Açar sözlər: Neftçala-Salyan aşıqları, Şirvan aşıq mühiti, Aşıq Qurbanxan, Aşıq Bəylər, Aşıq Pənah
Neftçala və Salyan regionunun folklor mühitini araşdırarkən bu ərazinin aşıqları ilə bağlı mövzuya toxunmamaq mümkün deyil. Məlumdur ki, sözügedən ərazidə yaşayıb-yaradan aşıqlar Şirvan aşıq mühitinin nümayəndələridir. Professor M.Qasımlı “Şirvan aşıq mühitini Azərbaycan aşıq sənətinin bölgə keyfiyyətlərinə görə ən çox seçilən mühit”(8, 202) olduğunu göstərmişdir. Müəllif Salyan, Sabirabad, Biləsuvar və başqa bu kimi ərazilərdəki aşıq sənətinin ifaçılıq baxımından Şirvan aşıq mühitinə daxil olduğunu qeyd etmiş, “bir çox hallarda Şirvan aşıq mühitindəki sənət həyatının qaynarlığını Salyan aşıqlarının ifaçılıq və sənətkarlıq məharətinin təmin etdiyini”(8, 206) xüsusi vurğulamışdır.
Bölgənin aşıqları haqqında söz açarkən əvvəlcə XVIII yüzillikdə yaşayıb-yaratmış aşıq Vəlicandan başlamaq lazımdır. Bəlkə, ondan daha əvvəlki dövrlərdə də bu ərazidə aşıqlar yaşayıb-yaratmışlar. Ancaq istinad etdiyimiz mənbələrə və söyləyicilərdən əldə olunan məlumatlara görə, bölgənin aşıqları arasında ən qocamanı Salyanlı Vəlicandır. Filoloq alim Azər Turan bölgə haqqında yazdığı “Darülmöminin” kitabında Aşıq Vəlican haqqında məlumat vermiş, onun Salyan bölgəsinin aşığı olduğunu, hətta qəbrinin də həmin ərazidə olduğunu faktlarla əsaslandırmışdır. “Deyilənə görə, məzarı Bayatla Qaramanlı kəndləri arasındakı köhnə qəbristandaymış” (1, 142). Salyanlı Vəlicanın bədii irsindən bizə gəlib çatan “Gizlənir” adlı yeganə şeiri ilk dəfə Salman Mümtazın 1935-ci ildə nəşr etdirdiyi “El şairləri” kitabında çap olunmuşdur.
Səbzələr söynəşir bahar çaqında,
Mehlər əsişəndə bağda gizlənir,
Bülbül arzu çəkər gül həsrətinə,
Çi fayda yanında zağda gizlənir.
Bu dünyaya gələn eylərdi həvəs,
Bu sevda səndədir ya fəryadi rəs,
Gəldi naqə xəbər gətirdi çərəs,
Dedi: gördüm, Məcnun dağda gizlənir.
Cümlə aləm gedər, iymandır yoldaş,
Nə ata, nə ana, nə qohum-qardaş,
Kəfən yaş, qəbir yaş, vay başıma daş,
“Vəli”, cismin bu torpaqda gizlənir (6, 303).
Aşıq Vəlicanla bağlı bu ərazidə rəvayətlər də yayılmışdır. Filologiya üzrə fəlsəfə doktoru Azər Turanın yazdığına görə, Salyanlı Vəlican onun ulu babasıdır. A.Turan “Darülmöminin” kitabında Vəlicanın Bayat elindən olması, haqq aşığı olması və s.-lə bağlı öz böyüklərindən eşitdiklərini qələmə almışdır (1, 142). Qeyd edək ki, Ballıcallı kəndinin qocaman sakinlərindən olan şair Soltan Abbasın dediyinə görə, Salyanlı Vəlican onun da ulu babasıdır. Rəvayətə görə, Arazın o tayından bu yerlərə gəlib çıxan Vəlican burada yerli bəylərdən birinin bacısını – Gövhərtac adlı bir qızı sevir. Qardaşı Gövhərtacı zorla başqa birisinə ərə vermək istəyəndə qız özünü çaya ataraq intihar edir. Sevgilisinə qovuşa bilməyən Vəlican buralarda qalmış, aşıqlıq etməyə davam etmişdir. Bu ərazidəki Vəlicanlı kəndinin əsasını da onun qoyduğu söylənilir. İndi həmin kəndin adı Ballıcallı kimi sənədləşdirilmişdir (7, 166).
XX yüzillikdə bölgədə, eləcə də respublika səviyyəsində tanınan Aşıq Qurbanxan Sadıqov, Aşıq Bəylər Qədirov, Aşıq Pənah Pənahov Şirvan aşıq mühitinin ən layiqli nümayəndələri olmuşlar. Onlar Respublika Aşıqlarının müxtəlif illərdə keçirilən qurultaylarında iştirak etmişlər. Hər üç aşığın sənətkar kimi formalaşmasında ərazinin toyları, el şənlikləri mühüm rol oynamışdır. Belə ki, yaşayıb-yaratdıqları illərdə bölgədə keçirilən bütün ictimai tədbirlərdə, el şənliklərində fəal iştirak etmişlər.
Məlumdur ki, Şirvan aşıq mühitinin musiqi repertuarı özünəməxsusluğu ilə digər bölgələrin aşıq ifaçılarından seçilir. Professor M.Qasımlının dediyi kimi, “oxu və çalğı üslubunda xanəndə tərzini qabarıq görüntülərlə əks etdirdiyinə görə Şirvan mühitinin musiqi repertuarı ənənəvi aşıq repertuarından xeyli dərəcədə fərqlidir. Belə ki, bu mühitdə aşıq tərzi ilə xanəndə tərzinin qovuşuğu olan “Pişrov” havaları (on ikiyə yaxın belə hava var), “Şikəstə”lər (doqquz şikəstə havası mövcuddur), “Şəşəngi”lər (sayı üçdür) vardır. Müşahidə edilir ki, həmin havalar sırf bölgə səciyyəlidir. Adı çəkilən havaların saz-balaban-nağara və qoşa nağara müştərəkliyi olmadan tək sazla – solo şəklində ifasının mümkün olmaması da havanın məhz aşıq tərzi ilə xanəndə tərzinin sintezindən yarandığını göstərir”(8, 202).
Aşıq tərzi ilə xanəndə tərzinin sintezindən yaranan havaların gözəl ifaçılarından biri Aşıq Qurbanxan olmuşdur. O, 1905-ci ildə Salyanın Sərxanbəyli kəndində anadan olmuşdur. Aşıq nəinki bölgədə, hətta bölgədən kənarda da toy məclislərinin yaraşığı kimi məşhurlaşmışdı. “Onun adət-ənənəyə sadiq qalması, toy qayda-qanunlarını yaxşı bilməsi, aşıq sənətində öz işinin ustadı olması daha çox nəzərə çarpırdı...Aşıq Qurbanxan deyərdi ki, aşıq toy yerində görünməməlidir. Lazımi vaxtda məclisə gəlməli, gələndə də hiss olunmalıdır ki, onun sinəsi sözlə doludur...Q.Sadıqov kənardan çox lovğa, təkəbbürlü adam təsiri bağışlayırdı. Ancaq o, lovğa adam deyildi. Qürurlu, yerini, oturuşunu-duruşunu bilən bir sənətkar idi (3, 9).
Bölgənin yaşlı söyləyicilərindən Aşıq Qurbanxan haqqında soruşanda onun haqqında ağızdolusu danışmağa başlayırdılar. Neftçalanın Xolqarabucaq kənd sakini Gözəlov Əfsərağanın verdiyi məlumata görə, Aşıq Qurbanxanın idarə etdiyi toyda iştirak edən mayor rütbəli bir hərbçi cibindən iyirmi beşlik çıxarıb aşığa vermiş və kaş mənim əsgərlərim də sənin kimi belə gözəl və iti addımlara sahib olaydı demişdi. Digər bir söyləyici isə Qurbanxanın “Koroğlu” dastanını xüsusi şövqlə danışmasını və auditoriyanın onu böyük heyranlıqla dinləməsinin şahidi olduğunu söylədi.
Aşıq Qurbanxanın ustadı Şirvan aşıq məktəbinin banisi Aşıq Bilal olmuşdur. Professor S.Qəniyevin verdiyi məlumata görə, “bir dəfə Şirvanın dədə sənətkarı Aşıq Bilal Qurbanxanın yaşadığı Sərxanbəyli kəndinə toya gəlir. Kənd sakinlərinin xahişi ilə Mirzə Bilal gənc Qurbanxanı dinləyir, səsini, avazını bəyənir və onu özünə şəyird götürür. Həmin vaxtdan Aşıq Bilalın ansamblında xanəndə kimi bütün Azərbaycanı dolaşır Qurbanxan”(9, 316). Folklorşünas Q.Sayılov Aşıq Bilalı “Şirvan aşıq məktəbinin mükəmməl bilicisi və onun təşəkkülü və inkişafında müstəsna xidmətləri olduğu üçün onu həm də XX əsr Şirvan aşıqlarının piri”(12, 20) adlandırır. Demək, “Şirvan aşıqlarının piri” hesab edilən Mirzə Bilaldan dərs alan Qurbanxanın uğurlarının ən böyük nədəni məhz bu olmuşdur. Folklorşünas M.Xudubəyli “Mənim sazlı-sözlü dünyam” adlı əsərinin son bölümündə “Bu yol Şirvan yoludur” fəslində Şirvan aşıq mühitinin özünəməxsusluğundan söhbət açmış, daha sonra Aşıq Qurbanxanın ömür yolundan bəhs edərək yazmışdır: “Bütün ömrü boyu öz sənətinin yaşarlılığına sadiq olan Aşıq Qurbanxan ustadı Aşıq Bilalın dəyərli tövsiyələrinə ondan ayrıldıqdan sonra da sadiq olmuş, həmişə xatirəsini əzizləmişdir” (5, 5). Daha sonra müəllif ustad aşığın yaradıcılığından örnəklər gətirərək onları təhlil etmiş, sonda belə bir nəticəyə gəlmişdir: “Qurbanxan Sadıqov həm də yaradıcı aşıq olmuşdur. Onun oynaq və axıcı dildə yazdığı qoşma və gəraylıları sayca cox olduğu kimi, məna və məzmunca da zəngindir, ruhu oxşardır (5, 21).
“Aşıq Qurbanxan 1928-ci ildə Azərbaycan aşıqlarının I qurultayında iştirak etmişdir. Müxtəlif illərdə fəxri fərman və diplomlar qazanmışdır...Laureat adına layiq görülmüş, Azərbaycan aşıqlarının II və III qurultaylarının nümayəndəsi olmuşdur”(9, 317).
Aşığın yaradıcılığından günümüzədək gəlib çıxan qoşma və gəraylılarından “Oynasın”, “Kənarında”, “Gülür”, “Qurbanam”, “Yada sal məni”, “İnciməsin”, “Saz-balabandı” və digər nümunələr Aşıq Qurbanxan yaradıcılığı haqqında müəyyən təsəvvür yaranmasına xidmət edir.
Gəlsin məclisimə yaxınım, yadım,
Saz götürsün oğlum, nəvəm, övladım.
Qurbanam, el olmuş mənim ustadım,
Onunçün adım tək elə qurbanam (1, 407).
Doğrudan da, aşığın övladları və nəvələri bu gün onun yolunu layiqincə davam etdirirlər. Aşığın nəvəsi Həsənağa Sadıqovun “Mahirlər” ansamblı təkcə respublikamızda deyil, həm də ölkəmizdən kənarda çox məşhurdur. Aşıq Qurbanxanın kiçik oğlu Əhmədağa Sadıqov da atasının yolunu davam etdirir, bölgənin toy məclislərini idarə edir.
Bölgənin digər tanınmış aşığı Aşıq Bəylər Qədirovdur. O, 1914-cü ildə Salyanın Çuxanlı kəndində anadan olmuş, aşıqlıq sənətinin sirlərini Aşıq Abbas Cəyirlidən öyrənmişdir. 1937-ci ildən başlayaraq Bəylər Qədirov ərazinin toylarında, el şənliklərində aşıqlıq etməyə başlamış, zamanının ən məşhur aşıqlarından biri kimi tanınmışdır. “Aşıq Bəylər Qədirov aşıq sənətini dərindən bilən, onu yüksək məhəbbətlə tərənnüm edən, ustad aşıqlardan öyrəndiklərini daha da zənginləşdirən, aşıq havalarını ustalıqla ifa edən sənətkar idi”(3, 10). Aşığın oğlu İxtiyar Qədirovun verdiyi məlumata görə, aşıq Salyanla yanaşı, Şamaxıda, Bakı kəndlərində, Lerikdə, Quba – Xaçmaz rayonlarında və digər ərazilərin toy məclislərində aşıqlıq etmişdir. Atası ilə bağlı xatirələr haqqında soruşduqda İxtiyar Qədirov 1972-ci ildə Kürsəngi kəndində Aşıq Şakir Hacıyevlə Aşıq Bəylərin birgə toy idarə etməsini, həmin toyda bu iki sənətkarın gözəl sənət nümayiş etdirmələrini xatırladı. Aşığın repertuarına gəlincə, deyilənlərə görə, ustad aşıq “Şikəstə”lərin mahir ifaçısı olub, hansısa şikəstəyə hətta “Bəylər şikəstəsi” də deyirmişlər. Aşıq Bəylər “Kərəmi”ni, “Osmanlı”nı, “Peşro”nu, “Gəraylı”nı və digər aşıq musiqilərini mahir ifa etmişdir. O zaman toylara balabançı Mənəflə, Rəşidlə, Alməmmədlə, Əlyar Zahidovla birgə getmişdir. “Aşığın uzun illər xanəndəsi Əzizov Əhməd olub”(9, 358). Aşıq Respublika aşıqlarının II və III qurultaylarında iştirak etmişdir. Şeirləri və qoşmaları müxtəlif dərgilərdə nəşr olunmuşdur. Aşığın “Salyanın”, “Səhərlər”, “Gözlərin”, “Bu yerdə”, “Oynayır”, “Gözləmə” və digər şeirləri bu gün də sevilərək oxunur.
Yuxudan durursan söküləndə dan,
Öpür yanağını günəş uzaqdan,
Bəylər istəyir ki, qəlbi hər zaman
Yolunda gün kimi yana səhərlər (12, 37).
Aşıq “Salyanın” adlı şeirində doğma torpağı vəsf etməklə yanaşı, həm də ustadı Aşıq Abbasın adını çəkərək bir daha ona olan ehtiramını bildirmişdir.
Dağlarının başı çiskinli, duman,
Bir yanım Arazdı, bir yanım Muğan,
Ey ustam Abbasın vətəni Şirvan,
Gör nə gözəl ziynəti var Salyanın (12, 36).
