Qabaq-qabağA


Mustafa Haqqı Türkəqulun qopuzla bağlı tədqiqatları



Yüklə 2,19 Mb.
səhifə4/19
tarix14.01.2018
ölçüsü2,19 Mb.
#37732
1   2   3   4   5   6   7   8   9   ...   19

Mustafa Haqqı Türkəqulun qopuzla bağlı tədqiqatları

Qopuzla bağlı çox dəyərli fikirlər Mustafa Haqqı Türkə­qulun İstanbulda Xalq evində oxunmuş “Azərbaycan musiqisi” adlı məruzəsində də səslənmişdir. Qeyd etməliyik ki, bu məruzə 1953-cü ildə “Azərbaycan” (Ankara) dərgisinin bir neçə sayında nəşr edilmşdir.

Türkəqul çı­xı­şına mu­si­qinin xalqların varlığındakı dəyə­ri­ni izah etməklə başlamış, fikrini Pi­fa­qorun, Əflatunun, Rous­seanın, ingi­lislərin və başqalarının söylədiyi aforizmlərlə sübut etməyə çalış­mışdır. Belə ki, Əflatunun “İdman bə­dən üçün nədirsə, musiqi insan ruhu üçün odur”, Pifaqora görə, “Musiqi bir-birinə bənz­əməyən müxtəlif səslərdən meydana gələn bir konsertdir” və ya C.Cabbarlının “Ney çalınarkən ölülərin diril­mədiyinə təəccüb edirəm” kimi ifadələri ilə musi­qi­nin ilahi gücünü şərh etdikdən sonra mü­əl­lif bu sənətin tarixi köklərini də araş­dır­mağa çalışmışdır. “Musiqinin mənşəyi, heç şübhəsiz ki, bəşər tarixi ilə baş­lar. İn­san­lar vəhşi halda yaşarkən belə musiqiyə ehtiyac duymuşlar, ibtidai şəkildə dəxi olsa, musiqiyə sahib olmuşlar” (9,11), – yazan müəllif belə bir nəticəyə gəl­miş­dir ki, musiqinin yaşı bəşəriyyətin yaranması ilə ölçülmə­lidir, o, insanlıq tarixində tanrılara tapınma, dua zamanı mey­dana gəlmişdir və bu sənəti iki qismə ayırmaq mümkündür: “Bi­rincisi, tövr, yəni rəqs sənətidir ki, nə­şənin ifadəsidir. İkincisi, səsli söz sənətidir ki, duadan doğmuşdur. Bəzən bu ikisi birləşərək bütün dinlərdə istifadə olunmuşdur” (9,11). Beləliklə, müəllif həm rəqslərin, həm də nəğmə­lərin yaranma tarixini araşdırmağa çalışmış, fikrini dəqiqləşdirmək üçün müxtəlif əsa­tir­lərdən örnəklər vermişdir. Lakin diqqəti cəlb edən əsas cəhət odur ki, Türkəqul burada Azər­baycan musiqi­sini ayrılıqda deyil, ümumtürk kontekstində dəyərləndirmiş, onun tari­xən yunan, Misir, Şumer və başqaları ilə eyni vaxtda ya­ran­ması qənaətini dəlillərlə aşkara çıxarmışdır: “Dövrümüzə qədər gələn əski əsərlər və ar­xeoloji araşdırmalar əski yunan­ların, misirlilərin, şumerlərlə digər türklərin və çinlilərin yük­sək musiqi kültürünə sahib olduqlarını göstərir” (9,12).

Türkəqul nəğmələrin insanların üzərindəki qeyri-adi təsirinin səbəblərini ya­radana minnətdarlıq və sevgi olduğunu aydınlaşdırmaqla yanaşı, onların çox qədim bir tarixi yaşat­dıqlarını da əsaslandıra bilmişdir.

“Türk musiqisinin tarixi miladdan çox öncə başlayır. Mi­laddan bir neçə əsr öncə və yüzlərcə il sonra Sarı dənizdən Ağ dənizə qədər yayılan geniş ərazidə hökm sürmüş olan türk qövm­ləri yüksək bir musiqiyə sahib olmuşlar. Bəzi Çin tarixçilərinin etiraf etdiklərinə görə, miladdan çox öncə türk qövmləri at üzə­rində çalınan əsgəri musiqiyə, müxtəlif musiqi alətlərinə, səyyar musiqişünaslara (qopuzçulara) malik olmuş­lar. Hətta Çin saray­larına belə türk musiqisini daxil etmişlər” (9,9), – yazan müəllif professor Mehmet Fuad Köprülüyə istinad edərək, türklərdə şeir, musiqi və rəqsin eyni zamanda ifa edildiyini bildirmişdir.

Xatırladaq ki, 981-ci ildə Uyğur elinə gələn Çin elçisi Vanq Yen Te burada at üzərində mu­siqi ilə qarşılandığını öz səyahətnaməsində qeyd etmişdir (8,75).

Məhz həmin səyahətnaməyə əsasən M.H.Türkəqul yazır: “...şeir ilə musiqi daha uzun zaman, hətta dövrümüzə qədər bərabər yaşamışlar, yəni ozan ilə qopuzçu bir-birini tamamla­mışlar. Qədim türklərdə musiqi və oyun çox yayılmışdı. Çin müəlliflərindən Vang Yen Te əski bir türk qəbiləsi olan Tur­fan­ların səyahətə çıxdıqları zaman musiqi alətlərini yanlarında daşıyacaq qədər musiqiyə düşkün olduq­larını söyləyir”.

Türk, o cümlədən Azərbaycan musiqisinin qədim köklə­rinin, mənşəyini araşdırdığı bu tədqiqatında professor M.F.Köp­rülünün: “... türklər arasında hələ islamiyyətdən çox əvvəl dini mahiyyətə malik musiqidən başqa, qüdsiyyət hissini buraxaraq, tamamən bədii bir mahiyyət almış başqa bir musiqi də mövcud imiş. Şairlər əllərində qopuzları topluluqları dolaşır, əski mənqibələr anladır və ya yeni hadisələrə yeni şərqilər qoşar­dılar”, – fikrinə istinad edərək, M.H.Türkəqul həmin mu­siqisinin əsrlərlə Çin və Orta Asiya saraylarında hökmran ol­ması qə­naətlərini irəli sürmüşdür. Maraqlıdır ki, müəllif son­rakı əsrlərdə monqol istilalarının türk musiqi mədəniyyətinin daha geniş ərazilərdə yayılmasına təkan verdiyini bildirmək­dədir.


Nəticə

Qeyd etməliyik ki, türk, o cümlədən Azərbaycan musi­qisinin yaranma tarixi, qopuz, ozan-aşıq sənəti ilə bağlı mü­hacirətdə yaranan tədqiqatlar sayca çoxdur. Belə ki, M.Ə.Rə­sulzadə, M.B.Məmmədzadə, İ.Melikoff, Ə.Özər, S.Sənan, M.Ş.Ülkütaşır, X.Aslan və başqalarının tədqiqat­larında bu prob­lemdən müəyyən qədər bəhs olunmuşdur. Bütün araş­dır­maların ayrıca təhlilə cəlb edilməsi və dəyərləndirilməsi folk­lorşünaslığımızın problemlərindən olaraq qalmaqdadır.


QAYNAQLAR:

1. Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı: Elm, 2004, 760 s.

2. Caferoğlu Ahmet. Cihan edebiyatında türk kobuzu, “Ül­kü”, İstanbul: VIII, 45, 1936, s.203-215; 48, 1937, s.411-426

3. Caferoğlu Ahmet. Folklorumuzda milli hayat ve dil bakiyeleri, C.H.P, Konferanslar serisi, Kitap 16, İstanbul: 1940, s. 21-36

4. Caferoğlu Ahmet. Türk Kavimleri, Ankara: Türk Kül­türünü Araştırma Enstitüsü, 1983, 96 s.

5. Hüseynov Gülağa. Ə.Cəfəroğlunun ozan və qopuz ənənəsi ilə bağlı araşdırmaları, Filoloji araşdırmalar, XVI kitab, Bakı: Nurlan, 2002, səh. 61-65

6. Xəlilov Nizami. Aşıq sənətinin təşəkkülü, Bakı: BDU nəşri, 2003, 124 s.

7. Qasımlı Məhərrəm. Ozan-aşıq sənəti, Bakı: Uğur, 2007, 304 s.

8. Tekin Şinasi. Vanq Yen Tenin seyahetnamesinde anlatdıkları. Hayat. Tarih, 1968, № 8, s. 75–77.

9. Türkekul Mustafa Hakkı. Azerbaycan musikisi, “Azerbaycan”, Ankara: 1953, yıl 1, sayı 5, s.10-12; sayı 6, s.9-11; sayı 7,s.4-5


Almaz Hasankizi

GOPUZ IN THE AZERBAIJANI EMIGRATION FOLKLORE STUDIES

Summary: The article titled “Gopuz in the Azerbaijani emigration folklore studies” analyzes the research about the ozan-gopuz tradition in the context of the emigration folklore studies.

The studies on this topic of the prominent representatives of the scientific-theoretical contemplation in the emigration –Ahmed Jafaroghlu, Mustafa Hakki Turkegul and others were paid particular attention and for the first time were syste­matically evaluated.



Key words: Azerbaijani, emigration, folklore, ozan, gopuz
Алмаз Гасанкызы

ГОПУЗ В АЗЕРБАЙДЖАНСКОЙ ЭМИГРАНТСКОЙ ФОЛЬКЛОРИСТИКЕ

Резюме: В статье “Гопуз в азербайджанской эми­грант­ской фольклористике” рассмотрены труды эмигрант­ской фольклористики, посвященные древней тюркской культуры озан-гопуз.

Особенно выделены и впервые привлечены к систем­ному иссле­дованию труды таких видных представителей эмигрантской научно-тео­ретической мысли, как Ахмеда Джафароглы, Мустафа Хакки Тюркегул и др.



Ключевые слова: Азербайджан, эмиграция, фольк­лор, озан, гопуз.

Aqşin AĞKƏMƏRLİ

İran

araşdırıcı

aqshinaz@yahoo.com

ŞƏBÜSTƏRLİ AŞIQ QƏŞƏM CƏFƏRİ

Özət: Azərbaycanın güneyində yerləşən Şəbüstər ziyalı­ları, din xadimləri, filosofları, elm adamları, şairləri və aşıqları ilə məşhurdur. Onlardan biri də 1902-ci ildə Kündür kəndində doğulmuş Aşıq Qəşəm Məhəmmədəli oğlu Cəfəridir. Onun soyunun Tikmədaşlı Xəstə Qasıma bağlı olduğunu söyləyirlər. Atası, babası, ulu babaları da aşıq olan Qəşəm ustad yanında şəyirdlik etməyib. 11 yaşında atasını, 12 yaşında anasını itirdi­yindən çox çətin günlər yaşayıb. Ağır həyat şəraiti ucbatından o zamanlar neft sənayesi, gəmiçiliyi, mədənləri, dəmiryolu və b. iş sahələri olan, insanlara xoş güzaran, var-dölət qazanacağı ümidi oyadan Quzey Azərbaycana gəlir.

Burda o, fəhləlik etməklə yanaşı aşıqlarla görüşür, onlarla birlikdə məclislər aparır.

Sovet hökumətinin yeritdiyi yanlış siyasətin qurbanı kimi minlərlə soydaşı ilə birlikdə ölkədən çıxarılır. Doğulub boya- başa çatdığı kəndə dönən aşıq burda əkin-biçinlə məşğul olur, həmçinin aşıqlıq da edir. Güney Azərbaycanda Milli Höku­mətin qurulmasını canı dildən dəstəkəyən aşıq, vətəni 1946-cı ildə şah qoşunları tərəfindən qan içində boğulanda bir müddət qaçıb Mişov dağlarında gizlənməli olur. Aşıq Qəşəm xalq arasında milli ruhlu, vətənpərvər biri olaraq tanınmışdır. Belə ki, şah rejimi zamanı ölkədə fars dilindən başqa bir dildə danış­maq qadağan olunduğu bir zamanda Aşıq Qəşəm toylarda, məclislərdə türkcə oxumaqla ana dilinin yaşamasına böyük xidmət göstərmişdir.

Aşıq Qəşəm 1990-ci ildə doğulduğu Kündür kəndində dünyasını dəyişib.



Açar sözlər: Aşıq Qəşəm Cəfəri, Tikmədaşlı Xəstə Qa­sım, Şəbüstər, Güney mahalı

Giriş

Mişov dağ silsiləsi Araz çayı ilə Urmiya gölünün ara­sın­da yerləşir. Saf və şirin suları, məhsuldar torpaqları bu yerləri ta qədimdən insanların yaşayış məskəninə çevirmişdi. Dağ zirvələrinin bir çoxu ayrı-ayrı inanclıların ziyarətgahıdır. Gü­nü­müzdə də hər il onlarla insan bu zirvələrə ziyarətə gəlirlər.

Araşdırıcıların fikrincə qədim türk tayfalarından bulqar­ların bir qolu olan mişerlərin adını daşıyan bu dağ silsiləsində tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirə biləcək onlarla abidə var ki, hələ də öyrənilməyib. Bölgənin tarixi normal öyrənilmədiyi kimi, folkloru da günümüzədək toplanıb ümum­xalq mədəniyyətinə çevrilməyib.

Güneyi Urmiya gölünə dayanan, Quzey sərhədləri Mişov dağlarının zirvəsi olan, Mişov dağlarının Güney Doğusundan Batıya doğru 110 kilometrə yaxın uzanan, eni isə 30-35 kilo­metrlik zolaq orta yüzilliklərdən Güney mahalı adlandırıl­mış­dır. Müxtəlif illərdə bölgə Əvənq–Ənzab, Şəbüstər adlandırılsa da, İran İslam Respublikasında inzibati vahidlər rəsmi qaynaq­larda ostan, bəxş kimi yazılsa da, xalq arasında hələ də mahal ifadəsi geniş işlədilir. Mərkəzi Şəbüstər şəhəri olan bölgə 85 kənd, 12 qəsəbə və şəhər var.

Güney mahalı Şeyx Mahmud Şəbüstəri, Şeyx Məhəm­məd Xiyabani, Mirzə Fətəli Axundzadə, Mirzə Əli Möcüz Şə­büstəri, Vayqanlı Adəm, Məhəmmədtağı Zehtabi, Aşıq Qəşəm və b. elm, ədəbiyyat, mədəniyyət xadimlərinin məkanıdır.

Bugünkü məruzəmizdə Güney mahalının sevimli oğlu, ana dilimizin qorunması və cilalanmasında böyük xidməti olan Aşıq Qəşəmdən söz açacağıq.


1. Aşıq Qəşəmin nəsli
Aşıq Qəşəmin nəsli haqqında xalq arasında rəvayətlər dolaşsa da yazılı qaynaqlarda elə bir ciddi sənədə rast gəlinmir. Bölgədə onların nəslinə “Aşıq uşaqları” deyilir. Bu deyimin yaranmasına da səbəbi Aşıq Qəşəmin ata-babasının aşıq olması göstərilir.

Qəşəmin atasının adı Məmmədəli soyadı isə Cəfəridir. 1902-ci ildə Kündür kəndində yoxsul bir ailədə dünyaya gəlib. Baxmayaraq ki, onun atası Məhəmmədəli kənddə əkinçilik və heyvandarlıqla məşğul olmaqla yanaşı qışda da toylara gedər, məclislər aparar, yaxın Təbriz, Urmiya, Salmas, Şəbüstər və b. şəhərlərin qəhvəxanalarında çalıb oxuyarmış. O, dövrdə kasıb yaşayan yalnız Aşıq Qəşəmin ailəsi deyildi. Tarixən var-dövləti ilə hamının diqqətini cəlb edən ölkə səfalət yuvasına çevrilmişdi. 19-cu yüzildə işğalçı Rusiyaya torpaqlarının bir hissəsini və 20 min kron qızıl savaş təzminatı ödəməli olan Qacarlar səltənəti iqtisadi cəhətdən dirçələ bilmirdi.

Bir tərəfdən Avropanın inkişaf etmiş dövlətləri və Rusiya buraya ucuz xammal bazası kimi baxır, iqtisadiyyatının inki­şafına imkan vermir, o biri tərəfdən də yerli mühafizəkarlar hər cür islahatı əngəlləyirdilər. Aşıq Qəşəmin uşaqlıq və yeniyet­mə­liyində tarixə Məşrutə hərəkatı kimi daxil olan Konstitu­siyalı Monarxiya tərəfdarlarının mübarizəsi və Şeyx Məhəm­məd Xiyabaninin rəhbərlik etdiyi Azadıstan dövlətinin qurul­ması baş vermişdi. Ölkə yarımmüstəmləkə halına düşmüşdü. Güneyi Böyük Britaniya, Quzey Rusiya nəzarət altına almışdı. Rus, İngilis əsgər və zabitlərinin sözü, istəyi qanunlardan üstün idi. Necə deyərlər şah müstəmləkəçilərin əlində oyuncağa çev­rilmişdi. Xristian dindaşlarından yardım alaraq Urmiyada, Sal­masda və ətraf bölgələrdə yaşayan müsəlmanları qıran, na­muslarına təcavüz edən, var-dövlətlərini əllərindən alan ermə­ni-aysoru silahlı dəstələrini zərərsizləşdirməyə Əhməd Şah 200-300 nəfərlik silahlı dəstə göndərə bilmirdi. İngilislər və Ruslar 10 ildən çox idi Əhməd şaha ölkənin rəsmi şəkildə xa­ricilərin nəzarəti altına keçməsi haqqındakı müqaviləyə qol çəkdirə bilmirdilər.

