İMANIN ŞÖBƏLƏRİ
İbn Həcər - rahmətullahi aleyhi - deyir ki, imanın şöbələrindən zikr olunan ictihadi tərəfdəndir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «İman yetmiş yaxud da altmışdan çox şöbələrdən ibarətdir. Ən fəzilətlisi, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını - Lə İləhə İlləllah - söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf etməkdir. Həya da imanın bir şöbəsidir»688. Bu imanın şöbələri təfsilatı ilə heç bir hədisdə və dəlildə zikr olunmamışdır. İmanın bu şöbələrini alimlər zikr ediblər bu da ictihadi tərəfdəndir. Alimlər imanın şöbələrini 63-79 arası zikr ediblər. Nə bundan çoxdur, nə də az. Bu kimi hədislərdə nə kimi hikmət vardır? Qurandan və Sünnədən bizə Allahın 99 İsim və Sifətləri məlumdur. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurur: «Allahın doxsan doqquz – yüzdən bir əskik adı vardır. Kim bu İsimləri sayarsa Cənnətə girər689. Həmçinin bu hədisdə də say zikr olunub, lakin təfsilatı heç bir səhih və açıq dəlildə zikr olunmayıb. Bunun da sayılması ictihat tərəfindəndir. Bu kimi hədislərdə nə kimi hikmət vardır? Say zikr olunub lakin təfsilatı verilməyib. Alimlərdən bəziləri qeyd edirlər ki, bunda uca bir hikmət vardır. Allah bununla bəndələrindən özünün Kitabı və Rəsulullahın sünnəsi ilə maraqlanmağı istəyir. Onları Quran və Sünnəyə bağlamaq istəyir. Onlar öz ağıllarını bunları başa düşməkdə işlətsinlər. Əgər onlar Allahın 99 İsmini bilsələr onlarda Allah barəsində kamil bir bilik yaranar. İmanın şöbələrini isə kamil bir şəkildə bilsələr onlarda din barəsində kamil bir bilik yaranar. Bununla da onlar Allahı və Onun dinini bilib tanıyarlar. Bu da imanın kamilliyidir. Elə din özü də budur. Ola bilər ki, bundan da başqa hikmətlər vardır. Lakin bu isə uca bir hikmətdir. Həmçinin imanın şöbələrini gözəl bir şəkildə bilmək Allahın dostluğuna aparan bir yoldur. Əgər insan imanın şöbələrini bilsə artıq o, Allahın dostuluğuna aparan bir yolu bilmişdir. Bununla da bu yol onun qarşısında açıq-aydın olur. Ayağı da sabit qədəm olur. Heç bir bidətə, təriqətlərə, məzhəblərə ehtiyacı olmur.
İmanın şöbələrini bilmək üçün müəyyən qaydalar vardır. Biz nə bilək ki, bu əməl imanın şöbələrindəndir? Alimlər deyirlər ki, Allah və Rəsulunun buyurduğu hər bir əmri yerinə yetirmək imanın şöbəsi sayılır və həmçinin də Allah və Rəsulunun qadağan etdiyi hər bir işi tərk etmək də imanın şöbələrindəndir. İmanın bu şöbələri alimlərin ictihadlarına görə fərqlənə bilər. İmanın şöbələrini daha gözəl şəkildə İbn Hibban - rahmətullahi aleyhi – vermişdir. İbn Hibban - rahmətullahi aleyhi – imanın 69 şöbəsini zikr edərək deyir ki, imanın şöbələri qəlbin, dilin və bədənin əməllərindən meydana gəlir.
Qəlbə Aid Olan Əməllər - bunlar etiqadlar və niyyətlərdir özü-özlüyündə 24 xisləti əhatə edir.
1. Allaha iman (Bura daxildir: Allahın zatına, sifətlərinə, tövhidə və bənzərinin olmadığına iman etmək).
2. Mələklərə iman.
3. Kitablara iman.
4. Peyğəmbərlərə iman.
5. Axirətə iman (Bura daxildir: Ölüm, dirilmək, mizan, Cənnət, Cəhənnəm və s)
6. Xeyir və Şərrin, qədərin Allahdan olmasına iman.
7. Allahı sevmək.
8. Allah xatirinə sevmək və qəzəblənmək.
9. Muhəmməd Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevmək (Bura daxildir: Ona salavat gətirmək və sünnəsinə tabe olmaq).
10. İxlaslı olmaq (Bura daxildir: Riya və Nifaqı tərk etmək).
11. Tövbə etmək.
12. Təqvalı olmaq (Allahdan qorxmaq).
13. Allahın rəhmətini ummaq (ər-Rica690).
14. Şükr etmək.
15. Səbr etmək.
16. Təvəzökar olmaq (Bura daxildir: Böyüyə hörmət, balacaya rəhm etmək)
17. Vəfalı olmaq.
18. Qəza və Qədərə razı olmaq.
19. Rəhmli olmaq.
20. Qəzəbi tərk etmək.
21. Həsəd, paxıllığı tərk etmək.
22. Təkəbbürlüyü tərk etmək.
23. Kin-kudurəti tərk etmək.
24. Təvəkkül.
Dilə Aid Olan Əməllər - İmanın bu şöbəsi özü-özlüyündə 7 xisləti əhatə edir.
1. Tövhid kəliməsini tələffüz etmək (Şəhadət gətirmək).
2. Quran oxumaq.
3. Elm öyrənmək.
4. Elmi öyrətmək.
5. Dua etmək.
6. Zikr etmək (Bura daxildir: İstiğfar691 diləmək).
7. Lağlağıdan, faydasız şeylərdən uzaq olmaq.
Bədənə Aid Olan Əməllər - İmanın bu şöbəsi özü-özlüyündə 38 xisləti əhatə edir.
1. Zahiri və daxili təmizlik (nəcasətdən təmizlənmək).
2. Övrətin örtülməsi.
3. Nafilə və fərz namazlarını qılmaq.
4. Zəkat vermək.
5. Oruc tutmaq (fərz və nafilə oruclarını tutmaq)
6. Əli açıq olmaq (Bura daxildir: Yemək yedirmək, qonağa hörmət etmək).
7. Qul azad etmək.
8. Həcc və Ümrə ziyarətini etmək.
9. Kəbəni təvaf etmək.
10. Qədr gecəsini ibadətlə keçirmək.
11. Etiqaf (Ramazan ayının axır 10 gününü məsciddə keçirmək).
12. Hicrət etmək (Bura daxildir: Şirk diyarından İslam yurduna köçmək).
13. Nəzirə vəfalı çıxmaq.
14. Andı qorumaq.
15. Kəffarələri ödəmək.
16. Evlənmək və ya ərə getmək.
17. Ailənin haqlarını yerinə yetirmək.
18. Ağalara itaət etmək.
19. Qul ilə mülayim rəftar etmək.
19. Valideyinlərin qayğısına qalmaq, onlara asi olmamaq.
20. Qohumluq əlaqələrini möhkəmləndirmək.
21. Uşaqları tərbiyə etmək.
22. İnsanlar arasını islah etmək (Bura daxildir: Azğınlara, din düşmənlərinə, xavariclərə qarşı mübarizə aparmaq).
23. Əmr sahiblərinə itaət.
24. Yaxşı işlərdə yardımlaşmaq (Bura daxildir: Yaxşılığı əmr, pislikdən çəkindirmək».
25. Əmanəti ödəmək.
26. Borcu ödəmək.
27. Qonşuya ikram etmək.
28. Salamı qaytarmaq.
29. Gözəl müamələdə, rəftarda olmaq (Bura daxildir: Malı halal yerdən qazanmaq).
30. Malı haqlı yerə xərcləmək (Bura daxildir: İsrafı tərk etmək).
31. Əyləncədən, çox oynamaqdan, boş söhbətlərdən çəkinmək.
32. Asqıraraq «Əlhəmdulilləh» deyənə «Yərhəmukəllah» demək.
33. Cəmaata tabe olmaq.
34. Ədalətlə hökm vermək (ədalətli olmaq).
35. Hər hansı bir günaha görə müəyyən cəriməni ödəmək (hədlərin tədbiq olunması).
36. Cihad etmək (Bura daxildir: Sərhəddə keşikdə durmaq).
37. İnsanlara əziyyət verməmək.
38. Yolda əziyyət verən bir şeyi yoldan kənarlaşdırmaq.
Dostları ilə paylaş: |