Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 205,31 Kb.
tarix22.10.2017
ölçüsü205,31 Kb.
#9741


Bəxtiyar Tuncay
«KQB-nin paqonsuz generalları» ilə təkbaşına savaş və tükənməz ümumxaıq məhəbbəti

Mitinqlərin 4-cü günü, yəni noyabrın 21-də (1988) saat 15.48-də öncə Sabir Rüstəmxanlı, 4 dəqiqə sonra, yəni saat 15.52-də Nemət Pənahlı mitinqin sona yetdiyini elan edərək tədbir iştirakçılarını dağılışmağa çağırdılar. Amma yenə də bir nəticəsi olmadı. Azərbaycan Xalq Hərəkatının «qızılbaş»ları meydanda qalaraq, meydanı dağılmağa qoymadılar.

Həmin gün ulu öndər Məhəmməd Əmin Rəsulzadənin ucaltdığı üçrəngli bayrağın mitinqin tək bayrağna və Hərəkatın simvoluna çevrilməsi Azərbaycanın kommunist rəhbərliyini o dərəcədə qorxuya salmışdı ki, mitinqin təcili dağıdılması üçün Nemət Pənahlıya ağlasığmaz təzyiqlər edilməyə başlandı. Siyaməkə təsir göstərmək üçün isə onun mənsub olduğu İran Xalq Fədailər Partiyasının başçılarından biri Həmzə Fərati təcili olaraq Almaniyadan SSRİ-yə çağırıldı (3, s. 499).

Əlbəttə, məsələ təkcə milli bayrağın meydana gətirilməsində deyildi, rəhbərlik izdihamın küçələrə axışaraq, ermənilərə hücum çəkəcəyindən də bərk narahat idi.

Nemət Pənahlı həmin günlərdə baş verənləri belə xatırlayır: «Dəqiq yadımda deyil, ya ayın 20-si, ya da 21-i idi. Sabir Rüstəmxanlı mənə dedi ki, mən gedirəm, Nemət. Dedim, özün bil, ardınca da ürəyimdən keçənlərin hamısını boşaltdım. Bildirdim ki, hökumətlə xalq arasında ikibaşlı oyun oynamaqdansa, getməyin məsləhətdir.

Doğrusu, getməsini istəmirdim, amma getdi. Sözlərimi necə qəbul etdiyini də bilmədim. İnanırdım ki, qayıdacaq, çünki ruhən millətinə, xalqına bağlı adam olduğunu bilirdim. Amma onu da bilirdim ki, məsələ şəxsi mənafeyə gələndə həmişə özünü itirir və tərəddüd edir.

Çıxışlarımın birində millətə demişdim ki, kim ki sizi dağılışmağa çağırsa, hətta mən də çağırsam, fitə basın, dağılışmayın. Görünür, elə bu səbəbdən idi ki, ayın 22-də tribunaya qalxan və milləti dağılmağa çağıran Bəxtiyar Vahabzadəni fitə basdılar.

Meydanda şayiələr tez göyərirdi. Bu da təbii idi. Belə şayiələrdən biri Bəxtiyar Vahabzadənin guya ölüməsi xəbəri idi. Amma bu şayiənin təcili qarşısını aldım. Anladım ki, bu şayiəni buraxmaqda hökumətin şəxsi siyasi məqsədi var…

Həmin günlər mitinqin, nəyin bahasına olursa-olsun, dağıdılması tələbi daha da kəskin hal almışdı. Qarşımda qoyulan ultimatumlardan belə çıxırdı ki, bu işi bilavasitə mən etməliyəm. Şübhəsiz ki, meydanın heç bir tələbin yerinə yetirilmədən dağılması məğlubiyyət demək olardı. Mənə təzyiq edənlərə - Elçinə (Elçin Əfəndiyev – B. T.) də, Aydın Məmmədova da, Sabir Rüstəmxanlıya da eyni sualı verdim: «Nədən bunu özünüz etmək istəmirsiniz, mənə etdirməyə çalışırsınız? Niyə tribunadan xalqa bir söz deyirsiniz, mənə başqa söz?».

Nəhayət dövlət nümayəndələrinə də, onların əmrində itaətkar qul kimi dayanmış «ziyalı» zümrəsinə də qəti şəkildə bildirdim ki, mən bu addımı atmayacaq, xalqa dağılışmaq barədə müraciət etməyəcəyəm.

Dincəlmək üçün çadırlardan birinə təzəcə girmişdim ki, bir də gördüm Bəxtiyar Vahabzadə gəldi. O, içəri girər-girməz, ətrafdakı tanıdığım və tanımadığım adamların yanındaca, çox amansız bir şəkildə üstümə hücuma keçdi: Axı, sən kimsən?! – dedi, - niyə bu milləti qırğına aparırsan, niyə bu millətin taleyi ilə oynayırsan?

Yeri gəlmişkən, qeyd etməliyəm ki, bu arada məni hər tərəfdən kifayət qədər sərt şəkildə sıxışdırmışdılar. Həmin sırada hökumətə boyun əyməyi özünə peşə etmiş «ziyalı»lardan ibarət saxta bir «Nümayiş Komitəsi» yaratmışdılar. Təbii ki, xəbərim və razılığım olmadan mənim də adımı bu bədnam komitənin üzvlərinin siyahısına salmışdılar. Adımın həmin siyahıda olduğunu biləndə etiraz etmiş və «bu necə nümayiş komitəsidir ki, hökumət tərəfindən idarə olunur?» - demişdim.

Nə isə, mən bu üzdəniraq «nümayiş komitəsinin» iç üzünü açandan sonra mənə o qədər güclü təzyiqlər başladı ki, mikrofondan aralanmaq qərarına gəldim…» (4, s. 165-166).

Sabir Rüstəmxanlının yazdığına görə həmin «nümayiş komitəsinin» ilk başçısı Firudin Cəlilov (Ağasıoğlu) olub: «…O, nümayış komitəsinin ilk başçısı idi, mənsə meydanı idarə edənlərdən biri idim» (6). 

