Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,61 Mb.
səhifə15/42
tarix03.06.2018
ölçüsü5,61 Mb.
#52596
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

1. Hələb türkmənləri.

Hələb türkmənləri arasında yaşayan döyər oymağı Qanuni dövrünün ilk illərində Hələb döyəri və Həma döyəri olmaq üzrə iki qola ayrılmışdır. Bun­lar­dan Qorxmaz və Mahmud kətxu­da­ların idarəsindəki Hələb döyəri oymağı 230 vergi evindən iba­rət idi. Həma döyəri özü də iki qola ayrılmış və on­lardan biri 163, digəri 36 vergi evli idi. XVI əsrin ikinci yarısında digər türk­­mən oymaqları kimi, bu döyərlərin də sayının artdığı gö­rü­nür4.

Bu döyərlər XVIII əsrin sonlarında Həma-Xümus tərəflərə yerləşdiril­mək istənən oymaqlar arasında olmuşlar1. Lakin bu yerləşdirmə təşəbbüsü­nün heç də müvəffəqiyyətlə nəticə­lənmə­diyini bilirik. Həmin səbəbdən bu döyərlərin bir müddət yenə əski yaşayışlarını davam etdirdikləri, sonra tam oturaq həyata keçdikləri söylənə bilər.

2. Dəməşq.

Dəməşq ətrafında yaşayan türkmən icması arasında dö­yərlər kiçik bir oymaq olub Qanuni dövründə ancaq vergi mü­kəlləfiyyətli 50 nəfər əhalisi vardı2.



3. Ruha (Urfa).

XVI əsrdə bu bölgədə yaşayan böyük oymaqlardan biri dö­yərlü adını da­şıyırdı. Bu oymağın kürd olduğu göstərilir. An­caq onu meydana gətirənlər arasında Bayram, Gündoğ­muş, Bu­daq, Yağmur, Qaya, Tanrıverdi, Durmuş, Dündar, Satılmış və hət­ta Karkın kimi türk adları daşıyan şəxslər görünür3. Bu on­la­rın əs­lən türk olduqları ehtimalını qüvvətlə ortaya qoyur. Dö­yərli (yerli tələffüz: düyərlü) oymağı Urfanın cənub-şərqində yaşa­yır­dı. Həmin yer indi də onların adlarını daşıyır.

1747-ci ildə döyərlülər milli adlı qələbəlik və yağmaçı kürd oymağının hücumuna uğramış, lakin Hələb valisi Raqib paşa­nın vaxtında müdaxilə et­məsi nəticəsində böyük zərər çəkmə­mişdir4. Urfa bölgəsindəki bu döyərlülər Salim bəy ailəsinə mən­­sub idilər.

4. Boz-ulus.

Boz-ulusdakı döyərlərin sayı Qanuni dövründə 195 nəfər (vergi ödəyən) idi5. Ağqoyunluların yüksəlişi dövründə döyər­lər­­dən bir bölüyün ağqoyunlu hərəkatlarında iştirak etdiyi müm­­kündür.



5. Kərkük.

Kərkük yörəsində yaşayan döyər oymağı dəftərdə tayfa ki­mi göstərilsə də, əslində əhalisi 45 evdən artıq deyildir6. Bu oy­mağa qaraqoyunlular zamanında yuxarıda verdiyimiz məlu­ma­ta görə mövcud olmuş qüvvətli bir döyər varlığının qalığı kimi baxmaq olar.



6. Sis (Kozan).

XVI əsrdə Sis (indiki Kozan) sancağında sakin olan savcı-hacılu obaları arasında döyərlü adlı bir təşəkkül görünür ki, onun vergi verən əhalisi 64 nəfərdir7.



7. İran.

Şah Abbasın kitabxanaçısı Əfşar Sadıq öz təzkirəsində8 bu boya mən­sub Piri bəydən bəhs edir və onun türkmən olduğunu bildirir. Sadığa görə, Piri bəy şair, musiqişünas və çox əsərləri olan bir şəxs idi. Təsdiqedici dəlil­lərimiz olmasa da, Sadığın sözlərindən döyərlərdən kiçik bir zümrənin (bəl­kə də türkmən boyu ilə birlikdə) İrandakı türk təşəkkülləri arasında yaşa­dığına inanmaq mümkündür.

7. DODURĞA

Təhrir dəftərlərində dodurğa, doturğa, todurğa və toturğa ki­­mi müxtəlif imlalarla yazılan bu oğuz boyuna aid Anadoluda 24 yer adına təsadüf edilir. Bu yer adlarından birinin adı ilə Boluda bir nahiyə var2. XIII əsrin ikinci yarısında Təbrizə ge­dən italyan səyyahı Peqolotti3 Sivasdan sonra Dudriağa deyilən bir yerə gəlir ki, bunun dodurğa olduğuna şübhə yoxdur.

«Bəz­mü Rəzm»də də Zara ilə birlikdə Dodurğa adlı bir böl­gədən bəhs edilir4. Bura Osmanlı dövründə Sivasın şərqin­də, Zaradan bir mənzil məsa­fədə anayol üstündə bir kənd idi. Bu yer ad­la­rından başqa, XVI əsrdə Ana­dolunun müxtəlif yer­lə­rində ol­maq üzrə bu boya mənsub bəzi təşəkküllərə təsadüf olu­nurdu.

1.Ulu-yörük.

Bu türk icması arasında yaşayan dodurğalar II Bəyazid dövrünün ilk il­lərində 202 nəfər vergi verəndən ibarət olub 7 qola ayrılmışdı. Turxal türk­ləri də adlanan dodurğa təşəkkülü XVI əsrin ikinci yarısında bir çox qışlaqlara sahib idi. Onlar digər ulu-yörük oymaqları kimi bu qışlaqlarda əkinçilik edir­dilər. Bu dodurğa oymağının bir qolu XVI əsrin ikinci yarısın­da Amas­yadakı Sarı Qurşun kəndində yerləşmişdi. Onlar şüb­həsiz ki, daha böyük, qə­dim bir dodurğa icmasının qalığıdır5.



2. Tarsus.

Bu bölgədə yaşayan və qaynaqlarda varsaq adlanan türk­mən oymaqları arasında mühüm bir dodurğa oymağı da vardı. Bu oymaq onu idarə etmiş Əsən bəyə nisbətlə əsənlü adını da daşıyır. Əsən bəyin qərargahı Tarsusun şi­malındakı Əsənlü gö­zü idi. Dodurğalardan meydana gələn bu əsənlü boyu iki qola ayrılmış olub, bunlardan biri bozca-dodurğa, o biri ərtənə (ər­dənə) adını daşıyır. Adları çəkilən Bozca və Ərtənə, şübhəsiz ki, Əsən bəyin oğul­larıdır. Çuxurova bölgə­sinə aid 925-ci il (1519) tarixli ən əski dəftərdə bu dodurğalar 34 obaya ayrılmışlar. Oba­lardan hər birinin öz əkin tarlası var. Bundan başqa, Uza­mış və Quzu adlı kəndlər də onlarındır. Dəftərdə dodur­ğanın Beş aşıq və Davud obalarına mənsub bəzi şəxslərin «üləma və süləha» olması səbəbilə «əvarizi-divaniyyə və təkalifi-örfiy­yə­dən» qədimdən azad olduqları qeyd olunmuşdur1.



3. Boz-ulus.

II Səlim dövrünə aid Boz-ulus dəftərinə görə2, buradakı do­durğalar 6 kiçik qola ayrılmış bir oymaqdır. Həmzə və qardaşı Əbdi Kətxudalar, Vəli və Şahin Kətxudalar tərəfindən idarə olu­­nan dodurğa oymağının əslində dulqədirli elinə mənsub ol­duğu bilinir.



4. Ankara.

Ankara sancağına bağlı Xaymana tayfası3 arasında kiçik bir dodurğa oy­mağı var. Bu oymaq Qanuni dövründə eyniadlı bir kənddə yaşayırdı ki, hə­min kənd indi də durur4. Bundan başqa, II Bəyazid dövründə Aksaray yörə­sində də dodurğa adlı kiçik bir oymağa təsadüf olunurdu5. XIX əsrin əvvəl­lərində İranda oğuzların mənşəyi haqda yazılmiş bir risalədə dodur­ğa­lardan mü­hüm bir qismin Türkmən çölündə, yəni Xarəzm türkmən­lə­rinin yurdunda yaşadığı qeyd edildikdən sonra onların çox zərif olmasa da, dö­zümlü və yaxşı qaçan cins atlara sahib olduqları bildirilir6. Ancaq Xarəzm türk­mənləri arasında dodurğaların ol­masını təsdiq edən başqa bir qeyd yoxdur.

8. YAPARLI

Kaşğarinin siyahısında olmayan bu boy Rəşidəddinin siya­hı­sında yaparlı şəklindədir. Heç bir qaynaqda və təhrir dəftərin­də bu boya aid təşəkkül və yer adına təsadüf edilmir. Bu xüsus bəlkə də bu boyun öz adını dəyişdirmiş olması ilə izah edilə bi­lər.

Bu gün Anadoluda Çarıqlı adlı 5 kənd, Çarıqlar adlı başqa kəndlər də var. Bu kəndlərin Kaşğaridə rast gəlinən çarukluğ bo­yu ilə əlaqədar olub-olmaması barədə qəti bir şey söyləmək mümkün deyildir. Adana bölgə­sin­dən Niydəyə köçərək orada yaşayan dündarlı oymağının obaları arasında ver­gi verən 9 nə­fərlik çarıqlı adlı çox kiçik bir təşəkkül, Kütahyaya bağlı Şeyx­­lu qəzasında adı Çarıqlar şəklində yazılmış 142 nəfərlik (vergi verən) bir oymaq da vardı. XIX əsrdə Aydın sancağındakı So­buca qəzasında çadır­lar­da yaşayan çarıq adlı bir oymağın da ol­duğunu bilirik. Onların çarıqluğ boyundan olma ehtimalı çox azdır.

9. ƏFŞAR (AVŞAR)

Əfşarlar XI əsrdən tarixdə mühüm rol oynamağa başlamış və öz adlarını zəmanəmizədək yaşatmış yeganə oğuz boyudur. Rəşidəddində əfşarlar hökm­­dar yetirmiş oğuz boylarından biri kimi xatırlanır. Bu hal əfşar boyu­nun oğuzların islamiyyətdən əvvəlki tarixində də əhəmiyyətli rol oynadığını göstərir.

