9. Psixi inkişafın yaş dövrləri Plan: 1. Yaş dövrlərinə bir çox pedaqoq və mütəfəkkirlərin münasibəti
2. Çağalıq və körpəlik yaş dövrləri
3. Məktəbəqədər və kiçik məktəb yaş dövrləri
4. Yeniyetməlik və gənclik yaş dövrləri
5. Orta yaş, yaşlı adamlar, qocalıq dövrü və uzunömürlülər
Yaş dövrləri hazırda psixologiyanın, o cümlədən uşaq psixologiyasının ən mühüm problemlərindəndir. Onun düzgün müəyyənləşdirilməsi hər bir yaş dövründə müvafiq təlim-tərbiyə işlərinin aparılmasına imkan yaradır. Lakin qeyd etmək lazımdır ki, ayrı-ayrı yaş dövrlərinin müəyyənləşdirilməsi həmişə təxmini xarakter daşıyır. İnkişaf fasiləsiz olaraq dayanmadan davam etdiyinə görə, bir yaş dövrünün bitməsini və digərinin nə vaxt başlanmasını dəqiq müəyyənləşdirmək çətindir. Bir yaş mərhələsindən digərinə keçid zamanı əvvəlki yaş dövrlərində mövcud olmayan yeni xüsusiyyətlər meydana çıxır, eyni zamanda inkişafın öz gedişi də müəyyən dəyişikliklərə uğrayıb yenidən qurulur.
Uşaqları yaş dövrlərinə ayırmaq təşəbbüslərinin kökü çox qədim dövrlərə gedib çıxır. Qədim çinlilər uşağın inkişafını 5 yaş intervalı ilə bir neçə dövrə ayırırdılar. Çin məsəlində deyilir: “5 yaşadək uşağa şah kimi, 10 yaşadək nökər kimi, 15 yaşadək dost kimi baxın”. Başqa bir çin məsəlində isə insanın həyatının 10 il intervalı ilə bir neçə dövrə ayırıldığı diqqəti cəlb edir: “20 yaşında gözəl, 30 yaşında güclü, 40 yaşında ağıllı və 50 yaşında varlı olmayandan heç nə gözləmə”. B. e. ə. IV əsrdə yaşamış yunan filosofu Aristotel inkişafı yeddi-yeddi olmaqla üç əsas dövrə bölmüşdür: bitki dövrü (1-7 yaş), heyvani dövr (7-14 yaş), insani dövr (14-21 yaş). İnkişafın 7 yaş olmaqla dövrlərə bölünməsi böyük Azərbaycan mütəfəkkiri N.Gəncəvi, çex pedaqoqu Y.A.Komenski, fransız maarifçisi J.J.Russo və başqalarının yaradıcılığında əks olunmuşdur. Hazırda yaş dövrləri qısa və yığcam olaraq aşağıdakı kimi səciyyələndirilir.
1.Çağalıq dövrü-uşağın anadan olduğu andan 1 yaşadək. Bu dövr üçün fəaliyyətin aparıcı növü yaşlılarla bilavasitə emosional ünsiyyətdir. Bu ünsiyyət daxilində görmə, eşitmə, əzələ-hərəkət və digər hərəkətlər təşəkkül tapır.