Cənub-şərq tərəfdən Şuşanı hər iki tərəfdən hündürlüyü 200 sajendən çox və eni 100 sajenə qədər olan sıldırım qayalı dərə əhatə edir. Ağa Məhəmməd xan ... Şuşanı tutmaq fikrində olduğu bu dərənin üstündə gözəl bir bürc1 var idi. Bu bürc şəhərin o biri tərəfində olan qaya üzərində, ətrafında bir cığır belə olmayan yuva kimi görünür. Qayanın eninə dağılmış olan hissəsi vaxtilə bu qalaya yol olduğunu sübut etsə də, bizim şuşalılar iddia edirlər ki, onu devlər 2 və pərilər tikmiş və burada saysız-hesabsız xəzinə gizlədilmişdir. Buna görə də həmin dərə Xəzinə qayası adlanır. Həmin bürcdən aşağıda sanki qayaya yapışmış bir qəsr vardır; oradakı kahadan soyuq bir bulaq axır. Bu qəsr vaxtilə ən qorxulu zamanlarda əhalinin etibarlı sığınacaq yeri olmuşdur. Dərənin o biri tərəfində, çayın lap üstündə tövlə xarabalıqları görünür; yuxarıda, qəsrin qarşısında isə hasara alınmış və indiyədək içərisinə ayaq dəyməmiş bir kaha vardır ki, bu da Şahnəzər kahası adı ilə məşhurdur. Zənn edildiyinə görə, bu kaha qaya boyu, şəhərin altından keçən yeraltı yol vasitəsi ilə o biri tayda, yuxarı qapının aşağısında başqa bir ucsuz-bucaqsız kaha ilə birləşir. Bəlkə də devlər və pərilər Şuşanın altından bu oyuğu ona görə açmışdır ki, öz aşnalarına təhlükə üz verəcəyi təqdirdə bu oyuqdan bir ip keçirib, qaya üstündəki bütün şəhəri öz üzərlərinə yıxsınlar və nəhəng qanadlarını çalıb, bu qiymətli göylərə qalxsınlar. Yaxud əksinə, bu qəniməti qaldırıb, sonra insanların günahları üzündən Sodam (27) və Homarra (28) kimi fəzadan yerə atsınlar... Cənub tərəfdən, Kirs dağından Şuşaya bir nəzər saldıqda ətəklərində bu şəhərin yerləşdiyi alınmaz qaya ilə şəhərin yarımdairəvi görünüşü duman arasından, içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı xatırladır...
(Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair /Qarabağnamələr. I kitab.)