Aşıq Bəylərin özünün də yetirmələri olmuşdur. Folklorçu Q.Sayılovun yazdığına görə, “qiymətli ustadnamələr, gözəlləmələr, dastanlar müəllifi və ifaçısı Aşıq Bəylər Rza Məmmədovun, Mirzəlinin, Ağababa Bədəlovun və başqa aşıqların ustadı olmuşdur” (12, 35).
Aşıq Bəylər 1991-ci ildə dünyasını dəyişmişdir. Atasının yolunu davam etdirən mahir saz ifaçısı İxtiyar Qədirov bu gün həm də gitarada mükəmməl ifa edir. El şənliklərində, dövlət tədbirlərində fəal iştirak edir.
XX əsr Şirvan aşıq mühitində xüsusi istedadı ilə seçilən sənətkarlardan biri Aşıq Pənahdır. O, həm sənətdə, həm də həyatda bir insan kimi əvəzsiz şəxsiyyət idi. Haqlı olaraq onu tanıyan və bilən müasirləri “Aşıq Pənahı sələf-xələf münasibətlərini ehtiramla gözləyən saz və söz xiridarı” adlandırır (4, 5), onu klassiklərə borclu kimi yaşayıb-yaradan ustad sənətkar kimi dəyərləndirir. Filologiya üzrə elmlər doktoru İ.Əbilovun dediyi kimi, “Aşıq Pənah idarə etdiyi məclislərə adi şənlik yığıncağı kimi yox, ədəb-ərkan məktəbi kimi baxırdı. Şübhəsiz ki, onun böyük uğurla yetkinlikdən kamillik mərtəbəsinə yüksəlməsinin başlıca səbəbi də həmin sənətkar qənaəti ilə bağlı idi. Axı hər məclisi ədəb-ərkan məktəbinə çevirmək hər aşığa qismət olmur. Aşıq Pənahın qismətinə belə bir sənət müjdəsi düşdü. Bu da səbəbsiz deyil. Çünki o, sənət dünyamızdan, el-obanın adət-ənənələrindən bəhrələnə-bəhrələnə yaşın müdriklik məqamını vaxtından çox-çox əvvəl fəth eləmişdi”(4, 4).
Aşığın idarə etdiyi el şənliklərində, toy məclislərində iştirak edən insanlarla görüşdük. Hamı onun ənənəyə bağlı, ədəb-ərkan bilən, saza-sözə dəyər verməyi bacaran el sənətkarı olduğunu vurğuladı. Görünür, aşığı xalqa, sıravi insanlara sevdirən ən mühüm cəhətləri elə bunlar olmuşdur. Aşığı tanıyanlar onun haqqında o qədər yüksək fikirlər söyləyirlər ki, götürdüyümüz bəzi qeydləri burada verməyin gərəkli olduğunu düşünürük. Deyilənlərə və zamanında çəkdirdiyi şəkillərdən gördüyümüzə görə, o, iricüssəli, hündür boylu, yaraşıqlı, xoş simalı olmuşdur. Böyüklə böyük, kiçiklə kiçik kimi rəftar etmiş, səxavətli, əliaçıq olmuşdur. Təkcə yaxın qohum-əqrəbanın deyil, hətta tanımadığı, bilmədiyi, üzünü birinci dəfə gördüyü birinə də yaxşılıq etməyi bacaran, kimsəsizə, kasıba əl tutan insan kimi tanınmışdır. İdarə etdiyi ucqar kənd toylarından birində Aşıq Pənah görür ki, ev sahibi çox kasıbdır. Buna görə aşıq toyu idarə etdiyi üçün ona verilən zəhmət haqqını götürmür, özü ev sahibinə kömək məqsədilə toy siyahısına pul yazdırır. Digər fakta görə, aşıq yanına gəlib dərs almaq istəyən neçə şagirdi öz evində təmənnasız saxlayıb. Aşığın oğlu Taleh Pənahovdan əldə etdiyimiz məlumata görə, ustad aşıqdan dərs alan astaralı Aşıq Elxan illərlə onların ailə üzvlərindən biri kimi eyni damın altında yaşamışdır, ustad onu öz övladlarından ayırmamış, geyim-kecim alanda onun da bütün tələbatını ödəmiş, heç nədən korluq çəkməyə qoymamışdır. Bankə qəsəbəsində yaşayan Aşıq Əvəz də ustadını xoş xatirələrlə yad edir, onun öz şagirdlərinə göstərdiyi diqqət və qayğını, maddi və mənəvi dəstəyi, həmişə onlara arxa-dayaq olmasını indi də xatırlayır. Aşıq Əvəzin dediyinə görə, ustadı Aşıq Pənah şagirdlərini özu ilə toylara da aparar, gündüz vaxtı dastanlar söyləməyi, toyu idarə etməyi onlara həvalə edərmiş. Aşıq Pənah axşam düşəndə mağara girər, onun gəlişi ilə toyxanaya bir canlılıq, yeni bir əhval-ruhiyyə gələrmiş.
Aşığın hansı ustaddan dərs aldığını soruşduqda övladları onun daxili istedadı sayəsində aşıqlıq etdiyini, heç bir ustaddan dərs almadığını dedilər. Pənah özü sağlığında Aşıq Ələsgəri özünün mənəvi ustadı saydığını, “ustadım Ələsgər, atam Ələsgər, oğlum Ələsgər” kimi ifadələrə işlətdiyini də xatırladılar. Lakin folklorşünas Q.Sayılov “Şirvan aşıqları” kitabında Pənahın Aşıq Qurbanxandan dərs aldığını qeyd etmişdir(12).
Aşıq Pənah da digər Şirvan aşıqları kimi toylarda saz-balaban-nağara-qoşa nağara müştərəkliyi ilə çalıb-oxumuşdur. Balabanda Rəşid, Mənəf; qara zurnada Alməmməd kişi; qavalda Tapdıq; qoşa nağarada Əvəz aşığı müşayət etmişlər. Aşığın qızı Aynurə Pənahqızının verdiyi məlumata görə, Pənah toyxanaya əlində saz girəndə məclis əhli ustada hörmət əlaməti olaraq ayağa qalxardı. Pənahın yerişində də, nitqində də bir ahəng vardı. Saatlarla, dayanmadan, səlis, axıcı nitqi ilə tamaşa edənləri valeh edərmiş. Dəfələrlə toyxanada bədahətən şeirlər, qoşmalar söylədiyinə şahid olanlar vardır. Şagirdlərini toylara aparmaqda məqsədi həm onlara maddi tərəfdən dəstək olmaq idi, yəni şagird olsa da, çalıb-oxuyurdu, haqqını alırdı, həm də məclisin ədəb-ərkan qaydalarını öyrədirdi. Söyləyicilərin verdiyi məlumata görə, Aşıq Pənahın toylarda Qulu Xəlilov, Rübabə Muradova kimi korifey sənətkarlarla bir yerdə məclis apardığı məqamlar da olmuşdur. Gözəl səsə, bənzərsiz ifa mədəniyyətinə malik olan aşığın Yetim Segah üstündə, bəzən Zabul üstündə də muğam oxumasını görənlər olmuşdur. Bunun da müəyyən səbəbləri olmuşdur. İ.Əbilov “Mizrab teldən ayrılsa da...” məqaləsində Aşıq Pənahın 18-20 yaşlarında ikən Salyan dövlət dram teatrında fəaliyyət göstərməsindən, Məcnun, Kərəm, Qərib, Sərvər, Əsgər rollarını məharətlə ifa etməsindən danışmışdır (4, 4). Toylarda söylədiyi dastanlara gəlincə “Qurbani”, “Abbas və Gülgəz”, “Koroğlunun Bağdad səfəri” və digər dastanlar aşığın repertuarında geniş yer tutmuşdur. “O, dastandan fraqment söyləyib, başqa mövzuya keçməzdi, bir dastanı söyləməyə başladımı, onu axıradək, son təfərrüatına qədər danışmamış təskin olmazdı. Məhz belə məqamda tamaşaçı-dinləyici sənətin sinkretik vəhdətindən feyziyab olardı – şirin səsli Pənaha, püxtə rəqqas Pənaha, tum giləsi boyda təzənə ilə bir orkestr təsiri oyadan ifaçı Pənaha valeh olardı və adama elə gələrdi ki, o, bir neçə aktyorun iştirak etdiyi meydan tamaşasına baxır. Bəli, o, sözdən və musiqidən canlı mənzərə yaratmağı bacarırdı”(4, 6).
