● Ayə 41:
﴿أَوْ يُصْبِحَ مَاؤُهَا غَوْرًا فَلَن تَسْتَطِيعَ لَهُ طَلَبًا﴾
“Ya onun suyu hopsun və heç vaxt onu geri qaytara bilməyəsən.”
Nöqtələr
● “Zələq” dedikdə saf, ot-ələfsiz torpaq nəzərdə tutulur. Belə bir torpaqda insanın ayağı sürüşür.
Bildirişlər
1. Allah rübubiyyəti əsasında əta edir və geri alır.
2. Yoxsullar məyus olmasın. Məyusluq yoxsulluqdan da pisdir.
3. Əgər Allah istəsə yoxsul varlaşar, hətta başqalarından da varlı olar.
4. Qürrələnən kafirlərdən nemətlərin alınmasını arzulamaq, onlara nifrin bəyənilmiş işdir.
5. Allahın qəhr-qəzəbi hesablıdır və ədalətlidir.
6. Varlılar öz olanlarına görə qürrələnməsinlər. Onların sərvəti bir anda məhv ola bilər.
7. Şirk, küfr və lovğalıq insanın var-dövlətini puça çıxarır.
8. Allah Öz əzabını göydən və yerdən istənilən vaxt nazil edə bilər.
9. Allahın qəhr-qəzəbi qarşısında dayanacaq bir qüvvə və qurtuluş yolu yoxdur.
● Ayə 42:
﴿وَأُحِيطَ بِثَمَرِهِ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَى مَا أَنفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا وَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُشْرِكْ بِرَبِّي أَحَدًا﴾
“Onun bar-bəhrəsi (ilahi qəzəblə) əhatə oldu. Elə bir hala düşdü ki, bağa qoyduğu xərclərə xatir (həsrətdən) iki əlini bir-birinə çəkdi. Halbuki onun (bağın) dayaqları uçulub tökülmüşdü. O deyirdi: “Kaş ki, kimsəni Rəbbimə şərik qoşmayaydım.”
Nöqtələr
● Bəziləri təkəbbür göstərib malına güvənməklə Allahdan qəflətdə qalır və tövhid mehvərindən çıxıb müşrik olur. Amma istər möminlər, istərsə də kafirlər nə vaxtsa Allah qarşısında etiraf etməli olur.1
Bildirişlər
1. Allah əhatə edəndir (“Mühit”) Onun həm lütfü, həm də qəhr-qəzəbi əhatəlidir.2
2. Allahın cəzası qürrələnənlərin pusqusundadır.
3. Allahın bəlaları və əzabları öz pis düşüncə və əməllərimizin nəticəsidir. Bağ sahibi haqqında danışılarkən əvvəlcə onun küfrü, sonra ilahi bəla qeyd olunur.
4. Ümidsizliklər və daxili hallar insanın zahirində və rəftarlarında əsər qoyur.
5. Dünyapərəstlər hadisələrə münasibətdə öncə iqtisadi, sonra mənəvi təhlil edirlər. Onlar öncə düşdükləri zərərə görə həsrət çəkir, sonra şirklərinə görə peşman olurlar.
6. Dünyada əzablar yatmış vicdanların və qəflətdə olan qəlblərin oyanış səbəbidir.
● Ayə 43:
﴿وَلَمْ تَكُن لَّهُ فِئَةٌ يَنصُرُونَهُ مِن دُونِ اللَّهِ وَمَا كَانَ مُنتَصِرًا﴾
“Heç bir qövmün Allahın qəzəbi qarşısında yardımçısı yoxdur və özünə yardım göstərmək gücündə deyil.”
● Ayə 44:
﴿هُنَالِكَ الْوَلَايَةُ لِلَّهِ الْحَقِّ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا﴾
“O halda vilayət və qüdrət yalnız haqq olan Allaha məxsusdur. Ən üstün mükafat və ən yaxşı sonluq Onun tərəfindədir.”
Nöqtələr
● Quranda dəfələrlə təkid olunur ki, insan təhlükə ilə üzləşdiyi vaxt maddi vasitələri təsirsiz gördükdə Allaha üz tutur və dərin bir ümidlə Onu səsləyir. İnsan dənizdə tufana düşdükdə və ya əzabla üzləşdikdə iman gətirir.
Ayədə bağı yanmış şəxs köməyinə gələn olmadığını görüb hökmün Allaha məxsus olduğunu anlayır.
● Bu ayədə “vilayət” sözü qüdrət və yardım mənasında işlədilmişdir.
Bildirişlər
1. Allahdan qeyrisinə etimadın sonu əliboşluqdur.
2. Allahın qəzəbi nazil olan vaxt var-dövlət, övlad nə qədər çox olsa da kara gəlmir. (Təhlükə gəldikdə rifah dövrünün dostları tapılmır.)
3. Bütün acı hadisələrin qətnaməsi eynidir: Qüdrət yalnız Allaha məxsusdur.
4. Qeyri-ilahi vilayətlər davamsız və batildir. Yalnız Allahın vilayəti sabit və haqdır.
5. Nə qədər hesab aparıb uzağı düşünsək də Allahın sorağınca getməliyik.
6. İlahi yardım və Allahın haqq olması ən üstün mükafat və aqibətin təminatçısıdır.
7. Yaxşı sonluq və mükafat dəyər ölçüsüdür.
● Ayə 45:
﴿وَاضْرِبْ لَهُم مَّثَلَ الْحَيَاةِ الدُّنْيَا كَمَاء أَنزَلْنَاهُ مِنَ السَّمَاء فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ مُّقْتَدِرًا﴾
“(Ey peyğəmbər,) onlar üçün dünya həyatını məsəl çək; (müvəqqətilikdə) su kimidir ki, səmadan endirdik, yerin otu (onun vasitəsilə ilə) qarışar, qəfildən quruyar. Belə ki, küləklər (onları) sovurar. Allah hər şeyə qüdrətlidir.”
Nöqtələr
● Ayədə qürurlu və qafil insanlara ibrət olsun deyə cücərtidən, yerin yaşıl örtüyündən, ilahi qəzəbin nazil olub onları yandırmasından danışılır.1
Bəli, dünya azca yağışla göyərib, azca küləklə quruyan köksüz ot kimidir. İnsana qalan onun əməlidir. Bu nöqtəyə həzrət Əmirəl-möminin (ə) da öz divanında işarə edir.
Bildirişlər
1. Həqiqətlərin bəyanı və xalqın hidayəti üçün Allah rəsuluna (s) əmr olunur ki, təmsildən istifadə etsin.
2. Tərbiyə və təbliğ üsullarından biri hamı tərəfindən anlaşılacaq və təbii misallardan istifadə etməkdir.
3. Hər bir baharın xəzanı, hər bir vüsalın fərağı var.
4. Dünyanın ötəri cilvələri bizi aldatmasın, davamlı gələcək haqqında düşünək.
Dostları ilə paylaş: |