Kəmalə Həsənova
Gəncə Dövlət Universiteti
mirzoyevasevinj@ mail.ru
SİNONİMİYA: EYNİ VƏ YA YAXIN MƏNALI SÖZLƏRİN İFADƏ RESURSLARI BARƏDƏ
Açar sözlər: Azərbaycan dili, sinonimiya, eyni mənalılıq, yaxın mənalılıq, dubletlik.
Ключевые слова: Aзербайджанский язык, синонимичность, тождественность значений, близость значений, дублетность.
Key word: synonymy, identity values, proximity value, doublet.
Sinonimiya hadisəsinə dair nəzəri ədəbiyyatda yer alan dəyərləndirmələrdə bu semantik söz qrupunun eyni (identik)2, eyni və yaxın3, eləcə də, sadəcə olaraq, yaxın4 mənaları ifadə edən sözləri əhatə etməsi ilə bağlı kifayət qədər fərqli fikirlər səsləndirilməkdədir. Problematik səciyyə daşıdığı ilk baxışdan nəzərə çarpmayan bu təfsir müxtəlifliyi əslində sinonimiya hadisəsinin mahiyyətinin fərqli aspektindən başqa bir şey deyil. Yəni, burada məsələ sadəcə “eyni və yaxın” sözlərinin işlənmə fərqliliyindən kənara çıxan nəzəri problemi əhatə edir. Sinonimiya hadisəsinin fərqli nəzəri interpretasiyalarda təqdim edilən mahiyyəti də, məhz, həmin “açar sözlər”in işlənmə spesifikasında kodlaşdırılmışdır. Belə ki, eyni mənanın ifadəsində israr yaxın mənalı, yəni ortaq denotatlı, lakin fərqli siqnifikatlı leksemlərin sinonimliyini inkar etmək anlamına gəlir. Bu da, öz növbəsində, sinonimlik statusunda, sadəcə olaraq, tam identik semantikalı dubletlərin nəzərdən keçirilməsini mümkün edir. Digər tərəfdən eyni mənalı sözlərin sinonimik korrelyasiya yarada bilmə hüququnun tanınmaması əks qütblü yanaşmaya yol açır. Yəni, bu zaman yalnız eyni denotat və mütləq şəkildə fərqlənən konnatasiya qradasiyasını ehtiva edən fərqli siqnifikatlı leksemlərin sinonimlik haqqı tanınır. Bu da konnatativ fərqlilikdən məhrum olan dubletləri istisna etməklə, sadəcə olaraq, yalnız fərqli siqnifikatlı sinonim cərgə komponentlərinin “əsl sinonim” statusunda qəbul edilməsi anlamına gəlir. Həqiqətin əslində hansı yanaşmada əks olunduğunu müəyyənləşdirmək üçün problemin və onun nəzəri leksikologiyada təhlil təcrübəsinə daha ədərindən nüfuz etmək ehtiyacı yaranır.
“Sinonimiya anlayışının artıq çoxdan bəri ən fərqli linqvistik təsfir və şərhlərin predmetini təşkil etdiyinə” diqqət çəkmiş D.N. Şmelyov həmin fikir polemikasında “əsl” və “əsl olmayan sinonimlik” terminlərinin ortaya atılması ilə razılaşmır. O yazır: “Bunu elə başa düşmək lazım deyil ki dildə “əsl” olan sinonimlik var, tədqiqatçılar isə sadəcə ola raq, bu və ya digər vəziyyətdə onun adekvat təyinləndirməsinə (müvafiq şəkildə şərh edilməsinə) yaxınlaşırlar.”[12; 194]. Heç şübhəsiz ki, D.N.Şmelyovun belə tənqidi yanaşması bəzi tədqiqatlarda dubletlərin əsl sinonim hesab edilməməsi, variantlılıq məsələsində də oxşar fikir ziddiyyətinin hökm sürməsinə yönəlik obyektiv tənqid kimi dəyərləndirilə bilər. Dilçiyə görə, sinonimlər “eyni bir nitq hissəsinə aid olan və məna cəhətdən eyniyyət təşkil edən, fərqləndiyi təqdirdə isə müəyyən (semantik–S.B.) pozisiyalarda dayanıqlı şəkildə neytrallaşdırıla bilən elementləri ehtiva etmiş” sözlərdir (kursiv bizimdir.