XII əsrdə Xuzistanda əfşarlar

530-cu ildə (1135/1136) Xuzistanda qələbəlik bir türkmən icması yaşa­yırdı1. Əfşarların və salurların Dəşti-qıpçaqdan, yəni Sır-Dərya boyundan Xu­zistana və Kuhi-Giluyəyə gəlmə­lə­­ri Vəssafın göstər­diyi2 tarixdən bir qədər əvvələ aid olmalıdır. Vəssafın qeydinə görə, əfşarların başçısı Arslan oğlu Yaqub idi. O, Xuzistan qəsəbəsində yaşayırdı. Salur bəyi Məvdud oğlu Sunqur isə Sultan Məsud ilə vuruşan Boz Aba öldürüldükdən sonra Farsa hakim olmuşdu. Yaqub bəy Farsı əldə etmək və ya Sunquru tabeliyi altına al­maq üçün bir neçə dəfə salur bəyinin üstünə yürüsə də, məğlubiyyətə uğ­ramışdır. Onun ölüm tarixi bilinmir, ancaq 547-ci ildən (1152-1153) əvvəl baş verdiyi şüb­­həsizdir. Yaqub bəydən sonra Xuzistandakı əfşarlara Şum­la­nın başçılıq etdiyini görürük. Şumla əfşar bəylərindən birinin adı deyil, lə­qəbi idi. Bu sözün mənası və mənşəyi, məncə, məc­huldur. Şumlanın əsil adı Ay-Doğdu, atasınınkı isə Küş-Doğan (Güc-Doğan) idi. Şumlanın Yaqub bəylə qohum olub-olmadığı da bilinmir. Deyəsən, Şumla onun dövründə Xu­zistanın bir qis­mi ilə Luristanıı bəzi yerlərini idarə edirdi, Şumla əvvəlcə Sul­tan Məsudun axırıncı hacibi, yəni bəylərbəyisi Xas bəyin əmiri və yaxın adamlarından biri idi. Əgər qaynaqlardan biri bizi al­datmırsa, Xas bəyin tə­rəfdarı Zəngi Candar da türkmən idi. Birinci hissədə deyildiyi kimi, Xas bəy öz rəqibləri olan məm­lük mənşəli əmirlərlə mübarizə aparmaq üçün özü ki­mi türk­mən bəylərini başına yığma qayəsini daşıyırdı. Xas bəy 547-ci ildə (1152) Sultan Məhəm­məd tərəfindən hiylə ilə öldürüldüyü zaman Şumla öz zəkası sayəsində canını qurtara bilmişdi. O bu hadisədən sonra Xuzistana gəl­di. O vaxt bura artıq səlcuqlu Mə­lik­şah ibn Məhəmmədin əlinə keçmişdi. Şumla Xuzistana gə­lər-gəlməz dərhal fəaliyyətə başladı, xırda Luristan əmir­lərini özünə tabe etdi3. Həmin dövrdə Bağdaddakı abbasi xəlifəliyi də vəziyyətdən istifadə edərək öz torpaqlarını genişləndirməyə ça­lışırdı. Xəlifə zəif bir şəxsiyyət olan Məlikşahın əlindən Xuzis­tanı almaq üçün 550-ci ildə (1155) buraya bir ordu göndərsə də, Şumla öz əsgərlərini yeridərək onun qo­­şunlarını məğlubiyyətə uğratdı, sərkərdələrini isə əsir aldı (rəcəb-sent­yabr). Lakin Şum­­la onları Bağdada göndərərək xəlifədən üzr istədi, bir qə­dər sonra isə Məlikşahı qovaraq, Xuzistanın müstəqil hakimi oldu1. 551-ci ildə (1156) səlcuqlu hökmdarı Sultan Məhəmməd xəlifəyə öz hakimiyyətini tanıtmaq üçün Bağdadı mühasirəyə al­dığı zaman xəlifənin təhriki ilə Azər­baycan hakimi Eldəniz və digər bəzi əmirlər Məlikşahı sultan elan etmiş və paytaxt Hə­mədan ələ keçirilmişdi. Şumla da Məlikşahın tərəfdarı kimi Hə­mədəna gəlmişdi2. Bir il sonra Şumla xəlifənin əmirlərindən Kaymazı məğ­lub edərək əsir aldığı və Sultan Məhəmmədə gön­­dərdiyi üçün xəlifə onun üzə­rinə böyük bir ordu yollamış, an­caq əfşar bəyi bir kənara çəkilərək ordu ilə vuruş­mamış­dı3.

554-cü ildə (1159) ölkəsi əldən gedən Məlikşah məiyyətində həmədanlı Sunqur və Kovdan kimi böyük əmirlər olduğu hal­da Xuzistana girdi. Şumla onun qarşısına çıxsa da, məğlub oldu və bir qalaya sığınıb gizləndi. Xora­sa­nı alan Məlikşah Farsı da iş­ğal etmək üçün hərəkətə keçdi4. Nəticədə Şumla kimi Fars ha­kimi Zəngi də Məlikşahı süzeren tanı­yaraq hər ikisi onun yaxın əmirlərinə çevrildi. Hətta həmin il (554) Sultan Məhəmməd öl­dükdə bəzi məliklər səlcuqlu taxtında əyləşmək üçün məhz Mə­likşahı dəvət elədilər. Mə­likşah bu məqsədlə yanında Şumla və Zəngi olduğu halda İsfahana gəldi. Burada başqa əmirlərin də ona qoşulması ilə qüdrəti artan Məlikşah xəlifə­dən öz adına xüt­bə oxunmasını xahiş etdi. Ancaq bir müddət sonra o, zəhər­lə­nərək öldü. Onun zəhərlənməsində xəlifənin əli olduğu ehti­mal edilsə də, gərək ki bu, doğru deyil5. 555-ci ildə səlcuqlu tax­tına Arslan şah çıxdı. An­caq bütün iqtidar onu taxta çıxaran El­dənizin əlində idi. Əvvəlcə Rey haki­mi olan əmir İnanc bu işə na­razılığını bildirdi və çox keçmədən bir sui-qəsd nəticəsində ortadan götürüldü.

Şumla Fars hakimi Zəngi kimi Arslan şaha tabe olduğunu bil­dirdi və Məlikşahın oğlunun atabəyi oldu. 561-ci ildə (1166) Şumlanın qardaşı oğlu, yəni Şənka oğlu qudası – Bəsrə valisi Mən­gü-barsın xəlifə tərəfindən öldü­rül­düyünə hirslənərək həm Bəsrəni, həm də Vasit tərəflərini yağmaladı. Bu­na cavab olaraq xəlifənin Vasit valisi Hutlu-bars qoşun toplayaraq Şənka oğlu­na qarşı çıxsa da vuruşmada məğlubiyyətə uğrayıb öldürüldü1. Həmin il Şumla da hərəkətə keçərək Bağdadın ətrafındakı əl-Mahkiyə gəldi və xəli­fədən xeyli torpaq tələbində bulundu. Şumla xəlifəyə Vasit və Bəsrənin Sul­tan Arslan şah tərəfindən Məlikşahın oğluna iqta olaraq verildiyini və özü­nün həmin şah­­zadənin atabəyi sifətilə hərəkətə keçdiyini bildirdi. Ancaq qar­­daşı oğlu Qılıncın xəlifə ordusu ilə vuruşmada məğlub oldu­ğunu və əsir düş­düyünü öyrənən Şumla Xuzistana qayıtdı2.

564-cü ildə (1169) Fars hakimi salqurlu Zənginin əsgərləri Şumlanı Far­sa dəvət etdilər. Bunun səbəbi Zənginin əsgərlərə qarşı pis rəftarı idi. Farsa gə­lən Şumla vuruşmada əsgərlərinin xəyanətinə uğrayan Zəngini asanlıqla məğlub etdi. Zəngi Şabankarə kürdlərinə sığındı. Onlar Zəngiyə əsil qo­naq­sevərlik göstərdilər. Şumlaya gəlincə, onun xalqa qarşı pis rəftarı bir yana, üstəlik, qardaşı oğlu Şənka oğlu da ölkəni yağ­ma­lamışdı. Buna görə də əs­gərlər onu çağırdıqlarına çox peş­man olmuşdular. Nəticədə Zəngi Şaban­karədən gələrək öz öl­kə­sinə asanlıqla hakim oldu3. Çox gözəl bir fürsəti əlin­dən qa­çıran Şumla isə Xuzistana qayıtdı. Şumla təkcə Xuzistanı deyil, ona qonşu olan Əhvaz bölgəsini də əlində tuturdu. Ancaq o bunlarla kifayət­lənmir, Nihavəndi də ölkəsinə qatmaq istəyirdi. Bu məqsədlə atabəy El­də­nizdən dəfələrlə böyük məbləğ əvə­zin­də Nihavəndi istəsə də, məqsədinə nail ola bilməmişdi. An­caq 571-ci ildə (1175) Eldəniz öldükdə bunu gözəl bir fürsət he­sab edən Şumla qardaşı oğlu Şənka oğlunu göndərərək şə­hə­ri ələ keçirdi4. Bir il sonra Şənka oğlu Bağdada bağlı əl-Mahki yörəsində bir qala tikdirməyə giriş­mişdi. Ancaq xəlifənin gön­dər­diyi qoşunla müharibədə öldü­rüldü və başı Bağdada götü­rül­dü5. İgid bir savaşçı olan Şənka oğlunun ölümü Şumlanı qüv­­vətli bir köməkçidən məhrum etmişdi. Əslində bundan son­ra özü də çox yaşamadı; 571-ci ildə tabeliyi altında olma­yan bir türkmən elatının üstünə hücum etdi və heç gözləmədiyi halda atabəy Pəhləvanın or­du­su ilə qarşılaşdı. Sən demə, onun məq­sə­dini sezmiş türkmənlər atabəydən kömək istəmiş, bəzi səbəb­lər üzündən əfşar bəyini sevməyən Pəhləvan da bir ordu göndə­ribmiş. Vuruşma zamanı Şumla atılan bir oxla ağır yaralanıb əsir alındı. Qardaşı və qardaşı oğlu da əsir düşmüşdülər. Özü isə iki gün son­ra aldığı yaradan öldü6.

Əmir Şumla cəsur, zəki və ağıllı bir şəxsiyyət idi. Sırf bu məziyyətləri sa­yəsində Xuzistanı və bəzi qonşu yörələri əhatə edən bir bəylik qurmuşdu. Şumlanın yerinə oğulların­dan biri - Şərəfəddin Əmiran keçdi. Səlcuqlu hökm­darı Arslan şah 572-ci il­də (1177) öldükdən sonra onun qardaşı (o, Xu­zistanda Şum­la­nın oğlu Şərafəddin Əmiranın yanında idi) Məhəmməd səl­tə­nə­ti ələ keçirmək məqsədilə Şumlanın oğlunun tövsiyəsinə uya­raq İs­fahana gəldi. Orada Kaymaz oğlu Kavşut və bəzi əmir­lər Məhəmmədin ətra­fına yığışdılar. Ancaq Pəhləvan sü­rət­lə özünü yetirib onu məğlubiyyətə uğ­rat­dı. Məhəmməd Xu­zistana qaçsa da, Şumlanın oğlu Pəhləvandan qorxdu­ğu üçün onu öz ölkəsinə buraxmadı. Məhəmməd məcburən Vasit tərəf­lə­rə getdi1. Bu əh­valatdan sonra əsərlərdə uzun müddət Şum­lanın oğulları haqda hər hansı bir qeydə təsadüf edilmir. Zənni­mizcə, Şərafəddin Əmiranın bizə məlum olmayan bir tarixdə ölü­mündən sonra qar­daşı Müzəffərəddin Sü-Sı­yan onun yerinə keç­mişdir. Sü-Sıyan özü 590-cı ildə (1194) öldükdə oğul­ları ara­sına münaqişə düşdü. Onlardan biri Bağdad xəlifəsindən kö­mək is­tədi. İllər­dən bəri Xuzistanı ələ keçirməyi arzulayan ab­basi xəlifəsi ən-Nasir li-dinillah vəziri ibn ül-Qəssabın sərkər­də­liyi altında bir ordu göndərdi. İbn ül-Qəssab 591-ci ilin mə­hərrəm ayında (dekabr, 1194) Xuzistanın paytaxtı Tüstəri (Şü­stər) və bir çox qalaları zəbt etdikdən sonra Şumlanın ailəsini yı­ğıb Bağdada apardı. Beləliklə, Xuzistanda əfşar Şumla və oğullarının ha­ki­miyyəti sona yetdi, ölkə isə xəlifənin torpaqları sırasına qarışdı.

Əldəki mə­lu­mata görə Şumla və oğullarının şə­cərəsi bu şəkil­dədir:


Anadolu

Bu ölkəyə gəlincə, XVI əsr təhrir dəftərlərində əfşar adla­nan çoxlu yer adı görünür, miqdarına görə onlar kayılardan sonra ikinci yerdə durur. Di­gərləri kimi bu yer adları da Ana­do­lunun orta və qərb bölgələrindədir. Hətta Rumelidə də bu boya aid bir neçə yer adı görünür. Bunlar onu göstərir ki, əfşarlar Türkiyənin fəthində və məskunlaşdırılmasında kayı və kınıklar kimi birinci dərəcəli rol oynamışlar.

Yazıçıoğluna görə, Qaraman oğulları əfşar boyuna mənsub­durlar. Doğ­ru­dan da, təqribən 1300-cü ildə naməlum müəllif tə­rəfindən yazılmış «Er­məni tarixi»ndə əfşar oymağının bəyi İslamın 1254-cü ildə İskoriya sahilin­də­ki Krakka şəhərini yağ­ma­ladığı bildirilir. Bu şəhərin Silifkə - Mərsin ara­sında dəniz sa­hilindəki Korikos (indiki Qız qülləsi) olması ehtimal edilir. Hə­min əsərə görə, İslam bəy bir az sonra ölmüş və həmnn şə­hər Sorum adlı başqa bir türkmən bəyi tərəfindən yağma­lan­mışdır1. Bu bəylərin Qaraman oğulları ilə bağlı olmaları ehti­malı çoxdur.
Şimali Suriya əfşarları (XII-XV əsrlər)

XIV-XV əsrlərdə əsasən Hələb, Antəb və Antakya bölgə­sində yaşa­yan türkmənlərin boz-ox qolunu təşkil edən boyların başında əfşarlar, sonra isə bayatlar gəlirdi. Yəni əfşarlar boz-ox qolunun ən böyük, ən qüvvətli bo­yu idi.

Aşağıda Türkiyədə və İrandakı varlığından bəhs edəcəyi­miz əfşar oy­maq­larının Orta və Qərbi Anadoludakı bəzi kiçik oy­maqlar istisna olmaq üz­rə hamısı bu ana qoldan ayrılmışdır. Yenə aşağıda görüləcəyi üzrə, dul­qə­dirli ulusu arasında imanlı əfşarı adlı mühüm bir əfşar qolu, Sis (Kozan) yörəsində isə güc­lü bir əfşar oymağı vardı. Onların dulqədirli bəyliyinin ya­ranması və Sisin məmlüklər tərəfindən fəth edilməsi nəticə­sin­də Şimali Suriyadakı əfşarlardan ayrılmış qollar olduğu şübhə­sizdir.

XV əsrin əvvəllərində əfşarlar, bayat və inallılar məmlük əmir­ləri ara­sın­­dakı çəkişmədən sui-istifadə edərək yağmaçılığa qurşandıqları üçün məm­­lük əmiri Çəkim onlara qarşı şiddətli hə­rəkətə başlamışdı. Hətta bu üz­dən onlardan bir qismi ağqo­yunlu Qara Yölükə sığınmışdı. Ancaq Çəkimin öldürülmə­sin­dən sonra yurdlarına qayıtdılar və məmlüklər arasındakı daxili çəkişmələrdə iştirak etdilər.

Əfşarların daha sonra yenə bayat və inadlılarla birlikdə Qa­ra Yölükün müttəfiqi kimi qaraqoyunlu Qara Yusifə tabe Mar­din bölgəsini yağma və təxrib etdiklərini bilirik. Hətta bu hadisədən sonra Qara Yusifin 821-ci ildə (1418) Qara Yölükü qovaraq Antəbə gəlməsi nəticəsində bu boylar da qa­ra­qoyun­lu­lara intiqam hədəfi olmamaq üçün öz yurdlarını buraxıb Trab­lis yö­rələrindən Saftaya getmişdilər. Onlar burada da bəzi yağma­çılıq hərəkət­lə­rində bulundular. Trablis valisi Baybars onların bu hərəkətlərinin qarşısını al­mağa çalışdı və Qara Yusifin çıxıb getdiyinn bildirərək öz yurdlarına qa­yıt­­malarını xahiş etdi. Əf­şarlar və başqaları köçməyə hazırlaşdıqları zaman Baybarsın da­varlara gözü düşdü və onlara hücum etdi. Lakin ağır bir məğ­lu­biyyətə uğradı1.

Əfşarlar və bayatlar ağqoyunlularla dostcasına münasi­bət­lə­rini davam et­­dirdilər. Uzun Həsən bəyin ilk zamanla­rında yaxın nökərləri (silahdaşları) arasında bu boya mənsub Mənsur bəyi görürük2. Onun Şimali Suriyadakı əf­şar­lardan olduğuna şübhə yoxdur. Həsən bəy qaraqo­yunlu Cahan şahı məğ­lub edərək, İra­­na hakim olduqdan sonra Mənsur bəy öz buyruğundakı əf­şar­larla birlikdə İrana getmişdir. Bu barədə aşağıda ayrıca danı­şılacaqdır.

Şimali Suriya əfşarları əsasən üç ailə tərəfindən idarə olu­nurdular. Bun­lar Köpək oğulları, Gündüz oğulları və Qut bəyi oğullarıdır. Bu üç ailənin idarəsi xaricində qalan bir əfşar züm­rəsinin olub-olmadığı bilinmir. Bu ailə­lərdən Köpək oğullarının Antəb bölgəsində, Gündüz oğullarının Amik ova­sında, Qut bə­yi oğullarının isə Hələb dolaylarında yaşadığı məlumdur.

A. Köpək oğulları.

Bu ailəyə öz adını vermiş Köpək haqqında heç bir məlu­matımız yoxdur.

Yəzdli Şərafəddinin verdiyi məlumata görə3 Teymur 1401-ci ildə Də­məşq­dən qayıdarkən köpəklu türkmənləri Fərat sahi­lin­də çağatay ordusunun yolunu kəsmişdilər. Xümusa çatdıqda ordunun mərkəz qolundan 5.000 nə­fər­lik qüvvə Xəlil sultanın sərkərdəliyi altında onların üzərinə göndərilmişdi. Onlar yol üs­tü Antakya ətrafını yağmaladıqdan sonra Hələb dolaylarına gə­lən sol qol ilə birləşərək, Rum-qalada türkmən­lərə hücüm et­mişdilər. Türk­mənlər müdafiə olunsalar da, məğlubiyyətə uğra­mışdılar, başçıları Şeyx Hü­seyn öldürülmüş, onun qardaşları isə çölə qaçmışdılar. Çağataylar çoxlu qə­ni­mət ələ keçirmiş­di­lər. Ancaq Hüseyn Köpək oğlunun öldürül­məsi barə­də Şəra­fəd­dinin sözləri, deyəsən, doğru deyildir. Çünki indi bəhs ediləcək ha­disələrdə köpəklu türkmənlərinin başında Hüseyn adlı bir bəy durur.

Haqqında danışılan hadisələrdən bir neçə il sonra Köpək oğlu Hüseyn bəy Ankara vuruşması nəticəsində meydana çıxan qarışıqlıqdan sui-istifadə edərək Artuq-ovaya yerləşmiş, Tokat bölgəsində yağma və dağıntılarda bu­lunsa da, Çələbi Məhmət tə­rəfindən məğlub edilərək geri oturdulmuş­du4. Ancaq Hüseyn bəyin taleyi ona cənubda yar oldu. 807-ci ildə (1104) Dul­qədir oğlu Məhmət Darəndəni, Qara Yölük Ruhanı zəbt edərkən Kö­pək oğlu Məhmət də Malatyanı ələ keçirmişdi5. 811-ci ildə (1409) Hələb valisi Də­mirtaş Sultan Fərəcin üsyana qalxmış əmiri Novruzun üzərinə yürüyəndə məiyyətin­dəki türkmən bəy­ləri arasında Köpək oğullarından Ay-Doğmuş da vardı. Hətta Dəmirtaş ordu­sunun avanqardını köpəklular təşkil edirdi. Hə­min avanqard Novruzun avanqardını məğlub etmiş, nəticədə Novruz da məğ­lubiyyətə uğramışdı1. 812-ci ildə (1410) Sultan Novruzun günahından keçərək onu Dəməşq valisi təyin etdi. Novruzla üsyançı əmir Şeyx arasında Asi çayının sahilində baş verən vuruşmada köpəklular da iştirak etmişdilər. Ancaq onla­rın kimin tərəfində vuruşduqları barədə tarixçilər arasında ix­tilaf var. Ancaq bu vuruşmada əfşarların Novruz ordusunda ol­duqları bilinir. De­məli, köpəkluların da həmin əmirin səfində yer aldıqları ehtimal oluna bilər. Məkrizinin bildirdiyinə gö­rə2 vuruşmanın çətin bir anında Şeyxin qalib gə­ləcəyini görən əf­şarlar onun tərəfinə keçmişlər və bu, Novruzla Dəmirtaşın məğ­­­lubiyyətində mühüm amil olmuşdur.

813-cü ildə (1410) Hələb valisi Qorxmaz dulqədirli ulusu­nun ən böyük boylarından biri olan doqquz boyunun başçısı Bi­şan oğulları ilə vuruşmaq üçün Köpək oğullarını və Gündüz oğlu Gördü bəyi əsgərləri ilə birlikdə öz yanına çağırmışdı. An­caq bu bəylər gecikdilər. Qorxmaz Bişan oğullarına Ma­raşla Köy­nük arasındakı yurdlarında basqın etdi. Vuruşmanın axır­la­rına yaxın Köpək oğulları Ay-Doğmuş və Hüseyn bəy 200 at­lı ilə gəlib çıxdılar. An­caq Ay-Doğmuş Qorxmazın üzünə ox at­dı. Buna görə Qorxmaz Antəbə gələndə Hüseyn bəyi və onun yaxın adamlarını həbs edərək, Hələbə göndər­di. Ancaq yolda türkmənlər öz bəylərini və onunla birlikdə həbs edilənləri xilas etdilər3.

Hüseyn bəyin bu hadisədən sonra Malatyanı ələ keçirdiyi məlumdur. 815-ci ildə (1412) sultan olan Şeyx 817-ci ildə (1414) Hələbdən Darəndəyə, oradan da Malatyaya gəlmiş və buraya öz məmlüklərindən Gözəli vali təyin etmişdi. Hüseyn bəyə gəlincə o, Şeyxin yaxınlaşdığını öyrənən kimi şəhər­dən çı­­xıb getmişdi4. Ancaq Hüseyn bəy iki il sonra Malatya valisi Gözəli məğ­­lub edərək, şəhəri ələ keçirdi5. Ertəsi il məmlük sul­tanı Şeyx əl­dən çı­xan yerləri geri almaq və türkmənləri ram et­mək üçün şəx­sən səfərə çıxdı. Hələbə çatanda Hüseyn bəyi Ma­­latya­dan qovmaq üçün Dəməşq valisinin sər­kərdəliyi altın­da bir ordu göndərdi.

Bu ordunun tərkibində əfşarlardan və inallulardan 500 nə­fər­lik bir piya­da bölüyü vardı. Bu, Qut bəyi oğulları əfşarı və ya müstəqil bir oymaq idi. Şeyx Maraşın cənubundakı Köynük­də ikən Dəməşq valisindən gələn bir mək­­tubda Köpək oğlu Hü­seyn bəyin Malatyanı yandırıb Divriyi tərəflərə getdiyi bildi­ri­lir­di. Sonra onun Divriyidən də Osmanlı ölkəsinə keçdiyi öy­rə­nildi1. Ancaq Şeyx Misirə qayıdan kimi Hüseyn bəy təkrar məm­lük tor­paq­­larında peyda oldu. Darəndə valisi onun qarşı­sı­na çıxsa da, əsir alınıb öl­dürüldü2. Bunun ardınca Hüseyn bəy Ma­latyanı mühasirəyə aldı, lakin bir qədər sonra mühasirəni qal­dıraraq, qaraqoyunluların Ərzincan valisi Pir Ömə­rin yanına getdi. Burada bir gecə yuxuda ikən Tağrı-Birdi adlı bir məm­lük əmiri tərəfindən öldürüldü (3 cəmadiyüləvvəl, 821 - 8 iyul 1418).

Bu Tağrı-Birdi Malatya mühasirəsi zamanı şəhərdən çıxıb ona sığın­mışdı. Ancaq bu, bir hiylə idi. Tağrı-Birdi Malatya va­li­sinin də məs­ləhəti üz­rə imkan tapıb Hüseyn bəyi öldürmək üçün belə hərəkət etmişdi3. Bu min­valla Şeyx onu xeyli narahat edən Hüseyn bəydən qurtuldu. Çərkəz məm­lüklərinin məğlub edə bilmədikləri türkmən bəylərini sui-qəsdçilər əlilə ortadan qaldırmağa əskidən bəri adət elədikləri müşahidə olunur. Hal­buki türkmənlər bu üsula əl atmırdılar. Həqiqətən cəsur, fəal və gözəl bir savaşçı olan Hüseyn bəyin aqibəti belə oldu. Zənni­mizcə, o, Malatya bölgəsində bir bəylik yaratmaq qayəsini gü­dür­dü. Hüseyn bəydən sonra Köpəklu əfşarla­rının başçısı onun qardaşı Əsləməz olmuşdur. Əsləməz 839-cu ildə (1435/ 1436) digər bir əfşar bəyi olan Qut bəyi oğlu Məhmətlə Sultan Baybar­sın qo­humu Can bəy Sufinin yanına gedib onunla birlikdə Malatyanı müha­si­rə­yə almışdı4. Ancaq Əsləməz sonra Can bəy­dən ayrılaraq Qahi­rəyə gəldi və Baybarsın ənam və il­ti­fat­larına məhzər oldu5.

Əmir Yeşbəy Dulqədir oğlu Şahsuvar bəylə vuruşmaq üçün Hələbdə olarkən (zilhiccə, 875-may-iyun, 1471) türkmən bəy­ləri onun hüzuruna gəl­miş­dilər. Əsləməz oğlu Məhəmməd də on­ların arasında idi6. Beləliklə, Kö­pək oğulları haqqında məm­lük tarixlərindəki qeydlər bunlardan ibarətdir. Bu ailənin sonra­kı taleyi haqqında məlumatımız yoxdur.

Osmanlı dövrünün ilk illərində köpəklu əfşarının başında Tukak bəy oğ­lu Əmənlik bəy dururdu. Ancaq bu bəylərlə yu­xa­rıda adı çəkilən bəylərin qohumluq münasibətləri haqqın­da bir şey söyləmək mümkün deyil.

Əfşar Köpək oğullarının şəcərəsi:

B. Gündüz oğulları

Əfşarların ikinci ailəsinin yurdu Amik ovasında idi. Bu gün Qırıq xan­dan Xassaya gedərkən 12-ci kilometrdə yoldan təqri­bən 800 metr solda də­yirmanların yerləşdiyi sulu və yaşıl sa­hə­nin bu ailənin yurdu olduğu bilinir. Bura bu gün də Gündüzlü ad­lanır. Bu yer Çuxurovaya gedən kəsə boğaz yo­lunun başında olduğu üçün nəqliyyat baxımından əskidən bəri mühüm bir yer sayılırdı. Həcc qafilələri və ticarət karvanları qısa olduğu üçün bu yola üs­tünlük verirdilər. Gündüzlüdən sonra bu məntəqələr va­sitəsilə birbaşa Pa­ya­sa enmək mümkün idi: Alan yaylası, Qa­tır Holuğu, Buzdonduran, Paç (Bac), Payas. Qırıq xanın şima­lında, Gündüzlünün cənub-qərbindəki Dərb­sak qalasının çox vaxt bu ailənin əlində olduğunu bilirik.

Gündüz oğullarından tanıdığımız ilk bəy Gördü bəydir. O, ey­ni zamanda ailənin ən məşhur şəxsiyyətidir. Məmlük əmiri Çəkimin Qara Yölükün üzə­rinə səfəri zamanı ölməsi nəticə­sin­də (17 zülqədə 809 - 25 aprel 1407) Hə­ləb yenə məmlük əmiri Tə­mür Buğa əl-Məştubun əlinə keçmişdi. Təmür Bu­ğa da Çə­kim kimi Hələb bölgəsindəki türkmənləri itaət altına almaq is­tədi və bu məqsədlə Gördü bəyin üstünə səfərə çıxdı. Gördü bəy bu zaman Amik ovasını bütünlüklə hakimiyyəti altına al­mış­dı. Amik ovasında baş ve­rən bir vuruşmada Təmür Buğa ağır surətdə məğlub oldu. Başı pozuq halda Hələbə qayıdan Tə­mür Buğanın yanında çox az adam qalmışdı (810-1408)1. O bi­ri il (811-1409) Gördü bəyi üsyançı əmirlərdən Novruz ilə vu­ruşmağa gedən Hələb valisi Dəmirtaşın yanında görürük. Əs­lin­də, Gördü bəylə Də­mir­taş arasında səmimi dostluq müna­si­bəti vardı.

Ertəsi il Dəmirtaşın tövsiyəsi ilə sultan tərəfdarı Novruz üs­yançı əmir Şeyx ilə Asi çayı sahilində üz-üzə gəldi. Novruzun ordusunda Hələb valisi Dəmirtaşdan başqa Dulqədir oğlu Əli bəy, Gündüz oğlu Gördü bəy, Köpək oğlu (?) əfşarlardan Qut bə­yi oğlu Məhmət, bayatlardan Bozca bəy vardı. Vuruşmada Şeyx qalib çıxdı. Məğlub olan Novruz Xama şəhərinə sığındı. Dəmirtaş, Dul­qədir oğlu Əli bəylə Gördü bəy də yanında idi. 814-cü ilin rə­biül-axırında (iyul-avqust, 1411) Gündüz oğlu Gör­dü bəy An­tak­yanı Özər oğlunun əlindən almışdı1.

Şeyxin sultan olmasını qəbul etməyən Novruz 816-cı ildə (1413) Hə­lə­bə hücum etdi. Bunu eşidən Hələb valisi Dəmirtaş şəhərdən çıxaraq Amikə getdi, orada dostu Gördü bəy və onun qardaşı Ömər bəylə görüşdü2. 817-ci ilin zülqədə ayında (yan­var-fevral, 1415) Hələb valisi İnal əl-Süslani Gördü bəyin üzə­ri­nə yürüş etdi. Yürüşün səbəbi bilinmir. İnalla qarşılaş­mağa cə­sarət etməyən Gördü bəy qaçmış və Hələb valisi gündüzlü­lərin çoxlu qoyu­nu­nu ələ keçirmişdi. Gördü bəy dulqədirli Əli bəyin yanına gələrək ondan Hə­ləb valisi ilə barışmaqda vasitəçi olmasını xahiş etdi. Dulqədir oğlunun vasitəçiliyi ilə barışıq əl­də edildi və Gördü bəy Amikə qayıtdı3. Ancaq bir qədər sonra (rəbiül-axır, 818 - iyun-iyul, 1415) Hələb valisi İnalın təkrarən Gördü bəyin üstünə yürüdüyünü görürük. İnalın yanında Trab­lis valisi Su­dun bin Əbdürrəhman da vardı. Gördü bəy onların gəldiyini görcək Gavur dağ­larına sığındı. İnal türkmənlərin qo­yun və sığırlarının çoxunu zəbt etdik­dən sonra Gündüz oğulla­rına mənsub Dərbsak qalasını mühasirəyə aldı, mü­hasirənin üçüncü günü qalanı tutdu.

Gördü bəy və oymağının çoxu qaçdı. Bəyin özü Maraşa get­di, gündüzlü əf­şarları isə Gündüzün nəvəsi Dəmirxan oğlu Farisin ətrafına yığışdılar4. Hələb valisinin Gördü bəyə hücumu, şübhəsiz ki, məmlük hökmdarı Şeyxin buyruğu ilə təşkil olu­nur­du. Türkmənlərin məmlük dövləti üçün təhlükəli bir ünsür olduğunu bilən Şeyx onların qüvvəsini zəiflətmək siyasətini gü­dürdü. Hətta türkmənlərin əlinə keçmiş bəzi yerləri geri al­maq və onları ta­mamilə özünə tabe etmək üçün 820-ci ildə (1417) Misirdən Suriyaya hərə­kət etmiş, yolda Dulqədir oğlu Əli bəy, Gündüz oğlu Gördü bəy və Saq­qal­sız oğlu Toğruldan bağışlanmalarını xahiş edən və itaətlərini bildirən mək­tub­lar almışdı5.

Gördü bəylə bağlı son məlumatımız onun 824-cü ildə (1421) Hələbdə Tatarın əmri ilə öldürülməsidir. Əl-Məlik ül-Müəyyəd Şeyx 824-cü ildə öl­dükdə dövlətə hakim olan Tatar müxalifəti ləğv etmək məqsədilə Dəməşqə, oradan da Hələbə gəlmişdi. O burada olanda ətrafdakı türkmən bəyləri hü­zu­runa gəlmişdilər. Gördü bəy də onların arasında idi. Ancaq digər türkmən bəylərinə xələt geyindirildiyi halda, Gördü bəy Tatarın əmrilə asılaraq öldü­rül­dü. Tatar bunu sırf Təmür Boğa əl-Məş­dubun 810-cu ildəki məğlu­biy­yə­ti­nin qisasını almaq üçün et­mişdi. Çünki məğlubiyyətdən sonra Təmür Buğa ilə Hələbə qa­çan­lardan biri də özü idi. Adının əksinə çərkəz olan Tatar o qə­dər kinli bir insan idi ki, itaətini bildirmək üçün hüzuruna gəl­miş bir əmir­dən çox köhnə və adi bir hadisənin intiqamını al­maqda tərəddud etmə­mişdi. Halbuki Gördü bəy məmlük tarix­çiləri üzərində böyük təsir buraxmış əmir idi. İbn Tağrı-Birdi onun böyük bir əmir olduğunu və zamanında yolun təh­lükəsiz olduğunu yazır1.

Gördü bəydən sonra onun yerinə kimin keçdiyi bilinmir, 875-ci ildə (1471) gündüzlü əfşarlarının başında Ömər bəy du­rurdu. O, oymağı ilə bir­lik­də Amik ovasında yaşayırdı2. 887-ci il­də (1482) isə Gündüz oğullarından Məhmət bəy ta­rix səhnə­si­nə çıxdı. Həmin il Çuxurovanı istila edən Osmanlı ordusu ilə türkmənlər arasında baş verən vuruşmada türkmənlər məğlub ol­­dular. Ramazan oğlu Ömər bəy əsir alındı. Gündüz oğlu Məh­­­mət bəy həlak ol­du, Özər oğlu isə qaçıb canını qurtardı3.

Gündüzlü əfşarlarından bir qol İrana getmişdir ki, ondan sonra bəhs edi­ləcəkdir.

Gündüz oğulları şəcərəsi:

Bu əfşar ailəsi Hələb dolaylarındakı əfşarların başçısı idi. Onlar Qut bəy­li adı ilə tanınmışlar. Bu ailəyə mənsub Məhmət bəy 812-ci ildə (1410) Novruzla Şeyx arasında baş verən vu­ruş­mada Şeyxin əsgərləri tərəfindən əsir alınmışdı4. 839-cu ildə (1435/1436) Can bəy Sufi ilə birləşib onunla bir­likdə Malat­yanı mühasirəyə alan Qut bəyi oğlu Məhmət5 eyni şəxsdirlər. Qut bəylilərin Uzun Həsənlə qaraqoyunlu Cahan şah Mirzənin sərkərdəsi Tar­xan oğlu Rüstəm arasında 1457-ci ildə baş verən müharibədə ağqoyunlu ordusu səflərində olduqları bilinir6. Bu ailəyə dair başqa məlumatımız yox­dur.



XVI və XVII əsrlərdə əfşarlar

Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin