MƏRYƏM ZƏKƏRİYYƏNİN HİMAYƏSİNDƏ
Uca Allah buyurur: «Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyə onu himayəyə götürdü...» Əksər təfsir alimləri deyirlər ki, anası onu dünyaya gətirdikdən sonra onu bir parçaya büküb məscidə gətirdi və orada yaşayan abidlərə təslim etdi. Körpə onlara rəhbərlik edən və onlara namaz qıldıran İmranın qızı idi. Abidlər onun barəsində fikir ayrılığına düşdülər.
Daha doğru fikir budur ki, Məryəmin anası onu süddən ayırıb bir müddət böyütdükdən sonra məbədə təhvil vermişdi. O, uşağı abidlərə təhvil verəndə, onlar ona kimin baxacağı barədə ixtilaf etdilər. O zaman Zəkəriyyə onların peyğəmbəri idi. O, arvadının uşağın bacısı və ya xalası olmasını əsas gətirib uşağı dərhal himayəsinə götürmək istədi. Amma digər abidlər onun bu qərarına etiraz edib aralarında püşk atmağı tələb etdilər. Allahın qədəri ona kömək edib püşkü onun qismətinə çıxardı. Necə deyərlər, insanın dayısı ona anası kimi yaxındır.
Uca Allah buyurur: «Zəkəriyyə onu himayəyə götürdü» Püşkatmada qalib gəldiyi üçün onu himayəyə götürdü. Uca Allah başqa ayədə buyurur: «44. (Ey Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: “Məryəmi kim öz himayəsinə alacaq?” – deyə, (püşk atmaq məqsədi ilə) qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin.» (Ali İmran: 44). Onlar öz qələmlərini bir yerə atdılar və yetkinlik yaşına çatmamış bir uşağa oradan bir qələm çəkməyi tapşırdılar. Uşaq Zəkəriyyənin qələmini çəkdi. Onlar ikinci dəfə püşk atmağı tələb etdilər. Bu dəfə qələmlərini çaya atmalı və suyun axınının əksinə gedən qələmin sahibi qalib olmalı idi. Onların qələmləri suyun axını ilə üzdü, Zəkəriyyənin qələmi isə suyun axınının əksinə doğru üzdü. Onlar üçüncü dəfə püşk atmağı tələb etdilər. Bu dəfə qələmlər suyun əksi ilə getməli, qələmi suyun axını ilə gedən isə qalib olmalı idi. Onlar qələmləri suya atdılar və bu dəfə də Zəkəriyyə qalib gəldi. O, Məryəmə himayədarlıq etdi. Çünki həm şəriət, həm də qədər baxımından o buna daha haqlı idi.
Uca Allah buyurur: «Zəkəriyyə hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyyə:) “Ey Məryəm, bunlar sənə haradandır?” – dedikdə, o: “Allah tərəfindəndir!” – deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!» Təfsir alimləri deyirlər ki, Zəkəriyyə Məryəm üçün məsciddə ən yaxşı yer düzəltdi və oraya Məryəmdən başqa heç kəs daxil olmurdu. Məryəm orada Allaha ibadət edir və növbəsi çatanda ona vacib buyurulan işləri edir, məscidi təmizləyirdi. O, həm gecələr, həm də gündüzlər ibadət edirdi. Hətta İsrail oğulları onun ibadətini məsəl çəkirdilər. O, özünün Allah yanında olan hörməti və dəyəri ilə məşhurlaşmışdı. Hətta Allahın peyğəmbəri Zəkəriyyə onun ibadət etdiyi yerə daxil olanda orada qeyri-adi – mövsümünə uyğun olmayan ruzini görürdü. Onun otağında qışda yay meyvəsi, yayda isə qış meyvəsi olurdu. Zəkəriyyə ondan «Bunlar sənə haradandır?» – deyə soruşduqda Məryəm: «O, Allah tərəfindəndir!” – deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!»
Bu hadisənin şahidi olan Zəkəriyyə öz belindən övladının olmasını istədi. O, yaşlı və haldan düşmüş olmasına baxmayaraq «38. (O zaman) Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”» (Ali İmran: 38). Bəziləri onun belə dua etdiyini deyirlər: "Ey, Məryəmə mövsümünə uyğun olmayan meyvələrdən ruzi verən! Vaxtsız olsa da mənə bir övlad bəxş et!" Biz onun həyatı haqqında öz məqamında danışmışıq.
Dostları ilə paylaş: |