37. Gənclərin həyat planları Plan: 1. Gənclərin peşə seçmək meylləri
2. Gənclərin firavan həyata meylləri
3. Gənclərin peşə hazırlığı
4. Gənclik yaşında sosiallaşma
Həyat planlarını müəyyənləşdirmək, əmək və ictimai fəaliyyətə müstəqil başlamaq gənclərin yeni xüsusiyyəti olub şəxsiyyətin kamilləşməsində müstəsna rola malikdir. Həyat planları özünü gəncin məqsəd və motivlərinin, dünyagörüşünün formalaşmasında, peşə seçmək meyllərində göstərir. Həyat planları geniş məfhumdur. Buraya şəxsiyyətin mənəvi siması, həyat tərzi, sərvət meylləri, təhsilini tamamlamaq, fəaliyyət növləri, kəbin kəsdirmək və s. aiddir. Bunların içərisində ən çətini peşə seçmək, əmək fəaliyyətinə başlamaqdır. Gənclik yaşında ixtisas maraqları, peşəseçmə meylləri, kim olmaq məsələsi reallaşır və təxirəsalınmaz problemə çevrilir. Çünki, sənət seçmək gənclərin gələcəyinə şüurlu münasibəti ilə bağlıdır.
Gənclərin həyat planları insani keyfiyyətlər baxımından qiymətləndirilir və bütöv ümumiləşmiş obraz təsiri bağışlayır. Gənclər həyatın mənasını özünü insanlara həsr etməkdə, əməksevər vətəndaş olmaqda, halal zəhmətlə şəxsi səadətə nail olmaqda, şərəf və ləyaqət sahibi olub, heç kimin qarşısında borclu olmamaqda, gözəl peşə və ailəyə, pula, avtomaşına sahib olmaqda və s. görürlər. Gənclərin çoxu şəxsi xoşbəxtliyi yaxşı peşə, qazanclı iş və vəzifədə görürlər. Son illər gənclərin nüfuzlu ixtisaslara meylinin artması da bunu sübut edir. Hüquqşünas, həkim, kompüter, biznes, gömrük işi, xarici dil və s. ixtisaslara axının güclənməsi səbəbləri arxasında gənclərin öz gələcək həyatlarını firavan görmək, yaxşı pul qazanmaq arzuları dayanır.
Gənclərin arasında firavan həyata meylin qeyri-ənənəvi sferada, yaşından asılı olmayaraq varlı adamla ailə qurmaq, xarici ölkələrdə rəqs qruplarında, restoranlarda işləmək, intim xarakterli reklam çarxlarına çəkilmək, açıq-saçıq geyinmək və s. milli-mənəvi dəyərlərimizin deformasiyaya uğradığını əks etdirir. Pul ehtirası, iqtisadi çətinliklər çox vaxt milli-mənəvi norma və prinsiplərin aşınmasına gətirib çıxarır. Təhsili yarımçıq qoyub, məktəbdən yayınaraq vaxtlarını yüngül əyləncə yerlərində keçirən gənclərin gələcək taleyi bu gün cəmiyyətdə böyük narahatlıq doğurur.
Təhsil üzrə islahatın əsas istiqamətlərinə uyğun olaraq, fermer təsərrüfatı, bazar iqtisadiyyatı üçün zəruri olan peşələrə geniş maraq yaratmaq, əmək tərbiyəsini kökündən yaxşılaşdırmaq lazımdır. Xüsusi mülkiyyətə meylin artmasına baxmayaraq, peşəseçmə şəxsi məsələ olmayıb cəmiyyət üçün ixtisaslı kadr hazırlamaq kimi ümumdövlət əhəmiyyətli sosial-psixoloji problemdir. Məhz buna görə də gəncləri peşələrə istiqamətləndirərkən onlara aşağıdakı məlumatların çatdırılması zəruridir: