SÜFRƏ HAQQINDA DEYİLƏNLƏR
Uca Allah buyurur:
112. Onu da xatırla ki, o zaman həvarilər demişdilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa):” Əgər möminsinizsə, Allahdan qorxun!” – demişdi.
113. (Həvarilər) demişdilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi möcüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq”.
114. Məryəm oğlu İsa dedi: “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”
115. Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!” (əl-Maidə: 112-115).
Təfsir kitabında547 süfrənin nazil olması haqqında İbn Abbasdan, Salman əl-Farisidən, Ammar ibn Yasirdən və digər səhabələrdən rəvayət olunan hədislərin hamısını qeyd etmişik. Rəvayətlərin məzmunu belədir: İsa Həvarilərə otuz gün oruc tutmağı əmr etmişdi. Onlar orucu tutub qurtardıqdan sonra İsadan onlar üçün yeyib-içməyə və Allah tərəfindən oruclarının qəbul olunduğuna dair qəlblərini rahat etməyə görə səmadan bir süfrə endirməyi xahiş etdilər. Onlar oruc açdıqları gün bu süfrəni özlərinə bayram etmək istəyirdilər. Bu süfrə həm varlılar, həm də kasıblar üçün yetərli olmalı idi. İsa onların bu istəklərini eşidəndə, camaatın süfrənin şükrünü verə bilməyəcəklərindən ehtiyat edib onlara vəz etdi. Buna baxmayaraq onlar süfrənin nazil olmasını istədilər. İsa onların fikirlərindən daşınmayacaqlarını görüb namazgahına getdi. Tükdən hazırlanmış paltarını geyinib, ayaqlarını birləşdirib başını aşağı saldı və göz yaşı tökə-tökə təvazökarcasına Allaha dua etdi və qövmünün istəyinin qəbula keçməsini dilədi.
Hər kəsin gözü görə-görə Uca Allah göydən süfrə nazil etdi. Süfrə iki buludun arasında yavaş-yavaş nazil olurdu. Hər dəfə yaxına gəldikcə İsa Rəbbinə dua edir və bu süfrənin bəla deyil, mərhəmət və xeyir-bərəkət olmasını arzulayırdı. Süfrə enə-enə düz İsanın qarşısında dayandı. Üzəri dəsmal ilə örtülmüşdü. İsa "Ruzi verənlərin ən xeyirlisi Allahın adı ilə!" – sözlərini deyə-deyə dəsmalı çəkdi. Süfrənin üzərində yeddi balıq və yeddi çörək var idi. Deyilənə görə orada sirkə, nar və digər meyvələr də var idi. Süfrədən çox gözəl ətir qoxurdu. Uca Allah süfrəyə "Ol!" demiş, o da olmuşdu.
Sonra onlara süfrədəki nemətlərdən yeməyi əmr etdi. Onlar dedilər: "Sən yeməyincə biz yeyən deyilik". İsa dedi: "Süfrənin nazil olmasını siz istəmisiniz!" Amma onlar birinci yeməkdən imtina etdilər. İsa kasıbları, möhtacları, xəstələri və şikəstləri süfrədən yeməyə dəvət etdi. Onların sayı min üç yüzə yaxın idi. Onlar süfrədən yedilər. Xəstəliyi və şikəstliyi olan hər kəs şəfa tapdı. Birinci yeməkdən imtina edənlər bu müsbət nəticəni görüb peşman oldular. Deyilənə görə süfrə gündə bir dəfə nazil olur və hamı ondan qidalanırdı. Birinci adam nə qədər yeyirdisə, sonuncu adam da o qədər yemək yeyirdi. Deyilənə görə həmin süfrədən yeddi min nəfər qidalanırdı.
Sonra süfrə günaşırı nazil olmağa başladı. Saleh peyğəmbərin qövmü də dəvənin südündən günaşırı içirdilər. Sonra Uca Allah süfrədən varlıların deyil, yalnız kasıbların yeməsini İsaya əmr etdi. Çox adam üçün bu əmr ilə razılaşmaq ağır oldu. Münafiqlər bu məsələ barədə söz-söhbət qaldırdılar. Sonra süfrə təmamilə ləğv edildi. Bu haqda söz-söhbət edənlər isə donuza döndərildilər.
Cumhur alimlər hədislərdə açıq-aşkar deyilənlərə və Qurandan başa düşülən mənaya əsasən süfrənin nazil olduğunu deyirlər. Ələlxüsus «Mən onu sizə, əlbəttə, nazil edərəm...» (əl-Maidə: 115) ayəsi bu mənanı daha çox təkid edir. İbn Cərir548 də bu fikri təsdiqləmişdir.
Dostları ilə paylaş: |