–S.B.) [12;196]. Başqa sözlə, burada, məna cəhətdən eyniyyətlilik dubletlərin, dayanıqlı şəkildə (yəni, situativ deyil!) semantik fərqliliyi neytrallaşdırıla bilən fərqlilik isə sinonim cərgə komponentlərinin sinonimlik “haqqının” etirafı kimi səslənir. D.N. Şmelyov sinonimik cərgənin funksional üslubi qradasiya imkanlarını obyektiv şəkildə etiraf etsə də, müəyyən məqamlarda, dilçinin öz sözü ilə desək, “müəyyən pozisiyalarda” həmin fərqlərin neytrallaşa bilməsini xüsusilə vurğulayır. Müəllifin yanaşması izahı baxımından ağılsız – kütbeyin – korazehin – malbaş – danabaş – qoyun sinonim cərgəsinə fikir vermək kifayətdir. Bu sinonim cərgənin əsas informativ yükünün daşıyıcılığını ifadə edən semantik invariant, yəni dominant sinonim ağılsız sözü olduğu halda kütbeyin – korazehin – malbaş – danabaş sinonimləri dayanıqlı şəkildə həmin semantik yükü ifadə edə bilən və işləklik sferasına görə, yəni üslubi-funksional imkanlarına görə fərqlənən komponentlərdir. Sinonim cərgənin həmin komponentlərinin fərqli “pozisiyalarda dayanıqlı şəkildə neytrallaşdırıla bilən” funksional – üslubi spesifikaya malik olması onların sinonimlər lüğətinə yol tapa bilməsini mümkün etmişdir (bax: [3; 215]. Lakin qeyd edilən semantikanı ifadə edə bilən qoyun sözünün həmin dayanıqlılıqdan məhrum olması, yalnız situasiyaya pərçimlənmiş şəkildə zoomorfizm kimi ortaya çıxa bilməsi adıçəkilən komponentin normativ lüğətlərdə təsbitinə maneə olur. D.N.Şmelyovun yanaşmasının dəyərləndirməsinin yekunu olaraq qeyd edək ki, dilçinin haqlı olaraq, diqqəti kökləməyi vacib hesab etdiyi, xüsusilə vurğuladığı məqam, məhz, denotat ortaqlığı faktorudur. Doğrudan da, məhz, denotat ortaqlığı məqamı sinonimlərin semantik – funksional korrelyativliyini, yəni gerçək sinonimliyini təmin edir. Denotatın “sürüşməsi” isə son nəticədə fərqli semantik nüvəyə doğru hərəkəti labüd edir ki, bu öz növbəsində korrelyativ əlaqə zəncirinin, yəni sinonim cərgə “bağları”nın dağılmasına yol açır.
Dubletlərə sinonimiya hadisəsinin lokal təzahür forması olmasını qəbul etməyən H.Həsənovun da mövqeyi az maraq doğurmur. Sinonimlərdə eynilik və yaxınlıq problemi çərçivəsində fərqli interpretasiya təklif edən H.Həsənov həmin eyniliyi dublet sinonimlərin təzahürü reallığında görməkdən imtina edərək fərqli yozum təklif edir. Dilçiyə görə, Sinonimlərdə eynilik sözlərin nominativ funksiya və üslubi çalarlığı ilə bağlıdır. Bir praqmatik struktura daxil olan sözlərin nominativ münasibətdə olan sözlər arasında eynilik yaranır. Paradiqmalar sözlərin məna eyniliyi və ya yaxınlığı, nitqdə işlədilməsi, əvəz olunma xarakteri, eyni sözün təkrarına yol verilməməsi, üslubi xüsusiyyətləri ilə bağlıdır (kursiv bizimdir. – S.B.).” [6; 89]. Əslində, prinsipial olaraq dubletlərə sinonim olma haqqını tanımayan dilçinin məna eyniyyəti məsələlərinə bu qədər diqqət ayırması bir qədər təzadlı görünür. Çünki hətta dilçinin dediyi kimi, “eyni paradiqmatik struktura daxil olan”, yəni eyni leksik-semantik yuvaya aid olan sözlər lokal zəmində bir-birini əvəz etsələr də, onların real eyniyyəti yalnız dubletlik müstəvisində mümkün olur. Məsələn, gözəl–qəşəng sözləri “qız” lekseminin təyini mövqeyində bir-birini eyni semantik mahiyyətdə tam əvəzləyə biləcəyi halda, “Azərbaycanın gözəl təbii landşaftı” ifadəsində həmin əvəzlənmə üslubi-funksional planda qeyri-mümkündür. Deməli, dilçinin önə sürdüyü eyniyyət efemer, irreal, müvəqqəti mahiyyət kəsb edir və əslində burada, eyniyyətdən deyil, sinonim cərgənin tərtibi prinsipinin özülü olan leksik-semantik ortaqlıqdan söhbət gedir. Məhz, bu səbəbdən də biz, H.Həsənovun tədqiqatın irəliləyən bölümlərində dubletlərlə bağlı ortaya qoyduğu mövqeyinin bir qədər ziddiyyətli olduğunu düşünürük. Belə ki, sinonimlərdə eyniyyətin mümkünlüyünü qəbul edən dilçi digər tərəfdən real semantik – funksional korrelyasiya faktlarının sinonim kimi qəbul edilməsinə qarşı çıxaraq yazır: “Dubletlər üslubi cəhətdən sinonimlərə oxşasa da, onlardan fərqlənir: 1) sinonimlər mənaca yaxın, dubletlər isə eyni sözlərdir, 2) sinonimlər tam emosional və ekspressivlik var, lakin dubletlərdə tam emosional və ekspressivlik yoxdur; 3) sinonim digər sinonimə bütöv məna həcminə görə yox, bir leksik – semantik variantına görə qarşı qoyulur, dubletlər isə bütöv məna həcminə görə uyğun gəlir; 4) sinonimlər mətndə bir – birini qarşılıqlı şəkildə əvəz edir, dubletlər isə əvəzlənmədir (– S.B.); 5) sinonimlər əsasən eyni mənşəlidirsə, dubletlər müxtəlif mənşəlidir” (kursiv bizimdir. – S.B.) [6;99-100]. Göründüyü kimi, H.Həsənovun yanaşmasındakı ziddiyyətlər daha öncə üzərində dayandığımız məqamlarla məhdudlaşmır. “Sinonimlər mətndə bir-birini qarşılıqlı şəkildə əvəz edir, dubletlər isə əvəzlənmədir” – məntiqi qaranlıq qaldığı qədər, sinonim və dubletlərin mənşə etibarilə fərqləndirilməsi də bir o qədər qeyri-adekvat təhlil yanaşması hesab edilməlidir. Belə ki, Azərbaycan dilində fərqli mənşəli çox sayda sinonim cərgə faktlarını təsbit etmək olar. Məsələn, dilimizin sinonimlər lüğətində yer alan xudbin, eqoist, xudpəsənd, lovğa sinonim cərgəsinə diqqət yetirək. [3; 183]. Bu sırada yalnız sonuncu komponent türk mənşəli sözdür. Növbəti sinonim cərgə faktlarında da türk mənşəli leksika qeyri-dominant mövqedə olduğu halda ərəb – fars və eləcə də Avropa dillərindən alınmalar ön plana keçmişlər: əvvəl - əqdəm – irəli – qabaq– müqəddəm; əvvəlcə – əzəl – ibtida – qabaqca [3; 128]; əyyaş – badəpərəst – xərati – içki / araq düşkünü – içkici – içkipərəst – meypərəst– şərab düşkünü – şərabxor – alkoqolok – aloqolçu– adənuş [3; 129], fitnəkar – araqarışdıran–provakator – fasid – fəsadçı – fitnəçi – iblis – müfəttin – şeytan – iğtişaşçı – intriqaçı - intriqan [3; 137], qəmli – bikef – qəmgin – qəmnak –qəmzadə –kədərli–qayğılı – qüssəli – məhzun – naşad – qübarlı – pərişan – dərdli, [3; 227], mədən – şaxta – yataq [3; 252], məsafə - mənzil – yol – ara – distansiya [3;259], günbəz – qübbə - tağ [3 ; 151] (türk mənşəli sinonim komponentlər kursivdə xüsusi olaraq qeyd edilmişdir. – S.B.) və s. İrəlidə təqdim edilən sinonim cərgə faktları isə türk mənşəli leksik vahidlərin yer almadığı və fərqli mənşəli sözlərdən təşkil olunmuş semantik korrelyativlər sıralamasını təşkil edir: əfsanəvi - əsatiri – fantastik–mifoloji – mifik [3;117]. Burada fars (əfsanə), ərəb (əsatir), (mifoloji, mifik), latın (fantastik5) dilindən alınma leksemlər yer alır. Casus – agent – şpion [3 ;66]; qəza – avariya – hadisə [3;228], məcazi – metaforik [3 ; 252] və s. Sonuncu qrup nümunələrdə ərəb və Avropa dillərindən alınmalar yer alır. Nümunələrdən də aydın şəkildə göründüyü kimi, sinonim və dubletlər arasında fərqin müəyyənləşdirilməsi zamanı mənşə ümumiliyi və ya fərqliliyinə istinad amili kifayət qədər uğursuz yanaşmadır. Bu mənada, “sinonimlər əsasən eynimənşəli sözlərdir”–deyə bir iddia kökündən yanlış təsbit kimi dəyərləndirilməlidir. Lakin obyektivlik naminə onu da qeyd etməyi vacib sayırıq ki, dublet sinonimlər arasında mənşə fərqliliyi demək olar ki, mütləq səciyyə daşıdığı halda, sinonim cərgələrdə eynimənşəli kifayət sayda semantik korrelyasiya faktlarına təsadüf etmək olar. Məsələn, sinonim cərgə təşkil edən xələt / xalat – cübbə - ləbbadə [3; 176] sözlərinin hamısı ərəb mənşəli, kabinet – kabinə; kabin-kabinka [3; 202] sözləri isə Avropa mənşəlidir. Variantlılıq və sinonimiya hadisəsinin təhlili çərçivəsində izləyəcəyimiz kimi bəzi hallarda eynimənşəli sinonimlər eyni etimondan şaxələnmiş etimoloji dubletləri təcəssüm etdirirlər. Konkret olaraq, kafirlik – küfr [3; 202], eləcə də yuxarıda nəzərdən keçirilən nümunələrdəki kabinə – kabinet sözləri də etimoloji dubletlərdən başqa bir şey deyil. Azərbaycan dilçilərindən A.Babayev “eyni məzmuna malik olan iki dil vahidinin dildə yaşaya bilməsinin” qeyri-mümkünlüyündən, “eyni mahiyyətli nə fonem, nə leksem”in birgə mövcudluğunun absurdluğundan çıxış edərək fikrini belə əsaslandırır: “ Çünki xalq dilini əmələ gətirən tayfa dil elementləri ümumxalq dilinə keçərkən ya bir-birinin eyni olmamalıdır, ya da bir-birini inkar etməlidir... Buradan da belə bir məntiqi nəticə çıxarmaq olar ki, hər bir dildə yüzlərlə, bəlkə də minlərlə eyni mənalı söz sinonim ola bilməmiş, bir-birini inkar edərək dildən çıxarılmışıdır” [4;312]. Göründüyü kimi, problemə dil tarixi müstəvisində nəzər salan alim diaxronik müstəvidə real olaraq mövcud olmuş proseslərin müasir dilin sinxronik vəziyyətinə də ekstrapolyasiya edir, yəni səthi olaraq uyğunlaşdırır. Bu yanaşmanın olduğu kimi qəbul edilməsi terminoloji sistemdə mövcud olan parallelik faktlarının inkarı anlamına gələ bilər ki, bu da kökündən yanlış yanaşma olardı. Başqa sözlə desək, dilin diaxronik aspektdə izlənilə bilən proseslərini olduğu kimi müasir dilin sinxronik tədqiqi müstəvisinə keçirilməsi cəhdləri, yuxarıda təqdim olunan yanaşmada olduğu kimi, qeyri-adekvat ümumiləşdirmələrin meydana çıxmasına yol aça bilər. Qeyd etmək lazımdır ki, “Azərbaycan dilinə dublet kimi daxil olan Avropa sözlərinin əksəriyyəti müəyyən müddət dublet kimi çıxış etdikdən sonra Azərbaycan dili sözü və ya ərəb-fars mənşəli söz mənaca dəqiqləşir, yəni Avropa sözü də mənaca fərqlənməyə başlayır, ya müəyyən üsluba keçir, ya da işləkliyi qeyri-fəal vəziyyət alır” [8 ; 189].
Maraqlıdır ki, bəzi hallarda sinonim və dubletlik problemində birmənalı şəkildə aydınlıq əldə edilməməsi Azərbaycan dilçiləri arasında mütləq sinonimiya hadisəsinin dubletlikdən kənar şəkildə tədqiqinə rəvac vermişdir. Mütləq sinonimiya hadisəsini qəbul etməyən həmkarlarından6 fərqli olaraq [5; 68], “Müasir Azərbaycan dilində Avropa mənşəli alınmalar”ı izləmiş Ə.Qarayev ayrıca geniş təhlilini vermiş olduğu (bax: [7;55-63]) dublet anlayışını inkar etməsə də, onu müvəqqəti hadisə kimi nəzərdən keçirir və paralel olaraq mütləq sinonim anlayışının mövcudluğunu da qəbul edir. Doğrudur həmin hadisələrin əlaqəliliyini inkar etməyən dilçi bu barədə yazır: “Məlumdur ki, dilçilikdə ən yaxın və tam oxşar semantik mənaya malik olan sözlər mütləq sinonimlər adlanır. Avropa sözləri Azərbaycan dilinin öz sözləri və dildə vətəndaşlıq hüququ qazanmış ərəb-fars sözləri ilə məhz belə bir sinonim tipini yaratması haqqında dilçilik ədəbiyyatında ətraflı bəhs olunur, bizcə bunlar sinonimlikdən daha çox dublet xarakterlidir. Məsələn, ...stol – miz – masa, xüsusiyyət – xarakter, süzgəc – filtr, müsamirə – konsert və s.” (kursiv bizimdir. – S.B.) [7 ; 64]. Göründüyü kimi, dilçi ehtiyatlı mövqe nümayiş etdirərək, heç bir anlayışı inkar etmir, həm dublet sinonimləri izləyir, həm də sinonimlərin növ bölgüsündə mütləq sinonimləri, dubletliklə eyni mahiyyət daşıdığı vurğulanmasa da belə, məhz, mütləq sinonimləri ayrıca qrup şəklində qeyd edir. Nümunələrdən də aydın şəkildə göründüyü kimi, dilçi dubletlik anlayışının təsbitinə bir qədər kreativ yanaşaraq, müasir dil baxımından mütləq semantik adekvatlıq nümayiş etdirməyən və eyni üslubi-funksional imkanlara malik olmayan sözləri də mütləq sinonimlər kimi qeyd etmişdir. Aşağıda təqdim edilən nümunələr dilçinin qeydlərinin real dil faktlarına bir o qədər də uyğun gəlmədiyini əyani şəkildə ortaya qoyur. Konkret olaraq, müsamirə - konsert sinonimik cütünün timsalında semantik korrelyativliyin dublet xarakteri kəsb etmədiyini aydın şəkildə təsbit etmək olar.
Konsertdəyəm, oturmuşam,
Səhnədə çalan oğlandı.
Zalda xeyli tamaşaçı,
Səhnədə çalan oğlandı (Ü.Bünyadzadə) [14; 42].
Elə oradaca əlüstü müsamirədə Yavər Kələntərlini müşayiət edəcək musiqiçilər də müəyyənləşdirildilər [17 ].
Bu nümunədə müsamirə sözü “konsert” mənasını ifadə etdiyi halda digər nümunələrdə bu leksemin daha geniş məna spektri sərgilədiyini müşahidə etmək olar. Bir gün Zibеydənin anası gənclər üçün еvində bir müsamirə tərtib еtmişdi – хanım mənsub оlduğu zadəgan ənənələrini çох sеvərdi. Dоktоr bu müsamirədə bütün səmimiyyəti ilə iştirak еtdi. (Y.V.Çəmənzəminli) [15; 263]. Təqdim edilən nümunədən də göründüyü və eləcə də dilimizin izahlı lüğətində qeyd edildiyi kimi, müsamirə sözünün özünün konsert sinonimindən daha fərqli məna, yəni “bir şeyə həsr olunmuş axşam tamaşası” [2; 429] anlamını əks etdirə bilir. Kübarlar adlı-sanlı xanəndələrin, rəqqasələrin, musiqiçilərin iştirakı ilə müsamirələr keçirərdilər. İlin axırında, dekabr ayının əvvəllərində ənənəvi müsamirə verilərdi. …. Bu ənənəvi müsamirələri idarə edən Hacı Zeynalabdin Tağıyev idi. [16 ; 9].Onu da qeyd edək ki, müasir Azərbaycan dilində işləkliyi yüksək olmasa da, müsamirə sözünün hal-hazırda daha fərqli məna spektrində çıxış etdiyini də diqqətdən qaçırmaq olmaz. 16 aprel 2013-cü il tarixində Qız Qalası qalereyasında məşhur rəssam Asim Rəsuloğlunun rəsmlərinin sərgisi keçmişdir. ASPI Winery şirkəti bu tədbirin şərab sponsoru kimi çıxış etmişdir. Müsamirədə Bakının yaradıcı ziyalıların nümayəndələri, tanınmış rəssamlar, musiqiçilər, heykəltəraşlar, diplomatlar və xarici qonaqlar var idi. [18].Nümunələrdən də aydın şəkildə göründüyü kimi, istər müsamirə sözünün funksional məhdudluğu, istərsə də daha geniş məna tutumu onun konsert sözü ilə dubletliyi iddiasının doğru olmadığını tam əyaniliklə ortaya qoyur.
Ədəbiyyat siyahısı
-
Axundov A.A. Ümumi dilçilik, Bakı: Maarif, 1979, 254 s.
-
Azərbaycan dilinin izahlı lüğəti, III Cild, Bakı: “Şərq-Qərb”, 2011, 672 s.
Dostları ilə paylaş: |