Nöqtələr
◘Günəş və aya, gecə və gündüzə and içilməsinin səbəbi bu ola bilər ki, nəfsi paklamağın günəş və ay qədər əzəmətli olduğu açıqlansın.
◘Günəş və ayın, gecə və gündüzün dəyəri hamıya məlumdur. Canlıların, buludların yaranması və yağış yağması, bitki və ağacların cücərməsi, canlıların qidalanması günəşin işıq və istliyindən asılıdır.
◘Quranda bəzən əzəmətli günəşə və bəzən kiçik əncir və zeytuna and içilir. Olsun ki, bu misallar Allahın qüdrəti qarşısında bütün işlərin asanlığını nəzərə çatdırır. İnsan gözü üçün dağa və ya saman çöpünə baxmağın fərqi yoxdur. Dağa baxmaq gözə ağırlıq salmır. Allah üçün də dağı yaratmaqla, ənciri yaratmaq arasında fərq yoxdur. Əlbəttə ki, ən böyük and Allahın zatına anddır. Bu and da insanların ilahi rəhbərə təslim olması ilə bağlı içilərsə fərqlənir.1 (Qeyd)
◘Ən çox and içilən surə “şəms” surəsidir. Əlbəttə ki, bu andların sayı mövzunun mühümlüyündən danışır. Bu mövzu isə nəfsin çirkinliklərdən təmizlənməsidir. Bildirilir ki, insan yalnız nəfsini paklamaqla nicat tapa bilər. İnsanın nəzərinə çatdırılır ki, onun təkamülü üçün bütün müqəddimələr hazırlanmışdır. Günəş və ayın nuru yer üzünü işıqlandırır, gecə və gündüzün yerdəyişməsi ilə iş və istirahət üçün zəmin yaranır. Ayaqlar altına yer döşənir, baş üzərində səma qərar verilir. İnsanın çirkinlikləri və yaxşılıqları dərki üçün ona ilham olunur. Beləcə insan azad şəkildə nəfsi paklama yolunu seçməlidir.
Buludlar, küləklər, günəş, həm də ay
Səni ehtiyacdan qurtarmaq üçün.
Varlıq sənin xidmətində dururkən,
İnsafmı Rəbbinı çəkəsən çiyin?!
◘”Fucurəha” sözü “fəcr” sözündən olub parçalama mənasını bildirir.
◘Səmaların yüksəldilməsi və yerin döşənməsi ya bilavasitə Allahın iradəsi ilə, ya da Allahın müəyyənləşdirdiyi təbii vasitələrlə həyata keçir. “Vəssəmai və ma bənana” ayəsindəki “ma” hissəsi bu işin Allahdan qeyrilərinə də aid olduğunu göstərir. Yəni səmanın ucaldılmasında Allahın müəyyənləşdirdiyi təbii qüvvələr, cazibələr və dəf etmələr rol oynayır. “Ma” hissəsi Allaha da işarə ola bilər. Bu halda həmin hissə ilahi əzəmətə işarə kimi işlədilmişdir.
◘Varlıq aləmi ilk əvvəldən yığcam bir kütlə halında olmuşdur. Sonradan onun bir hissəsi ayrılıb səma kimi yüksəlmiş, digər bir hissəsi yer kimi döşənmişdir. “Ənbiya” suəsinin 30-cu ayəsində, səma və yer bağlı idi, biz onu açdıq.
◘Bəziləri “təhaha” sözünün yerin hərəkətinə işarə olduğunu bildirir. Çünki bu sözün bir mənası da qovmaq, hərəkətə gətirməkdir.
◘İslam insanın düşüncəsini qarın və şəhvətdən, zor və şərabdan ayıraraq göy qatlarına, yer qatlarına, səma cisimlərinin hərəkətinə, gecə-gündüzün yaranışına yönəldir.
◘Qeyd edilir ki, vəhy və ilham arasındakı əsas fərq bundan ibarətdir ki, vəhyin qaynağı tanınır, ilhamın qaynağı dərk edilmir.2 (Qeyd)
Bildirişlər
1. Varlıq aləmindəki bir çox mövcudlar cazibəli, düşündürücü, müqəddəs və dəyərli hadisələrdir. Onlara and da içmək olar.
2. Ay günəşin ardınca görünür və ona tabedir.
3. Ayrı-ayrı səma cisimləri bir-birləri ilə rabitədədir.
4. Günəşi, ayı və ulduzları məbud saymayın. Onların hər biri qüdrət nişanəsidir.
5. İnsanın istəkləri və meylləri hikmətlə tarazlanmışdır.
6. Günah bir növ iffət və din pərdəsini yırtmaqdır.
7. Yaxşılıqların və pisliklərin fitri yolla dərki bir istedad olaraq insanların ruhunda qərar verilmişdir.
8. Öncə çirkin işləri tanımaq, sonra xilas yolu axtarmaq lazımdır.
Dostları ilə paylaş: |