Nöqtələr
● Ötən ayədə də xəbərdarlıq bəyan olunmuşdu. Amma müşriklərin Allahın övlad götürməsi ilə bağlı azğın fikirlərinin əhəmiyyətinə görə xəbərdarlıq təkrarlanır.
● Quranın digər ayələrinə əsasən, Allahın övlad götürməsi ittihamı müşriklər arasındakı ən böyük şayiə olmuşdur. Məsihilər İsanı, yəhudilər Üzeyri Allahın oğlu sayırdılar. Müşriklər isə mələkləri Allahın qızları hesab edirdilər. Halbuki belə bir əqidə nə gerçəkliklə, nə də ağılla bir araya sığır.
Bildirişlər
1. Daimi əməlin daimi mükafatı var. İkinci ayədəki “yəməlunəs-salihat” təbiri əməlin davamını göstərir. Bu ayədəki “Makisin” təbiri isə daimi mükafata işarədir.
2. İnsanın əbədi həyata meyli var. Allah isə belə bir həyatı qiyamətdə qərar vermişdir.
3. Axirətə aid ilahi nemətlərin xüsusiyyətlərindən biri onların əbədiliyidir. Qiyamətdə ölüm və fəna yoxdur.
4. Xalqın əqidəsinin islahı peyğəmbərlərin vəzifələrindəndir.
5. Cəhalət və bixəbərlik azğınlıq zəminidir.
6. Əqidə elmə əsaslanmalıdır. Elmi əsası olmayan əqidə tənqid olunmuşdur.
7. İmanı olmayan insan öz xaliqinə iftira yaxır.
8. Allahın övladı olması fikri əsassız bir böhtandır.
9. Allaha övlad aid etmək həm şirkdir, həm yersiz müqayisədir, həm də Allahı canişinə və həmkara ehtiyaclı saymaqdır.
● Ayə 6:
﴿فَلَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ عَلَى آثَارِهِمْ إِن لَّمْ يُؤْمِنُوا بِهَذَا الْحَدِيثِ أَسَفًا﴾
“Qorxu var ki, əgər bu hədisə (Qurana) iman gətirməsələr, sən onların ardınca özünü həlak edəsən!”
Nöqtələr
● “Əsəf” dedikdə hüznün, qəm-qüssənin ən şiddətli dərəcəsi başa düşülür.
● “Ləəlləkə baxiun nəfsəkə əla asarihim” cümləsi Peyğəmbərin (s) son dərəcə canıyananlığını göstərir. Peyğəmbər (s) ən əziz adamlarından ayrılan və onların arxasınca həsrətlə baxan şəxsə oxşadılır.
Bildirişlər
1. Başqalarının azğınlığına canıyananlıq və təəssüf bir dəyərdir. Peyğəmbər (s) ən canıyanan fərd olmuşdur.
2. Rəhbər xalqın əqidə və əməlinin islahı barədə düşünməli və bu istiqamətdə çalışmalıdır.
3. Quranda yeni söz və bildiriş var. Təbliğatçının da öz təbliğində yenilikçiliyi olmalıdır. (“Hədis” sözü yeni mənasını bildirir.)
● Ayə 7:
﴿إِنَّا جَعَلْنَا مَا عَلَى الْأَرْضِ زِينَةً لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا﴾
“Əlbəttə, Biz yer üzündə olanı onun üçün zinət qərar verdik və hansının daha üstün və yaxşı əməl edəcəyini sınağa çəkmək istədik.”
● Ayə 8:
﴿وَإِنَّا لَجَاعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًا﴾
“Biz (sonda) onun üzərində olanı torpaq və otsuz-ələfsiz yer şəklinə saldıq.”
Nöqtələr
● “Səid” dedikdə torpaq, mütləq yer üzü başa düşülür. “Curus” isə otsuz yerdir.
