Nöqtələr
● Kəhf səhabələrinin 3 və ya 5 nəfər olması ilə bağlı ehtimala toxunularkən “vav” kəlməsinin işlədilməməsi bu nəzəriyyələrin cahillər tərəfindən irəli sürüldüyünü göstərə bilər. Ola bilsin ki, Kəhf səhabələrinin 7 nəfər olması fikri möminlərə və diqqət əhlinə aiddir. (Bu baxışı İbn Abbas Əmirəl-möminindən (ə) nəql etmişdir.) 7 ehtimalından sonra güman oxu təbirinin işlədilməməsi hörmət nişanəsi ola bilər. 7 ehtimalında səhabələr sözü it sözündən «vav» hər fi ilə ayrılmışdır.
● Əgər hərəkətlər dəyərli, insanlar məqsədli olsa bağlılıqlar, hətta heyvanlar da hesaba alınar. Çünki heyvan və murdar olmaq dəyərsizlik dəlili deyil. Bu ayədə it 3 dəfə xatırlanılır. 18-ci ayədə də Kəhf səhabələrinin itinin müsbət rolu qeyd olunur.
● Hazırkı surənin müxtəlif ayələrində yersiz gümanlar məzəmmət olunmuşdur.1
Bildirişlər
1. Quran gələcəkdən xəbər verir.
2. Əsassız danışmayaq və yersiz gümanlara istinad etməyək.
3. Qeyri-zəruri olduqda mübahisədən çəkinin.
4. Say yox, məqsəd barədə düşünün. Faydasız biliklər sorağınca getməyin.
5. Kimdən öyrənmək və kimdən soruşmaq mühüm məsələdir. Suallarımızı cahillərə ünvanlamayaq.
● Ayə 23:
﴿وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَلِكَ غَدًا﴾
“Heç nə və heç iş haqqında “Onu sabah yerinə yetirəcəyəm” demə.”
● Ayə 24:
﴿إِلَّا أَن يَشَاء اللَّهُ وَاذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَى أَن يَهْدِيَنِ رَبِّي لِأَقْرَبَ مِنْ هَذَا رَشَدًا﴾
“Yalnız de ki, Allah istəsə” (“İnşaəllah”) Əgər (bunu deməyi) unutsan, Rəbbini yad et və de: “Ümid var ki, Rəbbim məni daha yaxın yola yönəltsin.”
Nöqtələr
● “İnşaəllah” (Əgər Allah istəsə”) təbiri Allahın qüdrət və iradəsinə etiqadı göstərir. Övliyalar Allaha bu sözlə tapınır. Quranda və peyğəmbərlərin dilində bu sözlə rastlaşmaq olar. Həzrət Yəqub öz övladına deyir: “Misirə daxil olun, inşaəllah, amandasınız.1 Musa Xızra belə müraciət edir: “Əgər Allah istəsə, bizi dözümlü görəcəksən.”2 Həzrət Şüeybin Musaya, İsmailin atası İbrahimə müraciətində də oxşar təbirlə rastlaşırıq.3
Əlbəttə ki, bu qəbildən olan sözləri təkcə dildə demək kifayət etmir, insan öz dediklərinə qəlbən inanmalı və həyatın bütün yönümlərində uyğun baxışa malik olmalıdır.
● İmam Sadiq (ə) buyurur: “Öz yazılarınızda da “İnşaəllah” sözünü unutmayın.” Bir gün imam göstəriş verir ki, məktub yazsınlar. Məktubun “İnşaəllah”-sız yazıldığını görüb buyurur: “Necə ümid edirsiniz ki, bu iş yoluna düşər?”4 İslam Peyğəmbəri (s) qəbiristana daxil olarkən buyururdu: “Əgər Allah istəsə (İnşaəllah) biz də sizə qatılacağıq. Ölüm qaçılmazdır.”5
● İnsan azad və ixtiyar sahibi olmasına baxmayaraq, Allahın istəyi olmadan bir iş görə bilməz. Yəni o nə məcburdur, nə də tam ixtiyar sahibi. Onun azadlığı Allahın iradəsi ilə şərtlənir.
Bildirişlər
1. Danışarkən və ya qərara gələrkən Allahı unutmayın.
2. Heç vaxt özünüzü Allahdan ehtiyacsız və müstəqil saymayın. Ən kiçik işlərlə bağlı belə qəti söz deməyək.
3. Öz imkan və gücümüzlə kifayətlənməyək. Bir iş üçün müqəddimənin hazır olması onun başa çatması üçün bəs etmir. Əmin olduğumuz işlərlə bağlı belə “inşaəllah” deyək.
4. İnsan daim Allaha ehtiyaclıdır. O bütün işlərdə özünü ilahi iradədən asılı bilməlidir.
5. Əldən çıxarılmışları geri qaytarmaq lazımdır.
6. Peyğəmbərlərin də ilahi təlim və hidayətə ehtiyacı var.
7. İlahi yardımlara ümidvarlığın izharı dua qaydalarındandır.
8. Hidayətin mərhələləri var, bütün mərhələlər Allahın əlindədir.
9. Həqiqətə aparan ən orta və ən yaxın yol tapılmalıdır.
10. Peyğəmbərlərin arzusu ən böyük yüksəlişə çatmaqdır.
11. Peyğəmbərlər üçün də üstün mərhələlərə yüksəliş lazımdır.
12. Təkamülə çatmaq üçün ən qısa yol Allahın ardıcıl zikridir.
● Ayə 25:
﴿وَلَبِثُوا فِي كَهْفِهِمْ ثَلَاثَ مِائَةٍ سِنِينَ وَازْدَادُوا تِسْعًا﴾
“Onlar öz mağaralarında 300 il qaldılar və 9 il də artırıldı.”
● Ayə 26:
﴿قُلِ اللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا لَهُ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ أَبْصِرْ بِهِ وَأَسْمِعْ مَا لَهُم مِّن دُونِهِ مِن وَلِيٍّ وَلَا يُشْرِكُ فِي حُكْمِهِ أَحَدًا﴾
“De ki, Allah mağarada qaldıqları müddəti daha yaxşı bilir. Göylərin və yerin qeybi də Ona aiddir. Necə də görən və eşidəndir! Xalq üçün Ondan savay yardımçı yoxdur. O Öz hökmünə kimsəni şərik etməmişdir.”
Nöqtələr
● Yəhudilər Kəhf səhabələrinin mağarada nə qədər qalması ilə bağlı Həzrət Əliyə (ə) sual ünvanladılar. Həzrət onların 309 il qaldığını buyurdu. Dedilər: “Bizim kitabımızda 300 il qeyd olunub!” Həzrət buyurdu: ”9 il günəş təqvimi ilə ay təqvimi arasındakı fərqdən yaranıb.”1
Mərağinin təfsirində həmin 9 il Quran üçün möcüzə sayılır. Ay təqvimi ilə günəş təqvimi arasındakı fərqin dəqiq göstərilməsi diqqəti cəlb edir.
● Deyilə bilər ki, müddət həmin 300 il olmuşdur və xalq 9 il ona artırmışdır. Bu səbəbdən Allah “De ki, Allah daha yaxşı bilir” buyurur.
● İnsan ömrü üçün müəyyən hədd təyin olunmamışdır. Su 100º-də qaynayıb, 0º-də buza döndür, lakin insan ömrünə münasibətdə dəqiq rəqəm göstərmək olmaz. Sınaqlar zamanı bəzi canlıların ömrü 12 dəfəyədək arta bilir. Elmi mənbələrdə yazılır: Şimal qütbündə neçə min il öncə buzlaşmış balıq ilıq suda yerləşdirildikdən sonra yenidən canlanmışdır.2
● Rəqəmlər bəzən sadə şəkildə bəyan olunduqda daha tez unudulur. Məsələn, xəstə həkimə “dörd saat növbədə dayanmışam” və ya “dörd saatdan yeddi dəqiqə az növbədə dayanmışam” deyirsə, bu iki deyiliş diqqəti fərqli şəkildə cəlb edir. Bəzən rəqəmlər az və ya çoxluğu bildirmək məqsədi daşıdığından bir o qədər də diqqət çəkmir. Dəqiq şəkildə bəyan olunan rəqəm isə dinləyicinin diqqətini daha çox cəzb edir. Bu səbəbdən də həzrət Nuhun təbliğ müddəti haqqında belə buyurulur: “Min ildən əlli il əskik.” Belə bir bəyan dəqiqliyi göstərir. Bu ayədə də üç yüz il və doqquz il əlavə” təbiri dəqiq bir vaxtdan söhbət açır.
Dostları ilə paylaş: |