Ayə 8, 9, 10, 11, 12, 13, 14:
﴿فَإِذَا نُقِرَ فِي النَّاقُورِ﴾﴿فَذَلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ﴾﴿عَلَى الْكَافِرِينَ غَيْرُ يَسِيرٍ﴾﴿ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا﴾﴿وَجَعَلْتُ لَهُ مَالًا مَّمْدُودًا﴾﴿وَبَنِينَ شُهُودًا﴾﴿وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا﴾
“O zaman ki sur üfürülər; həmin gün ağır bir gündür; kafirlərə asan deyil; məni təklikdə yaratdığımla tənha burax; ona bol və artan mal verdim; yanında hazır dayanmış övladlar (verdim); onun üçün kam alacağı şeyləri tam hazırladım.”
Nöqtələr
◘”Naqur” dedikdə təbil və ya şeypur kimi səsi olan alətlər nəzərdə tutulur. Hazırkı ayədə sur üfürülməsinə işarə olunur. Quşun dimdiyi “minqar” adlanır. Quş dimdiyi ilə döyəcliyib dəlik açır. Şeypur da qulaqları döyəclədiyindən belə adlandırılmışdır.
◘Quranda iki sur üfürülməsinə işarə olunur: hamını öldürəcək sur səsi və hamını dirildəcək sur səsi.
◘Məscidül-Həramın yaxınlığında “darun nudvə” adlı bir mərkəz vardı. Müşriklər məşvərət üçün oraya toplanardılar. Vəlid ibn Müğiyrə öz fəallığı və düşüncəsi ilə seçilirdi. Bir dəfə o dedi: “Gəlin Məhəmmədlə mübarizə üçün sözü bir yerə qoyaq və Kəbə ziyarətçilərinə Məhəmməd haqqında eyni söz söyləyək.” Bir nəfər dedi: “Deyək Məhəmməd şairdir.” Başqa biri təklif etdi ki, Peyğəmbəri (s) kahin adlandırsınlar. Üçüncü bir şəxs onu divanəlikdə suçlamağı tövsiyə etdi. Vəlid üzünü turşudub dedi: “Bir çox sözlər eşitmişik. Onun sözləri şerə bənzəmir. Onda dəlilikdən də əsər-əlamət yoxdur. Sözləri kahinlərin sözündən fərqlənir.” Nəhayət qərara gəldilər ki, Peyğəmbəri (s) sehrdə suçlasınlar. Desinlər ki, o sehr edir, ailələri dağıdır, hətta ona iman gətirən ailə üzvü o birilərinə düşmən olur.
Allah-taala hazırkı ayələrdə Vəlid haqqında buyurur ki, onu mən yaratmışam, ona mən var-dövlət və övlad vermişəm və o bütün bunlardan sui-istifadə edir. Ölüm olsun ona!
◘”Xələqtu vəhila” ifadəsindəki “vəhila” sözü iki cür mənalandırıla bilər: məxluq sifəti kimi və xaliq sifəti kimi. Birinci halda tənhalıq bəndənin zəiflik mənasına ikinci halda tənhalıq Allahın yeganəliyinə işarə ola bilər.
Bildirişlər
1. Dəhşətli və əzəmətli bir səslə bu dünya həyatına son qoyular və başqa bir həyat başlayar.
2. Qiyamət çox ağır bir hadisədir. Əgər vaxt ötdükcə başqa hadisələr adiləşirsə, qiyamət hadisəsi ağır olaraq qalır.
3. Allah “düşməni mənə tapşır” deyə Peyğəmbərinə (s) təsəlli verir.
4. Həm yaranış, həm də həyatın davamı Allahın əlindədir.
5. Əlimizdəki var-dövlət, ətrafımızdakı övladlar bizi qürrələndirməsin. Unutmayaq ki, bir gün tək-tənha gəlmişik, bir gün də tək-tənha gedəsiyik.
6. Bəşəriyyətin mal-mülkü Allahın iradəsindən asılıdır. Düşünməyək ki, bizə elm və hünərimizə görə nemət verilib.
Dostları ilə paylaş: |