Bu fakt Firudin Ağasıoğlunun bloqunda onun haqqında verilən məlumtlarda da əksini tapmışdır: «F. Cəlilov elmi-pedaqoji fəaliyəti ilə yanaşı ictimai-siyasi fəaliyətlə də məşğul olmuşdur. Əbülfəz Elçibəy, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və digər ziyalılarla birlikdə 1986-dan gizli fəaliyət göstərən və 1988-ci il nümayişlərini təşkil edən «Varlıq» təşkilatının qurucusu, leqal fəaliyətdə olan «Cənlibel» təşkilatı tədbirlərinin iştirakçısı, «Dirçəliş günü» kimi tarixə düşən 17 noyabr- 4 dekabr (1988) mitinqində nümayiş komitəsinin sədri, «Qarabağa Xalq Yardımı komitəsi»nin qurucularından biri və respublikada ilk demokratik ruhlu «Azərbaycan» qəzetinin redaksiya heyətinin üzvü, «Dövlət Əlifba komissiyası»nın (1990) rəhbəri F.Cəlilov 1990-da millət vəkili və Milli Məclisdə «Elm, təhsil və mədəniyət komissiyası»nın sədri seçilmişdir» (1).

Bu məlumatı başqa mənbələr də təsdiqləyir: «F. Cəlilov elmi-pedaqoji fəaliyəti ilə yanaşı ictimai-siyasi fəaliyətlə də məşğul olub. Əbülfəz Elçibəy, Xəlil Rza , Sabir Rüstəmxanlı və digər ziyalılarla birlikdə Milli Azadlıq Hərəkatının nüvəsini təşkil edən təşkilatların rəhbərlərindən biri olub. «Dirçəliş günü» kimi tarixə düşən 17 noyabr- 4 dekabr (1988) mitinqində nümayiş komitəsinin sədri də məhz Firudin Cəlilov olub» (2). 



Nemət Pənahlı davam edir: «Dincəlmək üçün çadıra girəndə düşünürdüm ki, bir daha tribunaya qalxmayacaq və mikrofona yaxın durmayacağam. Hərçənd ki, xalq yalnız məni eşitmək istəyir və sürəkli olaraq «Nemət! Nemət» deyə çığırırdı. Və mən də məhz bu xalqa arxalanırdım. Onu da bilirdim ki, mitinqin hansı formada sona çatmasından asılı olmayaraq, həbs ediləcəyəm. Axı, biz hələ sovet qanunları ilə yaşayırdıq, mənsə sovetin ünvanına nələr söyləməmişdim.

Bəxtiyar müəllim məni nə qədər acılasa da, susdum, onu sona qədər dinlədim. Sözünü bitirən kimi başladım onun öz şerlərindən misallar gətirməyə. Dedim:

- Bəxtiyar müəllim mən bu şerlərlə tərbiyə almışam. Xalq onların təsiri ilə meydana çıxıb. Neçə illərdir, şerlərinizlə bu xalqı, məgər, mübarizəyə səsləyən siz olmamısınız?

Vahbzadə də mənə sona qədər qulaq asldı, kövrəldi və göz yaşlarını saxlaya bilmədi. Yadımdadır, zavoddakı görüşümüzdə də mənim çıxışımdan sonra ağlamışdı.

Çadırdan çıxanda Bəxtiyar müəllim boynumu qucaqladı, şənimə xoş sözlər dedi. Hətta məni Koroğluya, Babəkə bənzətdi və sözlərindən elə çıxdı ki, sən demə, əsil türk elə təkcə məniymişəmm. Sanki, 5-10 dəqiqə öncə məni təhqir edən, dişinin dibindən çıxanları söyləyən o deyildi. Görünür, Məhəmməd Hatəmi, başda Bəxtiyar Vahbzadə olmaqla, ziyalı ordusunu «KQB-nin paqonsuz genaralları» adlandıranda səhv etməyibmiş.

Bir qədər sonra tribunaya bir dəstə molla çıxardılar. Amma kütlə onları da saya almadı. Bir müddət sonra həmin molla dəstəsi bir dəstə tanımadığım adamla birlikdə istirahət etdiyim çadıra gəldilər və az qala, hökmlə məndən mitinqi dağıtmağı tələb etdilər. Nə edəcəyimi bilmirdim. Hər tərəfdən məngənəyə alınmışdım. Mollalar ortaya Quran qoyub, məni Qurana and verdilər ki, mitinqi dağıdım. Artıq bezmişdim. Bəziləri yalvarır, bəziləri hədə-qorxu gəlir, bəzilərisə şirin vədlər verirdilər. Bu məsələdə ən çox canfəşanlıq edənlər aşağıdakılar idi.

Dövlət rəsmiləri: Vəli Məmmədov, Fuad Musayev, Həsən Həsənov, Rafiq Zeynalov, Telman Orucov.

Ziyalılar: Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Bəxtiyar Vahabzadə, Elçin Əfəndiyev, Kamal Abdulla, Əbülfəz Əliyev və Nümayiş Komitəsində təmsil olunan ziyalılar.

Onlara dedim ki, yaxşı, dağılışmaq barədə müraciət edəcəyəm. Amma kütlə məni eşitməsə, yenə də kütlənin içinə qayıdacağam» (4, s. 166-167).

Bu yerə qədər olub-bitənləri indi də Ədalət Tahirzadənin dilindən izləyək:

«22 NOYABR 1988.

02.15. Meydana çatanda gördüm ki, təxminən dünənki qədər (30 min) adam saysız-hesabsız tonqalların başına toplaşıb. Soldakı qoşa tribunalar tələbələrlə doludur və onlar coşğunluqla “Qa-ra-bağ”!, “A-zər-türk!” qışqırırlar, “Domsovetdə bir kişi var, yoxsa yox?” oxuyurlar. 

Yeni şüarlar yazılıb divarlara yapışdırılmışdır:

Ümidimiz Xalq Cəbhəsinədir”,

Bütün azəri türkləri, birləşin!” (qarşısında oraq-çəkic şəkli),

Azərbaycanın sərvətləri xalqımızın olmalıdır!”,

Televiziya işçilərinə ar olsun!”,

Ana dilimiz dövlət dili kimi bərpa edilsin!”,

Sumqayıt qəhrəman şəhərdir!”,

Əhmədovun məhkəməsinin ümumxalq müzakirəsinə verilməsini tələb edirik!!!”,

İki gözümüz - biri Bakı, biri Təbriz!”,

Biz Babəklər nəsliyik. Azərbaycana eşq olsun!”,

Babək övladlarına eşq olsun!”.

Bir şəkil vardı: dörd cərgə tikanlı məftillərin üstündən “yox!” mənalı çarpaz xətt çəkilmiş, məftillərin solunda “Bakı”, sağında “Təbriz” yazılmışdı. Meydana girəndə maraqlı bir hadisə ilə qarşılaşdım. Dörd uşaq bir balaca itin boynuna qırmızılent, xaç bağlayıb meydanda gəzdirirdi. Deyirdilər ki, Vazgen intervü verməyə gedir. Bir kişi dedi: “Bir köpəkoğluna görə yazıq iti niyə incidirsiniz?”.

Sol tribunanın qabağında izdiham vardı.

03.35. Ağdamlı Elvin:

- Qarabağ ”vahiməli, qorxulu bağ” deməkdir.

Birisi yerdən Ziya Bünyadovun adını çəkdi. Elvin də dedi ki, vallah, dədəmin goru haqqı tanımıram. Ayə, Azərbaycan televiziyası ermənicə konsert verir, mən onu haradan tanıyıram?!. Oğlan ermənilərə qarşı təbliğat aparır, deyirdi ki, erməniyə salam verib əl uzadanda görürsən ki, barmağının biri əskik gəlir. Ağdamda qəbiristanlıqda mənim qonşularım Natəvan, Pənah xan, Xəlil xandır. Ayə, ermənin kimi var? Bəs niyə yatmışıq? Yatmayan təkcə Vəziryandır, turetski kasetlərə baxır. Sonra “Vəziryan - erməni” qışqırmağa başladılar.

Dəmir yolu texnikumunun tələbələrinin böyük dəstəsi meydana girdi. Meydanda çoxlu maşın var. Camaata xidmət edən bu maşınların bir çoxunun üstündə Azərbaycan bayraqları sancılmışdır. (Bura gələndə gördük ki, çoxlu maşın, üstündə bayraq dalğalana-dalğalana, siqnalverə-verə şəhəri dolaşır, tələbələrə ərzaq aparır).

Xorla meyxana:

Ay can alan, can Qarabağ bizimdir,

Olsa da üsyan, Qarabağ bizimdir. 

Tökülsə lap qan, Qarabağ bizimdir.

Ölsə də Vazgen, Qarabağ bizimdir.

Dünəndən baş tribunanın ön cəkisinə Babəkin büstünü qoymuşlar. Sol tribunanın ciniyində mikrofon dinamiklərinin üstündən isə Şəhriyarın portreti asılmışdır.

Uşaqlar özləri meydanın zibilini təmizləyir, kürəklə bir yerə yığırlar. Dünən də, bu gecə də işıqlar söndürülmədiyindən meydan aydınlıqdır. Hava çox gözəl, ulduzludur. 11 dərəcə isti var, yüngül külək əsir. Belə küləkdə isə tonqalların tüstüsü adamın gözünü çıxarır.

4.05. Tribunalardan “Bakı - Təbriz” sədaları ucaldı. İki oğlan əllərində Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı meydana girdi. Ümumiyyətlə, belə bayraqlar get-gedə çoxalır. Yatanlar meydanda, demək olar ki, yoxdur. Dünən gecəki kimi bu gecə də yatanlar, qurulmuş çadıra girib orada uzanıblar. Camaatın içində çoxlu qız, qadın, qoca kişilər var. Dünən gecə bir qadın 1-2 yaşlı körpəsi ilə səhərə qədər tonqalın yanında oturmuşdu. Bu gecə onu görmədim. Heç kəs meydandan dağılışmaq fikrində deyil. Eşitdiyim söhbətlər elə bu haqdadır ki, lap bir ay da olsa burada duracaq, tələblərimizin ödənilməsini gözləyəcəyik.

4.20. Aclıq elan edən uşaqlardan xəbər tutdum. Onlar çadırda yatıb (4 nəfər). Gündüz çıxış edən Fəraməzin halını soruşdum. Çadırın ağzında durub heç kəsi içəri buraxmayan tələbələr dedilər ki, hələ ki, yaxşıdırlar. Rəylərini dəyişməyiblər (aclığı davam etdirirlər). 8 yaşlı qız Vəfa (şer söyləyən qız) da aclıq elan edibmiş. Üç gündür ki. atası ilə meydandan getmir. Gəzə-gəzə meydanın aşağısındakı bağçaya girdim. Tonqallar irəliləyə-irəliləyə bura da çatıb. Tələbələr iri tənəkə dəmirləri baş başa çatıb komacıq düzəltmiş, küləyin qabağını kəsmişlər. Beş-altı yerdəki bu "koma"ların hərəsində 5-6 "mücahid" var. Gördüm ki, birində yataqxanamızın sakinlərindən kimyaçı Sahib, Mütəllim, Nazim (qarabağlı) oturublar. Yanlarındakı bilyard stolunun üstündə əsgər paltarlı gənc yatıb, biri isə yerdə (asfaltda) karton kağızın üstündə uzanıb, üstünə də karton salıb. Bu etibarsız “yorğan-döşək”, görəsən, onu xəstələnməkdən saxlaya biləcəkmi?

Camaatın yeməklə təchizatı işində ən çox fərqlənənlərdən biri Bayıl dustaqxanasının rəisidir. Ancaq ilk yardımı meyxanaçı Nizami edib (“Bakı gözəl şəhərdir, ermənilər olmasa” da onun yadigarıdır).

Meyxanaçı Nizami Rəmzi
Zaur Rzayev, Yaşar Nuruyev, qarmonçalan Aslan və b. da belə hərəkət edib. Taxıl məhsulları naziri 1.000 manat verib.

Zaur Rzayev
Yeməkləri yoxlamaq üçün komissiya yaradılıb. Hansı maşın gəlsə təşkilat, yaxud şəxs qeydəalınır, yemək yoxlanır…

Yaşar Nuri
6.50. “Qarabağ” qışqıra-qışqıra gələn bir dəstə qız camaatın yuxusunu qaçırdı. Meydanın ortasında kabab çəkib camaata paylayırlar (bu gündən). Biskvit fabrikinin işçiləri Mehrəliyev İsmayıl, Rzayev Cavanşir öz şəxsi xərclərinə bu işi görürlər gecə saat birdən indiyədək (yəqin sonra da davam edəcək). Güzdəkli Əliyev Babəli pulsuz çay verir.

8.15. “Əhmədova azadlıq!”. Ə. Əhmədovun yeni böyük portretini parça üstündə çəkib tribunadaLenin heykəlinin pastamentində Azərbaycanın gerbi ilə yanaşı asıblar. Karikatura: Eybəcər kişi (erməni) şəkli, altında “fitnəkar” sözü. Qanlı bir əl Qarabağın üstünə (xəritədə) uzanıb. Ələ xəncər batırılıb. Kənarında: “Çək əlini, daşnak!”.

Şüarlar:

Nə vaxta qədər? Hökumət, xalqa cavab ver!”,

Sərdarovçular (B.Sərdarov adınazavodun fəhlələri - Ə.T.) xalqın tələblərini müdafiə edirlər”,

Azərbaycandan ermənilər çıxsın”,

Möhkəm durun, qardaşlar!”,

Azad bir millətik, Qarabağı vermərik!”,

Azəri yurduna gözdikənlərin gözü tökülər!”,

Ədalətsizliyə son qoyulsun!”,

Respublika hökuməti bir iş görməyincə tətil davam edəcək”,

Qəti qərar gözləyirik!”,

Qarabağ, sənə muxtariyyət heç yaraşmır...”.

Bu gün orta məktəb şagirdləri kütləvi şəkildə gəliblər (ilk dəfə). Alınlarına üstündə “Qarabağ”sözü yazılmış qırmızı lent bağlayanlar da az deyil.

9.05. Dünənki hadisədən nəticə çıxarıb bu gün tezdən “təcili yardım” üçün dəhliz hazırlayıblar.

9.25. İlk dəfə olaraq rayonlardan nümayəndələr gəldi. İlk “qonaqlar” Cəlilabad və Pushkindən (indiki Biləsuvar) idi. 

Yeni gələn şüarlardan:

Qonşu torpaqlarına göz dikənlərə ar olsun!”,

Azərbaycanlılar, susmayın! Susmaq razılıq əlamətidir”,

Ermənilərin özbaşınalığına son qoyulsun!”,

Əhmədova azadlıq!”,

Topxana bülbülləri susmayacaq!”,

Azəri xalqına eşq olsun!”,

Erməni zəhmətkeşlərinə Sumqayıt borusu!!!”,

Ciddi siqnal: ermənilər, Bakını tərk edin!”.

10.00. Meydanda 800 minə yaxın adam var. Sağdan və soldan gələnlərin ardı-arası gəsilmir. Hər iki mehmanxanadan turistlər baxırlar.

11.00. Nemət başında 4 uşaq, Azərbaycan bayrağını yellədir. Oradan “A-zər-bay-can”qışqırırlar). Sol və sağ cinikləri tutmuş uşaqları düşürməyə, dinamikləri təmir etməyə xeyli vaxt getdi. «Azərbaycan televiziyasına və ona mane olanlara ar olsun!».

Dünən Türkan və Maştağa kəndlərindən meydana piyada yürüş təşkil ediblər. Səhər alaqaranlıqdan çıxıb, axşam saat 6-da çatıblar (15 mindən çox). Bəziləri ailəli idilər. Z. Xanlarova Leninqraddan gələndən sonra “İnturist”i mitinq iştirakçıları üçün işlədib (yemək hazırladıb).

12.00. Havaya fişəng atdılar (niyə?). Bu gün səhər tezdən Marksın heykəli yanına BTR-lər, əsgərlər töküblər (erməniləri Xutorda qorumaq üçün).

12.15. Xalq Neməti tələb edir. Deyəsən, onu içəridə saxlayıblar, ciddi söhbət aparırlar. Tribunadakı 2 oğlan camaata əl edir ki, “Nemət” çağırın. Camaat uğuldayır.

12.25. Nemət tələblərə baxmayaraq tribunaya çıxmır. Adamlarda təşviş və həyəcan duyğusu yaranıb. Kəsilməyən “Ne-mət” çağırışı okean dalğaları kimi gurlayır.

Zeynəb Xanlarova
12.30. Eynəkli birisi mikrofona yanaşdı, camaat fitə basdı. Hamı Neməti çağırır.

12.35. Nemət gəldi (hamı alqışla qarşıladı). Mikrofon işləmir. Hamı “mik-ro-fon” qışqırır.

12.40. Nemət çıxıb tribunanın səkisində oturdu, ayaqlarını meydan tərəfə salladı. Əlində kağızlar var. Mən camaatın ortasında olduğum üçün onun nə dediyini eşitmirəm.

12.43. Nemət səsucaldanla danışır:

- Bir neçə nəfər də aclıq elan etmək istəyir. Buna yolverməməliyik. Bizə sağlam adamlar gərəkdir. Burada hələ çox duracağıq.

12.45. Vəli Məmmədov (katib) danışmaq istədi, camaat fitə basdı, “rədd ol!” deyə qışqırdı. Bu səslər altında da danışmaq istədi. “Rədd ol” səsləri aramsızlaşdı. V. Məmmədovun səsi eşidilməz oldu. Hamı “Ne-mət” qışqırır. O, getməyə məcbur oldu. Nemət gəldi, alqışladılar.

12.48. Nemət gedəcək. Tələblər edəniləndən sonra hamı bir nəfər kimi evə dağılışacaq. Əhmədovun atasına söz veriləcək. Yalnız respublikanın, bir də milli bayraqdan savayı yerdəqalan bayraqlar götürülsün. Bir millətin bir bayrağı olar. Şəhərdə maşınların qabağı kəsilməsin. Bizə zorla gətirilənlər lazım deyil. Buna ehtiyacımız yoxdur. İnstitut müəllimlərindən işdən çıxarılan, pravası alınan olub. Bunlar xırda işlərdir, sonra həll edərik. Məni siz seçmisiniz, mən sizinləyəm. (Alqışlar). Mən kimə söz verdim, qulaq asın, kimə söz vermədim, danışmağa qoymayın. (Tribunada xeyli adam var. Katib Rafiq Zeynalov da içlərindədir). Ən adi səhv, ən adi hissiyyat bizi məğlubiyyətə apara bilər. Demişəm, yenə deyirəm, mən sizinləyəm. Öldü var, döndü yoxdur! Əhmədovun atası, yoxdursa xalası oğlu çıxsın bura. Bütün zavodlar buradadır. Neftayırma zavodlarında da xalq qeyrəti varsa bizə qoşulsun. İstəməyənləri məcbur etmirik.

13.00. Kamal Abdullayev:

1) Poğosyanın çıxarılması haqqında Qorbaçova məlumat verilib. O bizim deputatları qəbul edəcək. Biz onlara nə deyək?

2) Ermənistanda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün Ermənistana nota verilib.

Bizim partiya rəhbərlərimiz kişi kimi söz verirlər ki, oradan gələnləri Dağlıq Qarabağda ermənilərin arasında yerləşdirəcəyik. Topxana ilə bağlı heç birimizdə dəqiq fikir yoxdur. Şuşanın katibi Vaqif Cəfərov Şuşadan xüsusisizə müraciət edəcək. Ziyad Səmədzadəyə söz veririk.

Kamal Abdulla
13.05. Z. Səmədzadə (fitə basıldı):

- Dediklərinizi sizinlə bölüşürəm. 12 milyard manat milli gəlirimiz var. Azərbaycanın sərvətləri imkan verir ki, xalqımız yaxşı yaşasın. Xozraşşota keçə bilərik. Elektrik enerjisi kəsilsin. Azərbaycanda 24 milyard kvt/saat enerji istehsal edilir. Ermənistana artıq enerji verilmir. (Uzatdı, camaat fitə basdı).

Kamal:

- Sumqayıtla bağlı partiya rəhbərliyi bildirdi ki, Suxarevin qarşısında məhkəmənin Bakıya qaytarılması barədə təklif qaldırılacaq. Gözləyək, görək Suxarev nə deyəcək?

13.10. Nemət. Məktub üzrə tələb etdi ki, and içək ki, mitinqdən sonra heç bir hadisə baş verməsin.

Firidin Səməndərov (ADU, hüquqşünas):

- Azərbaycan ayaq altındadır. Bu gün bayrağımız Dağlıq Qarabağda tapdalanıb. Təxminən 30 kv. km torpaq itirmişik. Buna son qoyulmalıdır. Dağlıq Qarabağ məsələsinə düzgün siyasi qiymət verilməyincə bu hadisələr davam edəcək. 50 ildir ki, Ermənistanda millətçilik dövlət siyasəti səviyyəsinə qaldırılıb. Ona görə də 18 iyul tarixli qərar yarımçıqdır. Dağlıq Qarabağdakı rəhbərlər həbs edilməli idi. Bəsdir stoldan bərk tutub əsmək! Volskinin dəstəsi qovulmalıdır; o, qayda-qanun yaratmır. DQ-ın muxtariyyəti ləğv edilməlidir. Ya da Ermənistanda, Gürcüstanda bizimkilərə muxtariyyət verilsin.

13.20. Nemət Ancaq dünən Əliyevi ölümə aparanlar bu gün Vəzirovu aparmaq istəyirlər. Biz saray şairlərinə yol verməməliyik.

13.35. Kamal:

- Məlumat gəlib. Azərbaycan hökumətinin Ermənistana verdiyi tələb qəzetlərdə dərc edilsin. Biz sizinlə and içdik ki, heç kəsin burnu qanamasın. Bu birliyin simvolu kimi bu meydanda heykəl qoyulmalıdır. Bu günü balalarımız xatırlasınlar.

13.40. Valid Sənani Vaqif Cəfərovun telefonla yazılmış çıxışını verdi:

- Topxanadakı işlər dayandırılmışdır. İşlərə yol verilmir. Sov.İKP MK və SSRİ AS RH-nin vilayətdəki nümayəndələrinə məlumat verilib. Stepanakertdə davam edən tətillərə görə hələ də gərginlik qalır. Bakıdakı mitinqin tələblərini ədalətli sayırıq.

13.45. Tribunadakıların çoxu getdi. Beləliklə, Ali Sovetin növbədənkənar sessiyasının çağırılması məsələsi ustalıqla aradan çıxarıldı.

13.55. Qaradağdan xeyli fəhlə gəldi (səhər 8-dən oradan çıxıblar). Maşın verməyiblər, məcbur olub piyada gəliblər.

14.50. Uğultu. Baş tribunada televiziya kameraları qoyulub. Tribuna dolub (A. Məmmədov, K.Abdullayev və b.). Mikrofonda danışmaq istəyirlər. Fit, uğultu. A.Məmmədov:

- Kimi istəyirsiniz danışsın?

Kütlə:

- Neməti.

A. Məmmədov:

- Nemət sizdən qabaq mənim qardaşımdır. Siz inanmırsınız ki, bizə heç kəs təsir göstərə bilməz?

Kütlə:

- Yox!

Sonra bir kişi və bir qadın danışmaq istədilər. Camaat fitə basdı.

15.00. Nemət gəldi, alqışlarla qarşıladılar. Ancaq ona hələ söz vermirlər. Trubuna doludur. Öz aralarında nəsə mübahisə, müşavirə edirlər. Deyəsən, Nemət tələb edir ki, oradakılar tribunanı (özü “turbina” deyir) tərk etsin. Nümayiş də, tətil də qanuni hesab edilib.

15.30. Nemət:

- Hamı bir nəfər kimi turbinanı tərk etsin. Bu gün məlum olub ki, Qriqoryan Lidiya “Əliyeva Lalə” adı ilə camaatı Xutora erməniləri qırmağa çağırırmış. Belə şayiələrə uymayın. Nəqliyyat Nazirliyi bildirib ki, bu nümayişlər olduqca nəqliyyat pulsuz işləyəcək.

15.35. Söz verirəm Sabir Rüstəmxanlıya:

- Dəvət olunmamış adamlar bura gəlməsinlər. Mübarizəmiz davam edir. Altı gündür Azərbaycan xalqı öz taleyi uğrunda çarpışır. Bu yolda axıra kimi dayanacağıq. Dərdli deyingən olar. Çox gileylər edər. Əlavə heç bir söz-söhbətə inanmayın. Özgə pasportu ilə aramıza girən fitnəkarlar var. Çörək zavodları, xəstəxanalar öz işlərini davam etdirsinlər. Kimin camaatın qarşısına çıxmağa üzü varsa onları çıxış etməyə çağırıram. MK-da komissiya yaradılıb, irəli sürülən bütün təkliflərimiz müzakirə ediləcək. Mən tək-tək bizim yoldaşlara söz verəcəyəm.

15.40. Teymur İsmayılov (məişət işisi):

- Nəcib işinizi təbrik edirəm. Xalqımızın gələcək günləri haqda düşünürsünüz. Qoyun ərzaq istehsal edən müəssisələrimiz işləsinlər. Biskvit, süd, qənnadı fəhlələri varsa boş vaxtlarında gəlsinlər.

15.44. Sabir:

- Nümayişə gecikməyimizin bir səbəbi də Azərbaycan televiziyası idi. Dünənki veriliş ümumxalq hərəkatımıza təhqir idi. Hərəkatı multfilmə döndərmişdilər. Kütləni lal-dinməz təqdim etmişdilər. Qoy Azərbaycan televiziyası xalqın səsindən qorxmasın. İkinci dəfə bu gün televiziyanı yoxlayırıq. Yenə etimadımızı doğrultmasalar kameraları bura buraxmayacağıq.

15.50. Nemət:

- Birbaşa translasiya edilsin - bunu hamımız tələb edək. Turbina boşaldılsın, konkret tələblərimiz göstərilsin.

Korlar cəmiyyətindən kişi:

- Hər şey yaxşı olacaq.

15.55. Sabir:

- Tam yarım saatdan sonra Azərbaycan televiziyası translyasiyaya başlayacaq. (Xalqın iradəsi ilə).

15.55. Əbülfəz Əliyev (səsi batıb):

- Kim bizi bu günə salıb və biz niyə beləyik? Təqsir Moskvadan bizə edilən rəhbərliyin düz olmamasındadır. Əhməd Əhmədovun məhkəməsi əsassızdır. Üç nəfəri ayırıb Moskvaya aparmaq düz deyil. Onların işi Bakıya qaytarılsın. Bir ana yazır ki, əgər bu təklifimizə baxılmasa oğlanlarımızı əsgərliyə göndərməyəcəyik. Azərbaycan dövləti suveren hüququnu itirmişdir. Azərbaycan respublikası dünyadakı bütün azərbaycanlıları himayə etməlidir. Təklif edirəm ki, Televiziya Komitəsinin sədri Elşad Quluyev işdən götürülsün.

16.01. Mirəli Seyidov:

Mirəli Seyidov

- Akademiyamız sizin tələblərinizlə razıdır. Sizinlə addımlamağa hazıram. Mən özümlə daşnak partiyasının çap etdiyi xəritəni gətirmişəm. Bu xəritədə Xəzərdən Qaradənizədək Ermənistandır. Bu gün biz zəiflik etsək onlar deyəcək ki, Naxçıvan da bizimdir, Azərbaycan da bizimdir. Zəngəzur bizimdir. 18-19-uncu ildə Bakıda, Şamaxıda 100 mindən artıq azərbaycanlılar qırılıb. Hər il mart ayını Matəm ayıa dlandıraq. Əlbir olaq, ağılla işləyək.

16.07. Sabir:

- Bircə cümlə deyilməlidir ki, Qarabağ qədim Azərbaycan torpağıdır, ona görə verilə bilməz. Yığışıb təsdiq etməliyik.

16.07. Ağsaqqallar adından Məmməd kişi:

- Culfa zəhmətkeşlərindən sizə salam gətirmişəm. Niyə burada soruşan yoxdur ki, ay mənim məzlum xalqim, bura niyə yiğışmısınız? Bu məni kədərləndirir. Ancaq sevinirəm ki, xalq haqlarını tələb edir. Ermənistana niyə deyilmir ki, ay həyasız, niyə işimizə qarışırsınız?

Vətəni sevməyən insan olmaz,

Olsa da o şəxsdə vicdan olmaz!

Biz Vətəni sevirik, onu qorumağa hazırıq. Yaşasın birlik! Yaşasın sülh!

16.11. Sabir:

- Təzədən çıxışıma başlayacağam, çünki birbaşa translyasiya başlayacaq. Aşağı 2 yoldaş gedib baxsın, verilmirsə çıxışları kəsəcəyik.

16.14. Camaat veriliş üçün əl çaldı.

Sabir:

- 6 gündür ki, Azərbaycanın igid oğul və qızları, ağsaqqalları Bakının bu baş meydanına yığışib taleyimizi müzakirə edirik. Düzdür, başlıca səbəb Topxanadır, ancaq daha böyük dərdlərimiz var. Erməni millətçiləri hadisələrdən istifadə edirlər. Qoy bütün Azərbaycan xalqı bilsin ki, siz nə tələb edirsiniz. Dünənki televiziya verilişi nə idi? Eşq olsun sizin iradənizə! Bu meydanda xalqdan gizlədilən heç nə yoxdur. Bizim hərəkatımız çox vaxt təhqir olunur. Günah çox vaxt bizim üstümüzə yıxılır. Bu, mətbuatımızın ikiüzlü siyasətinin nəticəsidir.“Qa-ra-bağ!” (sürəkli). Qoy xalqımız eşitsin, siz də eşidin. Qarabağ tarix boyu Azərbaycanın olub. İndiki Ermənistan SSR-in torpaqlarının çoxu da Azərbaycanın olub. İndi bizim qalan torpaqlarımızı onlar istəyirlər.

16.22. Nemət Pənahov:

- Qoy prinsipal mübarizəmiz xalqa çatsın. Xalqımız parçalanıb. Qarabağa uzanan xain əlləri kəsməliyik. Qoy dünya səsimizi eşitsin. Sumqayıt hadisəsinin ermənilər tərəfindən ssenarisinin hazırlanması ifşa edildi. Beş gündə burada heç bir hadisə baş verməyib. Ermənilər bizi ifşa edirlər. Biz isə özümüzü müdafiə edə bilmirik. Mətbuat, televiziya günahkardır. Erməni fitnəkarları yenə aramıza soxulub. Buna Azərbaycan xalqının oğulları yol verməyəcək. Azərbaycan Mərkəzi Komitəsindən tələb edirik Dağlıq Qarabağ buraxılsın, Sumqayıt hadisəsinə düzgün qiymət verilsin; ona Sumqayıt məhkəməsində obyektiv baxılmalıdır. Hərdən deyirlər ki, kimsən ki, xalqın adından danışırsan? Moskvaya çatdırılsın ki, xalqımız özü taleyini həll etsin. Neçə ki xalqın tələbləri həyata keçirilməyib, Ermənistanla əlaqələr kəsilsin. Tələblərimiz ödənilməyincə ümumazərbaycan tətili elan edilib. Hamı bir nəfər kimi mütəşəkkil olmalıdır. Tələblərimiz həyata keçməyincə Azərbaycan ölü elan olunur.

16.30. Qulu Xəlilov:

- Böyük birliyinizin qarşısında baş əyirəm. Biz evimizdə rahat yata bilmirik. Biz torpağımızı qoruyuruq. Dünən bu böyük izdihamı televiziyamız verməyib. Onlara ar olsun! Ermənistanın Moskvada, Moldaviyada satqın nümayəndələri var. Tələblərimizdən biri budur ki, Əhmədovun ölüm hökmü ləğv olunsun! Topxanada yenə hadisələr gedir. Əgər Topxanada yenə də ermənilər tikintini dayandırmasa oraya yürüş təşkil edilsin. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilsin. Zori Balayanlar, Silva Kaputikyanlar, Ağanbeqyanlar havaxt cəzalanacaq? Xalqlar arasına ixtilaf salanlar cəzalandırılsın.


Qulu Xəlilov
16.35. Qadın diktor - Xalidə:

- Həftədən yuxarıdır ki, siz Azərbaycan televiziyasından narazısınız. Üzr istəməyə hazırıq. Ancaq verilişləri birbaşa hazırlamırıq, Mərkəzi Komitədə baxılır. Bu gün Azərbaycan Televiziyası kollektivi qərar qəbul edib: erməni dilində verilişləri ləğv etmişik. (Alqışlar).

16.39. Aydın Məmmədov:

- Bu gün burada hər söz danışmaq olar. Ancaq məsələ burasındadır ki, başqa respublikada bizə baxanlara da bildirmək istəyirəm ki, biz bu meydana döyülə-döyülə, söyülə-söyülə gəlmişik. Suyumuzu, çörəyimizi böldüyümüz adamlara qüdrətimizi göstərməyə gəlmişik. Hansı yolla olursa-olsun xalqa qarşı çevrilmiş muxtariyyət ləğv olunsun! Biz mart ayından bu yana hər təhqirə dözmüşük, hər cür ləkələrə dözmüşük. Bəsdir, Kaputikyan, bəsdir, Poğosyan! Bizim Bakı bizim üçün zirzəmilərdən ibarət olub. Lakin bu gün MV partiya təşkilatı bu dostluğa zidd gedirsə buraxılsın. Biz xalqımızın mənafeyini dünyanın hər yerində müdafiə etməyə hazırıq! Sizin iradəniz həyata keçənədək burada qalacağıq.

16.45. Sabir:

- Xəzərdə neft fantan vuranda 5 dəqiqədən sonra Moskva eşidir. Bəs 5 günlük hadisələrimizdən niyə soraq vermir? Bir neçə saat qabaq müğənni Zurufçu zəng vurub ki, bütünAvropadakı azərbaycanlılar sizinlədir. Ali Sovetə müraciət edirəm. Ali Sovet bu gün NKAO-nu (DQMV – B. T.) ləğv etmək üçün növbədənkənar sessiya çağırsın. Poğosyan daşnak kimi ifşa olunmalıdır.

16.55. Nüsrət Kəsəmənli:

- Tələblərimiz 10 dəfə, 100 dəfə təkrar olunsa da, xeyri yoxdur. Nəticə olmalıdır. Müharibə caniləri Nürnberqdə mühakimə olundu, bəs sumqayıtlılar niyə Moskvada mühakimə edilir? Onlar da Bakıda, ya da Sumqayıtda mühakimə edilsinlər. Torpaq yolunda xalq ölümə hazırdır. Azərbaycan hökuməti xalqla birgə, onun istəyinin önündə olmalıdır.

16.58. Niyaz Hacıyev (Şuşada I katib işləyib):

- Biz daşnakların dabbaqda gönünü tanıyırıq. Poğosyan həbs edilmək yerinə birinci katib qoyuldu. Azərbaycanlıların sayı vilayətdə aşağı düşdü. Qəsdən Stepanakertdən keçib gəlirəm. Orada sovet hakimiyyəti yoxdur. Onlar gəmimizdə oturub bizə ağalıq edirlər. Köhnə rəhbərliyimiz buna gərək şərait yaratmayaydı. İndi bəzi adamlar yeni rəhbərlikdən şikayətlənirlər. Ancaq əsl hakimiyyət Moskvadan gələn nümayəndələrdədir. Niyə biz Əfqanıstanda qayda-qanun yarada bilirik, öz torpağımızda yox? Mən daşnakların Sumqayıt hadisəsinin səbəbkarları kimi cəzalandırılmasını tələb edirəm. Yaşasın Azərbaycan xalqı!

17.04. Nemət: 

- Mənə çoxlu yazırlar ki, ali məktəblərdən, zavodlardan tətilə gələnləri qovublar. Onları qovanlara ar olsun!

17.05. Aclıq elan edənə (Fəraməz Allahverdiyevə) söz veririk:

- Dünən mən dedim ki, məni onsuz da televizorda verməyəcəklər. Ona görə ki, istədilər ki, bizi xalqdan ayrı salsınlar. Jurnalist idi, yoxsa kimsə, soruşdu ki, bununla siz Nemətin ardınca getmirsiniz ki?

Aclıq elan edənlər:

Zülfüqarova Aidə- 3 gün qabaq (APİ),

İsgəndərova Əlavə- 19 noyabrdan,

Quliyev Elşən – 20 noyabrdan,

Nuriyeva, Əliyev Akif – tələbə və bir də Allahverdiyev Fərəməz, yəni mən – noyabrın 17-dən.

Bizim institut - XTİ xalqın institutudur. Tələblərim:

1) Topxanadakı işlər dayandırılsın.

2) Azərbaycan SSR-lə Ermənistan SSR arasında əlaqələr bugündən dayandırılsın (neft, qaz).

3) İsmayılov, Əhmədov haqqındakı hökmlər ləğv edilsin, obyektiv qiymət verilsin.

4) Dağlıq Qarabağ Muxtar Vilayətində muxtariyyət ləğv edilsin.

Bu muxtariyyət olduqca xalqlarımız arasında düşmənçilik olacaq. Mən isə bunu istəmirəm. Xalqı öz ardınca apara bilmirsə dövlət xadimləri istefa versinlər. Mərkəzi Komitə xalqın səsini eşitmirsə, o nəyə lazımdır? Sizi axıradək mübarizə aparmağa çağırıram. And içirəm ki, sonadək mübariz olacağıq.

Sonra Şəhriyarın şerindən iki misranı söylədi:

...Ey məğrur Bakımız, Azərbaycan! (Sürəkli alqışlar).

17.13. Sabir: 

- Hamımız biriksə aclıq elan etməyə ehtiyac yoxdur. (Xalqı sakitləşdirir). Şəhərdə siqnal verə-verə maşında gəzənlər var.

17.15. Vəli Məmmədov (raykom katibi):

- Şəhərdə bu gözəl hisslərimizi korlamaq istəyənlər var, bədxahlarımız var, onlar işimizi ləkələmək istəyirlər. Mübarizəmiz davam etməlidir, ancaq mübarizə formaları dəyişsin. Kollektivlərdə yığışıb müzakirə edək, qərar çıxarıb yuxarı göndərin. Qələbəmizi sona yetirmək üçün bir xahiş edirəm, hamımız vəhdət təşkil etməliyik. Mən sizinlə fəxr edirəm. Yaşasın qələbəmiz!

17.19. Ə. Cəfərzadə:

- Biz inandıq ki, hamınız qeyrətlisiniz. Halal olsun ananızın südü sizə. Siz bizlərə, böyüklərə yaxşı dərs verdiniz. Halal olsun sizlərə! Əhməd Əhmədovun ölüm cəzasının ləğv edilməsini tələb edirik. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilsin. Ekstremist ziyalılar mühakimə edilsin…

17.30. Sabir:

- Nümayişimiz hadisəsiz baş versə, nümayiş etdirəcəyik ki, Sumqayıt bizim iş deyil.

17.32. B. Vahabzadə:

- Danışmaq yox, konkret iş görməliyik. Mən yazmışam Ermənistan SSR Ali Sovetinə, surəti SSRİ AS RH-inə. Ermənistanda azərbaycanlılara şərait yaradılsın, yoxsa Azərbaycan SSR-də Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilsin. (S.Rüstəmxanlı təklifi səsə qoydu, kütlə razı oldu).

17.35. Sabir:

- Hər gün rəhbərlərimiz görülən işlər haqqında məlumat verirlər. Hər gün addım-addım irəli gedirik. Lent qurtardı. Hava qaralıb, televiziya daha göstərə bilmir.

17.38. Həsən Həsənov (MK katibi). (Küyə basdılar). Hamı oturdu.

17.41. Nemət:

- Yerdən tələb var ki, bu translasiya “Vremya”dan sonra yenidən təkrar verilsin.

17.44. Xəlil Rza: Birinci tələbim - böyük tələbim odur ki, Mixail Sergey oğlu Qorbaçov Azərbaycana gəlsin. 31 milyonluq Azərbaycan xalqı Moskvaya gedə bilməz, ancaq o bura gəlsin. Aclıq edənlərin ayağına başçılarımızdan heç kəs gəlməyib. Gəlsin və görsün ki, Sumqayıt adlı cəhənnəm var. Gəlsin və görsün ki, 40 min türkazər necə bölüşdürülüb SSRİ-yə. Qazax, Laçın, Kəlbəcər, Gədəbəy, Tovuz torpaqlarını satanlar niyə məhkəməyə cəlb olunmayıblar? Niyə televiziya işimizi işıqlandırmır?

17.48. Həsən Həsənov (katib):

- Hal-hazırda xalqımız böyük imtahan verir. Siyasi mədəniyyət, ağıl hesabına hər şeyi həll etməyə qadirik. Biz sizin hamınızla bir yerdəyik. Bütün dünyadakı azərbaycanlıların qəlbi bizimlə birgə vurur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunda dərdlərimiz müzakirə edilir. Gəlin birlikdə məsələlərimizi müzakirə edək, görək hansı yolla getməliyik. Mən and içirəm ki, B. Vahabzadənin müraciətinin Moskvaya göndərilməsinə çalışacağam. DQMV-nin rəhbərliyinin vəzifədən çıxarılması büroda müzakirə edilib və qərar çıxardıq ki, onlar uzaqlaşdırılsın. Plenum bu qərarı təsdiqləməlidir. Bir çox rəhbərlərimizin qeyrətsizliyi üzündən ana dilimiz layiq olduğu yeri tutmur. MK-nın bürosu qərara aldı ki, B. Vahabzadənin rəhbərliyi ilə Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycan dili dövlət qanunları dili kimi qəbul edilsin. Bizə elə oğullar lazımdır ki, Azərbaycan xalqının beyinlərə yeridilmiş tarixini yox, əsl tarixini yazsın.

Xalqımızın bu ağır günlərində qəhrəman oğullarımız burada durub. Onlar öz rəylərini bildirsinlər. Sağ olun, var olun! (Sürəkli alqışlar).

19.59. Sabir:

- Bizə çatdırdığı qərarlar qələbəmizdir. Qələbəyə bu cür addım-addım getmək gərəkdir. Sizin iradənizlə tariximiz üçün çox böyük işlər gördük. Qəbul olunmuş qərarlara görə sizə borcluyuq. Hamınızın qarşısında baş əyirəm.

18.00. Tofiq Bayram:

- El gücü sel gücüdür. Gəncənin adı özünə qaytarılsın.

Sabir:

- Ali Sovet bu haqda qərar çıxarıb.



18.03. Fatma xanım (ana):

- Zavoda gedin, işləyin - yaylıq atıram, diz çökürəm, yalvarıram. (Fit, qışqırıq). “Tə - til!” (sürəkli).

Müzakirəyə başladılar. Axşam televiziyada “Vremya”dan sonra nümayiş iştirakçılarımızdan meydandan birbaşa müsahibələr götürdülər. Sonra studiyada Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Aydın Məmmədov, İsa Qəmbərov çıxış etdilər. Gecə saat 1-ə işləyəndə televiziyada dedilər ki, mühüm xəbər gözləyirik, proqramı izləyin. Ancaq 1-ə qalmış, dedilər ki, xəbəri almamışıq, sabah elan edəcəyik. Feyzi ilə evdən çıxıb Tonqallar meydanına yollandıq. Yolda Mətləb (aspirant) rast düşdü, o da bizə qoşuldu. Dedi ki, bu gün Gəncədən gəlirəm. Orada da iki gündür ki, nümayiş gedir. Orda bir erməni öldürüblər. Naxçıvanda, başqa rayonlarda da kütləvi nümayişlər keçirilir» (5).

Beləliklə, Nemətin yazdıqları bizi hadisələrin heç də xoş olmayan astar üzü ilə, Tahirzadənin qeydləri isə son dərəcə gözəl təsir bağışlayan üz tərəfi ilə tanış etdi. Nəticədə aysberqin suyun altında qalan zülmət hissəsi ilə də, günəşin şüaları altında bərq vuran yuxarı hissəsi ilə də tanış olduq. Gözlərimiz önündə dəhşətli bir təzad sərgiləndi. Nemətin aysberqin zülmət tərəfində «paqonsuz KQB generalları» və ya da özünün dediyi ki, «xalqla hökumət arasında ikibaşlı oyun oynayanlar» ilə təkbaşına savaşını da, ona olunan şiddətli təzyiqləri də gördük, işıqlı tərəfində həmin dövrdə ona olan ümumxalq sevgisinin şahidi də olduq. Həmin günlərin ümumi mənzərəsi belə idi.


Qaynaqça


  1. Firudin Ağasıoğlu. Haqqında (https://agasioglu.wordpress.com/about/).

  2. Firudin Cəlilov ağır durumda - dəstək çağrışı. «Arxiv.az», 02. 07. 2014 (http://arxiv.az/az/avropa.info/11189931/Firudin+Celilov+agir+durumda+destek+cagrishi).

  3. Həmzə Fərati. Əz an salha və salhaye digəri. Nəşreyyate «Furuğ», Alman, 2006.

  4. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  5. Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).

  6. “Tək başına bir institut qədər iş görüb” Sabir Rüstəmxanlı. «Aktual», 06 May 2015.



Yüklə 205,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin