131
Rama-Krişna tə'lim və e'tiqadları bir müddət sonra onun Svami Vivkanada adlı
gənc şagird tərəfindən toplanmışdır. O, tezliklə bu e'tiqadın təbliğ olunması üçün
sonralar Rama-Krişna adı ilə məşhurlaşan hərəkat yaratmışdır. Bu hərəkat Hindistan
cəmiyyətində və Qərbdə çoxsaylı insanların, xüsusilə də Qərbin rəngarəng
məktəblərindən, maddi həyatından ümidsiz və mə'yus olan cavanları bu firqəyə cəlb
edə biləcək səviyyədə uğur qazana bilmişdi. Bu gün Krişna mə'bəd və dərnəklərinin
Qərbdə, xüsusilə Amerikada sərgərdan gənclər tərəfindən rəğbətlə qarşılandığını və
onların həmin mə'bədlərdə Krişna ayinlərini yerinə yetirdiklərinin şahidiyik.
* * * *
Hindistanda qərb mədəniyyəti ilə təmas və qarşılaşma nəticəsində yaranan firqələri
nəzərə almasaq, Qərbin liberal və sekulyarist baxışları daha çox tələbə və ali məktəb
təbəqələri arasında dinsizlik, ateist hərəkatlarının formalaşmasına səbəb oldu. Bu
hərəkatlar öz sə'ylərini hinduizmin ideoloji əsasları ilə mübarizəyə yönəldir, onu
xurafat və ata-babaların möhumatçı fikirləri adlandırmaqla hinduizmin kökünü
kəsmək istəyirdilər. Amma hər halda, yuxarıda şərh olunan firqələr yeni Hindistanın,
onun mədəniyyətinin formalaşmasında mühüm və məs'uliyyətli rol ifa edə,
hinduizmin yanlış və qeyri-məntiqi inanclarında böyük dəyişikliklər edə bilmişlər.
Belə ki, bugünkü Hindistan cəmiyyətində nə kasta sinfi quruluşu rəsmi olaraq
tanınır, nə də azyaşlıların nigahı, dul qadınların yandırılması və s. kimi ayinlərə icazə
verilir. İnkar etmək olmaz ki, izahı qeyd olunan müxtəlif mə'budların çoxsaylı büt
və heykəllərə sitayişə Hindistanda hələ də rast gəlinir. Bütün bu kimi hallar ölkə
əhalisinin müşrikliyə ciddi meylindən xəbər verir.
Dostları ilə paylaş: