Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə1/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
  1   2   3   4   5   6   7   8   9   ...   95



PSİXOLOGİYADAN MÜHAZİRƏ

MƏTNLƏRİ

İxtisas: RİM

Kurs: 3

Fənn: Psixalogiya

Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com
MÖVZU 1: PSİXOLOGİYANIN BİR ELM KİMİ MEYDANA GƏLMƏSİ,

İNKİŞAFI, PREDMETİ, VƏZİFƏLƏRİ VƏ SAHƏLƏRİ
PLAN

1.Psixologiyanın bir elm kimi meydana gəlməsi və inkişafı
2.Psixologiyanın obyekti ,predmeti və vəzifələri
3.Psixologiyanın başqa elmlərlə əlaqəsi
4.Psixologiyanın sahələri
ƏDƏBİYYAT
1.Bayramov Ə. S.Tərccümə red.ilə Ümumi psixologiya,B.1982
2.Bayramov Ə.S.,Əlizadə Ə.Ə. Psixologiya, B.1989,2006
3.Məhərrəmov M. C. Psixologiya B.1968
4.Əliyev R. Psixologiya ,B.2006

1. Psixologiyanın bir elm kimi meydana gəlməsi və inkişafı. Psixologiya termini iki yunan sözündən “psyuxe”- ruh, “loqos”-elm sözlərindən əmələ gəlmişdir, “psixika haqqında elm” deməkdir. Psixologiya elmi öz inkişafında müxtəlif mərhələlərdən keçmişdir. Bu mərhələlər əsasən aşağıdakılardan ibarətdir:



Elməqədərki I mərhələ. Qədim dövrlərdən başlayaraq bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrlərdə ruh (psixika) haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini tapmışdır. Psixoloji biliklər hələ bizim eramızdan neçə min il əvvəl qədim şərq ölkələrində formalaşmışdır.

İlkin elmi təsəvvürlər (II mərhələ). Bu dövr e. ə. VII-VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. Psixoloji fikirlər Qədim Şərqdə- Çin və Hindistanda və Avropada- Roma və Afinada meydana çıxmışdır. Qədim Çində hələ e.ə. VI əsrdə Konfutsi, e.ə. VI-V əsrlərdə isə buddizmin banisi olan Siddxartma Qautama kimi mütəfəkkirlərin psixoloji ideyaları indi də aktual olaraq qalır. Buddizmə görə həqiqət sakit oturaq həyatda daha çox dərk olunur, nəinki hərəkətdə olduqda. S.Qautama meditasiya üçün daha münasib olan pozada oturur və öz şüuruna nəzarət edirdi. Buddizmin universal etik sxemi belədir: 1. ekstaz; 2. daxili rahatlıq; 3. ekstazdan çıxmaq; 4. tamamilə sakit, hər şeyə qarşı biganə olmaq. Qədim Çin mütəfəkkirlərindən Konfutsi də öz psixoloji fikirləri ilə diqqəti cəlb edir.

Sokrat psixologiyada ilk dəfə olaraq sözün fikri fəaliyyət olması ideyasını irəli sürmüşdür. Daha sonra onun bu ideyasını Platon daha da inkişaf etdirərək təfəkkür və daxili nitqi eyniləşdirir.

Platon elmə ruhi aləmin hissələri haqqında anlayış daxil etmiş, onları a) ağıl, b) mərdlik, c) tamah adlandırmış və bədənin müxtəlif hissələrində (başda, sinədə, qarında) yerləşdirmişdir. Platon psixologiyada dualizmin, yəni maddi və ruhi olanı, bədəni və psixikanı iki müstəqil başlanğıc kimi şərh edən təlimin banisidir. Platonun tələbəsi Aristotelin “Ruhi aləm haqqında” əsəri psixologiya üzrə ilk monoqrafiya hesab olunur. Aristotel bəşər tarixində ilk dəfə olaraq ruhi aləmin və canlı bədənin ayrılmaz olması ideyasını irəli sürdü. Bundan başqa Aristotel xarakterin real fəaliyyətdə formalaşması haqqında nəzəriyyə irəli sürdü. Psixologiyanın inkişafında həkim Hippokrat xüsusi rol oynamışdır. O, özünün məşhur temperament tiplərini işləmişdir. Herofil və Erazistrat sinirləri bağlardan və vətərlərdən fərqləndirərək, onları kəşf etdilər. Həmin həkimlər psixi funksiyaların (duyğuların və hərəkətlərin) beynin qıcıqlanmasından asılılığını öyrəndilər və ortaya çıxardılar ki, bütövlükdə bədən deyil, bədənin müəyyən üzvləri (sinirlər, beyin) psixika ilə ayrılmaz surətdə əlaqədardır. Dekart sübut etdi ki, əzələlər ruhi aləmin hər hansı bir şəkildə müdaxiləsi olmadan, sinir sisteminin özünün quruluşu sayəsində xarici təkanlara cavab verməyə qabildir. Beləliklə, refleks haqqında anlayış meydana çıxdı. Orta əsrlərdə Şərqdə psixoloji fikrin inkişafında Əl-Farabi İbn-Sina xüsusi yer tutur. Farabi insanın idrak fəaliyyətləri ilə bağlı fikirlər söyləmişdir. İbn-Sina eksperimental nevroz hadisəsini öyrənən ilk tədqiqatçıdır. Eksperiment belə keçirilib. İki qoyuna eyni qida verilir. Onlardan biri adi şəraitdə qidalanır, digərinin qarşısına canavar bağlanılır. Qorxu qoyunun qidalanma vərdişinə təsir göstərir. Qoyun bütün yeməyi yesə də, tezliklə arıqlayır və ölür. O, bununla əks qütblü emosional yönümün ( bir tərəfdən qidalanma tələbatı, digər tərəfdən isə qorxu hissi) dərin somatik dəyişikliyə səbəb olduğunu sübut etmişdir. Psixologiya elmi XIX əsrin ortalarınadək fəlsəfə elminin ilahiyyat bölməsində inkişaf etmişdir. İlk dəfə olaraq psixologiya anlayışını elmə Vilyam Şterin (alman psixoloqu) gətirmişdir. O, 1732-34-cü illərdə “Rasional psixologiya”“Emprik psixologiya” əsərini yazmışdır.

Psixologiya elminin inkişafinin III mərhələsi Almaniyanın Leypsiq şəhərində 1879-cu ildə V.Vundtun ilk eksperimental psixologiya laboratoriyasını yaratması ilə başlayır. Əslində Vundtun laboratoriyası psixologiya tarixində üçüncü laboratoriya idi. Lakin birinci iki laboratoriya diqqəti cəlb etməmiş və psixologiya elminin inkişafında əsaslı rol oynamamışdır. Azərbaycanda ilk psixologiya laboratoriyası 1926-cı ildə F.Ə.İbrahimbəyli tərəfindən yaradılmışdır. Ümumiyyətlə, Azərbaycanda ilk psixoloji təsəvvürlərin formalaşması xalqın qədim adət-ənənəsi, mərasim və ayinləri, əyləncə və oyunları ilə bağlı olmuşdur. Ailə və məişət mərasimlərində kütləvi psixoloji hadisələrin maraqlı xarakteristikalarına təsadüf edilir. Bütün bunlar Azərbaycan nağıl və dastanlarında öz əksini tapmışdır. Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiyanı “güzəran psixologiyası” adlandırırlar. Daha sonralar Azərbaycanda psixoloji ideyaların inkişafında Bəhmənyar, Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmaddədin Nəsimi, Məhəmməd Füzuli, Abasquluağa Bakıxanov, Hüseyn Cavid və s. kimi dahi şəxsiyyətlər önəmli rol oynamışlar. Azərbaycanda da psixologiya elminin inkişafında böyük rolu olan elm adamlarından isə F.İbarahimbəyli, Əhməd Kərədi Zəkuyev, M. Məhərrəmov, Ş. Ağayev, Ə. Qədirov, M. Həmzəyev, Ə. Bayramov, Ə.Əlizadə, S.Seyidov, B. Əliyev, R.Əliyev və s. misal göstərmək olar.

Psixologiya elminin inkişafında önəmli rol oynayan dünya elm adamlarından Vilhelm Leybnits, Benedik Spinoza, Tomas Hobbs, Con Lokk, J.J.Russo, Ziqmund Freyd, Karl Yunq, Edvard Torndayk, C. Uotson, V.Preyer (uşaq psixologiyasının yaradıcısı), S.Xoll ( yaş psixologiyasının yaradıcısı), E. Meyman, B.F.Skinner, D.Q.Mid, A.Bandura, K.Levin, A.Adler, E.Fromm, E.Erikson, Q.Olport, A.Maslou, K.Rocers, J.Piaje, P.Kolberq, D.S.Bruner və s.

2.Psixologiyanın obyekti, predmeti və vəzifələri. Müasir dövrdə insanı 200-dən artıq elm öyrənir. Onlardan biri psixologiyadır.

Elmin obyekti dedikdə, onun araşdırdığı real gerçəklik nəzərdə tutulur. Bu baxımdan heyvanları və insanı öyrənən müxtəlif elmlərin (anatomiya, biologiya, neyrofiziologiya, tibb və s-nin, o cümlədən psixologiyanın) obyekti eynidir. Yəni yuxarıda sadalanan elmlərin obyekti insan və heyvandır.

Elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil, predmetlərinə (mövzularına) görə fərqlənir. Hər bir elmin, o cümlədən heyvvan və insanı öyrənən elm sahələrinin özünəməxsus predmeti (mövzusu) vardır. Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur. Psixologiya elminin predmetini təşkil edən hadisələr psixi hadisələr adlanır. Psixi hadisələr üç qrupa ayrılır: psixi proseslər, psixi hallar, psixi xassələr.





Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin