Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə1/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
  1   2   3   4   5   6   7   8   9   ...   300

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________






QARABAĞ:
FOLKLOR DA BİR TARİXDİR

IV KİTAB
(Laçın, Qubadlı və Zəngilan rayonlarından

toplanmış folklor örnəkləri)

BAKI – 2013
Qarabağ folklorunun toplanması,

sistem­ləşdirilməsi və araşdırılması” adlı layihə

əsasında çap olunur.

LAYİHƏNİN RƏHBƏRİ: fil.ü.e.d. Muxtar KAZIMOĞLU

(İMANOV)

TOPLAYANLAR: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ

Sevinc BAĞDADOVA

TƏRTİB EDƏN: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ

REDAKTOR: fil.ü.f.d. Oruc ƏLİYEV

NƏŞRİNƏ MƏSUL: fil.ü.f.d. Əziz ƏLƏKBƏRLİ

Qarabağ: folklor da bir tarixdir, IV kitab (Laçın, Qubad­lı və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2013.
folklorinstitutu.com
İSBN – 9-789952-810851
Q 4603000000 Qrifli nəşr

N-098-2013

© Folklor İnstitutu, 2013

TƏRTİBÇİDƏN
“Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araş­dı­rılması” layihəsi çərçivəsində təqdim olunan bu kitaba Laçın, Qubadlı və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri daxil edil­mişdir. Həmin rayonlara müxtəlif vaxtlarda folklor səfərləri təş­kil edilsə də, bölgə indiyə qədər sistemli toplamaya cəlb olun­ma­mış­dır. Bölgə folklorunun əsas toplayıcılarından biri Əhliman Axun­dov ol­muş və onun, eləcə də digər toplayıcıların bu rayon­lar­dan topladığı folklor nümunələri, əsasən, nağılları, Qaçaq Nəbi haqqında rəva­yətləri əhatə etmişdir. Bölgəyə növbəti folklor səfərləri 1988-1990-cı illərə təsa­düf edir. Vəli Nəbioğlu, Muxtar Kazımoğlu və Əfzə­ləd­din Əsgər tərəfindən təşkil olunmuş həmin səfərlər zamanı top­la­yıcılar Qu­bad­lı, Zəngilan, Cəbrayıl və Laçın rayonlarında olsalar da, bu sə­fər­lər də bölgəni tam əhatə etməmiş, Qubadlının 10, Laçı­nın 3, Cəb­ra­yılın 12, Zəngilanın isə 6 kəndi əhatə olunmuşdur. Bölgə folk­lo­runun tam toplanılmaması həmin rayonların əhalisi arasında toplama işi aparmağın vacibliyini göstərən amillərdəndir.

Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Əra­zisi 1835 km2, əhalisi 2013-cü ilin məlumatına görə 72298 nəfər­dir. Rayon bir şəhər, bir qəsəbə və 127 kənddən ibarətdir.



La­çın rayonunun mərkəzi şəhər üçün o qədər də əlverişli ol­ma­yan bir yerdə – Laçın dağının döşündə yerləşir. Çar Rusiyası dövrün­də Gorus-Şuşa fayton yolu buradan keçirdi və Gorusla Şuşa arasında poçt əlaqəsi bu yol vasitəsilə gerçəkləşirdi. Vaxtilə Abdal­lar kən­di­nin kə­narında poçt məntəqəsi tikilmiş və hər iki istiqamət­dən gələn ça­par­­lar həmin poçt məntəqəsində gecələyib səhər yolla­rına davam et­miş­lər. Rayon mərkəzi üçün belə bir yerin seçilmə­sində də həmin poçt məntəqəsinin böyük rolu olmuş­dur. Laçın rayonu təşkil olunar­kən onun adı ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Bəziləri rayonu Ab­dallar kəndinin adı ilə adlandırmağı təklif edir, digərləri başqa tək­liflə çıxış edirlər. Müzakirədə iştirak edən dövlət nümayəndəsi – Hü­sü Hacıyev yaxınlıqdakı dağın adını xəbər alır. Dağın adının La­çın ol­­du­ğunu biləndə rayonu da həmin dağın adı ilə adlandırmağı təklif edir.

Qubadlı rayonu da Azərbaycan Respublikasi İcraiyyə Komi­təsi və Xalq Komissarları Sovetinin qərarı ilə 1930-cu ildə təşkil edilmişdir. Rayon 1 şəhər və 93 kənddən ibarətdir. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yay­lasının cənub-şərqində yerləşir. Sahəsi 802 km2, əhalisi 2011-ci ilin siya­hıya alınmasına görə 34252 nəfərdir. Ermənistan Respublikası ilə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonu, Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir.



Topluya daxil edilmiş folklor örnəkləri 2013-cü ilin mart-aprel aylarında toplanmışdır. Kitabın böyük hissəsini Laçın rayo­nun­dan toplanmış folklor örnəkləri təşkil edir. İki aya yaxın zaman ərzində biz Laçının 30-a yaxın kəndinin yüzdən artıq sakini ilə söh­bətlər edib, material toplamışıq. Kitabda həmçinin Qubadlı rayonu­nun 7 kəndi əhatə olunmuş, Zəngilan rayonu isə bir neçə nümunə ilə təmsil olunmuşdur.

Taxtakörpü qəsəbəsinə ilk səfərimiz artıq bizdə bu rayonda han­sı janrların daha işlək olması, insanlar arasında daha çox hansı tip­də folklor örnəklərinin danışılması haqqında aydın təsəvvür yaratdı. Bəlli oldu ki, laçınlılar arasında Paşa bəy, onun oğlanları Sultan bəy, Xosrov bəy haqqında, Paşa bəyin yanında aşıqlıq etmiş Aşıq Abbas haqqında, eləcə də sovetlərə qarşı çıxan və rejim əley­hinə mübarizə apa­ran qaçaqlar haqqında maraqlı rəvayətlər danışı­lır. Eləcə də Qu­badlı sakinləri ilə görüşlərimiz zamanı məlum oldu ki, Qaçaq Nə­bi, Əlyanlı qaçaqları ilə bağlı rəvayətlər öz təravətini qoru­yub saxlayır. Bundan əlavə, Baqi və ayrı-ayrı baməzə adamlar haq­qında lətifələr qubadlılar arasında geniş yayılıb. Bunu nəzərə alıb biz də ünsiy­yətdə olduğumuz insanları məhz bu mövzular üstündə kökləməyə çalışdıq və nəticədə iki aya yaxın bir zamanda bu kitabı tamamlaya bildik.

Bölgə folklorunun toplanmasında qarşılaşdığımız əsas çətin­lik­lərdən biri əhalinin dağınıq olması, müxtəlif rayonlarda məskun­laş­ma­­sıdır. Laçının işğalından sonra bu rayonun sakinlərinin bir qismi vax­tilə Laçın rayonunun qışlaq yeri olan Taxtakörpü qəsə­bəsində, di­gər qismi Bakı, Sumqayıt şəhərlərində, ümumilikdə isə Azərbaycanın 57 rayonunda məskunlaşmışdır. Qubadlıların isə bö­yük əksəriyyəti Sumqayıt şəhərində yerləşmişdir. Kompakt yaşa­dıqları ərazilərdə belə hərə bir kənddən gəldiyindən və insanlar bir-birini tanımadı­ğın­dan “görüşmək üçün daha kimi məsləhət görür­sünüz?” – deyə so­ruş­duqda ad verməkdə, ünvan göstərməkdə çə­tinlik çəkir­dilər. Ona görə də kənd icra nümayən­də­lərinin dəstəyi olma­dan bu insanları tapmaq, on­larla görüşmək bizim üçün həddən artıq çətin olardı. Yerli icra nü­mayəndələri ya özləri bizi kəndin məlu­matlı, yaşlı sakinləri ilə tanış edir, ya da onların ünvanını, əlaqə telefonunu bizə verir, bu yolla biz həmin şəxsləri tapıb onlar­la söhbətlər aparırdıq. Ünsiyyətdə oldu­ğu­muz şəxslər arasında həm təhsilli, həm də təhsilsiz adamlar vardı. Təhsilli insanlar daha çox kəndin keçmişi, oradakı nəsillər, ayrı-ayrı şəxslərlə bağlı maraqlı xatirələr, rəvayətlər danışır, amma nağıla gəl­dikdə məlum olur ki, ya ümumiyyətlə nağıl bilmir, ya da bildiklərini qol-qanadını qıraraq danışırlar. Bu faktın özü bir daha onu göstərir ki, bu gün klassik folklorun öləziməsinin, tədricən sıradan çıxmasının bir səbəbi də insanların savadlanması, təhsil almasıdır. Toplama zama­nı savadlı adamlar arasında nağıl­çılara təsadüf etmədik, rastlaş­dı­ğımız ən yax­şı nağılçılar məhz savad­sız adamlar arasından çıxanlar oldu. Doğ­rudur, bəzən savadlı adamlar arasında da klassik folklora maraq gös­tərən şəxslərə rast gəlirik, amma belə adamlar istənilən folklor mətninə deyil, məhz ibrətamiz məzmunlu mətnlərə daha çox maraq göstərirlər. Laçın rayonunun Ərikli kənd sakini Paşa Əvəz oğlu İs­gən­dərov belə söyləyicilərdən biridir. Biz ondan “Kor kişi­nin na­ğılı”, “Belə də qalmaz”, “Allahdan gələn bəla” nağıl nümu­nə­­lərini, eləcə də rəvayətlər qeydə aldıq. Amma qeydə alınmış parça­lara diq­qət yeti­rilərsə, görərik ki, onlar hamısı ibrətamiz məzmunlu mətn­lər­dir və söy­ləyici özü də etiraf edir ki, yeri gələndə həmin nümu­nə­lərdən öz fikrini əsaslandırmaq, nitqini daha təsirli etmək üçün istifadə edir.

Bərdə və Ağcabədi rayonlarında qarşılaşdığımız Musa kişi, Narış nənə kimi bizə altı-yeddi saatlıq material verən söyləyicilərə bu rayonlarda rast gəlmədik. Ən yaxşı halda biz bir söyləyi­cidən iki saatlıq material toplaya bildik. Bir çox söyləyicilər mətnləri uzun müddət ifa etmədiklərindən artıq onları unutmuşlar. Məsələn, Aşıq Umbay artıq uzun müd­dət­dir məclis aparmadığından bir çox das­tan­­ları, aşıq rəvayət­lərini unu­tmuşdur. Ondan qeydə aldığımız “Ni­garın İstanbula aparıl­ma­sı” dastanı və “Sulduzlu Aşıq Bəhmən” rə­vayətini ilk dəfə bizə söy­lə­dikdə nəsr hissəsini təfsilatı ilə danışdı, amma nəzmə gəldikdə şeirlərin bəzi bənd­lərini yadına sala bilmədi. Həmin bəndləri yalnız sonradan xatırladı və bu yolla biz onları bərpa edə bildik. Aşıq Um­bayın reper­tuarında bir çox dastan nümu­nləri vardır, amma həmin nümunələri kitabdan öyrəndiyi üçün biz ondan ancaq eşidib yadda saxladığı şifahi nümu­nələri qeydə aldıq. Kitaba daxil edilmiş həmin nümunələr onun Gəncəli Aşıq Mais, Aşıq Hümbət və başqalarından eşitdiyi parçalardır.



Bizim üçün maraqlı söyləyicilərdən biri də Taxtakörpü qəsə­bə­sində məskunlaşmış Piçənis kənd sakini Yurin Abbas oğlu Zey­nalov­dur. Yas məclilərini aparan Yurin kişi ilə yalnız bir dəfə görü­şə bildik və bu söhbətimiz iki saatdan artıq çəkdi. Atası Sultan bə­yin aşpazı olduğundan biz onun diqqətini bu mövzuya yönəltdik və Paşa bəy, Sultan bəy, Aşıq Abbas haqqında maraqlı xatirələr, rəva­yət­lər qeydə aldıq. Daha sonra onun nağıl bilib-bilmədiyini yoxla­maq üçün bir-iki süjeti xatırlatdıq və bizə “İmam Hüseyn aşiqi” nağılını danışdı. İna­nırıq ki, onunla yenidən görüşsək, daha çox nü­munələr toplaya bilərik.

Haqqında xüsusi danışmaq istədiyim söyləyicilərdən biri də Va­­ğazin kənd sakini Güllü Səttar qızı Abasəliyevadır. Biz onun ya­nında iki dəfə olduq və iki yüzdən artıq bayatı nümunəsi qeydə aldıq. Gül­lü nənənin kədərli bir taleyi vardır. Bir oğlunu mühari­bədə, di­gə­rini Taxtakörpü qəsəbəsində itirmişdir. Özünün də dediyi kimi, onu danışdıran həmin ağrı-acı, həmin dərddir. Yeri gəlmişkən qeyd edim ki, bayatı söyləyiciləri bəzən bir neçə bayatı dedikdən sonra təbi gəlmədiyi üçün ardını gətirə bilmir, yaxud onları qəhər boğdu­ğun­dan sözlərinə davam edə bilmirlər. Amma Güllü nənə üçün bayatı söyləmək elə bil adiləşib və əhvalında heç bir dəyişik­lik olmadan birnəfəsə onlarla bayatı söyləyə bilir. Əslində bu baca­rıq və səs ona nəsildən keçmədir. Anası əslən Ağdamın Saybalı kəndindəndir və ağı deyən olub. Güllü nənənin dediyinə görə, bir dəfə kənddə cavan bir adam dünyasını dəyişir. Anası və xalası yas­da ağı deyəndə onla­rın səsi bir ağsaqqala o qədər təsir edir ki, ca­maatı yara-yara gəlib ağı­çılara qulaq asmağa başlayır. Anasındakı o avaz, o yanqılı səs Gül­lü nənəyə keçmişdir. Bu gün də o, yas yerlə­rində ağı deyir, amma onun bizə söylədiyi bayatı ilə yas yerində oxuduğu bayatı bir-birindən fərqlənir. Güllü nənə bayatıları bizə adi tonda söy­lə­yir­sə, yas yerində onları daha yanıqlı tərzdə oxu­yur. Güllü nənə bir neçə bayatını bizə yas yerində oxuduğu tərzdə ifa etdi, qulaq asan­ların heç biri göz yaşını saxlaya bilmədi.



Taxtakörpü qəsəbəsində məskunlaşmış Dambulaq kənd sakini Seyid Balaxanım isə bildiyi bayatıları bizə söyləməkdən çəkindi. De­diyinə görə, vaxtilə bayatıya çox həvəsi olub, tez-tez bayatı çə­kər­miş. Amma sonradan cavan bir oğlu dünyasını dəyişir. Bala­xanım nə­nə be­lə hesab edir ki, Allah onun bayatıya həvəsləndiyini görüb, cavan oğ­lunu əlindən alıb. Ona görə də həmin hadisədən sonra bayatı demir.

Bölgəyə səfərlərimiz zamanı vaxtilə yazıb-yaratmış, lakin vax­­tında toplanmadığından yazdıqları itib-batmış el şairləri, aşıqlar haq­qında da məlumatlar əldə etdik. Əslən Dərələyəz maha­lın­dan olan, la­kin sonradan Laçın rayonunun Bilün­düz kəndində məskun­laşan Səy­yah Məhəmməd belə şairlərdən biridir. Səyyah Məhəm­mədlə bağlı laçınlılardan qeydə aldığımız xatirələri, şeirləri topluya daxil etmişik. Aşıq Abbas, Qara Kərim və Aşıq Möhübbət də irsi itib-batmış şairlər­dən­dir. Qara Kərim və Aşıq Möhübbətin bəzi şeirlə­rini qeydə ala bil­sək də, Aşıq Abbas haqqında bunu demək mümkün deyildir. Aşıq Ab­basın adını ilk dəfə eşit­dik­də biz onun aşıq olduğunu təsəvvür etmiş­dik, amma topla­ma­larımızı dərinləş­dirdikcə məlum oldu ki, bölgədə hər hansı musiqi alətində çalmağı bacaran istənilən şəxsə aşıq deyirlər. Aşıq Abbas da sadəcə, nağara ifaçısı olub (bu sənət ona atasından qa­lıb), bununla belə ünsiyyətdə olduğumuz şəxslər onun şeirlər yaz­dı­ğı­nı və həcv ustası olduğunu deyirlər. Biz onun şeirlərindən yalnız bir-iki bənd əldə edə bildik, ünsiyyətdə olduğumuz şəxslərdən onun şeirlərini xəbər alsaq da, təəssüf ki, məlumat verə bilən olmadı.

Söyləyicilərin verdiyi məlumata görə, keçən əsrin 80-ci illə­rinə qədər kəndlərə aşıqlar gələr və devran (dövran) keçirərdilər. Devranlar bölgədə folklorun ifa olunduğu və yaşlı nəsildən gənc nəslə ötürül­düyü əsas məclislərdən biri idi. Aşıq hər kəsin evinə deyil, kimin damı geniş idisə, ora düşərdi və kəndə xəbər yayılardı ki, axşam filankəsin evində devran keçiriləcəkdir. Camaat axşam mal-qa­ra­nı tövləyə saldıqdan və yemək yedikdən sonra ora yığışar­dı. Damı işıqlandırmaq üçün sütunlardan çıraq asardılar. Aşıq devrana başlamazdan əvvəl bildiyi dastanları sayar və camaatdan hansı dastanı istədiklərini soruşardı. Hansı dastanı desəydilər, onu danı­şardı. Belə məclislər gecəyarısınacan davam edirdi, aşıq dasta­nı tamamlaya bilmirdisə, onun davamını səhərə saxlayırdı.

Söyləyicilərin dediyinə görə, o vaxt kəndlərə iki cür aşıq gə­lirdi: balabanlı və balabansız aşıq. Balabanlı aşıq uşaqlar üçün daha maraqlı olurdu. Uşaq vaxtı belə məclislərdə iştirak etmiş Qubadlı sakini Telli nənənin dediyinə görə, aşığın sözləri uşaqları o qədər maraqlandırmırdı, amma rəqsləri onlara ləzzət verirdi.

Dastanın ortasında aşıq bəzən məclisi şənləndirmək, insan­la­rın eynini açmaq üçün kiməsə atmaca atırdı, yaxud ona bir şeir deyirdi. Telli nənənin de­diyinə görə, bir dəfə aşıq dastanı danışdığı yerdə onun kolxoz sədri olan qardaşına söz atıb deyir:

Sədri gəlir günorta,

Şalvarın darta-darta.

Sədriyə nə lazımdı?

Sarı yağnan yumurta.



Telli nənənin dediyinə görə, hamı aşığın bu sözünə əl çalmışdı.

Sonda söyləyicilərlə görüşlərin təşkilində bizə verdikləri dəs­tək və köməyə görə Laçın və Qubadlı Rayon İcra Hakimiy­yəti qu­rum­larına, Laçın Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Or­qanları ilə İş şöbəsinin müdir müavini Məhəmməd Şahbazova, Laçın Rayon İcra Hakimiyyətinin Bakıdakı Nümayəndəliyinə – Bəsti Nəcəfli və Yaqut Cabbarlıya, Qubadlı Rayon İcra Hakimiy­yətinin müavini Rasim Halıqverdiyevə, Ərazi İdarəetmə Orqanları ilə İş şöbəsinin müdiri Razim Əliyevə, böyük məsləhətçi Məhəm­məd Həsənova dərin minnət­darlığımızı bildiririk.



Kataloq: storage -> Folklore -> 2014
2014 -> Masalli folkloru 2
2014 -> Folklor instituti
2014 -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
2014 -> Азярбайъан милли елмляр академийасы
2014 -> Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari
2014 -> Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR
2014 -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
2014 -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
2014 -> Qarabağ: folklor da bir tariXDİR
2014 -> Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə