«ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman» Yəni qayınatasının yanından çıxıb getdi. Bir çox təfsirçi və qeyrilərinin dediklərinə görə o ailəsi üçün darıxdığını iddia edib yola çıxmışdı. O, gizli yolla gedib ailəsinə baş çəkmək istəyirdi. O, ailəsi, iki uşağı və xidmət dövründə bəslədiyi bir dəstə qoyunu ilə birlikdə yola çıxmışdı. Bu səfər qaranlıq və soyuq gecəyə təsadüf etmişdi. Onlar səmti səhv salıb rahat yol ilə gedə bilmirdilər. O, od yandırmaq üçün çaxmağını çaxır, amma heç nə alınmırdı. Gecə getdikcə qaranlıqlaşır və soyuyurdu. Bu əsnada o, Tur dağının ətəyində od yandığını gördü və dedi: «“Siz (mən qayıdanadək burada) durun. Mən bir od gördüm.» Daha doğrusunu Allah bilir, amma elə bil odu təkcə o görmüşdü. Çünki bu od həqiqətdə nur idi. Hər kəsin bu nuru görməsi düzgün deyildi. «Bəlkə, gedib ondan» yolun hansı tərəfə getdiyi barədə «sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız!”» Bu göstərir ki, onlar qaranlıq və soyuq gecədə yollarını itirmişdilər. Çünki başqa ayədə belə deyilir: «9. Musanın hekayəti sənə gəlib çatdımı? 10. O zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: “Siz (yerinizdə) durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir köz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!”» (Taha: 9-10). Bu ayə gecənin zülmət qaranlıqlı və onların yollarını səhv saldıqlarını bildirir.
Bütün bunlar ən-Nəml surəsindəki ayədə cəm edilmişdir. Ayədə deyilir: «7. Bir zaman Musa (Mədyəndən Misirə gedərkən) ailəsinə demişdi: “Mən bir od gördüm, (siz burada durun) mən də gedib ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız”.» (ən-Nəml: 7). Musa getdi xəbər gətirdi, xəbər nə xəbər! Orada bələdçi tapdı, bələdçi nə bələdçi! Oradan nura qovuşdu, nur nə nur!
Uca Allah buyurur: «30. (Musa) odun yanına gəlib çatdıqda, vadinin sağ tərəfində olan mübarək (bərəkətli) yerdəki ağacdan belə bir nida gəldi: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!» (əl-Qasas: 30).
Nəml surəsində isə belə deyilir: «8. Musa (alovun) yanına çatdıqda belə bir nida gəldi: “Alovun yanında olan (Musa) və ətrafında olanlar mübarək kimsələrdir. Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir!» (ən-Nəml: 8). İstədiyini edən və istədiyini hökm edən Uca Allah nöqsanlardan və eyiblərdən pakdır. «9. Ey Musa! Yenilməz qüvvət, hikmət sahibi olan Allah Mənəm!» (ən-Nəml: 9).
Taha surəsində isə belə deyilir: «11. (Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: “Ey Musa! 12. Mən, həqiqətən, sənin Rəbbinəm. Başmaqlarını çıxart, çünki sən müqəddəs vadidə – Tuvadasan! 13. Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə! 14. Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir haqq ilah yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl! 15. O saat (Qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini alsın. 16. Ehtiyatlı ol ki, (Qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan!» (Taha: 11-16).
Bir çox sələf və xələf təfsirçilər deyirlər ki, Musa gördüyü odun yanına çatdıqda gördü ki, od yaşıl tikanlı kolda yanır. Od getdikcə çoxalır, kol isə daha da yaşıllaşırdı. Musa da təəccüblə baxırdı. Kol Musanın sağ tərəfində, qərb tərəfdəki dağın dibində bitmişdi. Uca Allah buyurur: «44. (Ey Rəsulum!) Biz Musaya vəhy etdiyimiz zaman sən (Tur dağının) qərb tərəfində deyildin. Sən (buna) şahid olanlardan da deyildin!» (əl-Qasas: 44). Musa Tuva adlı vadidə idi. Musa qibləyə tərəf yönəlmişdi, kol isə onun sağ tərəfində, qərb istiqamətində idi. Rəbbi onu müqəddəs Tuva vadisində çağırdı.
Bu mübarək yerə təzim və hörmət əlaməti olaraq, ələlxüsus belə mübarək gecədə birinci ona ayaqqabılarını çıxartmağı əmr etdi.
Sonra Uca Allah istədiyi kimi ona xitab edib dedi: «Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!» (əl-Qasas: 30). «14. Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir haqq ilah yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!» (Taha: 14). Özündən başqa heç bir haqq ilah olmayan, ibadət olunmağa və namaz qılınmağa layiq olan aləmlərin Rəbbi mənəm.
Sonra Uca Allah Musaya bildirir ki, bu dünya heç də baqi deyil. Baqi həyat yalnız Qiyamətdədir. Bu gün mütləq olacaqdır ki, «hər kəs etdiyi əməlin əvəzini alsın.» (Taha: 15). Yəni mükafatını, yaxud cəzasını alsın.
Uca Allah Musanı axirət əməli etməyə təşviq edir, həvəsləndirir. Nəfsinə tabe olub yaradan Rəbbinə asilik edən və Qiyamətə iman gətirməyənlərdən uzaq durmağı tapşırır. Sonra Uca Allah ona şəfqət göstərib xitab edir və hər şeyə qadir olduğunu ona çatdırır. Halbuki, O bir şeyə "ol!" dedikdə dərhal olar. «17. Ey Musa! Sağ əlindəki nədir?» (Taha: 17). Ey Musa! Bu sənin daim gəzdirdiyin əsan deyilmi? «18. (Musa) dedi: “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarıma xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!”» (Taha: 18). Bu mənim daim istifadə etdiyim əsamdır. «19. (Allah) buyurdu: “Ey Musa! Onu (əsanı yerə) at!” 20. (Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan olub sürətlə sürünməyə başladı.» (Taha: 19-20).
Bu böyük möcüzə, onunla danışanın bir şeyə ol deməklə dərhal var edən olduğuna, dəlalət edən açıq-aşkar bir sübutdur. O, etdiklərində ixtiyar sahibidir.
Uca Allah başqa bir ayədə buyurur: «31. Əsanı (yerə) at!” O əsanın ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. “Ey Musa! Bəri gəl, qorxma! Sən əmin-amanlıq içindəsən!» (əl-Qasas: 31). Əsa əzəmətli bir ilana çevrilmişdi. İlan çox nəhəng idi və onun iri dişləri görsənirdi. Böyüklüyünə baxmayaraq (Musaya qarşı) həm mülayim idi, həm də çox cəld hərəkət edirdi. Musa bunu görəndə «dönüb qaçdı,». İnsan təbiətinə uyğun hərəkət edərək ilanın vahiməsindən qaçdı. «heç dala da baxmadı.» Rəbbi onu çağırıb dedi: «“Ey Musa! Bəri gəl, qorxma! Sən əmin-amanlıq içindəsən!» (əl-Qasas: 31). Musa qayıtdıqdan sonra Uca Allah ona ilanı tutmağı əmr etdi və «Dedi: “Tut onu, qorxma. Biz onu qaytarıb əvvəlki şəklinə salacağıq!» (Taha: 21). Deyilənə görə Musa ilandan çox qorxmuşdu deyə, əlini yun paltarının qoluna salıb ilanın ağzının ortasına qoydu. – Kitab əhlinin rəvayətlərində isə deyilir ki, o ilanın quyruğundan tutdu –. İlanı tam tutandan sonra o əvvəlki vəziyyətinə, haçalı (iki başlı) ağaca döndü. İki Məşriq, iki məğribin Rəbbi həqiqətən hər şeyə qadirdir və O bütün eyiblərdən və nöqsanlardan xalidir.
Sonra Uca Allah ona əlini sinə paltarının altına salıb çıxartmasını əmr etdi. Əlini çıxartdıqda onun heç bir ziyan vermədən, nə cüzəm, nə də dəmrov izi qoymadan, ay kimi parıldadığını gördü. Buna görə ayədə belə deyilir: «32. Əlini qoynuna qoy ki, əlin (oradan) eyibsiz-qüsursuz, ağappaq (parlaq bir nur kimi) çıxsın. Əlini özünə tərəf çək ki, vahimə sovuşub getsin. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki möcüzəndir. Onlar, həqiqətən, fasiq bir tayfadırlar!”» (əl-Qasas: 32). Deyilənə görə bunun mənası belədir: "Qorxduqda əlini qəlbinin üstünə qoy, həyəcanın getsin".
Bu, Musaya məxsusən deyilib. Amma ona iman gətirməyin bərəkəti olaraq peyğəmbərləri özünə örnək tutan insan belə edərsə, təskinlik tapmağa nail olar.
Ən-Nəml surəsində belə deyilir: «12. Əlini qoynuna qoy ki, Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri olaraq eyibsiz-qüsursuz ağappaq (parlaq bir nur kimi) çıxsın. Həqiqətən, onlar fasiq bir camaatdır!”» Bu iki möcüzə, əsa və əl möcüzəsi Uca Allahın bu ayəsində deyilən möcüzələrdir: «32. Əlini qoynuna qoy ki, əlin (oradan) eyibsiz-qüsursuz, ağappaq (parlaq bir nur kimi) çıxsın. Əlini özünə tərəf çək ki, vahimə sovuşub getsin. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki möcüzədir. Onlar, həqiqətən, fasiq bir tayfadırlar!”» (əl-Qasas: 32). Bundan əlavə ona yeddi möcüzə də verilmişdi. Ümumilikdə onun doqquz möcüzəsi var idi. Bunlar Sübhan (əl-İsra) surəsinin sonunda deyilən möcüzələrdir. Həmin surədə Uca Allah buyurur: «101. Biz Musaya doqquz aşkar möcüzə verdik. İsrail oğullarından soruş: (Musa) onların yanına gəldikdə, Firon ona: “Ey Musa! Mənə elə gəlir ki, sən ovsunlanmısan (ağlın başında deyildir)”, – demişdi. 102. (Musa da) ona: “Sən bunların məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni artıq məhv olmuş zənn edirəm!” – deyə cavab vermişdi.» (əl-İsra: 101–102).
Bu möcüzələrin təfsilatı əl-Əraf surəsində (130–133) deyilmişdir. Uca Allah buyurur: «130. Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar! 131. Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz! 132. (Fironun adamları Musaya) dedilər: “Sən bizi ovsunlamaq üçün nə möcüzə göstərsən də, yenə sənə iman gətirən deyilik!” 133. Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.» Bu haqda məqamında danışılacaqdır. Bu doqquz möcüzə on kəlam deyil. Doqquz möcüzə Allahın qədər kəlamıdır, on kəlam isə Onun şəriət ehkamlarıdır. Bəzi rəvayətçilər bunu səhv salıb elə biliblər ki, doqquz möcüzə elə on möcüzədir. Biz bu haqda Bənu İsrail (İsrail Oğulları – əl-İsra) surəsinin son ayələrinin təfsirində danışmışıq.
HARUNUN PEYĞƏMBƏRLİYİ
Uca Allah Musaya Fironun yanına getməyi əmr edəndə,
Dostları ilə paylaş: |