(80-CI SURƏ; 42 AYƏ)
OTUZUNCU CÜZ
“ƏBƏSƏ” SURƏSİNİN SİMASI
Məkkədə nazil olmuş bu surə 42 ayədən ibarətdir.
Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “Əbəsə” dedikdə “qaşqabağını tökdü” mənası nəzərdə tutulur.
Surənin başlanğıc ayələri kor bir şəxslə rəftar münasibəti ilə nazil olmuşdur. Amma başqa Məkkə surələri kimi bu surənin də əsas mövzusu məad, qiyamət hadisələri, möminlərin və kafirlərin həmin günkü aqibətidir.
Surənin bəzi ayələrində ilahi nemətlər insanın bu nemətlər müqabilində nankorluğu bəyan olunur.
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10:
﴿عَبَسَ وَتَوَلَّى﴾﴿أَن جَاءهُ الْأَعْمَى﴾﴿وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّى﴾﴿أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ الذِّكْرَى﴾﴿أَمَّا مَنِ اسْتَغْنَى﴾﴿فَأَنتَ لَهُ تَصَدَّى﴾﴿وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّى﴾﴿وَأَمَّا مَن جَاءكَ يَسْعَى﴾﴿وَهُوَ يَخْشَى﴾﴿فَأَنتَ عَنْهُ تَلَهَّى﴾
“Qaşqabağını töküb üz çevirdi; görüşünə bir korun gəlməsi səbəbindən; nə bilirsən, bəlkə o paklanıb təmizlənəcək! Öyüd götürəcək və bu öyüd ona xeyirli olacaq; amma özünü ehtiyacsız sayan da var; sən onunla məşğul olursan; hansı ki paklanmasa sənlik bir iş yoxdur; amma tələsik sənin yanına gələn kəs Allahdan qorxduğu halda ona arxa çevirərsən.”
Nöqtələr
◘Sünnə əhlindən nəql olunmuş rəvayətlərə əsasən Abdullah ibn Ümm Məktum adlı kor bir şəxs Peyğəmbərin (s) məclisinə daxil oldu. Həmin vaxt Peyğəmbər (s) Qüreyş başçıları ilə, Əbu Cəhl və Ütbə kimi şəxslərlə danışıb onları İslama dəvət edirdi. Məclisə daxil olan kor şəxs oradakıları görmədiyindən ardıcıl şəkildə Peyğəmbərdən (s) Quran oxumasını istəyirdi. O bu yolla Quranı əzbərləmək fikrində idi. Həmin vaxt Peyğəmbərin (s) çöhrəsində narahatlıq göründü. Bu məqamda “Əbəsə” surəsinin ilk ayələri nazil oldu və Peyğəmbər (s) bu münasibətinə görə qınandı.
Haqqında danışılan ayələrdə Peyğəmbərə müraciət olunmasının aydın dəlilləri yoxdur. İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə bildirilir ki, koru görüb qaşqabağını tökən şəxs Bəni-Üməyyədən olmuşdur.1 (Qeyd)
◘Mərhum Seyid Mürtəza “Mütəşabehul Quran” kitabında sünnə əhlinin hazırkı rəvayətini rədd edir və bu müddəasında Quranın digər ayələrini dəlil göstərir. Bildirir ki, Allah-taala Peyğəmbərin gözəl əxlaq sahibi olduğunu vurğulayır.2 (Qeyd)Ayədə Peyğəmbərə (s) gözəl əxlaq sahibi olduğu, möminlər qarşısında təvazö göstərdiyi bəyan olunur.3 (Qeyd)Digər bir tərəfdən, Peyğəmbərdə (s) belə bir xasiyyət olsaydı, İslamın təbliğində müvəffəqiyyət əldə edə bilməzdi. Allah öz Peyğəmbərinə (s) buyurur ki, əgər sən tünd xasiyyətli olsaydın, insanlar ətrafından dağılardı.4 (Qeyd)
◘Surənin 10 ayəsində kora göstərilən münasibətin pislənilməsindən məlum olur ki, İslam dini məhrum təbəqə ilə rəftara həssas yanaşır.
◘”Mən istəğna” dedikdə ya insanın özünü üstün tutması ilə nəticələnən maddi ehtiyacsızlıq, ya da nəsihətdən ehtiyacsızlıq nəzərdə tutulur. Hər iki mənanın da nəzərdə tutulması mümkündür. Yəni bir şəxs varlı olduğundan qürrələnir və başqalarının haqq sözünü dinləmir.
Bildirişlər
1. Fiziki qüsur şəxsiyyət qüsuru sayılmamalıdır. (Korlara, əlillərə, fiziki cəhətdən qüsurlu insanlara hörmət göstərilməlidir.)
2. Əxlaq xarakterdən qaynaqlandıqda dəyərlidir. Başqalarının xoşuna gəlmək üçün əxlaq nümayiş etdirmək əbəsdir. (Kor şəxs kimin üzünü turşutduğunu görmür və bu onu narahat etmir.)
3. İslam təkəbbür və lovğalıq ruhiyyəsi ilə müxalifdir.
4. İnsanların zahiri görüntüsü əsasında mühakimə yürütmək olmaz. (Bəzən kor bir şəxs gözləri sağlam şəxsdən münasib ola bilər.)
5. Cəmiyyətdə insanların diqqət ölçüsü fərqlidir. Bəziləri peyğəmbərin dəvəti ilə paklanır, bəziləri öyüd-nəsihəti yalnız dinləyir.
6. Öyüd-nəsihət faydasız deyil və müəyyən təsir göstərir.
7. Əsas məsələ insanların var-dövləti yox, onların imanıdır.
8. Peyğəmbər insanları haqq yola zorla gətirməyə vəzifəli deyil. Onun işi yalnız təbliğdir.
9. Ehtiyacsızlıq hissi məhkum olunur. Özünü ehtiyacsız sayan şəxs məzəmmət edilir.
10. Özünü ehtiyacsız və kamil sayan şəxs paklana bilmir.
11. Məhrum təbəqə İslama daha tez üz tutur.
12. Qəlbdəki qorxu zahiri təlaşlarla müşayiət olunmalıdır.
13. Peyğəmbərin hüzurunda olmaq və ya rəbbani ustaddan istifadə özünütərbiyənin ən səmərəli yoludur.
14. Təbliğdə fəqiri varlıdan ayırmaq olmaz.
Dostları ilə paylaş: |