ON ALTINCI FƏSİL
Otuz altıncı il Rəbiüs-sani ayının axır günlərində Imam (ə) islamın böyük şəxsiyyətlərindən olan üç nəfəri–biri ənsardan, digəri Həmdan qəbiləsindən, üçüncüsü isə Təmim qəbiləsindən–hüzuruna çağırıb onlara buyurdu ki, Müaviyənin yanına gedib onu haqqa itaət etməyə, islam ümmətinə qoşulmağa, Allahın əmrlərinə tabe olmağa dəvət etsinlər. Təmimdən olan kişi Imam (ə)-a dedi: Əgər o beyət etməyə razı olsa, ona bir imtiyazın (məsələn, bir yerin hakimiyyətinin) ona verilməsini məsləhət görürsünüzmü?
Imam (ə) heç bir şəraitdə qanunu pozmazdı. Buna görə də buyurdu: Elə indi onun yanına gedin və onunla açıq-aşkar söhbət edin, görün onun fikri nədir.
Onlar Müaviyənin yanına gedib müzakirə apardılar. Onların söhbətlərinin məzmunu aşağıdakı kimi idi:
Ənsardan olan kişi:–Ey Müaviyə! Dünya müvəqqətidir, sən başqa bir dünyaya gedəcəksən, Allah əməllərinə görə sənə cəza verəcək. Özün üçün əvvəlcədən göndərdiyin əməllərə görə hesab çəkməlisən. Səni and verirəm Allaha, ümmətin arasında ikitirəlik salıb onların qanını axıtma!
Müaviyə onun sözünü kəsib dedi:–Nə üçün öz başçınıza belə məsləhətlər vermirsən?!
Ənsardan olan kişi:–Sübhanəllah! Mənim başçım sənin kimi deyil! O, fəzilət, dindarlıq, islama xidmət və Peyğəmbərlə olan qohumluğuna görə camaatın ən ləyaqətlisidir.
Müaviyə:–Sözün nədir, nə istəyirsən?
Ənsardan olan kişi:–Səni öz əmoğlunun dəvətini qəbul etməyə çağırıram. Bu işi qəbul edəcəyin təqdirdə dinin salamat qalar və axır-aqibətin yaxşılıqla qurtarar.
Müaviyə:–Belə olarsa, Osmanın intiqamı təxirə düşər... Yox! Rəhman Allaha and olsun, mən heç vaxt belə bir iş görmərəm!
Bu vaxt Həmdan qəbiləsindən olan kişi danışmaq istədi, lakin Təmimdən olan onu qabaqlayıb dedi:–Bu kişiyə verdiyin cavabdan sənin məqsədinin nə olduğu aydın oldu. Sənin məqsədin bizə gizli deyil. Sən camaatı aldatmaq və onların diqqətlərini özünə cəlb etmək üçün yalnız bunu əsas tutub deyə bilərsən ki, rəhbəriniz məzlumcasına öldürülüb, onun intiqamını almalısınız. Buna görə də onların bir dəstəsi sənin çağırışına müsbət cavab vermişlər. Halbuki özün də bilirsən ki, xəlifəyə kömək etməyi qəsdən təxirə saldın və hazırda əlində olan bu məqama çatmaq üçün onun qətlinə razı oldun. Çoxları müəyyən bir məqama çatmaq istər, lakin Allah onların arzularını ürəyində qoyar. Düzdür ki, sən öz arzuna çatmaq istəyirsən, lakin sənin istədiklərinin heç birində xeyir yoxdur. Əgər öz istədiyinə çatmasan, acınacaqlı bir vəziyyətə düşəcəksən. Allahdan qorx və bu fikirləri başından çıxart, hökumətə layiq olan adamlarla müharibəyə qalxma!
Bu məntiqli sözlər Müaviyənin qəzəb dalğasını coşdurdu. Əvvəllər öz müxalifləri ilə mülayim rəftar etdiyi halda, bu dəfə öz adətinin əksinə olaraq onun ruhən narahat olmasını göstərən kobud cavabı belə oldu:–Ey əclaflar, ey zorakı çölçülər! Durun, buradan rədd olun! Mənimlə sizin aranızda qılıncdan başqa bir şey hakim ola bilməz!
Təmimdən olan kişi dedi:–Bizi qılınclamı hədələyirsən?! Çox keçməz, qılıncı sənə doğru qaldırarıq!
Sonra hər üçü Imam (ə)-ın yanına qayıtdı və söhbətin nəticəsini o həzrətə xəbər verdilər.109
Dostları ilə paylaş: |