qovuşması parlaq musiqi dili ilə açıqlanır. Opera dramaturji yığcamlığı, xalq ruhuna yaxın
gözəl melodiyaları ilə səciyyələnir. Əsər bir neçə dəfə redaktə olunmuş və 1970-ci ildə
ekranlaşdırılmışdır.
1979-cu ildə F.Əmirov “Min bir gecə” baletini yazır. Məşhur şərq nağıllarının
motivlərindən ilhamlanan sənətkar burada ərəb musiqi intonasiyaları və ritmlərindən
faydalanmışdır.
Əmirovun milli musiqi dili, ritmi, təfəkkürü ilə cilalanmış yaradıcılığı daim gənc
bəstəkarlar üçün böyük məktəb və ilham mənbəyi olaraq qalacaqdır.
Azərbaycan milli musiqi alətləri
Xalqımızın milli sərvəti sayılan çalğı alətləri zənginliyi və müxtəlif növlüyü ilə seçilir. Onların
əksəriyyəti qədim dövrlərdə yaranmış, təkmilləşərək dövrümüzə gəlib çatmışdır. 6 min yaşı olan
Qobustan qaya rəsmlərinin yaxınlığında yerləşən “qaval çalan daş”dan əcdadlarımız zərb aləti kimi
istifadə etmişlər. Azərbaycanlıların yaşadığı ərazilərdə arxeoloji qazıntılar zamanı
aşkar olunan
əşyaların üzərində müxtəlif çalğı alətləri həkk edilməsi, onların qədim tarixə malik olduğunu görsədir.
Maddi-mədəniyyət nümunələri, klassik şairlərimizin əsərləri, orta əsr musiqişünaslarımızın risalələri
və rəssamlarımızın çəkdikləri miniatürlər, divar rəsmləri, diyarımızı gəzmiş səyyahların gündəlikləri,
muzey kolleksiyaları vaxtilə Azərbaycanda 90-a yaxın çalğı alətinin istifadə olunduğu qənaətinə
gəlməyimizə əsas verir. Çalğı alətləri quruluşuna görə simli, nəfəs, zərb, özüsəslənən alətlər olmaqla
qruplara bölünür. Bu təsnifata görə Azərbaycanda yayılmış alətlərin 32-sini simli (onlardan 26-sı
mizrabla, 4-ü kamanla, 2-si çubuqla çalınır), 23-ünü nəfəs, 16-sını zərb, 17-sini isə özüsəslənən alətlər
qrupuna aid etmək olar.