ailədə;
məktəbdə
fənlərin tədrisi zamanı;
dərsdənkənar təlim-tərbiyə işləri zamanı;
məktəbdənkənar tərbiyə müəssisələrində;
pedaqoji mətbuat vasitəsilə;
bədii ədəbiyyat və incəsənət əsərləri vasitəsilə;
kütləvi informasiya vasitələri ilə və s.
Mövzu 11
Ağıl tərbiyəsi. Əmək tərbiyəsi
Plan:
Ağıl anlayışı haqqında
Ağıl tərbiyəsinin mahiyyəti, vasitələri və yolları
Əmək tərbiyəsinin mahiyyəti və vəzifələri
Əmək tərbiyəsinin sistemi və peşəyönümü
ƏDƏBİYYAT:
1.Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti. Naxçıvan, “Əcəmi” Nəşriyyat- Poliqrafiya Birliyi. 2017, 280 səh. s.186-193, 203-208
2.İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Dərslik. 2 cilddə. II c., Bakı, Mütərcim, 2013 , 548 s.
3. Sadıqov F. Pedaqogika. Dərs vəsaiti. Bakı, Adiloğlu, 2012
1. İnsanın intellektual inkişafının dörddə üçü 12 yaşına qədər təşəkkül tapır. “Əgər bir kart oyunu ilə intellektual inkişaf arasında, oxşar müqayisə aparsaq, məlum olar ki, intellektual potensialı təşkil edən 10 blok qabiliyyətindən (10 kart) üçünü siz 6 yaşında, beşini 8 yaşında, 7-ni 12 yaşında qazanmışınız. Oyunda geriyə yol yoxdur. Yenidən oynamaq da mümkün deyildir. Biz necəyiksə, artıq o cür formalaşmışıq. Təfəkkürün uşaqlıqda formalaşan strukturu ömrümüzün sonunadək bizim ətrafımızda baş verənlərə münasibətimizi, qiymətləndirməmizi, mühakimələrimizi, təhlillərimizi, ətraf aləmi necə dərk etməyimizi müəyyənləşdirir”. (R.Əliyev. Psixologiya. Bakı, 2008, səh 211-212)
Göründüyü kimi, ağıl tərbiyəsi üçün senzitiv dövr dövr 12 yaşınadək hesab edilməlidir. Amerikan psixoloqları müəyyən etmişlər ki, 6-12 yaşlar problemlərin həllinə dair və vərdişlərin formalaşdırılması üçün senzitiv inkişaf dövrüdür. Əgər bu fürsət qaçırılıbsa, sonradan mürəkkəb təfəkkür əməliyyatları aparmaq qabiliyyətləri formalaşması çox çətin olur.
“Ağıl” anlayışı haqqında. Ağıl, onun mahiyyəti, insan həyatında əhəmiyyəti, təzahür formaları, ağılın keyfiyyətləri, ağıl formalaşdırmağın yolları haqda ən kristal məlumata Azərbaycan xalq pedaqogikasında rast gəlinir.
Xalqa görə ağıl insanı zinətləndirən, onu digər canlılardan fərqləndirən, yalnız insana verilən nemətdir. Varidat, məxluqat və həyat haqda ən müqəddəs Kitab olan “Quran”da “ağıl sahiblərindən bəhs edən və onları öyən ayələrin sayı 18; ağıllı davranmağı əmr edən ayələrin sayı 49; elm adamının dəyərindən bəhs edən ayələrin sayı 10; elmin qiymətini anladıb, elmə təşviq edən ayələrin sayı 7; düşünüb ibrət alınması gərəkli hadisələrdən bəhs edən ayələrin sayı 31-dir” (Abdulkadir S. Mənim dinim. Bakı, 1994.səh 30).
El arasında danışdıqda və Azərbaycan xalq pedaqogikası nümunələrində də ağıllılığa saysız-hesabsız əlamətlər aid edilir: həyatını, güzəranını düzgün qura bilmək, Allaha inanmaq; dinə ehtiyac olduğunu başa düşmək; səhvə yol verməmək; səhv etdikdə peşman olmaq; pis yoldan qayıtmaq; qüsurlarına görə tövbə etmək; yaxşı əməllərlə məşğul olmaq; təmkinli olmaq; çətinlikdən qurtarmağın çəmini (yolunu, qaydasını) bilmək; öz haqq-hesabını bilmək; dərin məlumatlı olmaq; bilik əldə etməyə çalışmaq; huşu başında olmaq; iş, əməl və fikirlərini Allaha xoş gedən şeylərə yönəltmək; zehni (düşüncəni) mənasız mühakimələrdən qorumaq; soruşulmayan şey barəsində danışmamaq; sayıq olmaq; ancaq nail ola biləcəyi məqsədə can atmaq; müdriklərin məsləhətlərinə qulaq asmaq; dəyərsiz adamlardan uzaq olmaq; xeyri olmayan sözləri danışmamaq; özgələrin işinə qarışmaqdan çəkinmək; şərəfsizlikdən qorxmaq; bütün əqidə adamlarını məslək dostlarını eyni mehribanlıqla qarşılamaq - qısası, hər cür işdə kamil olmaq.
Ağıl, onun mahiyyəti, insan həyatının mənalı qurulmasında onun rolu və s. barədə kifayət qədər atalar sözləri mövcuddur. Atalar sözlərində ağılın və ağıllı adamın əlamətlərini xalq bu cür verir.: “Dövlətin ən yaxşısı ağıldır”, “Ən böyük sərvət ağıldır”, “Ağıl insana sərmayədir”, “Ağıllı baş bəlasız olar, doğru yol - qərəzsiz”, Ağıllı işinə baxar, cahil dişinə”.
Dostları ilə paylaş: |