Aşıq Qəşəm də erməni-aysoru basqınlarını da, rus əsgər və zabitlərinin özbaşınalığını da, yerli məmurların, iri torpaq sahibkarlarının, mühafizəkar din xadimlərin də haqsızlığını görə-görə yaşamında onların acısını duya-duya böyüyürdü. Nə yazıq ki, o, 11 yaşında olanda atası, 12 yaşında olanda isə anası ölür. Yetimçiliklə böyüyən Qəşəm yetkinlik yaşına çatdıqdan sonra minlərlə soydaşı kimi o da bir tikə çörək pulu qazanmaq, güzəranını yaxşılaşdırmaq üçün Quzey Azərbaycana gəlməyi qərara alır. Sonralar aşıq həmin günlərin duyğularını şerə çevi­rir. Bacısı ilə qarşılaşma şəkilində söylənmiş şeir Aşıq Qəşəm haqqında dastan rəvayətin özülünü qoyub. Orada deyilir:

“Bir gün kənddə gördüm bir neçə nəfər Gəncəyə gedirlər, dedim ayaq saxlayın məndə bacımla sağollaşıb gəlirəm.
Atam ölüb işim ahuzar olub,

Fələk iğbarıma qarə çəkibdi.

Gözlərim yaşı ümmana dönüb,

Şeyda bülbül gülü xara çəkibdi.

Yoxsulluq bir od olub məni yandırır,

Qəmdən cila vurub çox dolandırır,

Tənəli söz qəlbimi çox bulandırır,

Ürəyim açılmır, nara çəkibdir.


Üzümlü, almalı, heyvalı, bağım,

Qoyma qaranlıqda qalsın otagım,

Qəşəməm Güneydə alsaz sorağım,

Bilin fələk qəlbim darə çəkibdir.

Bacısı bu sözləri Qəşəmdən eşidəndən sonra başa düşür ki, qardaşı uzaq səfərə çıxacaq. Onun bu sözlərini qarşısında deyir :
Səhər, axşam gecə-gündüz ağlaram,

Daha cəfalara dözə bilmirəm.

Ah çəkirəm ürək dolar qan ilə,

Qəmin dəryasında üzə bilmirəm.


Göylüm çəmənində bitməz lalələr,

Qəlbim heç açılmaz rəngim saralar,

Qış girəndə Mişov dağın qar olar,

Savad yox - dərdimi yaza bilmirəm.


Zəhra namə yazıb verir yellərə,

Şeyda bülbül həsrət qaldı güllərə,

Yetim qaldıq, düşdün qürbət ellərə,

Axtarıb dalınca gəzə bilmirəm.


Şeirdən aydın olur ki, bacısının adı Zəhra imiş. Quzey Azərbaycanda yaşayarkən Aşıq Qəşəm ənənəni davam etdir­mək­lə yanaşı, mühitin təsiri altında tərənnüm şeirləri də yaz­mışdır. Onun Naxçıvana həsr etdiyi şeirində deyilir:

Gün kimi aləmi edib münəvvər

Naxçıvan mahalı olubdur ənvər...
Aşıq Qəşəm Güney bölgəsində dillər əzbərinə çevrilən bir deyişməsindən məlum olur ki, o, İrəvan şəhərində də ol­muş, orada Aşıq Muxtarla da deyişmişdir. Aşıq Muxtar ənə­nəvi bir qaydada Aşıq Qəşəmə hərbə-zorba gələrək deyir:
On səkkiz aşiqi salmışam bəndə,

Bura İrəvandi, sallam səni kəməndə.

Cahilsan, düşmüşən qovqaya sən də,

Qəsd eyləyib şirin cana, keçmısən.

Aşıq Qəşəm də cavabında deyir:
Güneyli Qəşəməm, kövhər-kanıyam,

Mənə pənah olanın, girdiqarıyamm.

Ərənlər sərvəri, bil dildarıyam,

Yol göstərib bu məkanə keçmişəm.


Bu misralardan aydın görünür ki, aşıqların birisi o birisini pisikdirmək, məclisdən çıxarmaq, sazını əlindən almaq fikrində deyil. Necə deyərlər boy göstərisi nümayiş etdirir, özlərini reklam etdirirlər.


2. Aşıq Qəşəmin Quzey Azərbaycana gəlişi
Aşığın Quzey Azərbaycanda harada yaşadığı və harada işlədiyi haqqında əlimizdə rəsmi bir qaynaq yoxdur. Şeirlə­rindən aydın olur ki, o Gəncə-Tiflis bölgəsində yaşayıb və Tiflisli Aşıq Sadıqla, Şəmkirli Aşıq Teymurla, İrəvanlı Aşıq Muxtarla və b. görüşüb, onlarla birgə məclislər aparıb. Təbrizli araşdırıcı Yahya Şeydanın yazdığına görə iti hafizəsi, güclü musiqi yaddaşı olan Qəşəm Quzey Azərbaycana köçdükdən sonra Gəncədə göyçəli Aşıq İslam Yusifova şəyirdlik edib. O, kankan işləməklə yanaşı aşıqların məclislərində də iştirak edib.

Heç bir təhsili olmayan Qəşəmin bölgənin tanınmış aşıq­ları ilə birgə məclislərdə işdirak etməsi, onlarla qarşılaşması, eyni qafiyədə şeirlər deməsi, bir-birinə bağlama deməsi qəribə görünə bilər. Bunun səbəbi Aşıq Qəşəmin ustad bir aşıq nəs­lindən gəlməsidir. El arasında məsəl var deyərlər “Ustad oğlun­dan şəyird olmaz”. Yəni aşığın oğlu hər gün atasının söhbət­lərini eşitdiyindən, onun çalıb-oxuduğunu gördüyündə daha onun şəyirdlik etməsinə ehtiyac qalmır.

Aşıq Qəşəmin atası aşıq Məmmədəlinin atası, yəni aşıq Qə­şəmin babası Cəfərqulu da, ulu babası Məmmədqulu da, Məm­­mədqulunun atası Əhmədqulu də öz dövrünün adlı-sanlı aşıq­larından olmuşlar. Rəvayətlərə görə bu ailənin kökü Tik­mə­daşlı Xəstə Qasıma bağlanır. Rəvayətə Xəstə Qasımın oğ­lu Əh­mədin qəbri Tikmədaşdadır. Güney mahalına gəlib bu­ra­da ya­şa­yan aşıq Əhmədin oğlu Əhmədqulu olub. Əhmədqu­lunun Sufyan qəsəbəsi yaxınlığındakı Sərkənzə kəndinə köç­məsi haq­qında nə bölgədə, nə də ailədə elə bir bilgi yoxdur. Söylənənlərə görə Əhmədqulunun kəndxuda və torpaq sa­hibləri ilə “suyu bir arxa getmədiyi üçün” oradan Kündürə köç­məli olub. Beləcə Xəstə Qasımın övladlarından bir nəsil də Kündürdə yaşamalı olub.

Əhmədqulunun kötücəsi olan Qəşəm uşaqlıq və yeniyet­məliyində evlərində saz çalındığını, məclislər aparıldığını gö­rüb. Quzey Azərbaycanın aşıqları da bu qərib gəncə qayğı və məhəbbətlə yanaşır, onu özləri ilə birlikdə toylara, məclislərə aparırlar. Beləcə Qəşəm burada bir aşıq kimi püxtələşir. Tif­lisdə Aşıq Sadıq, Şəmkirdə Aşıq Teymur və başqaları ilə birlik məclislərdə qarşılıqlı şəkildə eyni rədifdə şeirlər demişlər.

Gəncə-Tiflis bölgəsində daha yaxşı tanınan Aşıq Qəşəmi 1938-ci ildə yüzlərlə soydaşı ilə birlikdə SSRİ dən İrana deportasiya edilər. Sovetlər Birliyi “dünya inqilabi” xülyası ilə minlərlə insanı malından, mülkündən, bir çoxunu isə ailəsindən məhrum edib İrana qovdu. Sovet rəhbərliyi belə düşünürdü ki, inqilabi təcrübə qazanmış fəhlə və kəndlilər şah rejiminə döz­məyib orada inqilab edəcəklər. SSRİ də onlara bu işdə yar­dımçı olacaq. Lakin bu strategiya özünü doğrultmadı. Kütləvi həbsləri, xüsusi mülkiyyətin ləğv edilməsini, islam dininin qadağan edilməsini, qadınların başından çadranın, kişilərin ba­şından papağın zorla götürüldüyünü, söz və vicdan azadlığının qadağa edildiyini, zorakılığı görmüş insanlar vətənə inqilabi əhval-ruhiyyə ilə deyil bir narazılıqla döndülər.

Bütün narazılıqlara, şah məmurlarının hədə-qorxusuna baxmayaraq Aşıq Qəşəm Sovet Azərbaycanında aşıq sənətinə, maarif və mədəniyyətə göstərilən qayğıdan məclislərdə söhbət açmaya bilmirdi. O, ana dilində ali orta, texniki peşə məktəb­lərin olduğunu, türk dilində qəzet-jurnallar, kitablar çap edil­diyini, radio verilişlərini, aşıqlar üçün festivallar təşkil edil­diyini söyləyir. İranın mühafizəkar məmurları isə bunu Sovet təbliğatı kimi dəyərləndirərək aşığı təqib edirlər. Yəhya Şeyda Aşıq Qəşəmin həbs edilərək doqquz ay zindanda saxlandıqdan sonra azad edildiyini yazır.


3. Milli Hökumətin təbliğində Aşıq Qəşəmin rolu
Pəhləvi sülaləsinin hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycan xalqı bir çox töhmətlərə, böhtanlara, təhqirlərə məruz qalmışdır. Bu üzdən xalqımız öz taleyini öz əli ilə həll etməyə qərar verir, şübhəsiz ki elinə, dilinə torpağına bağlı olan Aşıq Qəşəmdə bu məsələyə laqeyd qala bilməzdir.

Sovet hökuməti 1941-ci ilin avqustunda güneydən Alman təhlükəsi gözlənildiyini bəhanə gətirərək İranı işğal edir. Orada möhkəmlənmək və xalqın nüfuzunu qazanmaq üçün ana dilin­də təhsilə, qəzet və jurnal nəşrinə diqqəti artırır. Bunlar Aşıq Qəşəmin də ürəyindən olduğuna görə o yalnız Güney maha­lında deyil, ətraf bölgələrdə də Azərbaycan Demokrat Firqə­sinin təmənnasız təbliğatçısına çevrildi.


Mahalım Güneydir, şəhərim Təbriz,

Qafil oldum, canım Araza düşdüm.


Deyərək yerini-yurdunu nişan verən aşıq Milli Höku­mə­tin Rusiya tərəfindən yaradıldığına etirazını bildirərək bu hö­kumətin xalqın istəyi ilə yarandığın söyləyir.

Bir sənətkar kimi dünyagörüşü Quzey Azərbaycanda for­malaşan Aşıq Qəşəm get-gedə bir məktəbə çevrilir. Güney Azərbaycan aşıq sənətinin inkişafında böyük rol oynayır. O, sərhədlərin bağlı dönəmdə, əlaqələrin kəsildiyi bir çağda çağ­da, texnologiyanın, kompüterin inkişaf etmədiyi bir vaxtda qazandığı həyat təcrübəsini öz sənəti ilə xalqına qaytarır.

Onun səyi və təşəbbüsü ilə Pəhləvi rejiminin türklərə ana dilində qadağan etdiyi bir vaxtda nəinki özü türkcə məclislər aparır, şeirlər qoşur, dilimizi zənginləşdirir, həm də gənc aşıqlar yetişdirirdi.

Aşıq Qəşəmin nə qədər ustad sənətkar olduğunu onun Aşıq Hüseyn Cavanla, Aşıq Həsən İsgəndəri ilə, Aşıq Əbdüləli Nuri ilə, Aşıq Yədulla ilə, Aşıq Zülfüqar Kəmali və Aşıq Əziz Şəhbazi ilə deyişmələrində aydın görmək olur.

Məclislərdə “Koroğlu”, “Qaçaq Kərəm” dastanlarını da­nışmağa daha çox üstünlük verən Aşıq Qəşəm həm də “Abbas-Gülgəz”, “Əsli-Kərəm”, “Leyli –Məcnun” və b. neçə-neçə lirik ovqatlı məhəbbət dastanlarını da bilirmiş. Onun ifasında o tayda “Şahsevəni”, “Şikəstə Sulduz”, “Yorqun Kərəmi”, “Əhməd Kərəmi”, “Heydəri”, “Ağaxanlı”, “Cəfəri”, “Səttari”, “Ağabəyli”, “Hicrani”, “Divani”, “Zeynalbəyli”, “Qərəbağı”, “Zilqurbani”, “Zil Səttari”, “Sona Səttari”, “Səlyani”, “Qərə­daği”, “Alaçığ” və başqa saz havaları olduqca şirin və qəlbox­şayan səslənirmiş.
4. Milli hökumətin məğlubiyyətindən sonra
Əbdüləli Məcazi Əslən yazır ki, Milli Hökuməti Məhəm­mədrza Pəhləvinin qoşunları dağıdandan sonra Kündürlü Aşıq Qəşəm, Sisli Kərbəlayı Allahverdi və Şincanlı Məşədi Qüdrət Azərbaycan Demokrat Partiyasının üzvü olduqlarına görə təqib edildilər. Məşədi Qüdrəti çox incitmədilər, bir neçə dəfə Məkkəyə gedib gələndən sonra ondan əl çəkdilər.

