4.5 Korporativ Zəkat analyışı
Yuxarıda sadalananlar şəriət tərəfindən bildirilən zəkat çıxarılacaq mallardır. Bununla belə, alimlərin cumhur rəyinə görə ticarət əşyalarından da zəkat çıxarılır. Bu qaydaya görə tacir malların bazar qiyməti nisab həddini keçdikdə malların zəkatını ödəməlidir. Ticarət əşyalarının zəkatı ilə əlaqəli olaraq müasir dövrdə korporativ zəkat anlayışı meydana gəlir. Yəni, ayrı – ayrı şirkətlər, korporasiyalar, İslam Maliyyə İnstitutları da bu qaydaya görə korporativ zəkat ödəyirlər. Bu qaydalar əsasən şəriət üzərində qurulan dövlətlərdə tətbiq olunur. Bu dövlətlərə misal olaraq Səudiyyə Ərəbistanını, Pakistanı, Sudanı və s. misal göstərmək olar. Burada Zəkat biznesin mənfəət qazanıb – qazanmamasından asılı olmayaraq verilir. Müsbət dövriyyə kapitalı yaranıbsa, zəkat verilməlidir. Bu zaman əsas tətbiq olunan formula aşağıdakı kimidir:
Zəkata cəlb olunan məbləğ = cari aktivlər (xammal ehtiyatları + son məhsul + debitorlar + nəğd və nəğd ekvivalentləri) – cari öhdəliklər (kreditorlar + qısamüddətli borclar)
Lakin yuxarıdakı formula müəyyən qədər mübahisəyə səbəb olur. Çünki, İslam fiqh mənbələrinə görə zəkatın hesablanması zamanı ehtiyatlar cari bazar qiymətləri (mühasibat termini ilə fair value) ilə ölçülməlidir. Lakin, mövcud mühasibat uçotu və maliyyə hesabatlarının təqdim edilməsi standartları ehtiyatların cari bazar qiymətində təqdim edilməsini tələb etməyə bilər. Bu da öz növbəsində yuxarıda da qeyd edildiyi kimi müəyyən mübahisələrə səbəb olur. Nümunə üçün qeyd edək ki, Səudiyyə Ərəbistanında korporativ Zəkat mühasibat uçotu və maliyyə hesabatları standartlarına görə yox, vergi qanunvericiliyinə görə tənzimlənir və qanunvericilik korporativ zəkatın hesablanmasına dair dəqiq qaydalar müəyyənləşdirir. Bu zaman korporativ zəkat bazası olaraq ehtiyatlar cari bazar qiymətləri üzrə qiymətləndirilir.
Korporativ zəkat və onun İslam Maliyyə İnstitutlarının maliyyə hesabatlarında necə əks etdirilməsi məsələləri üçüncü bölmədə daha geniş müzakirə olunacaq. Qeyd etmək lazımdır ki, ticarət əşyalarına görə zəkatda və ya müasir terminalogiya ilə ifadə etsək korporativ zəkatda nisab həddi olaraq 85 qram qızıl və ya onun pulla ifadəsi götürülür.
Dostları ilə paylaş: |