163. (Ey Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik.
164. (Biz) peyğəmbərlər (göndərdik). Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı. (ən-Nisa: 163-164).
Başqa ayədə buyurulur:
69. Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın! Allah (Musanı) onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli (qədir-qiymətli) idi. (əl-Əhzab: 69).
İmam Əbu Abdullah əl-Buxari Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər belə demişdir: "Musa abır-həyalı və ayıb yerlərini qoruyan bir insan idi. O abır-həyasını qoruduğu üçün dərisini də göstərməzdi. İsrail oğullarından bəziləri onu narahat edib deyirdilər: "Onun xəstəliyi var deyə dərisini gizlədir. Onun dərisində ya cüzam xəstəliyi, ya yırtıq, ya da başqa eyib var!" Uca Allah Musanı bu nöqsanlardan təmizə çıxartmaq istədi. Bir gün Musa təklikdə idi. O, paltarlarını çıxarıb daşın üzərinə qoydu və çimməyə başladı. Çimib qurtarandan sonra paltarlarını götürmək istəyəndə daş hərəkətə gəlib paltarlarla birlikdə diyirlənməyə başladı. Musa əsasını götürüb: "Daş, paltarlarımı ver! Daş, paltarlarımı ver!" – deyə-deyə onun dalınca düşdü. Nəhayət İsrail oğullarından bir dəstənin yanına çatdı. Onlar Musanı lüt-üryan gördülər. O Allahın ən kamil surətdə yaratdığı insan kimi idi. Beləlikdə Uca Allah onu insanların ittihamından təmizə çıxartdı. Daş dayanan kimi Musa paltarlarını götürüb geyindi və əsası ilə daşa bir zərbə endirdi. Allaha and olsun! Daşa endirdiyi zərbənin təsirində daşda üç, dörd və ya beş çapıq yaranmışdı. Uca Allahın bu ayəsində həmin bu hadisədən danışılır: «69. Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın! Allah (Musanı) onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli (qədir-qiymətli) idi.» (əl-Əhzab: 69)."364
Bəzi sələflər deyirlər ki, Musanın qardaşının vəzir təyin edilməsi üçün Allahdan müsbət cavab alması onun hörmətli olmasından irəli gəlirdi. Belə ki, Allah Musanın istəyini qəbul etdi və qardaşını da peyğəmbər etdi. Uca Allah buyurur: «53. Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik.» (Məryəm: 53).
Buxari Abdullah ibn Abbasdan rəvayət edir ki, bir dəfə Peyğəmbər qəniməti böldükdə bir nəfər kişi dedi: "Bu bölgü Allah xətrinə aparılan bölgü sayılmır". Mən bu xəbəri gəlib Peyğəmbərə çatdırdım. O bərk hirsləndi. Hətta mən onun üzündə qəzəbin hiss olunduğunu gördüm. O dedi: "Allah Musaya rəhm etsin! Ona bundan da çox əziyyət verilirdi, o isə səbr edirdi"365.
Səhih kitabda İsra haqqında rəvayət olunan hədislərdə deyilir: "Peyğəmbər Musa ilə qarşılaşır. O, öz qəbrində366 namaz qılırdı." Hədisi Muslim367 Ənəsdən rəvayət etmişdir.
İki səhih kitabda368 Qatadədən, o da Ənəsdən, o da Malik ibn Sa`saədən rəvayət edir: "İsra gecəsi Peyğəmbər altıncı səmada Musa ilə qarşılaşır. Cəbrail ona: "Bu Musadır!" – dedi və ona salam verdi. Peyğəmbər deyir: "Mən də ona salam verdim". Musa dedi: "Əməlisaleh peyğəmbəri və qardaşımı xoş gördüm". Mən ondan ayrılanda ağladı. Ondan: "Nə üçün ağlayırsan?" – deyə soruşanda, dedi: "Ona görə ağlayıram ki, məndən sonra peyğəmbər təyin olunan gənc bir adamın ümmətinin Cənnətə daxil olanları, mənim ümmətimdən sayca çox olacaqlar"."
İbrahimin yeddinci səmada olduğu deyilir. Bu daha etibarlı məlumatdır. Şərik ibn Əbu Nəmrin Ənəsdən rəvayət etdiyi hədisdə İbrahimin altıncı, Musanın isə Allahla danışdığına görə daha üstün hesab edilib yeddinci səmada olduğu deyilir. Amma daha dərin elmə yiyələnən alimlər deyirlər ki, Musa altıncı, İbrahim isə yeddinci səmadadır. İbrahimin hər gün yetmiş min mələyin daxil olub sonra bir daha oraya geri qayıtmadığı "Beytül Məmur"a söykəndiyi deyilir.
