Birinci Mən (qəmli). Nəsə təklif eləmək artıq gecdir.
İkinci Mən. Mən hansısa qadına görə ağır sarsıntılar keçirməyi heç cür anlaya bilmirəm. Onun yaşadığı mühitdə belə şeylər tez-tez olur. Altı ingilis zabiti Bakının ən məhşur ailələrinin qızları ilə evləndilər, onlarla bir neçə ay yaşayandan sonra da çıxıb getdilər, axırda bəlli oldu ki, onların İngiltərədə arvad-uşaqları varmış.
Birinci Mən(Ona). Çox gözəl nümunədir! Bravo! Sən də axır ki, çox gözəl kompaniya tapmısan özünə.
O (özündən çıxır). Bəsdirin. Mən, dayanmadan öz içimi yeyib tökməkdən bezdim daha. Bu sevgi, onun üçün çəkməli olduğum sarsıntılar, habelə bu kimi ağılsızlıqlar, mənim nəyimə gərəkdir?! Bu qızın atasının köməyi ilə, Həştarxana yüz min pudlarla neft göndərə bilmişəm. Yanacaq çatışmazlığından boğulan inqilab üçün, bizim bu kondrabanda nefti hansı yolla alb onlara göndərməyimizin əhəmiyyəti yox idi, onlara nəyin bahasına olursa olsun neft lazım idi. Ağqvardiyaçıların səflərini yarıb, dəniz yolu ilə bu nefti Həştərxana çatdırmaq üçün yüzlərlə insanlar canlarından keçdilər. Partiyanın yüzlərlə əsgəri bu yolda ömürlərini qoydular. Mən isə burada hansısa bir qadının nədənsə sarsıla biləcəyinə görə özümü danlayıb dansamaqla məşğulam! Cəhənnəm olsun! Yetər! İnqlab Komitəsinin qərarı ilə bu gün müsavat parlamentinə ultimatum verilməlidir, burada mənim şəxsi mülahizələrim və şübhələrim heç bir rol oynamır! (Stolun qırağında oturur.)
Sədrlik edən.Vətəndaş deputatlar, icazə verin, Zəngəzurdan gələn məlumatı oxuyum, orada daşnak bandalarının müsəlman əhalini ucdantutma qırğına verməsi barədə, parlamentimizin erməni fraksiyasının deputatı Qasparyan hadisə yerindən bizə yazır: “Vətəndaş parlament deputatları, Zəngəzurda baş verən faciəli hadisələrlə bağlı təəsüflərimi bildirməklə yanaşı, necə ki, guya Gəncə uyezdində ucdantutma bütün ermənilərin öldürülməsi xəbəri həqiqətə uyğun deyildisə, burada da baş verənlər barədə xəbərlərin müəyyən qədər təhrif olunduğunu düşünürəm. Parlamentdən xahiş edirəm ki, əlavə məlumatlar əldə eləyənə kimi, bu hadisə ilə bağlı hər hansı tədbir görmək üçün qərar qəbul eləməsin. Qafqaz xalqlarının dostluğu hansısa müvəqqəti çətinliklərə görə sarsıla bilməz.”
Əlində Fransız inqilabının üçrəngli bayrağını yelləyərək, Kolombina səhnəyə çıxır, onunla yanaşı qandallanmış Məzlum və sağ əlində qamçı tutmuş İstismarçı da gəlirlər. Kolombina. Biz indi sizlərə “Canlı gilyotin” adında tamaşa göstərəcəyik. Bu—Məzlumdur!
Məzlum əlindəki çəkici yelləməyə başlayır. Bu—İstismarçıdır!
İstismarçı kresloya oturub yuxuya dalır. Mən isə–Fransız inqilabıyam!
Marcelyozanın sədaları altında əlindəki bayrağı yelləyən Kolombina, Məzlumun ətrafında fırlanır. Əvvəlcə Məzlum onun valehedici gözəlliyinə laqeyd qalır, ancaq sonradan yüzilliklərin ətaləti ilə qorxusunu dəf edərək, belini düzəldib ona baxır və ətrafında rəqs edən İnqilabın hərəkətlərinə uyğun olaraq o da rəqs eləməyə başlayır, İnqilab isə rəqsinə davam edərək, onu daha da həvəsləndirib özünə qoşulmağa dəvət eləyir.