2. Şam və Trablis ətrafındakı bayatlar
Bayatlara məxsus bəzi kiçik oymaqlara XVI əsrdə Şam və Trablis ətrafında yaşayan türkmənlər arasında rastlanılırdı. Onlardan Şam ətrafında yaşayan oymaq çox kiçik olub sayı ancaq 39 ev idi. Trablis yörəsindəki oymaq isə biri 73, digəri 64 nəfər (vergi verən) olmaqla iki qola ayrılmiş və o bölgədəki səlluriyyə (salur) təşəkkülünə bağlı idi1. Bu bayat obalarının Hələb türkmənləri arasındakı ana boydan ayrıldıqları anlaşılır.
3. Boz-ulus bayatları
XVI əsrdə boz-ulus arasında ancaq iki bayat oymağı vardı. Bunlardan biri əsil boz-ulus elatında, digəri isə boz-ulusun dulqədirli təşəkkülləri arasında idi. II Səlim dövründə yazılmış boz-ulus dəftərinə görə əsil boz-ulus qolundakı bayat oymağının əhalisi vergi verən 206 nəfərdən ibarət idi. Boz-ulusun dulqədirli qolunda olan və şam bayatı adlanan oymağın əhalisi isə 344 nəfər (vergi verən) idi2.
4. Dulqədirli bayatları (Şam bayatı)
Dulqədirli elinə daxil olan bayatlar Şam bayatı adlanırlar. Adından da göründüyü kimi, bu bayat qolu Şimali Suriyadakı bayatlara mənsubdur. Həmin bayat qolunun böyük bir qisminin Boz-ox bölgəsində yurd saldığı bilinir. Bundan başqa, Yeni-eldə, ulu-yörüklər arasında və gördüyümüz kimi, boz-ulusun dulqədirli qolu içində də bəzi şam bayatı oymaqları vardır.
Şam bayatı oymağının diqqətəşayan bir cəhəti də onun qaçar boyunun təşəkkülündə oynadığı roldur, qaçar (İran qaynaqlarında qacar) boyuna dair ən qədim məlumat 897-ci ilə (1491/1492) aiddir. Bu tarixdə qacarlar əsasən Azərbaycanın Qarabağ bölgəsində yaşayırdılar. Ağqoyunlu xanədanına mənsub olan və İbə Sultan adı ilə tanınan Dana Xəlil oğlu İbrahim bəy 987-ci ildə qacar ləşkəri ilə birləşərək, ağqoyunlu xanədanından Maqsud bəy oğlu Rüstəm bəyi hökmdar etmək üçün onu həbsə salındığı Əlincə qalasından çıxarmışdır3. İbə Sultan onu ağqoyunlu taxtına çıxardıqdan sonra 898-ci ildə (1492/1493) yenə qacar ləşkəri ilə birlikdə Gilana səfər etmişdi4. Daha əvvəl də deyildiyi kimi, ehtimal ki, qacar sözü bir şəxsin adı ilə bağlıdır. Qacarlar sonra Şah İsmayılın xidmətinə daxil olaraq səfəvi dövlətinin qurulmasında rol oynamışlar. Bu təşəkkül XVI əsrdə Şam bayatı, ağca qoyunlu, ağcalı və yıva obalarından meydana gəlmişdi. Bu oymaqların ana qolları Boz-ox bölgəsində yaşayırdı. Bu xüsus qacar boyunun Anadoludakı Yozqat bölgəsindən Azərbaycana ağqoyunlu dövründə getdiyinə heç bir şübhə yeri qoymur.
a) Boz-ox.
Boz-oxdakı Şam bayatı bu bölgənin Gədük yörəsində yaşayırdı. Bu yörə Kayserinin şimal-şərqində, Gəmərək ilə Mancılıq arasındakı torpaqları əhatə edirdi. Burada yaşayan Şam bayatları əsasən xızırlı, həsəncili, kəsməzli, şeyxli, şərqili, qızıl donlu və qaraca-qoyunlu kimi oymaqlara ayrılmışdı. Bu obalar tarlalarında əkinçilik edir, qışda Suriyaya gedirdilər. Ancaq XVI əsrin ikinci yarısında Şam bayatları qışda Suriyaya getməkdən vaz keçmişlər.
b) Yeni-el.
Bu eldə yaşayan Şam bayatı qolu ancaq 5-6 obadan ibarət idi. Tatar-əlili müstəsna olmaqla digərləri Boz-ox yörəsindəki şam bayatı obalarının qollarıdır.
c) Ulu-yörük.
Ulu-yörük icmasına bağlı təşəkküllərdən biri də inallu oymağıdır ki, o, Şimali Suriyadakı inalluların bir qoludur. Amasya ətrafında yaşayan inallu təşəkkülünün arasında şam bayatı adlı bir neçə oba vardı1. Əvvəlcə də dediyimiz kimi, bu hal bayatlarla ilallular arasında qəbiləvi bir qohumluqla əlaqədar ola bilər.
ç) Ankara.
Şam bayatına mənsub iki kiçik oymağın da 929-cu ildən əvvəl (1522) Ankaranın Kalecik qəzasında yurd saldığı bilinir. Onlardan biri Çuna, digəri isə Tavşancıq kəndlərində yerləşmişdi2.
d) Maraş.
Şam bayatına mənsub bir oymaq Behisniyə tabe Qorucu kəndində, vergi mükəlləfiyyətli 40 nəfər əhalisi olan başqa biri isə Antakyanın Hacılu kəndində qışlayırdı3.
Boz-oxda yaşayan Şam bayatının İrandakılar kimi şiə, yəni qızılbaş olduğu, hətta İranla əlaqə saxladığı bilinir. 986-cı ildə (1578) Boz-oxdakı Şam bayatına mənsub bir şəxs özünün 984-cü ildə (1576) öldürülən səfəvi hökmdarı II Şah İsmayıl olduğunu elan edərək başına xeyli adam toplayıb Qırşəhirdəki Hacı Bəktaş Vəli təkkəsində tərəfdarları önündə qurban da kəsmişdi. Ancaq onun hərəkatı qısa bir müddət sonra yatırıldı.4
Şam bayatının həm Boz-ulus, həm də Yeni-eldəki obaları bu icmaya məxsus digər oymaqlar kimi 1022-ci ildə (1613) Orta Anadoluya gəlmişlər. Onlara da 1100-cü ildə (1688/1089) Orta Anadoluda qələbəlik dəstəsi ilə quldurluq edən Gədikin cəzalandırılması tapşırılmış, ertəsi il digər türkmən təşəkkülləri kimi Avstriya səfərinə çağrılmışlar1.
Orta Anadoluya gələn və deyildiyi kimi, Yeni-elə və Boz-ulusa mənsub olan Şam bayatı oymaqlarının harada yerləşdikləri haqqında dolğun məlumatımız yoxdur. Onlardan bir və ya bir neçə obanın Çuxurovaya endikləri və Qaraisalı qəzasında bu gün öz adları ilə adlanan kəndlərdə yerləşdikləri anlaşılır2. Onlardan başqa bir obanın Qaraman qəsəbəsində yerləşdiyi məlumdur. Orada ayrı bir məhəllə təşkil edən oba camaatı bu gün də öz qəbiləvi mənşəyini unutmamışdır.
5. Kütahya
XVI əsrdə bayat adını daşıyan bir oymağa da Kütahya yörükləri arasında təsadüf edilmişdir. Kütahyanın Geyiklər yörəsində yaşayan bayat adlı bu oymağın II Bəyazid dövründə vergi mükəlləfiyyətli 53 nəfər əhalisi vardı. Digər tərəfdən həmin əsrdə Uşaq yörəsində yaşayan boz quş adlı böyük bir oymağın obaları arasında da vergi mükələfiyyətli 25 nəfər əhalisi olan qara-bayat adlı bir oba olmuşdur3. Həmin əsrdə bayat adlı digər bir oymağa isə Antalya (Təkə) sancağında rast gəlirik4. Anadolu bayatları haqqında əldə edilən məlumat bunlardan ibarətdir.
6. İraq və Cəzirə bayatları
Səlcuqlular zamanında səlcuqlu əmirlərindən Ağ-Sunqur ul-Buxarinin Bəsrədəki naibi Sunqurun əl-Bayati nisbəsini daşıdığından və XII əsrin sonlarına doğru Bağdadın cənub-şərqdəki Tib çayının mənbəyinə yaxın yerdəki bir qalanın Bayat adlandırıldığından və bu qalanın hakiminin türk olduğundan bəhs etmişdik. XVI əsrədək İraqda və Cəzirədə bayatların yaşadığına dair heç bir tarixi qeydə rast gəlmirik. XVI əsrə aid Osmanlı təhrir dəftərlərində də ancaq qaraca-bayat adlı çox kiçik bir oymaq görürük. Kərkük yörəsində yaşayan bu oymağın vergi mükəlləfiyyətli 24 nəfər əhalisi vardı5. Bağdadlı münşi Məhəmməd bin Əhmədə görə Bağdaddakı6 son Köləmən valisi Davud paşa zamanında valiyə tabe oymaq qoşunları arasında 1.000 atlı bayat, təyy və milli (kürd) oymaqlarına mənsub idi.
Həmin müəllif (əsər 1822-ci ildə yazılmışdır) Kirmanşah bölgəsindəki bayatların 2.000 çadır olduğunu qeyd etdikdən sonra Tavuk bölgəsində də onlardan 2.000 evə yaxın bir elat olduğunu, türkcə və ərəbcə danışdıqlarını yazır. Müəllif bayatların bəyənilən və əl-əl gəzilən atlar yetişdirdiklərini və onların İraqi-Ərəbdə məşhur olduqlarını da yazır1. Müasir İraq tarixçisi Abbas ül-Əzzavinin, bayatlar haqqında verdiyi məlumata görə2, onların mühüm hissəsi indi Kərkük bölgəsində oturaq həyata keçmişdir. Köçəri həyat sürənlər az olub, 13 obadan, bir neçə qoldan ibarətdir. Həmin müəllifə görə, köçəri bayatlardan bəzi oymaqlar ərəblərlə qarışmışlar.
Lakin onların hamısı ana dilini, türkcəni unutmamışdır. Bu bayatlar Kərkükdə və qonşu bölgələrdə qədimdən bəri yaşayırdılar, yoxsa buralara XVI əsrdən sonra İrandan gəlmişlər? Bu sual hələ də cavabsızdır. Şübhəsiz, İraq bayatları türk ədəbiyyatının ən böyük ustadlarından biri olan Füzulinin həmyerliləri olmaq etibarilə diqqət və marağımızı daha çox cəlb edirlər. Lakin Səfəvi hökmdarı Şah Abbasın kitabxanaçısı, şair, mühərrir və nəqqaş Əfşar Sadığın (əslində, şamluya bağlı xarbəndəlu-xudabəndəlu adlı türkmən obasından idi) sözlərinə baxsaq, Füzuli İraq bayatlarına deyil, İran bayatlarına mənsubdur. Onun dediyinə görə, bayatdan (şübhəsiz, müəllif burada öz ölkəsindəki bayatları nəzərdə tutur) olan Füzuli səfəvi əmirlərindən İbrahim xanın məiyyətində Bağdada getmiş və İbrahim xanın Qanuni Sultan Süleymanın gəlişi ilə əlaqədar İrana qayıtmasından sonra Hillədə yerləşmişdir3. Burada adı çəkilən İbrahim xan Mosullu oymağından olub Bağdad valisi ikən 934-cü ildə (1527) qardaşı oğlu Zülfüqar Sultan tərəfindən öldürülmüşdür4. Buna görə də İbrahim xanın Qanuni Sultan Süleyman tərəfindən məğlub edilməsi barədə Sadığın sözləri doğru deyil.
7. İran bayatları
a) Öz bayatlar (ağ bayatlar)
Səfəvi dövründən əvvəl İranda bayatların yaşadığına dair heç bir məlumat yoxdur. XVI əsrdə İranda yaşayan bayatlar tək bir təşəkkül halında deyil, müxtəlif bölgələrdə olmaq üzrə üç qol halında idilər. Bu, onların bir-birindən fərqli siyasi keçmişə sahib olmalarından irəli gəlir. Onlardan yalnız bayat adını daşıyanlar Həmədanın cənub-şərqindəki Kəzzaz və Kirihrud bölgəsində sakin olanlardır. Şah Abbasın tarixçisi türkmən İskəndər bəyə görə1 bu bayatların əhalisi Təhmasib dövründə 10.000 çadır idi. Təhmasib dövründə onlar Əmirşah bəy, Süleyman bəy, Hacı Üveys bəy və Seyf bəy kimi əmirlər tərəfindən idarə olunmuşdur2. Sonuncu bəylə bərabər Əli Sultan adlı digər bir bayat bəyi Qanuninin İran səfəri münasibətilə bizim tarixlərdə də xatırlanır3. Bütün bu bayat bəyləri öz hökmdarları Təhmasibin əsas səfərlərində iştirak etmişlər. Rumlu Həsən bəyin və naməlum bir müəllifin qeyd etdiklərinə görə4 adı çəkilən İran hökmdarının ölümü əsnasında bayatlar da saray mühafizləri arasında idilər. Bayatlarla lurlar arasında Nihavənd yörəsindəki Burucird qəsəbəsi üstündə əski bir düşmənçilik vardı ki, bu, I Şah Abbasın hökmranlığının ilk illərində bayat əmiri Uğurlu bəyin öldürülməsi ilə son həddə çatmışdır5. Şah Abbas 1002-ci ildə (1593) Uğurlu bəyi öldürən Luristan hakimi Şahverdinin üzərinə səfər etdi.
Şahverdi bir neçə ildən bəri Şah Abbasın hakimiyyətini tanımayaraq müstəqil hərəkət etməyə başlamışdı. Şahverdini itaətə məcbur edən Şah Abbas Burucirdə girərək Uğurlu bəyə kömək göstərmədikləri üçün bayatların tanınmış adamlarını danladı. Uğurlu bəyin qardaşı Şahqulu Sultanın xahişi ilə şah onların günahından keçdi. Bayatlar da bunun əvəzində hökmdara qızılbaşlar arasında öz gözəlliyi ilə tanınan və boyun adı ilə adlanan (bəyati-nəjad) atlarından 3.000 ayğır və qısraq təqdim etdilər, peşkəş olaraq, üstəlik 3.000 tümən verdilər6.
Şah Abbasın bayatlardan Hüseyn Əli bəyi 1598-ci ildə elçi olaraq İspaniyaya göndərdiyi məlumdur7. Onun dövründə Yarəli Sultanın İrəvan bölgəsindəki Bəyazid qalasının, Bədir Sultanın isə həmin bölgədəki bir yerin hakimi olduqlarını bilirik8. Şah Səfi dövründə həmin yerlərdə bu bayat bəylərinin oğulları xələf olmuşlar1. Bu təyinatlar səbəbilə bayatların mühüm bir qismi Azərbaycana getmiş və orada yerləşmişdir. Bu bayatlar daha sonra bayati-mütləq və ya ağ bayat adları ilə İrandakı digər bayat qollarından fərqləndirilmişlər. Onlar Şimali Suriyadakı bayatların bir qolu olub ağqoyunlu fəthi və ya Səfəvi dövlətinin qurulması ilə əlaqədar İrana gəlmişlər.
b) Qara bayatlar (Xorasan bayatları)
Səfəvi dövründə İrandakı ikinci bayat qolu Xorasanda yaşayırdı ki, onlara qara bayat da deyilir. Qara bayatların Xarəzm türkmənlərinə mənsub olduqları bilinir. Şah İsmayıl Xorasanı fəth etdikdən sonra onlar səfəvi hakimiyyətinə girmiş, tabelik əlaməti olaraq qara sifətini almışlar. Qara bayatlar Nişapur bölgəsində, xüsusilə bu bölgənin Mədən deyilən yörəsində yaşayırdılar2.
XVI əsrin sonlarına doğru Xorasanın bəzi vilayətlərini ələ keçirən özbək hökmdarı Abdulla xan buraları oğlu Əbdülmömin xana vermişdi. Əbdülmömin xan 1591-ci ildə Nişapuru geri almaq istəyən səfəvi sərkərdəsi Qaramanlı Fərhad xanı geri çəkilməyə məcbur etdikdən sonra qara bayatlar ona tabe olmağı qəbul etdilər. Lakin onlar daha əvvəl çağataylardan çoxlu adam öldürdükləri üçün Baba İlyas oğlu Mahmud Sultan və digər bayat başbilənləri xanın hüzuruna gedərək, ona itaət etdiklərini bildirsələr də, bağışlanmayaraq öldürüldülər3. Mahmud Sultanın qardaşı Məhəmməd Sultan pərişan bir halda ətrafa dağılmış qara bayatları başına toplayaraq Şah Abbasa böyük xidmətlərdə bulunmuşdu. Hətta buna görə Şah Abbas tərəfindən bütün qara bayat boyu vergilərdən azad edilmişdi4. 12 il Nişapur valisi olan Məhəmməd Sultan öldükdən sonra yerinə oğlu Bayram Əli Sultan keçmişdir5. Bu tarixdən etibarən Nişapur uzun bir zaman qara bayatların əlində qalmışdır. Nadir şah dövründə və onun ölümündən sonra da Nişapur yenə qara bayat bəyləri tərəfindən idarə olunurdu6.
c) Şam bayatı (qacar boyu bayatları)
İrandakı üçüncü bayat təşəkkülü bizim Şam bayatı oymağının bir qoludur. Bu qol, daha əvvəl də dediyimiz kimi, yıva, ağcalı və ağcaqoyunlu təşəkküllərinə mənsub qollarla birlikdə qacar boyunu meydana gətirmişdir. Qacarlar XVI əsrdə əsasən Azərbaycanın Gəncə və Bərdə bölgəsində yaşayırdılar. Ancaq XVI və XVII əsrlərdə qacar bəylərindən hansılarının Şam bayatına mənsub olduqları bilinmir. XVIII əsrin birinci yarısında Gəncəyə bağlı kəndlərdən birinin Şam bayatı adını daşıdığını görürük1. Nadir şah öldürüldükdən sonra onun yerinə keçən Adil şahın böyük əmirlərindən Məhəmməd Əli xan Şam bayatından idi2.Qacar hökmdarı Fətəli xan (Baba xan, 1797-1834) dövrünün əmirlərindən Məhəmməd Əli xan, qardaşı İsmayıl xan, Pirqulu xan və oğlu Məhəmməd Bakir xan da bu oymaqdan idi3.
İrandakı bayatlar indi tamamilə oturaq həyata keçmiş, mühüm bir qismi Xəmsə (əsasən Zəncan bölgəsi) vilayətində yaşayır. Qaşqaylar arasında da bir neçə kiçik bayat oymağına təsadüf olunur4. Şərq musiqisindəki bayatı məqamının (muğamının - tərcüməçi) İran bayatlarının musiqi havalarından alındığına şübhə yoxdur.
3. ALKA BÖLÜK
(Alka-evli)
Göründüyü kimi, Mahmud Kaşğaridə alka bölük, Rəşidəddində alkaravlı və Əbülqazidə alka-evli (ivli) şəklində yazılan bu oğuz boyuna mənsub bir oymağa və ya yer adına heç bir yerdə təsadüf edilməmişdir. Bunun səbəbi nədir? Bu barədə qəti bir şey söyləmək mümkün deyil. Bugün Türkiyədə Zonquldakın Safranbolu qəzasına bağlı Halka-evli5 kəndi ilə ölkədəki halka avlu, hətta halkalu yer adlarının6 bu boyla əlaqədar olub-olmadığını haqqında da qəti bir şey söyləyə bilmirik.
4. QARA BÖLÜK
(Qara-evli)
Bu boya aid Türkiyədə səlcuqlular və osmanlılar dövründə mühüm bir oymağa təsadüf edilməmiş, Suriya, İraq və İranda da bu adda təşəkkül olmamışdır. Yalnız Xarəzm türkmənləri arasında XVI-XVII əsrlərdə qara-evli adlı bir oymağın mövcud olduğunu bilirik ki, aşağıda ondan ayrıca bəhs ediləcəkdir. Daha əvvəl (I hissədə) söylədiyimiz kimi, dulqədirli elinə mənsub olan böyük ağcaqoyunlu boyunu meydana gətirən əsas obalardan biri də Musa hacılu (bəzən qısaldılmış şəkli ilə musacalu) idi. Musa hacılunun Yeni-eldə yaşayan qolu XVI əsrin ikinci yarısında bir sıra qollara ayrılmış, onlar dəftərlərdə məhəllə (obanın yurdu) sözü ilə göstərilmişdir. Bu məhəllələrdən birinin qara-evli olduğunu görürük (86 vergi mükələfiyyətli). Dəftərlərdə məhəllə oymağın və ya obanın qolları mənasında da işlədildiyi üçün buradakı qara-evlinin musahacılu qolunun yaşadığı yerin deyil, doğrudan-doğruya öz adı ola bilər. Əslində, məhəllə kəlməsi ilə zikr edilən adlar araşdırılarkən bunların yer adları olmadığı görünür. Bununla bərabər bu qara-evli obasının qara-evli boyu ilə əlaqədar olduğu qəti bir şəkildə irəli sürülə bilməz. Çünki qara-evli kəlməsi eyniadlı boy ilə münasibəti olmayan hər hansı bir oymağa hər zaman və hər yerdə verilə biləcək adlardan biridir. Xəzərarxası türkmənləri arasındakı qara-evli oymağı üçün də eyni ehtimal uyğun olduğu kimi, hal-hazırda İç-eldə yaşayan qara-evli oymaqlarının da öz adlarını sonradan aldıqları anlaşılır.
XVI əsrdə Türkiyədə Qara-evli şəklində bəzi yer adlarına təsadüf edilsə də, bunların ümumi sayı 8-dən artıq deyildir1. Onlar Bolu sancağında, Tokat və Kastamonu bölgəsində idilər. «Türkiyədə məskun yerlər qılavuzu»na görə2 biri Qara-evlilər olmaq üzrə Türkiyədə Qara-evli adlı 10 kənd vardır. Bu yer adlarından çoxunun bu boyla əlaqədar olduğu şübhəsizdir.
Əbülqazinin bəhs etdiyi qara-evlilərə gəlincə, onlar Amu-Dəryanınn (Ceyhun) sahilində də Acı dənizin (Xəzər) yaxınlığında yaşayırdılar. Həmin müəllifə görə, bu qara-evlilər Kaşğa-Çura adlı bir şəxsdən törəmişlər. Kaşğa-Çuraya gəlincə, onun başqa yerdən gətirilmiş bir kölənin oğullarından olduğu nəql edilir3. Bu rəvayət doğrudursa, bu təşəkkülün eyni adlı oğuz boyundan olmadığına hökm vermək lazımdır. Hazırda yarı köçəri həyata vida etmək üzrə olan Toros dağlarındakı yörüklər arasında da qara-evli adında bir neçə kiçik oymaq var. Ancaq bu oymaqların daşıdıqları adı daha sonra aldıqları bilinir4.
5. YAZIR
Rəşidəddin türklərin əfsanəvi tarixində Dib-Yavkunun bəyləri arasındakı Alay, oğlu Bulan və hətta Dib-Cəngşu və oğlu Dürkeşin bu boydan olduqlarını bildirir5. Orada oğuzların dağılması və Şah Məlikin hücumu zamanı yazırdan bir bəyin Əli xanın oğulları ilə Yazır yörəsinə getdikləri və Hisar-Tağda yurd saldıqları, onların uşaqlarının və nəslinin hazırda həmin yerdə yaşadıqları bildirilir1. Lakin biz yazırları Xorasanda ancaq 555-ci ildə (1160) görürük. Həmin il xarəzmşah İl-Arslanın əsgərləri Əcnəyə2 hücum edərək yazırların başçısı Ödək xan oğlu Yağmur xanı məğlubiyyətə uğratdılar. Yağmur xan xarəzmşahın hücumunu Səncərin əmirlərindən Dehistan hakimi İxtiyarəddin Aytakın təhrikinin nəticəsi hesab edirdi. Buna görə də Aytaka qarşı mübarizə üçün Sultan Mahmudun başçılıq etdiyi oğuzlardan kömək istədi. Oğuzlar yazır bəyinin xahişini qəbul etdilər. Birinci hissədə təfsilatla təsvir olunduğu kimi, Yağmur xan və oğuzlar Aytakı və onun müttəfiqi Mazandaran hökmdarını baş verən şiddətli vuruşmada tar-mar etdilər3.
Yazırların öz adlarını daşıyan yurdları Nəsa şəhərinin qərbində yerləşirdi. Buradakı bir qəsəbə də Yazır adlanırdı. Bu qəsəbə XVI əsrin birinci yarısında orta dərəcəli bir şəhər idi. Yazırlar Səncərin dövlətini yıxan oğuz elatına daxil deyildilər. Onlar əvvəlcə Manqışlaqdan Balxana enmiş, oradan da buraya gəlmişdilər4.
Xarəzmşah Sultan Məhəmmədin qara kıtaylara qarşı mübarizədə müvəffəqiyyətsizliyə uğraması nəticəsində üsyan edən Nişapur əmiri Kəzlik xan məğlub olduqdan sonra yanındakı bir türkmənin təklifi ilə yazırların yanına getmək istəsə də, oraya yolladığı adamlar yazırlar tərəfindən yaxalanıb xarəzmşaha təslim edilmişdi5. Həmin əsnada və ya bir qədər sonra yazırların başında Hindu xan adlı bir bəy dururdu. 11 il yazır bəyi olan Hindu xandan sonra yazır yurdu tamamilə xarəzmşahların əlinə keçmişdi. Onun qardaşı Ömər xan xarəzmşahların paytaxtı Ürgəncdə yazır bəyliyinin ona verilməsi üçün inadla çalışsa da, bu inad ona ancaq Sabur xan ləqəbini qazandırmaqdan başqa bir nəticə verməmişdir. Xarəzmşah Sultan Məhəmmədin anası Tərkən xatun monqol hücumu səbəbilə Ürgəncdən Mazandarana yola düşəndə keçiləcək yerləri yaxşı tanıyan Sabur xan da onun yanında idi. Səyahət zamanı Sabur xan validə sultana sədaqətlə xidmət etdiyi halda, Tərkən xatun yazır yurduna çatanda onu tərk edəcəyindən şübhəyə düşərək xanı gizlincə öldürtdü6.
Monqol dövründən sonra yazırlara qaradaşlı (taşlı) deyilirdi7. Onlar Şah Abbas zamanında digər türkmən oymaqları kimi səfəvi hakimiyyətini qəbul etmişdilər. 1038-ci ildə (1628/1629) qaradaşlıların başında Rəhmanqulu Sultan dururdu. Ancaq o həmin il Xarəzm hökmdarı İsfəndiyar xanla və onun qardaşı müəllif Əbülqazi ilə birləşərək səfəvilərdən üz çevirsə də, onlar səfəvi qoşunu qarşısında duruş gətirə bilməmişdilər1.
Göründüyü kimi, yazırlar sanki müstəqil bir qövm kimi XII əsrdən XVII əsrədək Xorasanda varlıqlarını qoruyaraq yaşamışlar. Bu belə olmaqla bərabər, onlar Anadolunun fəthində və məskunlaşdırılmasında da olduqca mühüm rol oynamışlar. XVI əsrdə bu ölkədə Yazır adlı 24 kənd2 və onlara mənsub bəzi oymaqlar da vardı. Bu oymaqlar dulqədirli ulusu ilə Həmid, Təkə və Ankara sancaqlarında yaşayırdılar.