Rəvayətlərin hamısında deyilir ki, Uca Allah Muhəmmədə və ümmətinə gün ərzində əlli namaz qılmağı fərz etmişdi. O geri qayıdanda Musa ona dedi: "Rəbbinin yanına qayıt və ümmətin üçün (bu hökmün) asanlaşdırılmasını istə. Səndən öncə mən İsrail oğullarını çox müalicə etdim. Onlara baxanda, sənin ümmətin eşitməkdə, görməkdə və qəlbdə daha zəif görsənirlər". Muhəmməd Rəbbi ilə Musa arasında gedir-gəlir və hər dəfə namazların sayı azaldılırdı. Sonda gün ərzində beş namaz vacib edildi. Uca Allah bildirdi ki, bu beş namaz, əlli namazın savabı kimidir. Allah bizim dualarımızla Muhəmmədə və Musaya daha xeyirli mükafat əta etsin369.
Buxari İbn Abbasdan rəvayət edir ki, bir gün Peyğəmbər bizim yanımıza gəldi və dedi: "Ümmətlər mənə göstərildi. Mən üfüqü örtmüş bir ümmət gördüm. Mənə dedilər ki, bu Musa və onun qövmüdür..."370. Bu müxtəsər rəvayətdir.
İmam Əhməd bu rəvayəti tam şəkildə rəvayət etmişdir. Husayn371 ibn Əbdürrəhman deyir ki, mən Səid ibn Cubeyrin yanında olarkən o belə dedi: "Dünən əriyib tökülən ulduzu kim gördü?" "Mən gördüm!" – deyərək cavab verdim. Sonra dedim ki, həmin vaxt mən namazda deyildim. Məni əqrəb çalmışdı. O dedi: "Bəs buna qarşı nə etdin?" Mən dedim: "Ovsun (ruqyə) oxudum". O dedi: "Nə əsasla bunu etdin?" Mən dedim: "Bunu bizə Şəbinin Bureydə əl-Əsləmidən danışdığı hədisə əsasən etdim. Onun rəvayətində deyilir ki, yalnız gözdəymədən və zəhərdən dolayı ovsun (ruqyə) oxumaq olar". Səid ibn Cubeyr dedi: "Eşitdiyinə əməl edən yaxşı əməl sahibidir". Sonra dedi: İbn Abbas bizə Peyğəmbərin belə dediyini danışmışdı: "Ümmətlər mənə ərz edildi. Elə peyğəmbər gördüm ki, o, on nəfərlə, eləsi bir-iki nəfərlə, bəziləri isə ümumiyyətlə heç kimsəsiz idilər. Mən böyük bir ümmət gördüm və dedim: "Yəqin bu mənim ümmətimdir?" Mənə dedilər ki, bu Musa və onun qövmüdür. Sən üfüqə doğru bax! Baxanda orada böyük bir kütlə gördüm. Sonra dedilər ki, indi isə bu tərəfə bax! Mən orada da böyük bir insan kütləsi gördüm. Mənə dedilər ki, bu sənin ümmətindir. Onların arasında sorğu-sualsız və əzabsız Cənnətə daxil olacaq yetmiş min insan vardır." Sonra Peyğəmbər aşağı endi və mənzilinə daxil oldu. Hamı: Sorğu-sualsız və əzabsız Cənnətə daxil olanlar kimlərdir görəsən?!" – deyib, məsələni müzakirə etməyə başladı. Bəziləri dedilər: "Yəqin ki, onlar Peyğəmbərin səhabələridir". Bəziləri isə belə dedi: "Ola bilər onlar İslamda doğulub Allaha heç şərik qoşmayanlardır". Onlar buna oxşar bir neçə fikir söylədilər. Peyğəmbər onların yanına gəlib dedi: "Siz nəyi müzakirə edirdiniz?" Onlar müzakirə etdikləri fikri ona çatdırdılar. Peyğəmbər dedi: "Həmin insanlar çıldaq etdirməz, ovsun (ruqyə) oxutmaz, bədbinlik güdməz və yalnız Rəbblərinə təvəkkül edərlər". Bu vaxt Ukkaşə ibn Mihsan əl-Əsədi qalxıb dedi: "Ey Allahın elçisi, mən onlardanammı?" Peyğəmbər dedi: "Bəli, sən onlardansan!" Sonra başqa bir nəfər: "Ey Allahın elçisi, mən də onlardanammı?" Peyğəmbər dedi: "Ukkaşə səni qabaqladı!"372
Bu hədisin rəvayət yolları həddindən artıq çoxdur. Bu hədis həm səhih hədislər, həm həsən hədislər, həm də başqa hədislər toplumunda rəvayət edilmişdir. Biz Cənnətin vəsfi adlı fəsildə, Qiyamətin dəhşəti barədə danışarkən bu hədisi qeyd etmişik.
Uca Allah Qurani-Kərimdə Musa peyğəmbəri çox xatırlatmış, onu tərifləmiş, bir neçə məqamda onun hekayəsini bəzən tam, bəzən isə müxtəsər şəkildə təkrar qeyd etmiş, ona hədsiz tərif söyləmişdir.
Uca Allah çox yerlərdə onu və kitabını, Muhəmməd və kitabı ilə birlikdə xatırladır. Əl-Bəqərə surəsində də belə deyilir: «101. Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən bir qismi guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.» (əl-Bəqərə: 101).
Digər ayədə deyilir: «1. Əlif, Lam, Mim! 2. Allahdan başqa heç bir haqq ilah yoxdur. Əzəli, əbədi varlıq Odur. 3. Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. 4. Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir!» (Ali İmran: 1-4).
Uca Allah əl-Ənam surəsində (91-92) deyir: «91. Onlar (yəhudilər): “Allah heç bir bəşərə bir şey nazil etməmişdir”, – deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ey Rəsulum!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. 92. Bu (Quran) da mübarək, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar.» Bu ayədə Uca Allah birinci Tövratı bir qədər, sonra isə Quranı daha çox tərifləmişdir.
Uca Allah əl-Ənam surəsinin sonunda (154-155) deyir: «154. Sonra Biz yaxşı işlər görən kimsəyə – Musaya tamamlamaq, hər şeyi ətraflı izah etmək üçün ona bir hidayət və mərhəmət olaraq kitabı (Tövratı) verdik ki, bəlkə, yəhudilər (bununla) öz Rəbbinə qovuşacaqlarına inansınlar! 155. Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!»
Uca Allah əl-Maidə surəsində (44-48) buyurur: «44. Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla hökm edərdilər. Onlar ona şahiddirlər. İnsanlardan qorxmayın, Məndən qorxun! Mənim ayələrimi ucuz qiymətə satmayın! Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər! 45. Biz yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar! 46. Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik. 47. İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır. 48. (Ey Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı təsdiq edən və onu qoruyan olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et! Sənə gələn haqdan ayrılıb onların nəfslərinə uyma! Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!»
Uca Allah Qurani-Kərimi bütün kitablara hakim, onlara şahid və o kitablarda baş verən təhrif və təbdili aşkar edən bir kitab etmişdir. Kitab əhlinə əllərində olan kitabı qorumaq tapşırılmışdı. Amma onlar onu nə qoruya, nə də əzbərləyə bilmədilər. Ona görə onlar bic tərpənib həmin kitablara istədikləri əlavələri etdilər. Onların elmi kasad, məqsədləri isə pis idi. Onlar ibadət etdikləri Allaha xəyanət etmişdilər. O kitabları dəyişənlərə Qiyamətə qədər Allahın davamiyyətli lənəti olsun! Ona görə onların kitabında Allaha və onun elçisinə qarşı saysız-hesabsız aşkar səhvlər vardır.
Uca Allah əl-Ənbiya surəsində (48-50) buyurur: «48. Biz Musa və Haruna Furqanı bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik. 49. O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən qorxar və Qiyamətdən lərzəyə gələrlər. 50. Bu (Quran) nazil etdiyimiz mübarək bir Kitabdır. İndi siz onu inkarmı edirsiniz?»
Əl-Qasas surəsində (48-49) isə buyurulur: «48. Dərgahımızdan onlara (müşriklərə) haqq gəldikdə onlar: “Musaya verilən (möcüzələr) nə üçün eynilə ona da verilmədi?” – dedilər. Məgər onlar daha öncə Musaya verilənləri danıb: “İki sehr (Tövrat və Quran) bir-birilə köməkləşdi və biz (iki sehrbazın – Musanın və Muhəmmədin) hər birini inkar etdik!” – deməmişdilərmi? 49. (Ey Rəsulum!) De: “Əgər doğru deyirsinizsə, Allahın dərgahından bu ikisindən (Qurandan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!”» Bu ayədə Uca Allah iki kitabı və iki elçini tərifləyir. Onlara Allahın salamı olsun!
Cinlər də öz qövmlərinə belə demişdilər: «Biz Musadan sonra nazil edilmiş bir Kitab dinlədik!» (əl-Əhqaf: 30).
Peyğəmbərə ilk dəfə vəhy gələndə gördüklərini Varaqa ibn Novfələ danışmaq üçün onun yanına getdi və bu ayəni oxudu: «1. (Ey Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə oxu! 2. O, insanı laxtalanmış qandan yaratdı. 3. (Ey Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! 4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. 5. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.» (əl-Ələq: 1-5). Varaqa ibn Novfəl dedi: "Bu nöqsansızdır, nöqsansızdır. Bu İmranın oğlu Musaya vəhy gətirən mələkdir"373.
Ümumilikdə deyə bilərik ki, Musanın şəriəti əzəmətli, ümməti isə böyük idi. Onun ümmətindən peyğəmbərlər, alimlər, zahidlər, abidlər, müdriklər, padşahlar, əmirlər və alicənab şəxsiyyətlər çıxmışdır. Bu kimi insanlar öldükdən sonra ümməti dəyişdi və şəriətini də dəyişdirdilər. Bəziləri isə meymun və donuza döndərildilər. Sonra onun ümməti yox oldu, başlarına cürbəcür fəlakətlər gəldi. Bu geniş mövzudur, amma biz qarşıda bu haqda bilgi üçün kifayət edən məlumatlar verəcəyik. Ümidimiz və təvəkkülümüz Allahadır.
Dostları ilə paylaş: |