1.Şəxsiyyətin inkişaf səviyyəsi
2.Tərbiyənin idarə olunması problemi
3.Özünütərbiyə və əxlaq tərbiyəsi
4.Tərbiyəvi tədbirlərin psixoloji əsasları
5.Təlimin müvəffəqiyyətini müəyyən edən amillər
6.Öyrənmənin müvəffəqiyyətini müəyyən edən amillər
7.Təlim və inkişafın qarşılıqlı əlaqəsi
8.Pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri
9.Pedaqoji ünsiyyətin ümumi xarakteristikası
10.Müəllimin pedaqoji bacarıq və vərdişləri və s.
Məhz buna görə də hazırkı dövrdə pedaqoji psixologiya insanla məşğul olan bir elm kimi əvəzolunmaz əhəmiyyətə malikdir. Pedaqoji psixologiyanın əhəmiyyəti təkcə məktəbdə təlim və tərbiyənin səviyyəsini yüksəltməyə təkan verməklə bitmir. Hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmək tələblərini həyata keçirmək işində pedaqoji psixologiyanın qanunauyğunluqlarından istifadə olunması da böyük əhəmiyyət kəsb edir.
Pedaqoji psixologiyanın qarşısında duran ən mühüm problemlərdən biri uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdən ibarətdir. Psixoloqlar bu məsələnin pedaqoji psixologiya üçün problem məsələ olduğunu onda görürlər ki, uşaqlarda əqli inkişafın bütün senzitiv mərhələləri, onların başlanğıcı, davamlılığı və sonu hələ də məlum deyildir. Digər tərəfdən, hər bir uşağın həyatında bu mərhələlərin təzahürü fərdi xarakter daşımaqla, müxtəlif vaxtlarda özünü göstərir və müxtəlif şəkildə cərəyan edir.
Müasir pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktiki vəzifələr durur. Həmin vəzifələri həyata keçirmədən pedaqoji psixologiya tələb olunan səviyyəyə qalxa bilməz.
Nəzərivəzifələrə hər şeydən əvvəl, təlim və tərbiyənin psixoloji qanunauyğunluqlarını, təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını öyrənməyi aid etmək olar. Nəzəri vəzifələrdən biri kimi gənc nəslin yüksək elmi dünyagörüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının ən səmərəli yollarını müəyyənləşdirməyi göstərmək olar.
Praktikvəzifələrə gəldikdə buraya təlimin idarə olunmasının psixoloji məsələlərinin, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə xüsusiyyətlərini və s. öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiya təlim və tərbiyənin motivlərini aşkara çıxarmaq və müəllimləri bu sahədə zəruri biliklərlə silahlandırmaq kimi mühüm praktik vəzifəni həyata keçirir.
Pedaqoji psixologiyanın bölmələri aşağıdakılardır.