Menecment sisteminin informasiya təminatı əsas təminat funksiyalarından biri olub, qəbul edilən qərarların əsaslandırılmasını müəyyənləşdirən və sistemin səmərəli fəaliyyətini göstərən amildir. İnformasiya təminatı idarəetmə sistemində müxtəlif obyektlər və subyektlər arasında əlaqələrin yaradılmasına kommunikasiyaya əsaslanır.
Menecment sisteminin hüquqi təminatı Azərbaycanda müstəqillik haqqında Konstitusiya aktı qəbul edildikdən sonra, bu günə qədər sahibkarlığın inkişafı sahəsində yüzlərlə müxtəlif qanunlar, qanunverici və normativ aktlar hazırlanmış və təsdiqə verilmişdir. Bu aktlara ölkənin qanunları, prezidentin sərəncamları, hökümətin qərarları dövlət standartları və s. aid edilə bilər. Odur ki, menecment sisteminin hüquqi təminatı, məhz bu aktlara əsaslanır.
Menecment sisteminin hüquqi təminatı aşağıdakı istiqamətlər üzrə həyata keçirilir.:
1. Ölkə iqtisadiyyatının fəaliyyət göstərməsinin hüquqi məsələləri (özəlləşdirmə, sahibkarlığın inkişafı, vergi sistemi, maliyyə və kredit siyasəti, xarici iqtisadi fəaliyyət və s.).
2. Sistemlər üzrə qanunlar və standartlar:
- standartlaşdırma;
- metrologiya;
- əmtəələrin və xidmətlərin sertikatlaşdırılması;
- antiinhisar siyasəti;
- əmtəənin keyfiyyətinin idarə edilməsi;
- təhlükəsizlik və əməyin mühafizəsi və s.
3. Əmtəənin təhlükəsizliyi vəqarşılıqlı əvəz olunmasının tənzimlənməsi, resurslara qənaət, istehsalın inkişafı, kollektivin sosial inkişafı, ətraf mühitin mühafizəsi üzrə qanunlar və normativ aktlar.
4. Firmanın təşkili və fəaliyyətinin hüquqi tənzimlənməsi.
İstehsal menecmenti sisteminin təşkilati-hüquqi təminatı, müəssisənin yaradılması sisteminin qarşıya qoyduğu məqsəddən irəli gəlir.
Bu məqsəd firmanın vaxtında səmərəli layihələndirilməsi, realizə olunması və fəaliyyət göstərməsi ilə xarakterizə edilir. Hüquqi təminat menecment sisteminin dayanıqlı fəaliyyətinin müəyyən edilməsinə xidmət edir.
Funksional altsistem aşağıdakı təşkiledicilərdən ibarətdir: marketinq, planlaşdırma, proseslərin təşkili, uçot və nəzarət, motivasiya.