«Hicab» (ﺍﻟﺣﺟﺎﺏ) istənən, qəsd edilən şeylə istəyən, məqsədə gedən arasında qoşulmuş maneədir. Səri Səqati belə dua edir: «Allahım, hər hansı bir şeylə əzab versən də, hicab zilləti ilə əzab vermə».
Məhəmməd b. Əli əl-Kəttani deyir: «Savabı görmək hicabdır, hicabı görmək özünə heyranlıqdır». Allah bilən yaxşıdır, ancaq mənası budur: «Qul öz ibadətinin və zikrinin savabını görərsə, bu, onun üzərinə çəkilən hicab olar, onun hicabı görməsi isə öz elmini bəyənməsinin pərdəsi olar».
«İddia» (ﺍﻟﺪﻋﻭﻯ) nəfsin onun olmayan şeyi özünə aid etməsidir. Səhl b. Abdullah deyir: «Qul və Allah arasında ən böyük hicab iddiadır».
Şair yazır:
«Mən məhəbbət iddia etdim, dedi məni aldadırsan,
Sənin heç bir əzanı eşqə tutulmuş görmürəm».
Əbu Əmr Züccacinin fikrincə: «İddiası olmayanın mənası da olmaz», yəni nəfs özünə əxlaqdan kənar bir itaət aid edirsə, bu iddia üçün bir sübut da lazım olar.
«İxtiyar» (ﺍﻹﺨﺗﻳﺎﺭ) – «seçim» Allahın öz qulu üçün seçdiyidir. Qul Allahın ona lütfü ilə seçir. Bu seçkini o, öz nəfsinin seçməsi ilə deyil, Allahın onun üçün seçməsi ilə edir.
Yəhya b. Müazın fikrincə, nə qədər ki, qul öyrənir, ona deyirlər: «Seçmə, çünki sən öyrənənə qədər öz seçimində əmin deyilsən». Öyrənəndə isə deyirlər: «İstəyirsən seç, istəyirsən seçmə, sən seçsən bizimlə seçəcəksən, seçməsən də bizimlə seçməyəcəksən. Sən seçəndə də, seçməyəndə də bizimləsən».
Dostları ilə paylaş: |