Yaş psixologiyası (Uşaq psixologiyası) 1.Yaş psixologiyasının mövzusu, vəzifələri və tədqiqat metodları Plan: 1. Yaş psixologiyasının mövzusu
2. Yaş psixologiyasının əsas vəzifələri
3. Yaş psixologiyasının bölmələri
4. Yaş psixologiyasının digər elmlərlə əlaqəsi
5. Yaş psixologiyasının prinsipləri
6. Yaş psixologiyasının tədqiqat metodları
Yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafı, onlarda yüksək mənəvi keyfiyyətlərin, elmi dünyagörüşünün təşəkkülü müasir təlim-tərbiyə prosesinin qarşısında duran ən mühüm vəzifələrdəndir. Bu vəzifələrin həyata keçirilməsi üçün tərbiyəçi və müəllimlər müxtəlif yaş dövrlərində şəxsiyyətin inkişaf qanunauyğunluqları, yaş və fərdi xüsusiyyətləri, onda təzahür edən psixi dəyişiklikləri, biliklərə yiyələnmə imkanları, fəaliyyətin psixoloji strukturu haqqında geniş və zəruri biliyə malik olmalıdır. Yaş və fərdi xüsusiyyətləri, idrak imkanlarının xüsusiyyətlərini, fizioloji və psixoloji inkişafda baş verən dəyişiklikləri və digər problemləri həll etmək yollarını bilməyən müəllim uşağın fəaliyyətini idarə etməkdə, tənzimləməkdə çətinlik çəkəcəkdir. Görkəmli rus pedaqoqu və psixoloqu K.D.Uşinskinin dediyi kimi insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənmək lazımdır.
Yaş psixologiyasının mövzusunu təlim-tərbiyə prosesində uşaqların inkişaf səviyyəsi, şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınması təşkil edir. Təlim və tərbiyə prosesində uşaqların normal inkişafı, inkişafdan geri qalmaları, sürətli inkişafı diqqəti cəlb edir. Bu baxımdan şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmalı və yaş psixologiyasının nailiyyətləri pedaqoji işə tətbiq edilməlidir. Uşaq şəxsiyyəti ailədə, ictimai tərbiyədə formalaşmaqdan başlayır və onun həyat yolu cəmiyyətdəki fəaliyyəti ilə şərtlənir. Deməli, uşaq cəmiyyətdə özünün inkişafının müəyyən mərhələsində şəxsiyyət kimi təşəkkül tapır.
Beləliklə, yaş psixologiyası insanın psixi inkişafının dinamikasını, qanunauyğunluqlarını, mexanizmini, hərəkətverici qüvvələrini, formalaşmaqda olan şəxsiyyətin yaş və fərdi xüsusiyyətlərini öyrənir. İlk baxışda sadə görünən “yaş” anlayışı əslində geniş və mürəkkəb məfhumdur. Müasir psixoloji ədəbiyyatda yaşın dörd növü fərqləndirilir.