14.Ailənin mənəvi əsasları.
Cəmiyyətin mənəviyyatı xeyli dərəcədə ailələrdən asılıdır. Ailə cəmiyyətin
özəyidir. Ona görə də dövlət maraqlıdır ki, ailələr möhkəm, nikah uğurlu olsun,
ailədə uşaqlar düzgün tərbiyə alsınlar. Bu da təbiidir. Ailədə tərbiyə olunmuş
gənclər sabah cəmiyyətdə fəaliyyət göstərəcək, təhsil alacaq, müxtəlif vəzifələr
tutacaqlar. Onlar mənəviyyatca nə qədər sağlam olsalar, cəmiyətin dayaqları bir o
qədər sağlam olar. Deməli, cəmiyyətin, dövlətin möhkəmliyi, qüdrətli olması xeyli
dərəcədə ailələrin möhkəmliyindən, bu ailələrdəki mənəvi və psixoloji iqlimin
sağlamlığından çox asılıdır.
Ər və arvadın bir-birinə qarşılıqlı məhəbbəti, bir-birini qarşılıqlı anlaması,
səmimiyyət, birinin digərinin sevincinə, kədərinə şərik olması, qarşılıqlı kömək, bir-
birinin sağlamlığı qayğısına qalması, eyni zamanda öz övladlarını sevmələri,
valideynlər və uşaqlar arasında qarşılıqlı anlama şəraitinin olması, ata-anaların öz
oğul və qızlarının gələcəyi, uğurları naminə çalışmaları, uşaqların öz valideynlərinə
hörməti və onların nüfuzunu qorumaları ailənin mənəvi əsaslarını təşkil edir.
Ailənin hər bir üzvü ailənin şərəfini qorumalı, onu nümunəvi ailə kimi
tanıtmalıdırlar.
Ailədə kişi bir ər və ata kimi məsuliyyət daşıyır və mənəvi borca malikdir.
Kişinin öz həyat yoldaşına xeyirxah münasibətindən danışarkən V.Q.Belinski
yazırdı: “Arvad bizim məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır. Ona
görə də o, lap qocalıb qarı olduqda da biz onu sevməli və ona hörmət etməliyik.”
Məhz belə səmimi münasibət, qarşılıqlı məsuliyyət hissi hökm sürdükdə ailə öz
vəzifələrini uğurla həyata keçirə bilir.
Qadının da bir həyat yoldaşı kimi (arvad) və ana kimi öz borcu, məsuliyyəti
vardır. Atalarımız təsadüfən deməmişlər: “Kişi gətirməyi, qadın yetirməyi
bacarmalıdır”, “Kişi fəhlədir, qadın bənna”. Ailədə “mən” hissi “biz” hissinə
çevrilməlidir. Ailə dövlətin himayəsi altındadır. Hazırda cəmiyyətimizdə, ailədə
mənəvi münasibətlərin yeni tipi formalaşmışdır. Ailənin əsaslandığı ən mühüm
prinsiplər kimi, məhəbbət, borc, qarşılıqlı anlama və hörmət, ata-anaların öz
övladlarının qayğısına qalması və onların tərbiyəsinə fikir verməsidir.
Ölkəmizdə əksər ailələr niyyətə, mənafeyə görə deyil, qarşılıqlı məhəbbət
əsasında qurulur. Valideynlərin arasındakı qarşılıqlı hörmət və səmimiyyət eyni
zamanda uşaqlar üçün ən nümunəvi tərbiyə məktəbinə çevrilir.
Biz göstərdik ki, ailə gənclərin qarşılıqlı sevgisi əsasında yaranır. Lakin gəlin
etiraf edək: ailənin möhkəm olması üçün təkcə məhəbbət kifəyət deyil.
Mümkündür ki, madii mülahizə əsasında qurulan ailə, məhəbbətə görə yaradılan
ailədən daha uğurlu və möhkəm olsun. Maddi çətinliklər, xarakterlərin,
temperament tiplərinin fərqli olması, məqamların, mənafelərin uyğun gəlməməsi,
hövsələsizlik, kənar şəxslərin ailənin işlərinə qarışması ər-arvadın məhəbbətini
soyuda bilir. Əlbəttə, bu məhəbbət güclü, möhkəm deyilsə.
Lazımdır ki, ər və arvad ailə qarşısındakı borcunu aydın anlasın,
məsuliyyətini dərk etsin. Məhəbbət bir-biri qarşısında borc və məsuliyyət
daşımaqla sıx surətdə bağlıdır. Ər-arvadlıq və ailə borcu çox mühüm mənəvi
sərvətdir.
Valideynlər oğullarına həyat yoldaşı axtaranda qızın ailəsinə mənəvi dəyərlər
baxımından yanaşır.Onun ata-anasının, bacı-qardaşlarının ailədə, cəmiyyətdə,
məhəllədə, işdə mövqeyi necədir, tərbiyələri necədir; ər-arvadin bir-birinə,
uşaqlarına münasibətləri, ailənin tərbiyəvi potensialı, mənəvi və psixoloji iqlimi
necədir?
Qıza elçi gələndə də oğlan evi barədə məlumat toplayırlar. Bu da təbiidir.
Valideynlər qızlarının necə bir ailədə yaşayacağını, bu ailədə qarşılıqlı
münasibətlərin əxlaq normalarina uyğun qurulub-qurulmadığını bilmək istəyirlər.
Oğlanın özünün və valideynlərinin ailə borcuna necə əməl etdiklərini, ailə
qarşısında məsuliyyət daşıyıb-daşımadıqlarını aydınlaşdırmaq istəyirlər. Ailədə
xoş, səmimi münasibət, bu və ya digər problemlə bağlı ər və arvadın bir-biri ilə
məsləhətləşməsi, lazim gələrsə, ailənın digər üzvlərinin-oğlanların və qızların,
baba və nənənin fikrini öyrənmək ailənin mənəvi dayaqlarını möhkəmləndirir.
Gəlin nəticə çıxaraq. Ailədə mənəvi atmosferin uğurlu olması bizim hər
birimizdən asılıdır. Lakin ər və arvad müəyyən bir qərara gəldikdə, hər şeydən
əvvəl ailənin mənafeyini, uşaqların taleyini düşünməlidirlər.
|