§3.1. İzahat: modellər və metodlar
Əsas hissənin bölməsi kimi izahat özündə "araşdırılan" predmetə olan münasibəti əks etdirir. Məsələn, məhkəmə praktikasında izahat "işin" özü (faktlar toplusu) ilə bağlı idi; hakim bu izahata müəyyən mövqe nümayiş etdirməli idi. beləliklə, natiq göstərmək istədiyi və məhkəmə qarşısına qoyulan problemin nə olduğunu izah etməli idi.
Bununla əlaqədar olaraq, natiqin həll etdiyi birinci məsələ izahatda məhz nəyin təqdim olunması və hansı miqdarda faktların göstərilməsi məsələsi idi. Natiqin bu məsələni necə həll etməsindən çox şey asılı idi: ya dinləyicilər məsələnin mahiyyətini başa düşə bilirdilər (optimal variant), ya təqdim olunan məlumatlar kifayət etmirdi, ya da dinləyicilər həddindən artıq məlumat ilə əlavə yüklənirdilər (bu isə son nəticədə problemi tam təsəvvür etməyə mane olurdu).
Buna görə də izahat özündə əvvəllər toplanmış faktların təqdimatını əks etdirir. Burada dispozisiya açıq şəkildə invensiya ilə oxşarlıq təşkil edir və bu səbəbdən də yenidən (indi sanki yeni formada) relevantlıq meyarı meydana çıxır; faktların təqdimatı isə bu meyara tabe olur.
Relevantlıq (məqsədəuyğunluq) meyarı klassik ritorikada əsasən, bir tərəfdən, əlavə artıq təfərrüatların, digər tərəfdən isə, mühüm məlumat çatışmamazlığının qarşısının alınmasını nəzərdə tutur. Dispozisiya invensiya prosesində əldə edilmiş toposlardan istifadə edərək topik sxemlərə dair müəyyən istiqamətdə hərəkəti – müvafiq toposun invensiya mərhələsinin imkan verdiyi qədər ardıcıl genişləndirilməsini nəzərdə tutur. Dispozisiya mərhələsində – izahat zamanı – toposlarla iş topik sxem elementlərinin "keçmiş təcrübəsinin" bu və ya digər düzülüşə, hər şeydən əvvəl bu iki modeldən birinə – ab ovo (1) və in medias res (2) – tabe etdirilməsini nəzərdə tutur.
Topika sxemi elementlərinin genişləndirilməsinə dair bu iki model haqqında söhbət əslində təbiət və incəsənət barəsində ümumi söhbətin davamıdır. Təbiətin və incəsənətin (natura və ars) fərqləndirilməsi antik dövrdə elmin ən mühüm ideyalarından biri idi. "Təbii" və "süni" olanlar praktiki olaraq heç bir zaman qarışıq salınmayıb – bu "koordinat sistemi" əslində durmadan işləyib.
Birinci model – tamın elementlərinin təbii düzülüşü (ordo naturalis) kimi nəzərdən keçirilir.
Söhbət əslində məlumatın həyatın "qorunub saxlanıldığı" qaydalara tabe etdirilməsindən gedir. Həyatda hadisələrin bir-birinin ardınca, baş verdiyi, bu zaman daha əvvəl baş verən hadisənin daha sonra baş verən hadisənin səbəbi, axırıncının isə əvvəl baş verənin nəticəsi olduğu kimi real məlumat da hadisələrin inkişafının bu məntiqi qanunauyğunluğuna tabe ola bilər.
Məlumatın qurulmasının belə daxili qanunauyğunluğu xətti sxem, daha doğrusu hadisələri iyerarxik (birini digərinin üstündə/altında və ya birini digərinin tərkibində) deyil, bir xətt üzərində (bir-birinin ardınca) sıraya düzülməsini nəzərdə tutan sxem adlanır. Belə hesab edilirdi ki, məhz xətti sxem hadisələri real gərçəklikdə olduğu kimi təsvir edir. Xətti sxemə tabe olmaq əslində şeylərin təbii inkişafı ilə hərəkət etmək demək idi.
Topik sxem elementlərinin belə düzülüşü "ab ovo" adlanırdı (latın dilindən hərfi tərcüməsi "yumurtadan" demək idi). Yumurta vəziyyətinə ilkin vəziyyət kimi baxılırdı (müqayisə et: hansı birinci olub: toyuq, yoxsa yumurta?). Məlumatı "ab ovo" şəklində qurmaq onu ilk hadisədən sonuncu hadisəyə, səbəbdən nəticəyə doğru, daha doğrusu problemi müstəqil və birinci olaraq addım-addım öyrənərək və "nüfuz etmə səviyyəsinə" uyğunluğunu qeyd edərək qurmaq deməkdir.
Aydındır ki, bu sxemin danışan tərəfindən istifadəsi zamanı onun "həyatına" müdaxilə minimal səviyyədə olurdu, izahat isə obyektin özünə istiqamətlənirdi. Bu zaman danışan məhz faktları qeyd edən şəxs kimi çıxış edir. Buna görə də faktların izahı tarixi, xronoloji izah kimi qiymətləndirilir və "ab ovo" izahat metodu da tarixi (xronoloji) metod adlandırılır. Ədəbiyyatşünaslıqda bu metod süjet metodu hesab edilir. burada süjet (və ya frannsızcadan tərcümədə "predmet") real sxemdə baş verənlərin ardıcılığı kimi (fabuladan fərqli olaraq) nəzərdən keçirilir.
Bu metodun üstünlüyü onun tamamilə "praktik" olmasında, daha doğrusu, həm danışan, həm də dinləyən üçün eyni dərəcədə rahat olmasındadır. Danışanın həddindən artıq "düşünməyi" lazım olmur: əslində ondan tələb olunan yeganə şey – hadisələrin öz axarı ilə gedişinə "mane olmamaq"dır, daha doğrusu, faktları qədim dövrdə çox məşhur olan, amma, təəssüf ki, indi demək olar ki, unudulan natiq Katonun məşhur formuluna uyğun olaraq izah etməkdir. Katonun həmin formulu belədir: "rem tene, verba sequentur" – "mövzunu tutub saxla, sözlər özləri gələcək" (bu formulu tamamilə relevantlığın formulu kimi qəbul etmək olar).
Danışanın bacarığı burada onun nəyin nə üçün baş verdiyini "unutmama"sındadır (amma, məlum olduğu kimi, bu asan deyil!). Material belə təqdim olunanda dinləyici özünü son dərəcə rahat hiss edir: "axın istiqamətində üzmək" – auditoriya bunu yüksək qiymətləndirir. Belə hallarda o, məlumatdan müəllifin fikirlərini xüsusi olaraq fərqləndirməli, daha doğrusu hansının fakt, hanısının isə müəllifin fakta dair şəxsi fikri olması məsələsini həll etməli olmur.
Amma praktiki olaraq istənilən auditoriya rahat vəziyyətə meyl edərsə, onda faktların ötürülməsinin tarixi (xronoloji) metodu çox təhlükəlidir. Bu təhlükə onun özünəməxsus şəkildə yorucu ola bilməsindədir. "İzahatın ardıcıllığına" elə də diqqət yetirməyən dinləyici çox zaman heç bir şey başa düşmür. Kommunikasiya isə birgə işdir, beləliklə, tərəflərdən birinin tam passivliyi şəraitində tam dəyərli kommunikativ nəticədən danışmaq olmaz.
Bu səbəbdən də hesab edilirdi ki, belə quruluş məlumat süni şəkildə sistemləşdirilmiş məlumata nisbətən dinləyicilərə daha az təsir edir və onlar üçün daha az maraqlı olur.
İkinci model hadisənin xarici tərəfinə daha az, amma mahiyyətinə daha çox diqqət yetirən izahat strukturunu nəzərdə tutur. Bununla əlaqədar olaraq, izahatın faktlar qrupunun bacarığı sayəsində qurulması nəzərdə tutulurdu, buna görə də onların təşkili sistemi qeyri-təbii, yəni süni sistem (ordo artificialis) adlanır.
İkinci modelə əsasən danışan hadisələrin ardıcıllığına diqqət yetirmir, amma onu analiz edir, və bundan başqa - hadisəni deyil, onunla iş şəraitini modelləşdirir. Danışan işin mahiyyətinə əsasən fəaliyyət göstərir, bu səbəbdən də model – in medias res (hərfi tərcümədə "şeyin ortasında") adlanır.
Əsas məqsəd danışanı diqqətlə deyilənə qulaq asmağa vadar etmək idi, bunun isə yalnız bir yolu var – onun məlumata olan marağını formalaşdırmaq. Bununla əlaqədar olaraq ən çox tövsiyyə edilən vasitə – məlumatın strukturunda müxtəlif növ "yerdəyişdirmə"ləridir.
Əlbəttə, tam nitqin qurulması üçün birgə əməkdaşlığa dəvət edilmiş dinləyici "axın istiqamətində üzən" dinləyicidən fərqlənir. O, daima sayıq olmalıdır, yalnız müəllifin nitq manevrlərinə diqqət yetirməməlidir, həm də danışanın strategiyasının tərkibində onların yerini müəyyənləşdirməli və qiymətləndirməlidir. Bu iş çox zaman şüuraltı səviyyədə gedir və dinləyicinin təqdim olunan məlumata qarşı aydın ifadə edilməyən reaksiyalarının cəmini özündə əks etdirir.
Dostları ilə paylaş: |