6. Hamid və Təkə sancaqları.
Hamid sancağının Əyridir yörəsində yaşayan yörüklər arasında 250 nəfərlik vergi mükəlləfiyyətli bir karkın oymağı vardır. Ancaq bu karkın oymağının böyük qaramanlı boyuna bağlı olduğu göstərilir1. XVI əsrdə eyni adlı bir oymağın da Təkədə yaşadığı bilinir. 1102-ci ildə (1691) Rəqqa əyalətinə yerləşdirilən bəydili obaları arasında karkın adlı bir obanın adı çəkilir2. Bu, yuxarıda bəhs olunan köçəri karkınlar ola bilər. Səyyah Nibur3 Antəb bölgəsində olan Dədə Karkın (Dədə Karkın) adlı bir oymağın varlığını xatırladır. Bu bəhsi bitirməzdən əvvəl teymurilərdən Babur Mirzənin (ölümü: 861-1456) Astarabad valisi olan Baba Həsənin Karkın nisbəsini daşıdığı müşahidə edilir ki,4 bu, onun karkın boyuna mənsub olduğunu göstərir.
13. BAYINDIR
Rəşidəddinin «Oğuznamə»də yazdığına görə, Oğuz xanın nəvəsi Dib Yavku xanın bəylərindən Tülü Xoca və Ala Atlı Kişi Donlu Kayı İnal Yabğunun naibi Döngür oğlu Ərki bayındır boyundan idilər. Ərki, kül ərki xan ünvanı ilə Kayı İnal Yabğunun oğlu Tuman böyüyənə qədər hökmdarlıq etmiş, sonra oğuz taxtını Tumana vermişdir. Tuman isə 100 gün yabğuluq etdikdən sonra öz arzusu ilə taxtı kül ərkinin qızından olan oğluna vermişdir. O isə Tikən Bilə Ər Biçəgən Kayı Yabğu ləqəb və ünvanı ilə hökmdarlıq etmişdir5.
Rəşidəddinin «Oğuznamə»də yazdığı bu sözlər üç-oxların əsil boyu olan bayındırların əski oğuzların tarixində mühüm rol oynadıqlarını göstərir. Bilindiyi kimi, Dədə Qorqud dastanlarında oğuzların başçısı Qamğan oğlu Bayındır xandır. Ehtimal ki, bu, ağqoyunlu xanədanını yüksəltmək üçün dastanlara ozanlar tərəfindən sonra əlavə edilmişdir. Ancaq Bayındır xanın atasına nə üçün Göy xan deyil, Qamğan adı verilməsini heç cür izah etmək mümkün olmur.
Təhrir dəftərlərində 52 kənd və əkinliyin Bayındır adını daşıdığı görünür6. Onlar da digər boyların adları kimi, Anadolunun qərb və orta bölgələrindədir. Bu yer adlarından başqa Adananın Haruniyyə qəzasının qərbindəki bir nahiyə də Bayındır adlanır. O zamanlar bir yörənin (nahiyənin) hər hansı bir oymağın adını daşıması əksər hallarda orada yaşayanların hamısının və ya çoxunun eyniadlı oymağa mənsub olduğunu göstərir. Həmin Bayındır nahiyəsinin adı bu gün də qalır. İndi İzmirə bağlı olan Bayındır qəsəbəsi XVII əsrdə də vardı. Övliya Çələbi bu qəsəbənin öz adını Orxan Qazinin oraya yerləşdirdiyi bayandırlardan aldığını yazır7. Bunun bir xalq rəvayəti, yaxud Övliya Çələbinin özünə məxsus izahat olduğu bilinmir.
XVI əsrdə Anadoludakı bu yer adlarından başqa, həmin ölkədə bu boya mənsub bəzi oymaqlar da vardı ki, onların ən mühümləri Hələb türkmənləri arasında və Tarsus bölgəsində yaşayırdılar.
Dostları ilə paylaş: |