● Allah xalqın sınağı ilə bağlı olan “linəbluvəkum” sözünü “cəəlna” və “cailunə” sözləri arasında yerləşdirmişdir. Onlardan biri yaşıl örtüklü yerə, digəri otsuz-ələfsiz sahəyə aiddir. İşarə olunur ki, xalq yaşıllıqla quraqlıq, şadlıqla qəm arasında sınağa çəkilir. Ən mühümü isə insanın əməli və qalib gəlməsidir.
● Rəvayətlərdə bildirilir ki, «gözəl əməl» dedikdə, qiyamət azuqəsi olan ağıllı və təqvalı iş nəzərdə tutulur.1
Bildirişlər
1. Kafirlərin iman gətirməməsinin səbəbi onların dünya zirvələrinə uymasıdır.
2. Bağlar, güllər, meyvələr, heyvanlar, sular, mədənlər, rənglər, qoxular, bir sözlə yer üzündə nə varsa yerin zinətidir. İnkişaf etmiş insanlar üçün isə iman əsl zinət və yaraşıqdır.2
3. Zinətlər sınaq vasitəsidir. Zinətlər vasitəsi ilə kimin aldanıb özünü satması, kimin əqvalı olub onları saleh əməl üçün müqəddimə qərar verməsi müəyyənləşdirilir.
4. Sınaq prinsipi insanın ixtiyar sahibi olduğunu göstərir. (O zaman sınaqdan danışmaq olar ki, insanda seçim imkanı olsun.)
5. Əməlin kəmiyyəti yox, keyfiyyəti mühümdür.
6. Gül-çiçəyin, təbiətin gözəlliyi bizi qürrələndirməsin. Hamı torpaqla bir olasıdır.
● Ayə 9:
﴿أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا﴾
“Yoxsa güman edirsən ki, Kəhf əshabı və Rəqim Bizim qəribə nişanələrimizdəndir?”
Nöqtələr
● “Rəqim” dedikdə, Kəhf əshabının əhvalatı yazılmış lövhə nəzərdə tutulur. Onların adı bu lövhədə qeyd olunmuşdur. “Kəhf” sözü böyük mağara mənasını bildirir.
● Ayədə deyilir: Bir neçə nəfəri mağarada yatırdıb sonradan oyatmaqdan da mühümü yer üzündə çoxsaylı gözəlliklər yaradıb, sonradan onları məhv etməkdir. İlahi qüdrət qarşısında Kəhf əshabının macərası o qədər də təəccüb doğurmur.
● Kəhf əshabının əhvalatı həzrət İsadan sonra, İslam Peyğəmbərindən (s) öncə, Rum məmləkətində, Efsus şəhərində, Dəqyanus adlı zalım hakimin zamanında baş vermişdir. Bu macəranın hicrət, ilahi yardımlar kimi ibrət dərsləri var. Uyğun həqiqətlər məkan, zaman və kəmiyyət məhdudiyyətinə sığmır.
● Zahirən belə görünür ki, Kəhf əshabı və Rəqim eyni bir qrupun adıdır. Bəzilərinin nəzərincə, Rəqim Kəhf əshabının yaşadığı məntəqənin adıdır. Bəzi təfsirlərdə isə Rəqim əshabının kəsb və ticarət üçün evdən çıxan 3 nəfərdən ibarət olduğu qeyd edilir. Onları yolda yağış tutur və bir mağaraya sığınırlar. Dağdan uçan bir daş mağaranın girişini bağlayır və bu 3 nəfər mağarada qalır. Onların hər biri həyatı boyu gördüyü ən xeyir və xalisanə işi xatırlayır. Onlar Allahdan bu əməlləri müqabilində qurtuluş diləyirlər. Hər biri öz xeyir əməli haqqında danışdıqda mağaranın girişindəki daş azca tərpənir. Nəhayət, həmin adamlar xilas olurlar. Həzrət Peyğəmbər (s) bu əhvalatı nəql etdikdən sonra buyurdu: ”Allahla olan hər kəs nicat tapar.”1
Dostları ilə paylaş: |