Aşıq Pənahın övladlarından heç biri atasının yolunu davam etdirməyib. Pənah sağlığında özü arzu edib ki, övladlarının hamısı ali təhsil alsın. Aşıqlıq etmək, sənətə gəlmək arzusunda olan kiçik oğlu Taleh Pənahovun bu məsələ ilə bağlı danışdığı xatirələr maraqlıdır. Onun dediyinə görə, o zamanlar Salyan rayon pionerlər evi bir tədbir üçün V sinif şagirdi olan Talehin ifasında ustadın “Yenə tovuz kimisən, nə gözəl bəzənmisən” mahnısını hazırlayıb. Aşıq Pənahdan xəbərsiz məşqlərə qatılan balaca Taleh həmin havanı həm sazda ifa etməyi, həm də gözəl oxumağı öyrənir. Məktəbli yaşıdlarından bir qız da həmin musiqiyə uyğun rəqs hazırlayır. İfa zamanı Taleh rəqs edən qızın arxasınca gəzişərək “Yenə tovuz kimisən, nə gözəl bəzənmisən” mahnısını ifa edir. Tədbirdə iştirak edən Aşıq Pənah evə gələndən sonra balaca oğlunu danlayır, icazəsiz və xəbərsiz saz çalmağı, ifa etməyi ona qadağan edir. Ustad saza da, sənətə də çox ciddi yanaşırdı, buna görə ifa edilən mahnı ilə yanaşı, ifaçının hərəkətlərinə qarşı da tələbkar idi. Belə ki, rəqs eləyən qızın arxasınca gəzişərək saz çalmağı, ifa etməyi heç bəyənməmişdi. Eyni zamanda ustad sənətkar aşıqlıq sənətinin ağır olduğunu, böyük zəhmət hesabına başa gəldiyini bildiyindən övladlarının onun yolunu davam etdirməsini istəməmişdir.
Aşıq Pənahın yaradıcılığını izləyərkən onun ustad sənətkar Aşıq Şəmşirə xitabən qələmə aldığı “Çal, oxu” adlı şeiri də diqqətimizi çəkir.
Qoca Şəmşir, al sazını döşünə,
Kəlbəcərdən səsin gəlsin – çal, oxu!
Səmtini sal bulaqların başına,
Gəncliyini bir yadına sal, oxu! (2)
Şeirin sonunda
“Mən əzəldən uca tutdum xətrini,
Çox duymuşam sözlərinin ətrini” (2) –
deməklə Pənahın böyük sənətkarla biri-birinə qarşı hörməti və xoş münasibəti olduğu anlaşılır. Həmin şeirdə Pənah, Aşıq Şəmşirin S.Vurğunla dostluğuna da işarə etmişdir.
Aşıq Pənah sağlığında uzun müddət Salyan rayon mədəniyyət mərkəzinin nəzdindəki “Kür” aşıqlar ansamblına rəhbərlik etmiş, bu ərazidə aşıqlığın yayılması, inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməmişdir. Ustad aşığın fəaliyyəti dövlətimiz tərəfindən zamanında qiymətləndirilmiş və o, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
Ustad aşığın yaradıcılığı hələ sağlığında nəşr olunmuşdur. Onun “Saz və söz”, “Məhəbbətdən danışaq”, “Təzə söz, təzə mahnı”, “”Mənim sazım”, “Sözlərimi saxla yadda” kitabları çap olunmuşdur. Ustadın qızı Aynurə Pənahqızı 2006-cı ildə “Aşıq Pənah dastanı” adlı kitabını atasının həyat və yaradıcılığına həsr etmişdir (10).
Bölgənin qocaman aşıqlarından Aşıq Əvəzin yaradıcılığı da diqqəti çəkir. O, 1930-cu ildə Salyanın Qırmızıkənd kəndində doğulub. Aşıq Pənahın şagirdi olub. Özünün dediyinə görə, Pənah onu özü ilə toylara aparırmış, aşıqlıq etməyin sirlərini öyrədirmiş. Biz Aşıq Əvəzin vasitəsilə Aşıq Pənahın repertuarındakı dastanlar haqqında məlumat əldə etdik. Öyrəndik ki, Aşıq Pənah el şənliklərində “Zəncanlı Qurban”, “Abbas və Gülgəz”, “Dəvə dərisinə girmiş şahzadə Bəhram”, “Aşıq Valehin dastanı” və digər dastanları böyük şövqlə nağıl edərmiş.
Bu gün bölgədə aşıqlıq ənənəsi tamamilə unudulmaqdadır. Aşığa tələbat da, demək olar ki, yox dərəcəsindədir. Bölgənin toylarını daha sazla, balabanla deyil, digər musiqi alətlərilə çalıb-oxuyurlar. Ancaq yaşlı nəslin yaddaşında az qala daşlaşmış bir ifadə qalıb. Məsələn, musiqiçilər gələndə “aşığlar gəldi”, musiqiçilərə xələt vermək istəyəndə “ bu, aşığın xələtidir” deyirlər. Bu isə bir daha sübut edir ki, bölgədə aşıqlıq etmək bu gün dəbdən düşsə də, orta və yaşlı nəslin nümayəndələrinin qəlbində hələ də aşığa sonsuz məhəbbət vardır.
Fikrimizcə, Şirvan aşıq mühitində Salyan – Neftçala aşıqlarının özünəməxsus yeri vardır. Bu gün haqqında bəhs etdiyimiz Şirvan aşıqlarının hər birinin yaradıcılığı ayrıca tədqiqat obyektinə çevrilə bilər.
QAYNAQLAR:
-
Azərbaycan folkloru antologiyası. Muğan folkloru. Bakı, 2008
-
Aşıq Pənah. Sözlərimi saxla yadda. Bakı, 1991
-
Dadaşov F. Aşıq sənətinin korifeyləri sırasında Salyan triosu: Aşıq Pənah, Aşıq Qurbanxan və Aşıq Bəylər. “Aysberq və həyat” qəzeti. 15 may, 2013
-
Əbilov İ. Mizrab teldən ayrılsa da (Ön söz). Aşıq Pənah. Sözlərimi saxla yadda. Bakı, 1991
-
Xudubəyli M. Mənim sazlı-sözlü dünyam. Bakı,
-
Mümtaz S. El şairləri. Bakı, 1935
-
Nurlu İ. Neftçala – XXI əsrin astanasında. Bakı, 1999
-
Qasımlı M. Aşıq sənəti. Bakı,
-
Qəniyev S. Şirvan aşıqları. Bakı, 2007
-
Pənahqızı A. Aşıq Pənah dastanı.Bakı, 2006
-
Turan A. Darülmöminin.Bakı, 2012
-
Sayılov Q. XX əsr Şirvan aşıqları. Bakı,2007
Aynura Safarova
THE ASHUG ENVIRONMENT OF NEFTCHALA-SALYAN REGION: HISTORY AND REPRESENTATIVES
Summary: The article gives information about the ashugs living and creating in Neftchala-Salyan region. It is shown that, ashug Valijan is considered the oldest ashug of this region living in the XVIII century. The poem “Hides” was published in the book “Folk poets” by Salman Mumtaz in 1935. The registration of legends dealing with the life of ashug from the region proves the fact of ashug living in this region. Later the information was given about the ashugs living in Salyan in the XX century. It is shown that, the remarkable represents of Shirvan ashug sphere Ashug Gurbankhan Sadigov, Ashug Beyler Gadirov, and Ashug Panah Panahov not only managed the all folk celebrities but also took the active part in social places, meetings and Harvest holidays.