Aşıq Qəşəm isə şah hökumətinə baş əymədiyinə görə qaçaq dolanmaq məcburiyyətində qaldı. Əvvəlcə dostlarının evində gizləndi. Elə ki, şah məmurlarının tökülüb evlərdə də siyasi adamları axtarma xəbərini eşitdi, “bir adama ziyanım dəyməsin” deyə Mişov dağlarında gizlənməyi qərara aldı.

Mişov dağlarında, Qaradağ mahalında gizlin yaşayan aşıq bir çoxları kimi səbirsizliklə fədai dəstələrinin Araz keçərək vətəni şah rejimindən xilas edəcəklərini gözləyir.

Həmin günləri xatırlayan aşıq yazır:


Beş il oldum dağda pünhan,

Ayağımı dəldi tikan.

Qovdu məni qarı düşman,

Məmurlar məni götürdülər.

Ailəmi incitdilər
Dala durdu qohum-qardaş,

Mənə məskən oldu dağ-daş,

Atdı məni yar və yoldaş,

Məni yaman sinsitdilər.

Ailəmi incitdilər.
Aşıq Qəşəm Mişov dağa ithaf etdiyi bir şerində ötən günlərini belə xatırlayır:
“Mişov” sənə qurban olum,

Məni mehman eylədin sən.

Yaman gündə, bəd çağımda,

Məni pünhan eylədin sən.


5. Aşıq Qəşəmin istifadə etdiyi şeir formaları
Aşıq Qəşəm ənənəvi aşıq şeir formalarından istifadə et­məklə yanaşı yeniliyə də can atan sənətkar olmuşdur. Onun şeir­ləri arasında qoşma, gəraylı, divani, müxəmməs, bayatı və başqa formalarla yanaşı təcnislərə, cığalı ölü təcnislərə, dodaq­dəyməz təcnislərə, iki başlı zindani təcnislərə də rast gəlmək olur.

Aşıq Qəşəmin yaradıcılığının öyrənilməsinə və təbliğinə ilk diqqət yetirən türkiyəli alim Əli Yavuz Akpınar hicri 1340-ci ilin (miladi 1960) qışında çətin hava şəraitində Kündürkü kəndinə gəlmiş, aşıqdan “Abbas Tufarqanlı və Gülgəz xanım” dastanını toplamış və Türkiyədə çap etdirmişdir. Ön sözdə isə ürək ağrısı ilə yazmışdır: “Dünya şöhrətli Aşıq Qəşəm Kündür kəndində bir qapılı (yəni bir otaqlı-A.A.) evdə yaşayır. İran boyda bir ölkə bu şəxsiyyəti layiqincə saxlaya bilməyibdir. (Raşidi Hüseyin, hicri 1369-miladi 1991).

1357-ci il (1979) baş verən İran İslam İnqilabi Aşıq Qə­şəmdə böyük ruh yüksəkliyi yaratmışdır. Aşıq xalqlara azadlıq veriləcəyini, insan hüquqlarının qorunacağını düşünmüşdür. odur ki, Tehran və Təbriz Universitetlərində tələbələr qarşı­sın­da çalıb oxuyaraq onları mübarizəyə ruhlandırmışdır. Təbriz Radio və Televizyası aşığı əməkdaşlığa dəvət etmiş, ona efir-ekran saatları ayırmışdır (Raşidi Hüseyin, hicri 1369-miladi 1991).

Çox təəssüf ki, bu inqilab da aşığın ümidlərini doğrult­mamışdır. Az sonra aşıq bədbinləşmiş və inqilabi təbliğatdan əl götürmüş, yenə də cəmiyyətdəki nöqsanları tənqid etməyə başlamışdır. Bu da yeni qurulan hökumətdə vəzifələr tutanların xoşlarına gəlməmişdir. Onlar aşığı gözdən salmağa çalışmışlar.

Aşıq Qəşəm xəstəliklə uzun sürən mücadilədən sonra doğulduğu kənddə dünyasını dəyişmişdi


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin