Torpağın becərilməsi. Payızlıq çovdar payızlıq buğdaya nisbətən torpağın becərilməsinə
daha çox tələbkardır, belə ki, çovdarın toxumu dayaz basdırılır. Payızlıq çovdarı məşğullu herik və
təmiz herikdən sonra yerləşdirdikdə torpağın becərilməsi sistemi payızlıq buğda bitkisində olduğu
kimidir. Qranulometrik tərkibi ağır olan torpaqlarda kifayət qədər nəmlik olan və payızlıq çovdarın
səpininə qədər 20-30 gündən gec olmayaraq üzvi gübrə verilmiş 16-20 sm dərinliyində pərşum
aparılması məqsədəuyğundur. Payızlıq çovdarı məşğullu herikdən sonra yerləşdirdikdə çovdarın
səpininə 20-25 gün qalmış herik tarlasının bitkisi yığılmalıdır.
Sələflərdən asılı olaraq becərmə müxtəlif olur. Yonca altından çıxmış sahələr 6-8 sm
dərinlikdə üzləndikdən sonra 25-27 sm dərinlikdə şum qaldırılır. Kartofdan sonra şum əvəzinə
malalama ilə birlikdə 8-10 sm dərinliyində diskləmə aparılır. Səpindən əvvəl toxumun basdırılma
dərinliyində səpinqabağı kultivasiya çəkilir. Torpağın səpin qabağı becərilməsi KPS-4, KŞU-12
kultivatorlarla aparılır, daha keyfiyyətli becərmə isə kombinə edilmiş VK-3,6, AKP-3,6, RVK-5,6
və VİP-5,6 aqreqatlarından istifadə etdikdə alınır.
Toxumun səpinə hazırlanması. Səpin üçün 1-ci sinfə aid təmizliyi 97%, cücərmə qabiliyyəti
isə 90%-dən çox olan toxumlar götürülür. Səpindən qabaq toxumlar hər tona 1,5-2,0 kq hesabı ilə
raksil və pentatiuramla bərk sürmə, fuzarioz və helmintosporioz kök çürüməsi, bərk və gövdə
sürməsi xəstəliklərinə qarşı PS-10 , «Mobitoks» maşınlarında dərmanlanır.
Səpin müddəti, üsulü və norması. Həm tez və həm də gecikmiş səpinlər məhsuldarlığı aşağı
salır. Toxum elə müddətdə səpilməlidir ki, qışlamaya qədər bitki 3-4 gövdə əmələ gətirsin. Optimal
səpin müddəti sentyabrın 20-dən oktyabrın 10-na qədər, orta sutkalıq temperatur 14-15
0
C hesab
olunur. Səpin bu temperaturda aparıldıqda İsveç və Hessen milçəkləri ilə zədələnmə kəskin azalır.
Covdar adi cərgəvi və darcərgəli üsulla SZ-3,6 və SZP-3,6 aqreqatlarla səpilir. Darcərgəli üsul daha
əlverişlidir. Səpinin istiqaməti şimaldan cənuba doğru aparıldıqda cərgələr yaxşı işıqlanır və
bitkilərin günorta saatlarında qızması təhlükəsiz olur. Əgər səpin üçün təzə yığılmış toxumlardan
istifadə edilərsə onlar günəş altında 3-5 gün, yaxud dənqurudulanda 2-3 saat müddətində toxum 45
0
C-yə qədər qızdırılır.
Səpin norması torpağın münbitliyi və nəmliyindən, tarlanın zibillənməsindən və istifadə
olunan sortdan asılıdır. Onu elə yoluna qoymaq lazımdır ki, yığım müddətinə 1 m
2
-də 500-600
məhsuldar gövdə olsun. Təxmini səpin norması hektara 4-5-6 milyon ədəd cücərmə qabiliyyətli
toxum götürülür. Yaxşı becərilmiş və gübrələnmiş tarlalarda səpin norması bir hektara 0,5 mln.
ədəd azaldılır. Səpin müddəti gecikərsə səpin normasını 8-10% artırmaq lazımdır. Payızlıq çovdar
kifayət qədər nəmliyi olan ağır torpaqlarda 2-3 sm, yüngüldə 4-5, orta torpaqlarda 3-4 sm
dərinliyində basdırılır. Quraq hava şəraitində və torpağın üst təbəqəsi quruduqda toxumun
basdırılma dərinliyi 1-2 sm artırılır. Adətən xırda toxumlar iri toxumlara nisbətən dayaz basdırılır.