1.Gigiyenik vərdişlər-bədənə səhər və axşam qulluq etmək, stol arxasında davranış və s.
2.Məişət vərdişləri-oyuncaqları, yatağı yığışdırmaq, süfrə açmaq, qab-qacağı yumaq və s.
3.Mədəni davranış vərdişləri-süfrə arxasında özünü aparmaq, yaşlılar və ya yaşıdlarla etik qarşılıqlı münasibət (onlarla salamlaşmaq, xudafizləşmək, xahişlə müraciət etmək, təşəkkür etmək və s.).
4.İntellektual məzmunlu vərdişlər-musiqi, rəsm, quraşdırma və s. məzmunlu vərdişlər.
Məktəbəqədər yaşlı uşaqlar olduqca üzüyola olurlar, onlar üçün bütün böyüklər və valideynlər nüfuz sahibidir. Onlarda yaxşı olmaq tələbatı güclü bir tələbat kimi özünü göstərir. Məhz bu tələbat iradənin tərbiyəsində əsas amil rolunda çıxış edir. Əgər uşaq nahardan əvvəl əllərini yumamışdırsa, ona hədə-qorxu gəlmək lazım deyildir. Belə halda uşağı inandırma üsulu ilə təlqin etmək və əllərindəki mikrobların onun xəstələnməsinə səbəb ola biləcəyini söyləmək lazımdır.
Uşağın iradəsinin inkişafında oyun mühüm yer tutur. Oyun zamanı uşazqda dözümlülük, məsuliyyət hissi, qətiyyətlilik, müstəqillik və təşəbbüskarlıq kimi keyfiyyətlər inkişaf edir. Oyun uşağın təbiətinə uyğun olduqda iradənin inkişafını sürətləndirir. Məsələn, uşağı müəyyən müddət bir yerdə durmağa məcbur etmək mümkün olmur, amma oyun prosesində, məsələn, “Gizlənqaç” oyununda uşaq 10-15 dəqiqə bir yerdə dayanıb gizlənir və tapılana qədər səsini çıxarmır.
Məktəbəqədər yaşlı uşaqların mənfi iradi vərdişləri içərisində inadkarlıq xüsusilə seçilir. İnadkarlıq düşüncəsiz iradənin təzahürüdür. İnadkar uşaqlar yaşlıların tələblərinə məhəl qoymur, onun ziddinə hərəkət edir, hər şeyi öz bildikləri kimi etməyə çalışırlar. Belə davranışın əsasında uşaqların öz iradəsini ətrafdakı adamların iradəsinə qarşı qoymaq motivi durur. Rus psixoloqu A.Larin belə hesab edir ki, inadkarlıq uşağın azadlığı və müstəqilliyinin kəskin surətdə məhdudlaşdırılması nəticəsində yaranır. Yalnız öz istəyi ilə hərəkət etmək vərdişi uşaqlarda inadkarlığın inkişafına səbəb olur.
Tərbiyə prosesində düzgün metod və vasitələrin seçilməsi, tələblərdə həssaslıq, münasibətlərdə ölçü hissinin gözlənilməsi, hörmət və tələbkarlığın məharətlə uzlaşdırılması və s. kimi amillərin nəzərə alınması onlarda şıltaqlıq, tərslik və xudbinlik kimi mənfi iradi xüsusiyyətlərin məharətlə aradan qaldırılmasını təmin edə bilər.