1. Dulqədirli ulusu.
Bu ulus arasındakı yazırlar qaracalu (digər adı: anamaslu) boyunun obalarında müşahidə edilir. Bu, yazırlarla qaracalu boyu arasındakı qüvvətli münasibətlərlə əlaqədar ola bilər. Biri 46, digəri 49 nəfər əhalisi (vergi verən) olan yazır obaları Antakya bölgəsindəki Bağras qəzasında qışlayırdılar. Müstəqil olduğu bildirilən 99 adamlıq (vergi verən) üçüncü yazır obasının isə Birəcik ətrafında qışladığı, Əlbistana yaylağa getdiyi məlumdur3.
2. Boz-ox.
Boz-ox sancağındakı yazır obaları da kiçik idi; biri 29, digəri 51 evli idi4.
3. Hamid sancağı.
Bu sancaqda Yazır adlı üç kənd vardı. Həmin dövrdə burada yaşayan yazırlar 95 evdən ibarət idi və Əli Fəxrəddin adlı bir oymağa daxil idi5.
4. Təkə sancağı.
Buradakı yazır obası sarı və qara sifətləri ilə iki qola ayrılmışdı. Öz-kənd adlı bir kənddə isə bu oymağın üçüncü qolu yaşayırdı6. Bunlardan başqa, bu bölgədə Yazır adlı iki kənd də vardı. Bütün bunlar Hamiddə olduğu kimi Təkə sancağında da olduqca mühüm bir yazır icmasının yerləşmiş olduğunu göstərir.
5. Ankara.
Bu sancaqdakı yörüklər arasında yaşayan yazırlar kiçik bir oymaqdır. 42 evdən ibarət olan bu oymaq Çukurcaq adlı bir kənddə yaşayırdı7.
6. DÖYƏR
Rəşidəddinin «Türklərin tarixi» fəslində verdiyi məlumata görə, oğuz hökmdarı Dib-Yavkunun bəylərindən Taş bəy və onun oğlu Yalğu (?) bəy, Ala Atlı Kişi Donlu Kayı İnalın vəziri Ayıldır döyər boyundan idilər1. Rəşidəddindəki bu rəvayətləri qiymətləndirmək lazım olsa, deməliyik ki, döyərlər oğuzların islamiyyətdən əvvəlki tarixlərində mühüm bir mövqeyə sahib idilər. Bununla bərabər, onların səlcuqlu fütuhatında da mühüm rol oynadıqlarını söyləmək mümkündür. Çünki XIII-XIV əsr tarixçilərindən Cəzirəli (indiki Cizrə) Şəmsəddin Məhəmməd bin İbrahim (1260-1339) artuqlu xanədanının bu boydan olduğunu yazır2. Artuq bəy və oğullarının isə XI-XII əsrlərdə türkmənlər arasında böyük nüfuz sahibi olduqlarını və əsalətli bir ailə sayıldıqlarını bilirik. Bütün bunlara baxmayaraq təhrir dəftərlərində bu boya aid 19 yer adına təsadüf edilmişdir. Bu yer adları digər boylarınkı kimi Orta və Qərbi Anadoluda müşahidə edilir3.
Döyər Salim bəy və oğulları
Bir çox oğuz boyları kimi qaynaqlar döyərlərdən də XIV əsrin ikinci yarısından etibarən bəhs etməyə başlayırlar. Monqol hakimiyyətinin sona çatması, məmlük əmirlərinin bir-birilə mübarizəsi artıq əhalisi çoxalmış türkmən boylarına fəaliyyətə keçmək imkanı vermişdi. Döyərlər həmin dövrdə Salim adlı bir bəyin başçılığı altında Cəbər yörəsində yaşayırdılar. Onların Suriyadakı türkmən elatına, yoxsa ağqoyunlu və qaraqoyunluları əhatə edən və məmlük tarixçilərinin şərq türkmənləri adlandırdıqları icmaya mənsub olduqları dəqiq bilinmir. 773-cü ildə (1371) döyər Salim bəy Bəşiriyə gəlmiş və Xısn Keyfanın əyyubi hökmdarı Məlik ül-Əşrəfə elçi göndərərək ondan sığınmaq üçün bir yer göstərməsini və ehtiyacları xüsusunda kömək etməsini xahiş eləmiş, sonra öz arvadı ilə yanındakı bəylərin arvadlarını göndərərək təkrar iltimasda bulunmuşdu.
Salim bəyin bu şəkildə hərəkətinə səbəb Dəməşq (Şam) və Hələb qüvvələrindən ibarət bir məmlük ordusunun onu şiddətlə təqib etməsi idi. Salim bəy bu ordunun qabağından qaçaraq Bəşiriyə qədər gəlmişdi, məmlüklər isə onu addımbaaddım izləyirdilər. Döyər bəyinin məmlüklərin qəzəbinə səbəb olmuş hərəkətinin nə olduğu bilinmir. Ehtimal ki, bu ticarət karvanlarını, bəlkə də həcc qafilələrini soymaq xüsusu ilə bağlı idi. Çünki Salim bəyin eyni mahiyyətli bir hərəkətindən dolayı qaraqoyunlu Qara Məhəmmədin hücumuna uğradığını aşağıda görəcəyik.
Xısn Keyfa hökmdarı Salimin adından kömək istəməyə gələnlərə heç nə edə bilməyəcəyini söyləyib onları üzgün halda geri qaytarsa da, Salimin kürəkəni olan öz qardaşı Öməri gizlincə döyər bəyinin yanına göndərmiş və ona ölkədə istədiyi yerə sığınmasını və mümkün olan hər cür köməklik göstərəcəyini bildirərək Salim bəyi sevindirmişdi. Salim bəy Xısn Keyfa ətrafındakı sərt bir dağa yerləşmiş və əyyubi hökmdarından hər cür kömək görmüşdü. Məmlük ordusu Salimi bu dağda bir müddət mühasirəyə alsa da, əliboş geri qayıtdı. Məmlük ordusu uzaqlaşdıqdan sonra Salim məiyyəti ilə birlikdə sığındığı dağın yaxınlığında sevinc içində yeyib-içərkən türkmənlərdən bir bölüyün hücumuna uğradı. Türkmənlər məmlüklərin tuta bilmədiyi döyər bəyini əsir alıb Amidə doğru götürdülər. Xoşbəxtlikdən Salim bəyin əmisi Əbülqadirin oğlu Həsən bəy özünü yetirib onu türkmənlərin əlindən qurtardı1. Ehtimal ki, bu türkmənlər ağqoyunlulardan idilər. Bu hadisədən sonra Salim bəy yurdu Cəbərə qayıtdı.
776-cı ildə (1374/1375) ildə Salim bəy İraq tacirlərini öldürərək mallarını yağmalayan Yaxmur oğlu (bir Anadolu qaynağında vələdi-Umur) Şihabəddin Əhmədin bağışlanması üçün anasını həmin türkmən bəyi ilə Qahirəyə göndərmişdi. Bu, Salim bəyin məmlük sultanı ilə arasının düzəldiyini göstərir. Məmlük sultanı Məlik ül-Əşrəf Şaban çox qəzəbləndiyi Yaxmur oğlunu əfv etmiş və ona Misirdə iqta vermişdi. Beləliklə, öz vəzifəsini uğurla ifa edən və sultandan hörmət görən Salim bəyin anası oğlunun yanına qayıtmışdı2. Yaxmur (Umur) oğluna gəlincə, o sonra Berkukun yaxın adamları cərgəsinə daxil olmuş, Dulqədir oğlu Xəlil bəyi öldürməklə Berkuka mühüm bir xidmətdə bulunmuşdu.
785-ci ildə (1383) qaraqoyunlu bəyi Qara Məhəmməd öz vassal bəylərindən Boz-doğan oğlu Ziyaülmülkü yanına alaraq Salim bəyin üzərinə yürüş etdi. Bunun səbəbi Qara Məhəmmədə aid Mosul şəhəri və bölgəsi hacılarının Salim bəy tərəfindən soyulması idi. Teymur tərəfindən də eyni əməl üstündə ittiham edilən Qara Məhəmməd 12 mindən artıq bir qoşunla ildırım kimi döyər bəyinin üzərinə cumaraq onu məğlub etdi və döyər obalarını yağmayaraq çoxlu qənimət ələ keçirdi. Salim bəy Qələt ül-Müsliminə tərəf qaçmışdı. Qara Məhəmməd ətrafı yağmalayaraq Salim bəyi şiddətlə təqib edirdi. Salim bəy bu təqibdən güclə qurtarıb kəfəni boynunda olduğu halda hadisəni uzaqdan seyr edən məmlüklərin Hələb valisi Yel Buğa (yaxud: Yol) ən-Nasirinin hüzuruna varid oldu. Döyər bəyinə xoş üz göstərən Yel Buğa sultanın buyruğu ilə onu Qahirəyə yolladı1. Həmin ilin rəbiülaxır ayının 19-da (21 iyun 1383) Qahirəyə gələn əmir Salim Sultan Berkukdan hörmət gördü, xələt alaraq Hələb təbilxana əmirliyinə təyin olundu2.
791-ci ildə (1389) Qara Məhəmmədin özündən və əmisi Bayram Xocadan əvvəl şərq türkmənlərinin başçısı olan Hüseyn bəyin oğlu Pir Həsən tərəfindən öldürülməsi nəticəsində iki ailə arasında qanlı bir çarpışma başlamışdı. Salim bəy araya girərək onları barışdırdığı üçün çarpışma bir müddət dayanmışdı. 1390-cı ildə ikinci dəfə məmlük taxtına çıxan Berkuk onun taxtdan salınmasında ən mühüm rol oynamış türk məmlük əmirlərindən Mintaşın Salim bəyin yanında olduğunu öyrənib Hələbə çatarkən Mintaşı təslim almaq üçün Qara Dəmirtaşı döyər bəyinin yanına göndərmişdi. Qara Dəmirtaş 4 gün gözlədiyi halda Salim Mintaşı təslim etmir, müxtəlif bəhanələrlə vaxtı uzadırdı. Salimin bu hərəkətindən qəzəblənən Qara Dəmirtaş döyər bəyinin obasını yağmalatmış, bəzi adamlarını da öldürtmüşdü. Salim Mintaşı da götürərək Sincara qaçdı. Az sonra Salimin obasına gələn Mintaşın köhnə dostu Yel Buğa ən-Nasiri hadisəni öyrənərək əməllərinə görə Qara Dəmirtaşı söymüş, hətta mübahisə əsnasında onu vurmaq üçün əlindəki toppuzu da qaldırmışdı. Bu hadisə Berkukda Yel-Buğanın öz köhnə dostu Mintaşı qoruduğu haqqında deyilənlərin doğru olduğu qənaətini doğurdu. Üstəlik, bir az sonra Salim bəy yazdığı məktubunda Mintaşı Yel-Buğanın xahişinə görə qaçırdığını bildirirdi. Buna görə Berkuk Hələbə qayıdan Yel-Buğanı öldürtdü3. Ancaq Salim Minqaşı Berkuka təhvil verməyərək sərbəst buraxdı. Halbuki varlı olmadığı üçün aradabir karvan soymağa da məcbur olan Salim bəy Mintaşı təhvil verəcəyi təqdirdə Berkukdan böyük ənam ala bilərdi. 796-cı ildə (1393/1394) Salim bəy Teymurun adamlarından Dulat (Dövlət) Xocanı əsir alaraq Hələb valisinə göndərmiş, o da onu Misirə yollamışdı4.
Həmin il Berkuk Teymurla vuruşmaq üçün Dəməşqdə olarkən döyər Salim bəy onun hüzuruna gəlmişdi. Berkuk çadırına girən döyər bəyini ayağa qalxaraq qarşılamış, türk qumaşından paltar və xələt geydirərək ona görünməmiş bir hörmət göstərmişdi5. Ancaq Salim bəyin üç il sonra (799-1396 /1397) naməlum bir səbəbdən Dəməşq valisi tərəfindən həbs edildiyini görürük6. Qaynaqlarda bir daha Salim bəydən bəhs edilmir. Ehtimal ki, bir müddət sonra onu həbsdən buraxmışlar. Əbülfərəc tarixinə yazılmış əlavələrdən birində Qara Yusifin 1399-cu ildə döyərlərin yurduna girib mal-qaranı ələ keçirdikdən sonra onları başçıları ilə birlikdə Cəbərdə mühasirəyə aldığı bildirilir1. Bu hadisədə xatırlanan döyər əmirinin Salim bəy, yaxud onun oğlu Dəməşq Xoca olduğu barədə hələlik heç nə söyləmək mümkün deyil. Çünki 801-ci ilin şəvvalında (iyul, 1399) atasının yerinə sultan olan Fərəc Dəməşq Xocanın Cəbər naibliyi baratını (mənşur) təzələmişdi2. Salim bəyə aid məlumatlar bu döyər bəyinin cəsur, fəal, ağıllı bir şəxsiyyət olduğunu göstərir. Təkcə Mintaşı ələ verməməsi onun kübar bir ruha sahib olduğunu göstərməyə kifayətdir. Atasının ölümündən sonra döyərlərin başçısı olan Dəməşq Xoca Teymur istilasının Yaxın Şərqdə meydana gətirdiyi qarışıqlıqlardan və eyni zamanda Fərəcin zəif bir şəxsiyyət olmasından istifadə edərək, bir çox yerləri də idarəsi altına almış, yağmaçılıq hərəkətlərində də bulunmuşdu. Ağqoyunlu tarixçisi Əbu Bəkr Tihrani3 Dəməşq Xocanın 20 min çadırlıq bir elin başçısı olduğunu, bəni-kilab, bəni-şadi adlı ərəb oymaqlarından 10.000 çadırın da ona tabe olduğunu, Ruha (Urfa), Sivərək, Süruc, Harran, Cəbər və Cəmlim şəhər və qəsəbələrinə ağalıq etdiyini yazır. 806-cı ildə (1403/1404) Hələb valisi Toxmağa qarşı üsyan edən bir əmirə kömək məqsədilə bu şəhərin ətrafına gələn və Hələb kənarında yağmaçılıq edən Dəməşq Xoca Cəbərə qayıtdıqdan sonra məşhur ərəb əmiri Nüöyr bin Həyyarın hücumuna uğradı. Cəbərlə onun şimal-qərbində bir gün davam edən müharibədə Dəməşq Xoca məğlub edilərək öldürüldü (29 mart 1404) və başı Nüöyr tərəfindən Misirə göndərildi4. İbn Tağrı-Birdi5 Dəməşq Xocanın əsasən dövlətə itaətsizlik göstərdiyini, soyğunçu kimi hərəkət etdiyini yazır. Seyfəddin Dəməşq Xocadan sonra döyərlərin başçısı Göyçə Musa oldu. Dəməşq Xocanın öldürüldüyünü eşidən ağqoyunlu bəyi Qara Yölük hərəkətə keçərək Urfanı vuruşma ilə almış və bu şəhəri xidmətində çalışan Göyçə Musanın əmisi oğlu Yağmura vermişdi6. Yağmur bəy Qara Yölükü süzeren tanıyaraq bir müddət Urfaya sahib olmuşdu.
1405-ci ildə qaraqoyunlu bəyi Qara Yusif Dəməşqdən öz ölkəsinə qayıdarkən Cəbərdə Göyçə Musaya qonaq olmuşdu7. Bu tarixdən etibarən getdikcə artan ağqoyunlu təhlükəsi qarşısında döyərlər qaraqoyunluları öz süzerenləri qəbul etmişlər. Göyçə Musa 1406-cı ildə Qara Yusifin Teymurun nəvəsi Əbubəkr ibn Miranşahla Araz çayı sahilində baş verən və zəfərlə sona çatan vuruşmasında, o biri il Şənbi-Qazan yaxınlığında Əbubəkrə qalib gəldiyi vuruşmada iştirak etmişdir1. Hətta ikinci vuruşmada Teymurun nəvəsini Göyçə Musanın bir köləsi öldürmüşdü. Göyçə Musa daha sonra 1410-cu ildə Qara Yusifin cəlayir Sultan Əhmədə Təbriz ətrafında qalib gəldiyi vuruşmada da iştirak etmişdir2. Həmin qaraqoyunlu hökmdarının əmirləri arasında İlyas Döyər adlı bir əmir vardı ki, onun Salim ailəsi ilə qohum olduğu bilinmir. Döyər İlyas bəy Göyçə Musa kimi Qara Yusifin Əbubəkrlə vuruşmasında iştirak etmiş və qaraqoyunlu hökmdarı tərəfindən Pir Ömərlə birlikdə 1409-cu ildə Şəki hakimi Seyid Əhməd üzərinə göndərilmişdi3. Əmir İlyas Qara Yusifin sonrakı səfərlərində də iştirak etmiş və onun 1420-ci ildə Ucan yaxınlığında ölməsindən sonra Diyarbəkir tərəflərə getmişdir4.
Urfa hakimi, Göyçə Musanın əmisi Bahadır Xocanın oğlu Yağmur bəyə gəlincə, onun 807-ci ildə Süruca sahib olduğu bilinir. Həmin il Birəni mühasirəyə alan Yağmur bəy məmlük əmirlərindən Sudun əl-Cəbəlin arvadını əsir aldıqdan sonra Süruc yörəsinə qayıtmışdı. Bunu eşidən Hələb valisi məşhur Çəkim Birəyə gəldikdən sonra Sudun ilə birlikdə Yağmura qalib gəlsələr də, təqib zamanı Sudun döyər bəyinə əsir düşmüşdü. Ancaq çox keçmədən Yağmur bəy Sudunu azad eləmişdi5. 813-cü ildə (1410/1411) Sudun qaraqoyunlu bəyi Qara Yusifin yanına gedərkən Yağmur bəyə baş çəkmişdi6. Ağqoyunlu bəyi Qara Yölük Dəməşq Xocanın ölümündən sonra Urfanı zəbt edərək Yağmur bəyə vermiş, lakin naməlum bir tarixdə şəhəri onun əlindən alıb çox sevdiyi qardaşı oğlu Nurəli bəyə həvalə etmişdi7. Yağmur bəyə gəlincə, o da Mosulda qaraqoyunlulardan kömək aldıqdan sonra Urfanı özünə qaytarmaq istəsə də, Osman bəy tərəfindən məğlub edilmişdi8. 817-ci ildə (1414) Yağmur bəy oğlu ilə bərabər vəbaya tutularaq ölmüşdür9. Ölərkən Sürucun, yaxud bir yerin əmiri olduğu dəqiq bilinmir.
Qara Yölük Osmanın qaraqoyunlulara aid Mardinə hücumu təzəcə hökmdar olan Qara Yusifin oğlu İskəndəri hərəkətə gətirmiş və iki türkmən bəyi Nüseybin ilə Xatuniyyə arasındakı Şeyx kəndində qarşılaşmışlar. Əbubəkr Tihraniyə görə10, döyər bəyi Göyçə Musa oğlu Misirlə birlikdə ağqoyunluların tərəfində idi. Vuruşma 21 gün davam etdi. 21-ci gün Göyçə Musa əsgərləri ilə birlikdə ağqoyunlu səflərini tərk edərək, qaraqoyunlular tərəfinə keçməklə Qara Yölükün məğlubiyyətinə səbəb oldu. Bəzi döyər bəyləri də Kərkük və Tavuk əmiri Cənəkli Həsənin komandanlığı altında 824-cü ilin rəbiülaxırında (aprel, 1421) iki türkmən ulusu arasında baş verən bu döyüşdə iştirak etmişlər1. Ancaq Cənəkli Həsən və onun məiyyətindəki döyər bəyləri haqqında bundan artıq məlumatımız yoxdur.
Belə görünür ki, İskəndər həm atasına, həm də özünə xidmət etmiş qaynatası Göyçə Musaya Mosulu vermişdir. 829-cu ildə (1425) Göyçə Musa Mosulun, adını bilmədiyimiz qardaşı isə Cəbərin hakimi idilər. Göyçə Musa 832-ci ildə (1429) kürəkəni qaraqoyunlu İskəndərin Şahrux ilə Səlmas ovalığında vuruşmasında iştirak etdikdən sonra Mosula qayıtsa da, İraqi-Ərəb tərəflərini böyük qardaşı Şah Məhəmmədin əlindən bir-bir almağa başlayan qaraqoyunlu İspəndə (İsfahan) müqavimət göstərə bilməyərək Mosulu ona vermişdi. Bu hadisədən sonra Göyçə Musa nökərləri ilə birlikdə məmlük sultanı Baybarsın hüzuruna gəlmişdi. Sultan döyər bəyinə iltifat edib ona atlar, qumaşlar vermiş və ərzağa olan ehtiyacını da təmin etmişdi2. Bir az sonra Göyçə Musanın yenidən Cəbər hakimi olduğunu görürük. Qara Yölük Osman bəyin ölümündən sonra döyərlər ağqoyunlu şahzadələri arasındakı toqquşmadan istifadə edərək Amid yörəsinə axın etmişlər. Əbubəkr Tihrani3 bu axının Misir sultanının təhriki ilə edildiyini yazır. Bu axından xəbər tutan Əli bəyin oğlu Cahangir Mirzə Amiddən çıxaraq döyərlərin üstünə yürüdü. Gənc şahzadə təcrübəli adamların düşmən üstünə «hazırlıqsız getmək olmaz» şəklində tövsiyələrinə qulaq asmadı. Buna görə də ağır bir vuruşmada ağqoyunlulardan çox adam qırılmış, Cahangir Mirzə nökərlərinin bəzilərilə əsir düşmüşdü4. Göyçə Musa Cahangiri qandallayaraq Qahirəyə göndərdi. Cahangir 840-cı ilin 17 məhərrəmində (1 avqust 1436) Qahirəyə gətirildi. Ancaq Sultan Baybars ağqoyunlu şahzadəsinə şəfqət göstərdi və atası tərəfindən sədaqətinin təminatı olaraq daha əvvəl göndərilmiş qardaşı Hüseyn bəylə birlikdə oturmalarına icazə verdi5. Baybars Göyçə Musaya 1.000 dinar göndərdi, lakin Musa pul çatmadan ölmüşdü. Göyçə Musanın yerinə kimin keçdiyi bilinmir.
Salim bəyin üçüncü oğlu Həsən bəydir. Həsən bəyin anası Qara Yölük Osman bəyin bacısı idi. O və oğlu məmlük xidmətində çalışmışlar. Həsən bəy 836-cı ilin səfər ayında (oktyabr, 1432) xələt geyərək, Buharya valiliyinə təyin edilmiş və ona sultan tərəfindən 100 qaftan, 100 yay, 100 sədəq və 30 at verilmişdir1. Həsən bəy Dəmənhurda yaşayaraq 4 il bu vəzifədə qalmış, 840-cı ildə (1436) işdən çıxarılmışdır, sonralar oğlu da burada vəzifə sahibi olmuşdur. Tarixçi İbn Tağrı-Birdinin Sultan Baybarsın öz sələfi türk aşiqi Şeyxdən fərqli olaraq çərkəzləri daha çox sevdiyini söyləməsinə baxmayaraq, onun dövründə türkmən mənşəli iki vali vardı. Bunlardan biri döyər Həsən bəy, digəri isə Hələb valisi Behisinli Tanrıvermiş idi. Məmlük tarixində, deyəsən, ərəb mənşəli heç bir valiyə təsadüf edilmir.
853-cü ildə (1449) Xümus valisi olan Həsən bəyi 5 il sonra (1454) Aclun valiliyində görürük2. Hətta bu tarixdə qaraqoyunlu hökmdarı Cahan şah məmlük sultanına yazdığı bir məktubda Aclun valisi Həsən bəyi elçi göndərməsini xahiş etsə də, Baybars verdiyi cavabda bunun yalnız böyük əmir Ərəb şahın göndəriləcəyi təqdirdə mümkün olduğunu bildirmişdi3. İbn Tağrı-Birdinin bir az mübhəm olan qeydindən belə çıxır ki, əsərin yazıldığı dövrdə (1454/1464) Həsən bəy öz ata yurdu Cəbərdə hakim imiş. Həsən bəyin ölümü və ondan sonra Cəbərdə kimin hakim olduğu bilinmir. Həsən bəyin Əmirzə (İmirzə) adlı bir oğlunu tanıyırıq ki, o da məmlük xidmətində olmuşdur. Əmirzə (1453-cü ildə) Misirdəki üç valilikdən biri olan Kəşf ül-vəchi-l-qıbəliyə təyin edilmiş və həmin il mərkəzi Dəmənhur olan Kəşf ül-vəchi-l-bəhriyə göndərilmişdir4. Onun 869-cu ildə (1464) hələ də orada olduğunu görürük5. İbn İyasın bir qeydinə görə6 Əmirzə 1485-ci ildə Kərək valisi təyin edilmişdir.
İbn Tağrı-Birdi Yarəli, Mahmud, Katı (bəlkə də Kutlu) adlı döyər əmirlərindən də bəhs edir. Lakin onların Salim bəyin ailəsi ilə qohum olub-olmadığı, qohumsa, qohumluğun dərəcəsi haqda heç bir məlumatımız yoxdur. Onlardan Yarəli Şam valisi İnal əl-Çəkiminin üsyanına qoşulduğu üçün 842-ci ildə (1439) Dəməşqdə yaxalanaraq öldürülmüşdür7. Əmir döyər Mahmuda gəlincə, o da yenə türkmən bəylərindən Saqqalsız oğlu Turəli, İnal oğlu Əmir Əliyar, türkmən Savcı bəy oğulları Əmir Fərəc və İbrahim, ərəb əmiri Nüöyr oğlu Qadir və digər bəylərlə 1439-cu ildə Hələb valisi türkmən Tanrıvermişin Baybarsın yerinə sultan olmuş Çaxmağa qarşı üsyanında iştirak etmişlər8. Əmir Mahmudun aqibəti barədə məlumatımız yoxdur. Döyərlərdən Katı isə 857-ci ilin (1453) əvvəllərində Buharya valisi idi1.
Döyər boy bəyi ailəsinə dair əldə edilə bilən məlumatlar bunlardan ibarətdir. Həmin məlumatlar əsasında döyər boy bəyi ailəsinə aid belə bir şəcərə çəkmək mümkündür:
Osmanlı dövründə döyərlər
Heydər Çələbinin «Ruznamə»si2 və təhrir dəftərlərindəki qeydlərə görə Suriyanı öz torpaqlarına qatan Osmanlı dövləti bu ölkədə dirlik sahibi olan türkmən və ərəb əmirlərinə toxunmamışdır. Kamal Paşazadənin bir qeydinə görə3, Osmanlı fəthi zamanı Cəbər yenə də döyərlərin əlində idi. Ancaq bunu təsdiq edən başqa bir dəlil yoxdur. Bundan əlavə, döyər bəyliyinin süqutu barədə də konkret məlumatımız yoxdur. Bununla birlikdə, təxmin etmək mümkündür ki, döyərlər Göyçə Musanın ölümündən sonra bəlkə də Urbanın təzyiqi altında Cəbəri tərk etmişlər. Bura 1440-1445-ci illər arasında ağqoyunluların əlində idi. XVI əsrdə Hələb türkmənləri, Boz ulus, Kərkük və Sis (Kozan) yörəsində yaşayan türkmənlər arasında bu boya mənsub oymaqlar vardı.
Dostları ilə paylaş: |