Bildirişlər
1. Qiyamətdə həm fərdlərin əməl naməsi onların əlinə verilər, həm də qarşılarında kitab qoyular.
2. Günahkarları narahat edən və qorxudan Allah yox, onların qeyd olunmuş əməlləridir.
3. Qiyamət günahkarlar üçün həsrət və əfsus günüdür.
4. İnsanlar qiyamətdə öz əməllərindən hər biri savadlı imiş kimi xəbər tutarlar. Həmin məqamda hamı oxumağı bacarar.
5. İnsanın əməllərinin dərəcələri var.
6. Qiyamət əməllərin təcəssüm səhnəsidir.
7. Ədalətli olmaq və zülmə yol verməmək ilahi rübubiyyət şərtidir.
● Ayə 50:
﴿وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاء مِن دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا﴾
“(Xatırla,) o zaman ki, mələklərə dedik: «Adəmə səcdə edin.» İblisdən savay hamı səcdə etdi! O cinlərdən idi və Rəbbinin göstərişindən boyun qaçırdı. (Belə olan halda) onu və onun nəslini mənim yerimə himayəçimi seçirsiniz? Halbuki onlar sizə düşməndirlər! Sitəmkarlar Allahın əvəzinə pis bir şeyi seçmişlər.”
Nöqtələr
● Səcdə üç növdür:
a) Namaz səcdəsi kimi yalnız Allaha məxsus olan ibadət səcdəsi;
b) Allah əmrinə itaət üçün mələklərin Adəmə səcdəsi kimi itaət səcdəsi;
v) Yusifin aqibəti ilə bağlı Yəqubun səcdəsi kimi, Allaha təşəkkür, “təhiyyət” səcdəsi.
Bildirişlər
1. Mələklərin Adəmə səcdəsi və İblisin rədd olunması əhvalatı düşünüləsi əhvalatdır və ibrət mayasıdır.
2. Mələklər insandan öncə var idilər.
3. İnsan mələkdən üstün olduğu üçün mələyə insana səcdə etmək əmri verildi.
4. Mələklər Allahın əmri qarşısında mütidirlər.
5. Səcdə etməyənlər İblisin yolundadırlar.
6. Öz keçmişimizlə öyünməyək. İblis uzun müddətli abid keçmişinə baxmayaraq yolunu azdı.
7. İblisin övladları, törəmələri var.
8. Günahkarları dost tutmaq olmaz.
9. Şeytanın ardıcılları nə etdiklərini bilmək üçün öz əməllərini nəzərdən keçirməlidirlər.
10. Şeytan və onun nəsli bəşəriyyətin düşmənidir.
11. Allah yerinə şeytanın ardınca gedənlər sitəmkarlardır.
12. Allahı boşlayıb, şeytanın ardınca getmək ən pis sonluğu seçməkdir.
● Ayə 51:
﴿مَا أَشْهَدتُّهُمْ خَلْقَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَا خَلْقَ أَنفُسِهِمْ وَمَا كُنتُ مُتَّخِذَ الْمُضِلِّينَ عَضُدًا﴾
“Mən onları (İblis və övladlarını) nə səmaların və yerin, nə də özlərinin yaranışında şahid gətirmədim. Mən azğınları özümə köməkçi götürmərəm.”
Nöqtələr
● Həzrət Əliyə (ə) dedilər: “Hakimiyyətin möhkəmlənənədək Müaviyəni əmirlikdə saxla. Qüdrətə çatdıqdan sonra onu işdən kənarlaşdırarsan.” Həzrət belə bir işin mümkün olmadığını buyurdu.1
● Allah mütləq ehtiyacsızdır. Hətta yaranış prosesində Onun kimsənin köməyinə ehtiyacı yoxdur. Onun hər hansı işi başqasına, məsələn, mələklərə tapşırması acizlikdən yox, hikmətdəndir və insanların tərbiyəsi üçündür.2
Bildirişlər
1. Allahın yaranışda şahidə ehtiyacı yoxdur.
2. Varlıq və yaranışın sirrini Allahdan başqa kimsə bilməz.
3. Yalnız yaradanın hakimiyyət haqqı var.
4. Allahın məmurları etibarlı olmalıdır.
5. Allahın yolunda olanlar azğınlardan yardım almamalı, siyasi və iqtisadi müstəqilliklərini hifz etməlidirlər.
● Ayə 52:
﴿وَيَوْمَ يَقُولُ نَادُوا شُرَكَائِيَ الَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَجَعَلْنَا بَيْنَهُم مَّوْبِقًا﴾
“(Xatırla,) o gün ki, (qiyamətdə Allah mələklərə) deyər: «Mənə şərik qoşduqlarınızı yanınıza çağırın (sizə kömək etsinlər). Onları çağırarlar, amma bir cavab çıxmaz. Biz onların arasında həlakət dərəsi qərar verərik.»”
Nöqtələr
● Allahdan uzaq düşənlər avara qalır. Onlar insana, cansız cismə, heyvana, günəşə, aya, inəyə, buzova, mələklərə və şeytanlara müraciət etsələr də, bir cavab almırlar. Allahı çağıranlara isə hökmən cavab verilir.3
● Sual: Quranda bildirilir ki, Allah haqqı gizlədənlərlə və əhdi pozanlarla danışmaz.4 Bəs nə üçün bu ayədə Allahın müşriklərlə danışdığı bildirilir?
Cavab: Ola bilsin ki, haqqı gizlədənlər müşrikdən də pisdirlər. Ya da bu nöqtə qiyamət mərhələlərinin müxtəlifliyi ilə izah oluna bilər. Bir mərhələdə Allah danışır, digər mərhələdə onlardan üz çevirir. «Allah onlarla danışmaz» dedikdə mümkündür ki, mehriban danışıq nəzərdə tutulur.
Bildirişlər
1. Qiyamətdə müşriklərlə onların məbudları arasında böyük bir fasilə olar.
2. Allah qiyamətdə müşriklərə imkan verir ki, öz məbudlarından yardım istəsinlər. Amma bunun nə faydası?
3. Cəhalət, əsassız təsəvvürlər şirkin köküdür.
● Ayə 53:
﴿وَرَأَى الْمُجْرِمُونَ النَّارَ فَظَنُّوا أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمْ يَجِدُوا عَنْهَا مَصْرِفًا﴾
“Günahkarlar (qiyamətdə) cəhənnəm odunu görərlər. Anlayarlar ki, bu oda düşəcəklər və qurtuluş yolu tapmayacaqlar.”
Dostları ilə paylaş: |