Murad:Ay Zaman, arvad Rusiyadan necə öyrəndi ki, sənin pulun var, hə? Axı bu arvadın heç pula ehtiyacı yoxdur. Ərindən ona sərvət qalıb.
Zaman: Hardan bilirsən e!? Bəlkə boş-boş danışır!? Yalan deyir!? Bizi inandırmaq üçün tələ qurub!?
Murad: İşə düşdük də. Güya yoxlamaqla nə itiririk?
Zaman: Murad, sən pulgir adamsan. Amma pulgir olduğun qədər sadəlövhsən. Mən insanlara belə asanlıqla etibar etməzdim. Sən məni hamıya inandırırsan. Hərdən bu yaşlı kişinin cəfəngiyyatlarına da inanıram.
Murad: Bu kişini boş ver. İndi düşünəcəyimiz ən sonuncu adam bu kişidir!? De görüm, ağlına nəsə plan gəlib?
Zaman: Hə, gəlib. Gedirik banka. Hesabdakı bütün pulu çəkirik. Maşını da satıram. Çatmasa telefonum, notbukumu da sataram. Əvvəl-axır əlli min dolları tamamlayıb verirəm Vahidə. Rədd olsunlar həyatımdan.
Murad: Birdən sonra yenə əl çəkmədi? Dirəşdi ki, qızımın namusunu ləkələmisən, almalısan.
Zaman: Yaxşı görək. Mənim pulum olmayandan sonra Vahid mənə qız vermək istəyər? İndi elə pul üçün çıxarır da bütün bu oyunları.
Murad: Sən də düş prinsipə. Pulu vermə. Qızı da rədd elə başından.
Zaman: Görmürsən, namus söhbəti edir axı. Qız da deyir özümü lezvalayaram, ikinizi də tutduraram. Bunun altından çıxmaq olar? Bu işin axırı həbsdir, Murad.
Murad: Bəlkə Dilbərdən əlli min dollar istəyək. Ona izah edək məsələni. Məncə, kömək edər.
Zaman: Birincisi, mən o arvada heç inanmıram. İkincisi, ona ağız açmaq istəmirəm. Üçüncüsü, lap ağız açdım, pul istədim, vermədi, nə olacaq? Mənim qürurum yerlə bir olar e.