Now we observe the weakness of ashug tradition in the region. In the article the brief information is given about contemporary ashugs such as: Ikhtiyar Gadirov, Hasanagha Sadigov, Ahmadagha Sadigov and others.
Key words: Neftchala-Salyan ashugs, Shirvan ashug sphere, Ashug Gurbankhan, Ashug Beyler, Ashug Panah
Айнура Сафарова
АШЫГCКИЙ ОКРУГ НЕФТЧАЛА-САЛЬЯНСКОГО РЕГИОНА: ИСТОРИЯ И ПРЕДСТАВИТЕЛИ
Резюме: В статье даются подробные сведения об ашыгах живших и творивших на территории Нефтчалы и Сальяна. Показывается, что ашыг Велиджан, живший в ХVIII столетии в этом регионе, считается самым древним ашыгом. Из его художественного наследия, дошедшего до нашего времени стихотворение “Gizlənir” («Пряачется») было опубликовано в 1935 году в книге Салмана Мумтаза «Народные поэты». Собранные легенды с региона также подтверждают факт проживания ашыга в названном регионе. Затем даются сведения об ашыгах живущих и творивших в ХХ веке в Сальяне. Показывается, что выдающиеся представители Ширванской ашыгской среды, Ашыг Гурбанхан Садыхов, Ашыг Бейлер Гадиров и Ашыг Панах Панахов наряду с тем, что управляли всеми народными торжествами, также согласно требованиям времени, принимали активное участие на праздниках, проводимых в общественных местах, на праздниках Махсул.
В настоящее время мы наблюдаем ослабление ашыгских традиций. В статье даются короткие сведения о современных ашыгав Ихтияр Гадирове, Гасанали Садыхове, Ахмедали Садыхове и о некоторых других.
Ключевые слова: Нефтчала-Сальянские ашыги, Ширванская ашыгская среда, Ашыг Гурбанхан, Ашыг Бейлер, Ашыг Панах
Aytac ABBASOVA
AMEA Folklor İnstitutu
Doktorant
folklorgirl@mail.ru
AŞIQ ŞƏMŞİR VƏ KƏLBƏCƏR MÜHİTİ
Özət: XX əsrdə Kəlbəcər aşıq sənəti Aşıq Şəmşirin simasında özünün yüksəliş dövrünü yaşamışdır. O, müxtəlif mövzularda yaratdığı qoşma, gəraylı, təcnis, ustadnamə və divanilər, bir çox müxəmməs, deyişmə, bayatılar və üç dastanı ilə Kəlbəcər-Göyçə mühitini hərtərəfli tərənnüm etmişdir. Yaradıcılığının hər bir sahəsində bu mühiti əks etdirib, onun folklorunu, etnoqrafiyasını, tarixini, toponimini və s. poetik şəkildə göstərmişdir. Eyni zamanda, xalq yaradıcılığından bəhrələnən Aşıq Şəmşir poeziyasından təsirlənən el aşıqları və şairləri də az olmamışdır.
Açar sözlər: aşıq, şeir, Aşıq Şəmşir, folklor, atalar sözü, xalq, Kəlbəcər
Öz yaradıcılığı və ifaçılığı baxımından müasir aşıq poeziyamızın görkəmli nümayəndələrindən olan, Qurbani, Aşıq Ələsgər, Xəstə Qasım, Aşıq Qurban, Abbas Tufarqanlı kimi böyük sənətkarlarımızın davamçısı, “klassik aşıq poeziyası ilə müasir aşıq poeziyası arasında möhkəm özüllü bir körpü yaradan” (8, 28) ustad aşıq kimi tanınan Aşıq Şəmşir hələ yaşadığı dövrdə “dədə” kimi yüksək bir ad qazanmışdır. Bu ad qədim dastanımız, tariximiz olan “Kitabi Dədə Qorqud”dan gələn bir addır. Bu adı Aşıq Şəmşir öz müdrik şeirləri, çoxşaxəli yaradıcılığı, həyata baxışları, yaşam tərzi ilə qazanmış və yaşatmışdır. Ümumiyyətlə, “Aşıq hər zaman öz səsi, sazı, sözü ilə ürəklərdə yaşayan, geniş xalq kütlələrinə təsir etməyi bacaran sənətkar olmuşdur. Bu, ən uzaq keçmişdə də belə imiş, indi də belədir.” (13, 328) Aşıq Şəmşir də xalqını, vətənini sonsuz məhəbbətlə sevən və sevilən aşıqlardan idi. Səməd Vurğunun “kəşfi” adlandırılan Aşıq Şəmşir dağlar qoynunda doğulub, boya-başa çatmışdır. Atası Aşıq Qurban dövrünün ən məşhur aşıqlarından olmuşdur. Aşıq Şəmşir atasının ən yaxın dostu, böyük ustad Aşıq Ələsgərin həyat məktəbini keçmişdir. Uşaqlıq illərindən sazla, sözlə böyüyən Aşıq Şəmşir ilk xeyir-duasını da Aşıq Ələsgərdən almışdır. Öz şeirlərində Aşıq Ələsgəri “sənətinin qibləgahı, idrakımın mehri, mahı” (2, 131) adlandıran Aşıq Şəmşir yaradıcılığı boyu böyük sənətkarın tövsiyələrini yerinə yetirmiş, ənənələrinə sadiq qalmışdır.
Aşıq Şəmşirin yaradıcılığı hərtərəfli və genişdir. O, aşıq şeir formalarının, demək olar ki, hamısında gözəl əsərlər yarada bilmişdir. Gəraylı, qoşma, təcnis, divani, müxəmməs və s. formalarda şeirlər yazmış, dastanlar qoşmuşdur. Aşıq Şəmşirin ustadnamələri, nəsihətnamələri, böyük ustalıq tələb edən təcnisləri vardır ki, bunların hamısı ustad aşığın yüksək sənətkarlığını, həyata fəlsəfi baxışlarını, dərin fikir söyləmək, ümumiləşdirmək qabiliyyətini üzə çıxarır. Yaradıcılığının ilk dövrlərində haqsızlığa, ədalətsizliyə, zamana qarşı çıxan və bu istiqamətdə böyük cəsarət, üsyankarlıq göstərən, həqiqət carçısı kimi çıxış edən Aşıq Şəmşir sonralar daha çox vətən, gözəllik, təbiət vurğunu kimi məhəbbət dolu, romantik ruhlu şeirlər yazır, hikmətli sözlər, müdrik kəlamlar söyləyir.
XX əsrdə Kəlbəcər aşıq sənəti Aşıq Şəmşirin simasında özünün yüksəliş dövrünü yaşamışdır. O, müxtəlif mövzularda yaratdığı qoşma, gəraylı, təcnis, ustadnamə və divanilər, bir çox müxəmməs, deyişmə, bayatılar və üç dastanı ilə Kəlbəcər-Göyçə mühitini hərtərəfli tərənnüm etmişdir.
Aşıq yaradıcılığı xalqın yaradıcılığıdır. Elə bir aşıq yoxdur ki, xalqdan bəhrələnməsin. Aşıq Şəmşir yaradıcılığında da folklor motivi özünü açıq şəkildə göstərmişdir. Folklor mühitdə formalaşdığı kimi, aşıq da yaşadığı mühitin yetirməsi olur. Aşıq Şəmşir Kəlbəcər-Göyçə mühitinin aşığıdır. Yaradıcılığının hər bir sahəsində bu mühiti əks etdirib, onun folklorunu, etnoqrafiyasını, tarixini, toponimini və s. poetik şəkildə göstərmişdir. Kəlbəcərə məxsus yer adlarını, onların xüsusiyyətlərini bədii boyalarla təsvir etmişdir. Aşıq Şəmşir Kəlbəcər təbiətinə həsr etdiyi “Dağları”, “Kəpəzin”, “Murovun”, “Qoşqar”, “Buzluğun” və s. şeirlərində Şahdağ, Qoşqar, Dəlidağ, Murov, Kəpəz, Keyti dağ kimi məşhur dağların adlarını çəkmiş, eyni zamanda, onların təbii gözəlliklərindən bəhs etmişdir. Ümumiyyətlə, folklorda “dağ” motivi özünəməxsus yer tutur. İbtidai dövrdən başlayaraq insanların mifik təfəkküründə fövqəladə güclərə bağlanan, insanı heyrətləndirən nəhəng dağların yaranmasıyla bağlı maraqlı təsəvvürlər olmuşdur. Aşıq Şəmşirin yaradıcılığında dağlar əsas mövzudur. Aşıq bütün ömrü boyu öz sevincini də, kədərini də heç kəsə yox, dağlara deyir. Aşıq fəxrlə deyir ki, “Şəmşirəm, hər sözüm dağa bənzəyir”. (2, 69) Eyni zamanda, Aşıq Şəmşir dağ, gül-çiçək, göl və digər toponimik adları da öz şeirlərinə gətirir ki, onların hər birinin tədqiqat üçün böyük əhəmiyyəti vardır. Hər bir toponimik adın altında tarix yatır. Aşığın “Ongöz bulaq”, “Buzluq” və “Ana yurd” adlı qoşması tamamilə toponimlərdən ibarətdir. Burada Daşbulağın, Pilovdağın, Qanlı yurdun, Ələm ağacının, Göyçəqumun, Quzeydam və digər yerlərin adı çəkilir ki, bunların hər bir tarixə şahidlik edən toponimlərdir. Aşıq Şəmşirin şeirlərində dönə-dönə adlarını çəkdiyi “Ağcaqız yalağı”, “Keyti dağı” toponimləri adi yer adları olmaqla yanaşı, onlarla bağlı xalq arasında maraqlı əfsanələr də mövcud olmuşdur. “Təbii ki, Şəmşir yaradıcılığının bu cəhətləri doğulub boya-başa çatdığı Kəlbəcərin əsrarəngiz gözəllikləri ilə sıx bağlıdır. Ustad sənətkar öz qoşma və gəraylılarında doğma yurdunun ulu dağlarından, güllü-çiçəkli yaylaqlarından, ceyranlı-cüyürlü çöllərindən dönə-dönə bəhs etmişdir.” (12, 54)
Başın dumanlıdı, köksün meşəlik,
Yaylağın laləli, gül-bənövşəlik,
İnsan bivəfadır, siz həmişəlik,
Borc olur bəşərin əcəli, dağları. (2, 87)
Folklorumuzda xalqın istək və arzuları, şairlərin azadlıq uğrunda mübarizəsi, adət və ənənəsi, dünyagörüşü, yenilməzliyi əks etdirilmişdir. Odur ki, şifahi xalq ədəbiyyatı məxsus olduğu xalqın mədəniyyət tarixinin öyrənilməsində mühüm rola malikdir. Bu cəhətdən, “dərin müşahidə qabiliyyətinə malik el sənətkarlarının qoşduğu şeirlər qaynar həyatımızın bədii salnaməsini yaratmaq baxımından çox əhəmiyyətlidir.” (8, 420) Aşıq Şəmşir yaradıcılığında da xalqdan gələn deyimlər, məsəllər, atalar sözləri, bayatılar, cinaslı tapmacalar özünəməxsus yer tutur. Sənətkarı xalqa sevdirən özəllik də məhz bu misralardan, deyimlərdən başlayır:
Şöləsi çıxarmı yağsız çırağın,
Meyvəsi kəm olar bağbansız bağın.
Sünbülü dən tutmaz şoran torpağın,
Sərvətsiz qumsallar zər olarmı heç?! (3, 345)
Aşıq şeirinin şəkillərindən olan ustadnamələrdə daha çox atalar sözləri işlədilir ki, bu da şeirin təsirini, poetik mənasını artırır. Aşıq Şəmşir təkcə ustadnamələrində deyil, qoşma, gəraylı, müxəmməs və divanilərində də atalar sözü və məsəllərdən yerli-yerində istifadə etmişdir. Müəllifin “Nədi” adlı qoşmasında “Sirkə tündləşəndə çatladar qabın” (2, 53) misrası məişətdə ən çox işlədilən atalar sözlərindən biridir. “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar” (5, 210). Bu onu ifadə edir ki, insan bacardığı qədər yaxşılıq etsə, xeyir işlər görsə, fikrini, düşüncəsini pisliklərdən, nifrətdən uzaq tuta bilsə, həyatda uğur qazana biləcəkdir. Əks halda isə insan nifrəti, kini qəlbində, beynində nə qədər çox yığıb saxlasa, o da onun məhvinə gətirib çıxarar. Başqa bir qoşmasında isə “Zər qədrini zərgər bilər” (5, 246) atalar sözü işlənmişdir:
Şəmşirəm, bilirəm dürr qiymətini,
Cavan qiymətini, pir qiymətini,
Zərgər olan bilər zər qiymətini,
Verin qədir bilənlərə sözümü. (2, 46)
Aşıq Şəmşir istifadə etdiyi atalar sözlərini bəzən şeirin daxili ahəngini və ritmini qorumaq üçün söz sırasını dəyişmişdir. Lakin bu dəyişiklik atalar sözünün mənasına heç bir xələl gətirməmişdir.
“Göz baxsa tanıyar yediyi aşı,
Quru alışanda yandırar yaşı.” (2, 166)
Yuxarıda göstərilən nümunədə “Quru oduna yaşlar yanar, alışar daşlar yanar” (5, 175) atalar sözünü müəllif dəyişdirmiş, şeirin daxili strukturuna uyğunlaşdırmışdır. Lakin atalar sözü ifadə etdiyi mənanı itirməmişdir. Bununla yanaşı, elə atalar sözü də vardır ki, Aşıq Şəmşir olduğu kimi, heç bir dəyişiklik etmədən şeirdə sənətkarlıqla işlətmişdir. Nümunə üçün “Gəl” adlı qoşmasında “Hər fəslin öz vaxtı var, atalar demiş” (2, 216) atalar sözünü göstərə bilərik.
Bəzən heç bir işdə bacarığı olmayan, lakin hər işə qarışan, özünü çoxbilmiş kimi göstərən insanlar vardır ki, Aşıq Şəmşir bu insalara da xalq dilindən götürülmüş bir ifadə ilə səslənmişdir:
“Özü üçün umac ova bilməyən,
Özgəsinə kəsə bilməz, əriştə!” (2, 210)
Aşıq Şəmşir “Olsun” rədifli qoşmasında “Namusu itə atıblar, it də yeməyib” (5, 185) atalar sözündən poetik şəkildə istifadə etmişdir:
Ariflər üçündür sözümün sonu,
Müqabil lazımdı hər boyun donu.
Namusu itə at, it yeməz onu,
Şəmşirin bu sözü yadigar olsun. (2, 169)
Qoşma, gəraylıları ilə yanaşı divanilərində də Aşıq Şəmşir atalar sözündən məharətlə istifadə etmişdir:
“Bir qılınc yoxlayanda gəzin polad qatını,
Hər ot bitər kökü üstə-göstərər isbatını.” (2, 360)
Qeyd etdiyimiz bənd “Olmasa” rədifli divanisindəndir. Qılıncın tərkibində polad varsa bu onun möhkəmliyini, etibarlığını göstərir. Eyni zamanda, insanın genetik kodları nə qədər sağlam olsa o bir o qədər uğurlu bir şəkildə yaşayıb-yaradar. “Ot kökü üstə bitər” (5, 194) atalar sözünün mənasında da insanın nəsli, kökü sağlam olduqca o nəslin, kökün davamçısı da sağlam ruhda böyüyər. Bu fikrin davamı kimi müəllif digər bir qoşmada “Oddan kül törəyəm-atalar demiş, (2, 71) atalar sözünü işlətmişdir.
“Dost sirrin dosta demə, saxla möhkəm sirr budu,” (2, 359) misrasında” Aşıq Şəmşir yenə də atalar sözündən bəhrələnmişdir. “Dost sirrin dost bilər”, (5, 93) “Sirr açanda el qaçar” (5, 210) atalar sözü ilə səsləşən bu misrada aşıq insanların bir–birinə olan etibarından bəhs etmişdir. Eyni zamanda, “Yayılar” qoşmasında aşıq bu fikri bir daha təsdiq edir:
Bivəfa yoldaşa, biilqar dosta,
Sirrini bildirmə, elə yayılar.
Bel bağlama sınanmamış hər dosta,
Düşər gizli sirrin dilə yayılar (2, 39).
“Sirrini dostuna demə, çünki dostunun da dostu var” (5, 210) atalar sözünü isə Aşıq Şəmşir “Aşıq” adlı divanisində belə ifadə etmişdir:
Dost sirrini dosta demə, saxla möhkəm sirr budu,
İnsanlara lazım olan namus, qeyrət bir budu, (2, 359)
“Yayılar” rədifli qoşmanın digər bəndində isə “Bəylə bostan əkənin tağı çiynində bitər” (5, 54) atalar sözü işlədilmişdir:
İnanma, “baharam” desə zimistan,
Namərdlə tağ əkmə, bəy ilə -bostan. (2, 39)
Aşıq Şəmşir atalar sözündən yaradıcı şəkildə istifadə etmiş, şeirlərinin poetik təsirini daha da artırmışdır:
İblisin dostluğu qəmdir, qəhərdir,
Qurdla aşınalıq da çox bitəhərdir.
Namərd plovunu yemə, zəhərdir,
Ağıdı ləzzəti, aş demək olmaz. (26, 36)
Yaxud:
Böyükdən nəsihət pirdi ki pirdi,
Atalar demişdi, beynimə girdi.
Sözün yavaşı da, bərki də birdir,
Ovqatını təlx eylər zoranlıq. (2, 137)
Aşıq Şəmşir yaradıcılığında təkcə atalar sözündən deyil, eyni zamanda, xalq deyimlərindən olduqca geniş istifadə edilmişdir. “Taleyin oxu daşa çalmasın” (2, 28) ifadəsi alqış mənasında işlədilən, “taleyin üzünə gülsün”, “bəxtin açıq olsun” və s. kimi ifadələrlə eynilik təşkil edir. Şifahi xalq ədəbiyyatında alqışlar insanların arzu istəklərinin həyata keçəcəyinə inamı ifadə edir. “Xalq görmədiyi, bilavasitə şahidi olmadığı iş, olay barədə nə söz qoşar, nə də onu yüzilliklərin çətinliklərindən keçirib nəsildən-nəslə əmanət edər” (7, 79) Yuxarıda qeyd etdiyimiz ifadə də, folklorun qədim qatlarından keçib-gəlmiş bir ifadədir. Eyni zamanda, bu ifadəni qədim yunan mifologiyasında Erot adlı ilahənin əlində ox və kaman insanlara ataraq onlara xoşbəxtlik, yaxud bədbəxtlik gətirməsi ilə əlaqələndirə bilərik. Burada bəxt, tale oxu daşa dəysə, yəni o insanın həyatı əzab-əziyyətli olacağı mənasında işlədilibdir.
“Ağlar” adlı şeirində isə Aşıq Şəmşir başqa bir xalq deyimindən istifadə etmişdir:
“Bu misal mahalda, eldə əyandır:
Tülkü öz yerində şirdir, aslandır.” (2, 52)
Hər bir canlı, istər insan, istər heyvan yaxud da bitki öz torpağında, mühitində güclü olduğu qədər heç bir yerdə güclü ola bilməz. Meşələrin ən güclü heyvanı şir olmasına baxmayaraq, tülkü də öz yurdunda, mühitində şir qədər güclü ola bilər.
Folklorda “bədnəzər” və ya “gözdəymə” anlayışları mövcuddur ki, inama görə, bu mənfi bioenergetik təsirdir və bu təsirdən insanın sağlamlığında, psixoloji durumunda müəyyən problemlər yarana bilər. Bədnəzərdən hər şey, istər canlı, istər cansız bütün varlıqlar təsirlənə bilir. Qədim inanclara görə göz insanın daxili aləminə bir pəncərədir. Müdriklərimiz demişkən: “Göz bir pəncərədir, könülə baxar”. Kəlbəcər sakinlərindən topladığımız məlumatlar içərisində bədnəzərə aid olan nümunələr çoxluq təşkil edir. Bunu təsdiqi kimi Aşıq Şəmşir də yaradıcılığında bu məsələyə toxunmuşdur.
Yum gözünü, öt kənardan, baxam, keç,
Bədnəzər də, pis nəfəs də görəndə. (2, 76)
“Görəndə” adlı qoşmasında aşıq söyləyicilərin də dediyi kimi, “pis gözü olan, gözündə bədnəzər olan adamla çalışardıq ki, qarşılaşmayaq. Yolumuza çıxanda yolumuzu dəyişərdik.” (Həşimova Səmayə Ədil qızı, Comərd kəndi) Ehtimal olunur ki, müəyyən səbəblərdən bədəndə toplanan pozitiv və ya neqativ enerji münbit şərait yarananda insanın baxışından vulkan kimi püskürə bilər. Bu zaman yaxında olan şəxsə müsbət və mənfi olmasından asılı olaraq, orqanizmdə müvafiq reaksiyalar əmələ gətirir. Bədnəzərdən qorunmaq üçün göz muncuğundan, üzərlikdən, müxtəlif predmetlərdən istifadə edilir. Bəzən evin qapısından at nalı və ya göz bəbəyinə oxşayan iri muncuq asırlar. Bunun mahiyyəti ondadır ki, evə kim gəlirsə onun gözü ilk olaraq qapıda diqqəti cəlb edən əşyaya sataşır, bununla da guya onun bədnəzəri zərərsizləşdirilir.
Aşıq Şəmşir yaradıcılığında atalar sözləri, xalq deyimləri ilə yanaşı, xalq adət-ənənlərindən də bəhrələnmişdir. Mərasim folkloruna daxil olan bayram günləri, toy adəti Azərbaycan xalqının hər bir regionu üçün özünəməxsusdur. Kəlbəcər regionunda toy adəti olduqca maraqlıdı. Toyda cıdıra çıxmaq, at çapmaq kimi yarışlar keçirilirdi. Aşıqlar ömrünü toylarda, şənliklərdə keçirdiyi üçün Aşıq Şəmşir də toylardan bəhs etməyə bilməzdi. Kəlbəcər toylarını Aşıq Şəmşirsiz təsəvvür etmək çətin idi.
Aşıq Şəmşir bayram günlərini də unutmamışdır. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.
Bahara deyirlər Novruz bayramı.
Ana dilimizdə-təzə yaz günü.
Bu sözü əzəldən deyib el hamı,
Səadət gətirən bizə yaz günü. (2, 157)
Sovet dövründə Novruz bayramı qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi. Aşıq Şəmşir də heç kimdən, heç nədən çəkinmədən təbiətin, həyatın oyanmasını və xalqın bunu çox təntənəli və həm də hələ bir ay qalmış qeyd etməyə başlamasını sadə, ahəngdar bir dillə ifadə etmişdir.
Aşıq Şəmşir poeziyasında bayatı janrının da özünəməxsus yeri vardır. Eyni zamanda, bayatılarn hamısı cinaslı və mövzu baxımından da rəngarəngdir. Bayatılarda məhəbbət motivi daha çox üstünlük təşkil edir.
Yetişib üzüm indi,
Bir salxım üzüm indi.
Toxundu, qan olmadı,
Üzünə üzüm indi (4, 240).
Qeyd etdiyimiz bayatıda, hər üç misrada üzüm sözü cinas kimi çıxış edir və hər biri ayrı-ayrı mənaya malikdir. Birinci misrada üzüm meyvə, ikinci misrada üzüm dərmək, üçüncü misrada isə üzüm sima mənasında cinas kimi işlənmişdir. Aşıq Şəmşir bayatılarında xalq ruhu, xalq mənəviyyatı öz əksini tapmışdır.
Bilmək lazımdır ki, Aşıq Şəmşir yaradıcılığı çoxşaxəli bir yaradıcılıqdır. Aşıq Şəmşir poeziyasında tarixi əfsanə və rəvayətlərə qəribə işarələr vardır. Gah Nuhun gəmisindən, gah da Məcnunun dağlardan səsi gəlməsindən danışır. Gah Bəhlul Danəndədən, gah Koroğludan, onun Qıratından, Misri qılıncından, Rüstəm Zaldan, Şirinin yolunda öz canından keçən Fərhaddan və digər tarixi şəxsiyyətlərdən və qəhrəmanlardan söz açır. Onun Süleyman peyğəmbərə müraciəti də insanda maraq doğurur. Ümumiyyətlə, Aşıq Şəmşirin yaradıcılığı həm sənətkarlıq, həm də folklor motivləri baxımından çox zəngindir.
Onu da qeyd etmək istərdim ki, Kəlbəcərdə Aşıq Şəmşirlə yanaşı, Ağdabanlı Qurban, Aşıq Bəsti, Aşıq Ələsgər, Aşıq Talıb, Növrəs İman, Gədəbəydə Miskin Vəli, Tovuzda Mikayıl Azaflı və başqa görkəmli sənətkarlar da fəaliyyət göstərmişdir. Adlarını qeyd etdyimiz sənətkarların yaradıcılığından bəhrələnən, Aşıq Şəmşir yaradıcılığından təsirlənən aşıq və şairlər də az olmamışdır. Kəlbəcərdə Məmməd Aslan, Bəhmən Vətənoğlu, Şücaət Əhmədov kimi tanınmış şairlərin yaradıcılığında Aşıq Şəmşirin poetik təsirini görmək mümkündür. Hətta Məmməd Aslan və Bəhmən Vətənoğlu ilə də deyişmələri məlumdur.
Aşıq Şəmşirin “Yazığım gəlir” adlı qoşmasında zəmanədən, taledən şikayət, narazılıq öz əksini tapmışdır:
Həmdəmsiz aşığam-qəlbi şikəstə,
Özümün özümə yazığım gəlir.
Dərdi-qəm üz verib yatıram xəstə,
Baxan yox üzümə, yazığım gəlir. (2, 26)
Şair Bəhmən Vətənoğlunun da eyni adlı şeirində Aşıq Şəmşirin təsirini açıq şəkildə görmək olar:
Dünya kiminə kef, kiminə dəhşət,
Bunları qanana yazığım gəlir.
Duyub düşündükcə ömrün sonunu,
İnsanam, insana yazığım gəlir. ( 15,122)
Hər iki sənətkarın qoşmasında ictimai-siyasi motivlər, zəmanədən, dövrdən şikayət əks olunmuşdur. Başlıcası, şeirlərin məzmun, poetik ruh baxımından yaxınlığı, həm də forma (janr, qafiyə eyniliyi) yaxınlığında ifadə olunmuşdur. Aşıq Şəmşirdə məzmun daha çox xüsusiləşdirilmişdirsə, şair Bəhmən Vətənoğlunda ictimailəşdirilmişdir.
Hər iki sənətkarın üslub yaxınlığını göstərən digər bir nümunəyə diqqət edək.
Aşıq Şəmşirdə:
Xəlq olanda sən olmusan,
Bizə ata, ana, torpaq.
Sən qüdrətdən yaranıbsan,
Çatdın ada-sana, torpaq. (2, 241)
Şair Bəhmən Vətənoğlunda:
Qananlar əlində şirin nemətsən,
Nadanlar əlində məzəli torpaq.
Xilqətin ilki də, sonu da sənsən,
Varlığın axırı - əzəli torpaq. (16, 56)
“Torpaq” adlanan hər iki qoşma məzmun və forma baxımından eynidir. Şeirlərin müqayisəsi göstərir ki, müəlliflər torpağın varlığın ilki və sonu olmasından, insan həyatındakı əhəmiyyətindən bəhs etmişlər.
Kəlbəcərdə şair Sücaət kimi tanınan, daha çox vətən həsrətli şeirlər yazan şairin şeirlərində də Aşıq Şəmşir təsiri özünü büruzə verir.
Aşıq Şəmşirdə:
Qocalıq qış fəsli, boranlı qardır,
İnsanın ömrünə qorxusu vardır.
Elə ki, saqqalım, saçım ağardı,
Bildim ki, yetişən vaxtdı, qocaldım. (2, 134)
Şair Sücaətdə:
Baharım tələsdi, yazım tələsdi,
Vaxtından tez gəldi qışım, qocaldım.
Gözüm açılmadı, üzüm gülmədi,
Çox bəlalar çəkdi başım, qocaldım. (14, 50)
“Qocaldım” adlı qoşmada hər iki müəllif həyatının qocalıq dövründən bəhs etmiş, cavanlığı yazla, qocalığı isə qışla müqayisə etmişdir. Üslub yaxınlığı, forma, bədii motivləmə, metoforik sistem baxımından eynilik hər iki şeirdə də özünü göstərmişdir.
Aşıq Şəmşir özünəqədərki klassik aşıq poeziyasından istifadə etdiyi kimi, müasirləri də Aşıq Şəmşir yaradıcılığına qarşı həssas olmuş və onun tükənməz yaradıcılıq xəzinəsindən bəhrələnmişdir. Qeyd etdiyimiz kimi, təkcə aşıqlar deyil, el şairləri də bu xəzinədən özlərinə pay götürmüşdür.
Dostları ilə paylaş: |